ANA SƏHİFƏ / YAZARLAR

Top, tar və...

Müğənni Rəqsanə futbol yığmamıza necə yardımçı ola bilər?

23875    |   2010-06-19 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali Rza bəy insult keçirdi. Başından qalmaqal əskik olmayan Tekin ailəsi yenə dərdə düşdü. Belə halları əldən verməyən Ferhundə qara xəbəri işıq sürəti ilə çatdırdı. Keçmiş əri Şevketin ikinci dəfə həbs olunduğunu Ali Rza bəyə necə həyəcanla dedisə, dağ boyda kişi düz küçənin ortasında yerə çırpıldı. Arvadı ağlaya-ağlaya onu ağlar günə qoydu. Fərsiz oğul və əhli-kef qızlarının üzündən insan kimi yaşamağı çoxdan tərgidən Tekin ailəsinin başçısı yayın bu istisində hamının ürəyini lap kabab elədi. "Yapraq dökümü" bizim türklər demiş, sezon finalına çıxdı.
   
   "Aşqı memnu"da lap müsibətdi. Adnan bəyin ailəsində ara qarışıb, məssəb itib. Kimin kimlə yatdığı, kimin kimlə durduğu məlum deyil. Hamı işığın sönməyinə bənddi. Yazıq Adnan bilmir nəhəng şirkətini rəqibindən qorusun, yoxsa ikinci arvadı Behteri oğlu qədər istədiyi Behluldan.. Qaynanası da hələ indi ərə getməyə hazırlaşır. Camaat istidən nəfəs ala bilmir, Firdevs xanım ərə getmək üçün elə həşirdədi, sanki heç ər görməyib. "Aşqı memnu"da hələ gələn həftə sezon finalıdı.
   
   Yazıq Ali Rza bəy də, bədbəxt Adnan bəy də tətil yapıb istirahətin dadını çıxaracaqlar. Onsuz da indi onların dərd-səri heç kimi maraqlandırmır. Dünyanın top boyda dərdi var. Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya Çempionatının özündə bir-iki günə "Yapraq dökümü" başlayır. Qrup mərhələsində uduzanlar əlləri ətəklərindən uzun geri qayıdacaqlar. Öz ölkələrində mətbuat da onları yaş yuyub, quru sərəcək. "Qara qitə"dən üzü qara qayıtmağın belə fəsadları var. Uduzanın üzü onsuz da həmişə qaradı. Müdriklər demiş, qələbənin atası çox olur, məğlubiyyət isə yetim qalır.
   
   Bu dəfə də belə olacaq. Dünyada nə dəyişib ki, uduzana da münasibət dəyişsin. Fransa Meksikaya məğlub oldu. Ötən həftə köşəmdə yazmışdım ki, Fransa millisindən çox şey gözləyirəm. Amma futbola Platini, Zidan kimi nəhənglər verən Fransa ümidimi elə dəfn elədi ki, nə yazmaq mümkündü, nə danışmaq. Sənə güvəndiyim dağlar... Meksikanın vurduğu iki qoldan sonra Paris dağılmasa yaxşıdı.
   
   İspaniya millisinin futbolçuları CAR-da qəzaya düşdü. Yığmanın dünyaca məşhur baş məşqçisi Visente del Boske İsveçrə ilə oyunda məğlub olmalarını qəzaya oxşadıb. Kişi düz deyir də, İspaniyanın İsveçrəyə uduzması elə qəza kimi bir şeydi... Bu qəzadan ən çox əziyyət çəkənlərdən biri bəlkə ispanların qapısında duran İker Kasilyasdı. Dünyanın ən etibarlı qapıçılarından sayılan, yığmanı mundiala kapitan kimi gətirən Kasilyas haqqında indi mətbuatda, internetdə nələr yazmırlar. Oxuduqca elə bilirsən ki, Qəzzaya yardım aparan gəmilərə İsrail ordusu məhz İspaniya yığmasının qapısını qoruyan Kasilyasın əmri ilə atəş açıb. İnternetdəki materialların birində nə yazılsa yaxşıdı? Guya qapının arxasında duran gözəl-göyçək fotoqraf qıza başı qarışan Kasilyas oyunu zəif keçirib. Qıza baxa-baxa bir də görüb ki, İsveçrə millisinin oyunçusu Fernandes topu qapıdan keçirib.
   
   Öz aramızdı, bu qız məsələsindən istifadə etmək olar. Qarşıdan Avropa Çempionatının seçmə oyunları gəlir. Millimiz Almaniya, Türkiyə, Belçika kimi güclü yığmalara qarşı döyüşməlidi. Müğənni Rəqsanəni 90 dəqiqə yaşıl meydançanın arxasında saxlamaqla babat xal yığmaq, rəqibləri məğlub etmək mümkündü. Bilirəm, dəyərli oxucular dərhal sual verəcəklər ki, niyə məhz Rəqsanə? Axı o, Kasilyası çaş-baş salan fotoqraf kimi gözəl deyil. Mən də həmin fikirdəyəm ki, müğənni Rəqsanəyə çox baxmaq olmaz.
   
   Amma bir məsələ var. Mən Rəqsanəni rəqib komandanın yox, öz millimizin qapısı arxasında saxlamağı təklif edirəm. Çünki Rəqsanə 90 dəqiqə yox e lap 230 dəqiqə bizim qapının arxasında qalsa qapıçımız Kamran Ağayev və yaxud Fərhad Vəliyev ona tərəf baxan deyillər. Hər ikisini tanıyıram, zövqləri pis deyil. Oxucularımız yenə soruşa bilərlər ki, bəs onda Rəqsanə bizim nəyimizə lazımdı? Cavab vermək növbəm çatdığına görə deyim. Daha doğrusu yazım.
   
   Özünüz bir də dərindən ölçüb-biçin, müğənni Rəqsanə bizim qapının arxasında qalsa, Miroslav Kloze, Tomas Müller, Lukaş Podolski, Məsut Özül və Arda Turan kimi futbolçular hücuma keçməyə cürət edərlər? Belə bir riskə getmək onların nəyinə lazımdı axı?
   
   Nə isə, bütün bu məsələlər gələcəyin işidi. Avropa Çempionatının seçmə mərhələsinə hələ var. İndi bütün dünya diqqətini CAR-dakı mundiala yönəldib. Cənubi Afrika Respublikası isə elə bil bəşəriyyətdən qisas alır. Vuvuzelanın səsindən qulaqlarımız tutulur. FİFA kimi nəhəng təşkilat Afrika zurnası ilə bacara bilmir. Mən bir məsələni başa düşmürəm. Nə vaxtsa Azərbaycanda futbol üzrə Dünya Çempionatı keçirilsə, azarkeşlərimiz hərəsi əlinə bir tar götürüb stadionlara getməlidi...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK