YARALI DURNA

ƏBÜLFƏT MƏDƏTOĞLU
84083 | 2010-10-30 06:23
Son vaxtlar qədim bir mahnını yaman tez-tez dinləyirəm. Elə əlimə fürsət düşən kimi beş dəqiqə fələkdən vaxt oğurlayan kimi həmin o qədim mahnını maqnitofon lentini səsləndirirəm. Dinlədikcə də təkcə xəyalım yox, hiss eləyirəm ki, həm də ruhum məndən çox-çox uzaqlara qanadlanıb gedir. Elə yerlərə gedir ki, onun qapısının ağzında adamın gözünə girəcək qədər böyük hərflərlərlə yazılıb:
   
   - GİRİŞ QƏTİ QADAĞANDIR!!!
   
   Amma neyləyim ki, təbiətən bir az duyğusalam, bir az söz adamıyam, bir az ruh adamıyam, bir az göylərə, xəyallara meylliyəm. Bax, elə bu bir azlar da mənim ruhumu xəyalıma qatıb aparır bu yerlərdən həmin mahnının qanadlarında...
   
   
   
   Sən haralısan, haralı durna,
   
   Ovçu əlindən yaralı durna.
   
   
   
   Bəli, bu dünya yaralı durnalarla yaman öyünür. Və bir də ona görə öyünür ki, o durnaları bu dünyanın namərdləri yaralayırlar elə dünyanın gözləri qarşısında...
   
   Hələ uşaq vaxtlarından payızın son ayında kəndimizin üstündən keçib gedən və ən çox da gecənin qaranlığında köçüb gedən durnaların qatarına...onların gedərkən oxuduqları o qəmli mahnıya özümdən asılı olmayaraq bir heyranlıqla qulaq asardım. Və mənə elə gələrdi ki, bu durnalar bir də geri qayıtmayacaq, bu uçuş bir də bizim kəndimizin üstündən bir dairə cızmayacaq, qatarın önündə gedən durnanın qanadlarının şaqqıltısı bir də eşidilməyəcək.
   
   Kəndimiz dağın lap yuxarı döşündə olduğundan durnalar bir az aşağıdan uçurdular. Onları əməlli-başlı görmək, saymaq mümkün olurdu...beləcə uçub gedirdilər və mənim ağlımı da, düşüncələrimi də özləri ilə alıb aparırdılar. Durna qatarlarını belə seyr etdiyimi görən dinə bağlı nənəm həmişə deyərdi ki, durnaya güllə atmazlar! Durnaya güllə atan gülləyə tuş gələr!
   
   Nədənsə bu sözlər ilişib qalmışdı ağlımda. Kiminsə durnaya qarşı tüfəngə əl atmasını görəndə yüyürdüm üstünə ki, olmaz, özünü günaha batırma!... Mənə gülənlər də olurdu, mənə qəribə baxanlar da. Amma mən durnalara olan o sevgimi, inamımı yaşadırdım içimdə. Sonralar bir mahnı da eşitdim, o da yaddaşıma yazıldı. Mahnının sözləri belə idi:
   
   
   
   Köçür durna qatarı
   
    O baharda dönəcək...
   
   
   
   Hə, heç bilmirəm hardan düşdü yadıma bu mahnılar, nədən düşdü... Dayanın, bir az səbrli olun...hə, xatırladım, indi payızın sonudu... indi bizim kəndimizin üstündən yəqin ki, o durna qatarları ötüb gedir. Orta məktəbdə bizə öyrədirdilər ki, köçəri quşlar isti ölkələri axtarır...Köçəri!!! Görəsən niyə köçəri? Bəlkə də bizim köçümüz də onunla bağlıdı. Bəlkə də bizim sevgimiz də o köçə söykənir, özünə isti yuva axtarır, isti yer gəzir. Doğrudanmı belədir? İnanmaq istəyirəm, amma bacarmıram. Mənim aləmimdə sevginin bir yurdu, bir qibləsi, bir ünvanı olur. O ünvanı üşütmək də, isitmək də onun haqqıdı!.. Eh...
   
   
   
   At oynadır qəm hələ
   
   Dəməm gülüm, dəm hələ...
   
   Sən ağlını cəm elə -
   
   Qayıt, yolun yarsından...
   
   
   
   Fikrim ala buludda
   
   Mənə gülür bulud da!
   
   Sevə-sevə unut da-
   
   Qayıt, yolun yarısından...
   
   
   
   Ağrı ovur didəmi
   
   Bitmir canın sitəmi
   
   Özün korla siftəni-
   
   Qayıt yolun yarısından...
   
   
   
   ***
   
   Payızda adətən hava bir az ürəksıxan olur, bir az niskil gətirir, bir az adamı kövrəldir... Kövrələ-kövrələ qayıdıb boylanırsan üzü geri. Baxırsan, baxırsan, amma keçib gəldiyin bütün yol görünmür axı. Çünki o bir düz xətt deyil axı başlanğıcını görəsən. O qədər dolanbacları, o qədər dərə-təpəsi, o qədər döngələri var ki... Əlini qoyursan gözlərinin üstünə baxırsan, baxırsan... O yerə qədər baxırsan ki, o yer sənə görünür. O yer sənə nəyisə xatırladır, o yer sənə nəyisə deyir, nəyisə pıçıldayır və sən də həmin o görünənin ətəyindən tutub çözməyə çalışırsan - bir düyünçə yumağı çözən kimi...
   
