BAHALIQ

FAİQ QİSMƏTOĞLU
36759 | 2010-11-06 05:54
Ölkədə hər gün müxtəlif məhsulların qiymətinin qalxması barəsində söz-söhbətlər gəzir. Atalar yaxşı deyib: "od olmasa tüstü çıxmaz". İndi bahalaşma olmasa camaat da orda-burda bir şey danışmaz. Deməli, bahalaşma var ki, camaat da bu bahalaşmadan danışır. Düzdür, dünyanın hər yerində bahalaşma və iqtisadi böhran hiss olunur. O da hiss olunur ki, dünyanı başına götürən iqtisadi böhran və bahalaşma heç bir ölkədən yan keçməyib. Amerika kimi nəhəng dövlət bu bahalaşmanın və böhranın əlində aciz qalıb. Artıq dolların elə bir dəyəri yoxdur.
   
   Bahalaşma havası hər yana çatdığı kimi, bizim məmləkətimizə də çatıb və zaman-zaman öz təsirini göstərməkdədi. Amma başqa ölkələrlə müqayisədə bizdəki bahalaşmanın bir çox süni səbəbləri var. O səbəblərdən biri ölkəyə gətirilən məhsulların inhisarçıların təsiri altında olmasıdı. Yəni ölkədə yaranmış monopoliya ayrı-ayrı sahələrə sirayət etməkdədi. Özü də bu proseslər yavaş-yavaş deyil, bir qədər sürətlə davam eləyir.
   
   Artıq Dövlət Statistika Komitəsi oktyabr ayı üçün istehlak mallarının qiymətlərini və xidmət tariflərini açıqlayıb. Verilən məlumatda bəyan edilir ki, oktyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ilə müqayisədə 0,9 faiz bahalaşıb. Ay ərzində ərzaq məhsullarının qiyməti 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,9 faiz artıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiyməti və tarifləri isə 0,2 faiz ucuzlaşıb. Qiymətlərin bahalaşmasının əhalinin həyat səviyyəsinə çox böyük mənfi təsiri var. Çünki bu bahalaşma zamanı aztəminatlı ailələr və kasıblar aldıqları cüzi məvaciblə bazarlıq eləyə bilmir, öz problemlərinin içərisində itib-batırlar. Bahalaşma buğda ununun, qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağının, bananın, armudun, heyvanın, xurmanın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qalxmasında da hiss olunur. Həmin məhsulların qiymətinin qalxması əhali arasında böyük narazılıq yaradır. Camaat giley-güzar eləyir ki, bir çox işbazlar süni surətdə qiymətləri qaldırır və külli miqdarda pul qazanmaq istəyirlər. Daha doğrusu, onlar qiymətləri qaldırmaqla o pulu qazanırlar. Bahalaşma təkcə ərzaq və yeyinti məhsullarında deyil, tikinti materialları bazarında da hiss olunur. MDB ölkələrindən, Rusiyadan ölkəmizə gətirilən inşaat materiallarının qiyməti daha çox bahalaşıb. Təbii ki, bu bahalaşmanın günbəgün artması əhali arasında birmənalı qarşılanmır. Xüsusən də kasıb təbəqənin adamları süni bahalaşma ilə bağlı yaranan vəziyyətlə heç cür razılaşmır. Onlar deyirlər ki, ayrı-ayrı adamlar qiymətləri qaldırır bunu başa düşürük, bəs nə üçün dövlət səviyyəsində ölkədə qiymətlərin bahalaşması ilə əlaqədar yaranan süni maneələrin qarşısı alınmır? Biz axşam yatıb səhər duranda və mağazadan gedib bir şey almaq istəyəndə çox malların qiymətinin bahalaşdığını görürük. Adam gözlərinə inanmır. Dünən başqa bir qiymət qoyulur, sabah isə hər hansı məhsulun üstündə dünənkindən daha baha qiymət yazılır. Biz də içəri girəndə gözümüz böyüyür və istədiyimiz ərzaq məhsulunu ala bilmirik.
   
   Bir faktı da qeyd edək ki, ekspertlər növbəti aylarda daha güclü bahalaşma olacağını söyləyirlər. Bir sıra tənzimlənən qiymətlərlə bağlı artım qərarlarının olacağı da gələn xəbərlər arasındadı. Bəzi ekspertlər bildirirlər ki, qazın qiyməti hər kubmetr üçün 10 qəpikdən 15 qəpiyə, elektrik enerjisinin qiyməti 1 kvt/saat üçün 6 qəpikdən 10 qəpiyə, suyun tonu 22 qəpikdən 55 qəpiyə qalxacaq. Bu fikirləri ayrı-ayrı ekspertlər söyləyirlər. Təki onların söylədikləri fikirlər yalan olsun və çin çıxmasın. Amma ölkədə gedən bahalaşma göstərir ki, bir çox ərzaq və sənaye mallarının qiymətləri noyabr-dekabr aylarında daha da qalxacaq. Bura ilk növbədə ərzaq malları və geyim əşyaları daxildir. Ekspertlər onu da qeyd edirlər ki, bahalaşmanın qarşısını almaq üçün dövlət tərəfindən zəruri addımların atılması çox vacibdir. Çünki elə məhsullar var ki, onların qiymət artımının qarşısını almaq olar.
   
   Hər halda ölkədə qiymət artımı danılmazdır və heç kim də bunu inkar edə bilməz. Bahalaşmanın da obyektiv və subyektiv səbəbləri var. Əgər bir məhsulun maya dəyəri çox bahadırsa, deməli, onun satışı da bir qədər yüksək olacaq. Bunları qəbul eləmək olur. Ancaq onu qəbul eləmək olmur ki, bizim məmləkətimizdə istər ərzaq, istərsə də sənaye mallarının ölkəyə idxal olunmasında ayrı-ayrı inhisarçı qüvvələrin fəaliyyəti daha çox nəzərə çarpır. Əgər ölkədə müxtəlif məhsulların gətirilməsində, satışında inhisarçılığın və monopoliyanın qarşısını almaq olsa bir o qədər də bahalıq yaranmaz. İnsanlar isə hər an dövlətə böyük inam bəsləyir. Onlar gözləyir ki, ölkəmizdə süni qiymət artımının qarşısı alınacaq, buna meyl edən qüvvələr öz cəzalarını alacaq, bir çox məhsulların qiyməti sabit qalacaq. Ataların belə bir sözü var: "Kor nə istər, iki göz, biri əyri, biri düz".

TƏQVİM / ARXİV