ANA SƏHİFƏ / YAZARLAR

Günahkar telekanallar deyil, auditoriyalardır

Adət etmədiyiniz mövqe, bu dəfə sənin yanında deyiləm, millət!

74182    |   2010-10-29 05:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xahiş edirəm, hay-haray salmayın. Yalandan da buludlara yaxınlaşan səviyyənizdən danışmayın. Əziz tamaşaçılar, sizinləyəm. Bəli, həmişə cəsarətlə baş buladığınız, yeri gələndə bəyənmədiyiniz telekanallardan birinin aparıcısı kimi danışıram. Bəsdir daha. İndi də hər şeyə bizim prizmadan baxaq.
   
   Elə hey, kanalların səviyyəsizliyindən danışırsınız. Səviyyəsiz verilişlər, aparıcılar. Şikayətlər edirsiniz. Guya bezmisiniz. Guya boğaza yığılmısınız. Guya bu sizin böyütdüyünüz balaların əxlaqına ziddir. Amma STOP. Gözə kül üfürürsünüz, yenə səmimi deyilsiniz. Bu həmin auditoriyadır ki, Aztv-nın kamerasını görəndə başqa cür danışır, ANS-in kamerasını görəndə əl atır dəsmala, hönkürməyə.
   
   Lap qısa, loru yoldan gedəcəm. Ay balam, xoşunuza gəlmir? Baxmayın. Yalvarıram, hətta. İnanın elə telekanallarda bunu istəyir ki, camaat axmaq verilişlərə baxmasın. Kim istəməz ki, efirini bir-birindən səviyyəli verilişlər, aparıcılar bəzəsin. Bunu hansı axmaq telekanal rəhbəri istəməz?! Amma baxan, tələb edən sizsiniz. Hətta söyə-söyə baxsanız belə baxmayın. Qoyun, o, düşük şouların reytinqi düşsün, olsun 1-2. Görüm, onda hansı telekanal belə verilişi efirdə saxlayacaq. Bu ictimai sorğudur. Əhali nəyə baxır?! Reklam verən şirkətlər siyahıdakı verilişin qarşısındakı rəqəmlərin böyüklüyünə aldanırlar. Onlar istəyirlər ki, reklamları ən baxımlı verilişi bəzəsin.
   
   Siz baxmırsınız, evdə ananız-atanız, arvad-uşağınız, əriniz baxır. Onlar kimlərdir? Sizin səviyyənizin birbaşa göstəriciləri. Sizin səviyyə əhatənizdə yaşayan insanlar. Ona görə də xahiş edirəm, paraşütü açın. Yerə dəymək vaxtıdır.
   
   Durub mənə deməyin ki, televiziya əhalinin səviyyəsini qaldırmalıdır, o, səviyyəyə düşməli deyil. Əzizlərim, sovet vaxtı çoxdan getdi. Bu dəqiqə dövlət İTV-ni təsərrüfat hesablı bir qurum etsə, İTV başqa kanallardan da pis sifətlərə düşər. Bir var səviyyəli olasan, bir var səni süni şəkildə səviyyəli edələr.
   
   Siz bilirsiniz ki, özəl, təkrar edirəm gerçək mənada özəl televiziya saxlamaq nə qədər baha başa gəlir? Elə bilin ki, durduğunuz yerdə siz hər gün 10 min manat xərcləməlisiniz. İşçiləri maaşı, işıqpulu, su pulu, qazpulu, Allah bilir daha nələr pulu. Və zən gün ərzində 10 mindən çox qazanmalısan ki çulunu sudan çıxarasan.
   
   Buna görə də kanal reytinqi qaldırmalıdır. Reytinqi qaldırmaq uçun neyləmək lazımdır? Əhalinin maraq dairəsini öyrənmək lazımdır. Bizim gözəl millətimiz nə sevir? Etiraf etməsə də, şou qalmaqal, cinayət hadisələri, soğan iyi verən mətbəx, toy əhvalatları. Amma baxın, heç bir ciddi verilişin normal reytinqi 5 xalı keçmir? Siz baxın səviyyəli proqramlara də, əziz xalqım. Baxın, qoy kanallar məcbur olub verilişlərin seçimini dəyişdirsinlər.
   
   Hamınız, ideal rus televiziyalarından danışırsınız. Amma mən ideal rus auditoriyasını da unutmayın deyirəm. Bilirsiniz, onlar necə verilişlərə baxmağı xoşlayırlar, o keyfiyyəti də efirdə görürlər.
   
   Bilirsinizmi, bizim hətta müsahiblərimizin də səviyyə problemi var? Bu gün səviyyəli müsahib bir-iki nəfər qalıb. Biz nə qədər əziyyət çəkirik respondentlərin nitq qüsurlarında, montaj eləməkdən verilişdə heç nə qalmır.
   
   Amma baxın rus kanalındakı bir-birindən maraqlı müsahiblərə. Türkiyədə adi küçədən götürülən müsahibədə vətəndaş elə cavablar verir ki, insanın diqqətini birinci dəqiqədən cəlb edir, kanalı dəyişmirsən. Müxtəlif fikirlər, ideyalar, fərqli baxışlar adı tamaşaçının dilindən səslənir.
   
   Fikir vermisinizmi, bütün telekanallar ya Torqovi küçəsində, ya Elmlər metrosunun yaxınlığında müsahibə alır ki bir normal müsahib tapa bilsin. Bizimkilər kamera görəndə nə günə düşürlər bilirsinizmi? Qadınlarım yadına qaynataları, qaynanaları, ərləri düşür, uşaqlar şit-şit gülür, kişilər "o tərəfə elə kameranı bacı" deməkdən uzağa getmir. 2-3 nəfər normal müsahib tapmaq üçün 2 dəqiqəlik sorğu bizə 1 saata başa gəlir. Hamı komplekslə yaşayır, insanların özlərinə, qabiliyyətlərinə güvənci yoxdur. Əsasən yaşlı qocalar danışır, onlar da verilən sualı qulaqardına vurub öz məişət problemlərindən danışmağa çalışırlar.
   
   Anam həmişə deyərdi ki, bu Sovetin vaxtında heç nə yox idi. Ay balam, indi camaatın nə qədər dərdi var?! Mənsə dedim "ay, ana, bu millətin həmişə dərdi olub e, eşidəni, çəkib göstərəni olmayıb".
   
   Deputatlığa namizəd verənlərə baxın. Bəzilərinin ağzı söz tutmur. Bu hələ millətin ziyalısıdır. Özünə az-çox güvənib, millət vəkili olmaq arzusu ilə yaşayanıdır. Bəs, bunun bisavadı nə gündədir?! O baxacaq, hələ o tərəfə keçəcək.
   
   Bizim ciddi verilişlərimiz də sanki ayıb iş görmüş adamlar kimi rəhbərliyin yanında utanacaq. O, yüngül verilişin reytinqli aparıcıları isə öz aləmində dahi olduğunu düşünərək yekə-yekə gəzəcəkdir də, utanmadan özünə "mən neçə ilin jurnalistiyəm" deyib adının aşağısına jurnalist titulunu da yazdıracaqdır. Bir müddətdən sonra isə ona əməkdar jurnalist adı da veriləcək. Arxada yanıb-töküləcək millətimiz. Amma siz bu reytinqli aparıcıların telefonuna xoş sözlərdən ibarət yüzlərlə mesaj gəldiyindən, onlara gül-çiçək dəstəsi göndərildiyindən, pulu-pul, hörməti hörmət olduğundan, intellektual jurnalistlərə necə lağ edib, iclaslarda onların danlanmağına necə fəxrlə baxdıqlarından xəbərdarsınızmı?!
   
   Belə də ki yaxşı edirlər. Düz edirlər. Səsi olmayan müğənniləri konsertlərinə gedə-gedə, dalınca danışıb toylarda şəkillər çəkdirə-çəkdirə necə xalq artisti elədiniz, onlara da münasibətiniz eynidir.
   
   Demək istəyirəm ki, ey auditoriya, elə içinizdə özünü ən səviyyəli sayanlar da facebookda, qəzet köşələrində, orda-burda deyinməsinlər. Bütün səviyyəsiz aparıcıların verilişlərinə baxırsınız da, onları xoşlamasanız da tanıyırsınız, görəndə hörmət edirsiniz də, gedib şəkil çəkdirirsiniz də.
   
   Biz ciddi verilişlərin aparıcılarına isə boynumuzu bükərək bütün bu olanlara tamaşa etmək, iclaslarda danlanmaq, onlardan az maaş almaq, az hörmət sahibi olmaq, görəsən "kim dali" demək qalır
   
   Televiziyanın ikinci adı da telegüzgüdür, unutmayın.
   
   Gedin özünüzü dolayın.


YAZARIN ARXİVİ

2009-10-24 : Siyasi oyunlar
2009-09-19 : Teletorba
2009-08-29 : Cəsur heyvanlar
2009-08-15 : Dilim-dilim
2009-07-04 : Dəmir kimi
2009-06-26 : Dəmir kimi...
2009-05-30 : Açın qapıları
SON XƏBƏRLƏR
2017-05-24
2017-05-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan, yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim onu çağırtdırır. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim, mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam...




digər lətifələr
ARXİV
FACEBOOK