   Ola bilsin ki, yaşın təsiridi, ola bilsin də zamanın. Lap ola bilər ki, daxili tələbatın, ehtiyacın, quruluşun, bir sözlə, varlığın istəyidir. Cisminə hakim olan ruh belə istəyir. O istək isə sadə olduğu qədər də çətindi. Çünki arxada qalan heç nəyi dönüb götürmək, təzədən eyni cürə yaşamaq bu dünyada hələ heç kəsə nəsib olmayıb. İnsan itirəndə, əhəmiyyət verməyib yanından keçəndə və sonra nəyi itirdiyini və nəyə əhəmiyyət vermədiyini anlayanda daxili bir sarsıntı keçirir. Elə bir duruma düşür ki, onu yalnız hər kəsin özü anlaya bilir, özü ifadə edə bilir. Başqası onu o cür yazıb, rəsmə köçürüb ortaya qoya bilməz...
   
   Bu günlərdə yaşadığım Motodrom ərazisində bir çinar ağacına rast gəldim. Özü də Xan çinar. Doğrusu, neçə ildir ki, burada yaşayıram, mən o ağacın varlığını görüb duymamışdım. Təsadüfdən gördüm. Səbəb də ayaqlar altına düşmüş çinar yarpaqları, xəzəllər oldu. Heç fikir vermisiniz, çinarın xəzəli və onun saralmış yarpaqları bütün başqa ağacların yarpaqlarından, xəzəlindən fərqlənir. Əl içi boyda olan bu yarpaqlar dünyada mövcudluğu qeydə alınmış bütün rəngləri özündə əks etdirir. Görünür bu da onun Xan çinar olması ilə bağlıdır. O söyüd ağacı deyil ki, yarpaqları büzüşüb saralıb tökülsün. O axı Xan çinardı!!!
   
   Təbiətşünaslar ola bilsin ki, mənim təsvirimi bəyənməsinlər, razı qalmasınlar. Amma neyləyim, mən indiki anda Xan çinarın xəzəlini bu cür görürəm, bu cür qəbul edirəm. Yadıma Zəngilandakı o məşhur və möhtəşəm meşə düşür - Çinar meşəsi... Yəqin yenə o dağ çayı axıb keçir o meşənin içərisindən... yəqin yenə çinar xəzəlləri tökülür o lal axan suların sinəsinə. Axı indi dağ çayları hələ özündən çıxmayıb, qoruyur o saiktliyini, süstlüyünü. Bir oğul istəyirəm əlləri ilə çayın üzərinə yorğan kimi sərilmiş çinar xəzəllərini aralayıb doyunca o sudan içsin...
   
   Bizdə, yəni Qarabağda sızqa bulaqların üstünə tökülən bu yarpaqları su süzənə, hətta balaca stəkana çevirib o suyu bir dizimizi yerə atıb, bir ovcumuzun içində içirdik. Lilpar suyu deyirdik ona. İçirdik, içirdik doymurduq lilpar suyundan... Deyəsən payız bu yazının damarına bir az nisgil qatdı. Amma neyləyim, aşıq gördüyünü çağıran kimi mən də dağları, meşələri, çayları, lilparları görmüşəm. Və bir də görmüşəm ki, o lilparların suyunu içib, o dağların havasını udan və o Xan çinarların pıçıltısına ən gözəl musiqi kimi qulaq asanlar heç vaxt ürəklərinə, istəklərinə qarşı getmirlər. Çünki o paklıq, o təmizlik imkan vermir. Təəssüf ki, indi dünya da demək olar ki, hər şey, elə sevgilər də oyuncağa çevrilib. Ona görə də qorunan sevgilərə, yaşanan sevgilərə hərə bir cür baxır...
   
   
   
   didiklə ürəyimi
   
   nanə yarpğı kimi...
   
   sonra topla keç üstən-
   
   düşmən topağı kimi...
   
   
   
   hisslərimə acıma
   
   mən onlara əsirəm...
   
   acıyanda ömrümdən-
   
   günlərimi kəsirəm!..
   
   
   
   ötüb gedən anlara
   
   məndən qalan soyuq kül...
   
   mən düşən gümanlara-
   
   istəyirsən ağla, gül?!
   
   
   
   didiklə ürəyimi
   
   ağrıdıqca qan udsun...
   
   sən ki, sevmədin məni
   
   qoy torpaq da unutsun!..
   
   
   
   ***
   
   Nə isə... Bu dünya bütün nöqsanları ilə yaşamağa və yaşatmağa bir meydandı. Kimi gülə-gülə, kimi də boynu bükük bənövşələr kimi özünə sığınıb gözdən, könüldən uzaq bir şəkildə bu meydanda yer tutur. Amma o qədər də böyük bir fərqi yoxdu, istəyir gül, istəyir boynunu bük. Onsuz da meydan birdi və biz hamımız o meydanda həm oyunçuyuq, həm də tamaşaçı. Ən maraqlısı odur ki, bir-birimizlə oynayan da bizik, bir-birimizə əl çalanda...
   
   İndi payızın durna qatarları köçüb gedir...indi xəzəl yağışı başlayır...indi payız toyları da çalınır...indi sevgilərin də hardasa bir göy qurşağı kimi payız havası, payız görüntüsü gəlib keçir. Amma nə qədər gücünüz var qoruyun sevgiləri payızda, qoruyun... Durnalar köçüb- qayıdacaq... çinarlar bir də yarpaqlayacaq... amma ürəklərdə həmin o sevgi elə həmin o ilk məqamda olduğu kimi bir də puçurlamayacaq. Qoruyun sevgiləri payızdan!..

TƏQVİM / ARXİV