ANA SƏHİFƏ / YAZARLAR

Başın ağrıyır...

Bəstəkar-müğənni Rəhim Rəhimliyə bir neçə yüngülvari məsləhət

19178    |   2010-05-22 01:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir ara səsi-sorağı gəlməyən Rəhim Rəhimli yenə peyda olub. Nazlana-nazlana danışan, oxuyanda qadınlara məxsus hərəkətlər etməyi xoşlayan müğənni bir ara gözə dəymirdi. Ölkədən haralarasa getdiyi deyilirdi. Üstəlik bu gedişlə arxasınca min cür söz-söhbət buraxmışdı. İndi həmin söhbətləri yazıb kimsənin başını ağrıtmaq istəmirəm.
   
   Rəhim Rəhimli qayıdıb gəlib. "Lider" telekanalında özünə veriliş açıb, yenə əvvəlki kimi oxuyur-oynayır. Bizə hələ bu da azdı... Əksər müğənnilər kimi həm də bəstəkarlıq edən Rəhim Rəhimli yazdıqlarını digər həmkarları ilə paylaşır. Yəqin yazdığı musiqilərə görə onlardan nəsə alır. Bu məsələyə qarışmaq düz olmaz. Həm də belə məsələlərlə başınızı ağrıtmaq istəmirəm.
   
   Bəstəkar-müğənni yeni bir mahnı yazıb, sözlərini də özü düzüb-qoşub, musiqisini də. "Başım ağrıyır"-deyib bütün günü "Lider"dən düşmür. Şou-biznesdə elədi ki, təkcə nəsə söz və ya musiqi yazmaqla iş bitmir. Bəs klip, nazlı-nazlı danışmaq? Rəhim də bunları yaxşı bacardığından heç bir problem qalmayıb. Nə vaxt kanalı "Lider"ə tərəf tutursan, görürsən ki, Rəhim "Başım ağrıyır"- deyib ekranda ora-bura gəzir. Özü də tək yox, bir dəstə oxuyub-çalanla. Əvvəllər klipə rəqqasə-filan çəkirdilər, qurtarıb gedirdi. Rəhim təzə klipinə bir avtobus müğənni yığıb. Elə bil bu dəqiqə Çində zəlzələnin, Çexiyada daşqınların qarşısını almağa gedəcəklər. Dəstədə kimlər yoxdu? Xalq artistləri, əməkdar atristlər, bu adları yaxın vaxtda almağa namizədlər. Bir sözlə, başımızı ağrıdanlar.
   
   Başlayaq ən balacasından. Xalq artisti Faiq Ağayev də Rəhim Rəhimlinin klipində oxuyur, oynayır. Yüksək fəxri ad almaq deyəsən Faiqə düşmədi. Bir vaxtlar ədası nə yerə sığırdı, nə göyə. Solo- konsert vermək üçün çıxdığı səhnəni düz bir həftədən sonra tərk edirdi. İndi Rəhimin klipində qurdunu öldürür. Üzr istəyirəm, başınızı ağrıtmıram?
   
   Təkcə Azərbaycan dilində danışmağı yox, həm də oxumağı və hətta fəxri ad almağı Bakıda öyrənən Manana da klipdə görünənlər arasındadı. Çoxbilmişlikdən boyu çıxmır. Məhəbbətə Məhəmməd deyə-deyə şou-biznesə girdi, əməkdar artist oldu, hələ ərə getməyə də vaxt tapdı. Hər şeyi burda aldı, amma xeyiri gürcü oğlana verdi.
   
   Bizim əməkdar artist Elza Seyidcahan da qəribə adamdı. Gah toyuq- cücə üçün konsert verir, gah klipdə inək sağır. Hərdən də elə mahnılar yazır ki, bilmirsən ağlamaq lazımdı, yoxsa gülmək. Nəsə əsl başağrısı... Onu da Rəhimin klipində görmək olar. Təbii ki, baxmaq istəyən olsa.
   
   Lalə Məmmədovanı Rəhimgilin dəstəsində görəndə isə əməllicə təəccübləndim. Adamın insafı var, Lalə xanım oxumağı, oturub-durmağı bilən adam idi. Bilmirəm ona nə oldu. Bəlkə onun da başı ağrıdı?
   
   Rəhimin klipində bayaq dediyim kimi, oxuyub-çalan çoxdu. Bəzilərini heç tanımıram. Bilmirəm bu mənim problemimdi, yoxsa onların... Hamısını birbəbir yazsam camaatın başından ağrı tutar. Klip özü də elə başdan-ayağa başağrıdı.
   
   Rəhimin isə dünya-aləm vecinə deyil, öz işindədi. Elə əzilib-büzülür ki, elə bil bu dəqiqə sınıb yerə düşəcək. Bir avtobus həmkarını da yığıb başına oynayır. Deyəsən ürəyinə damıb ki, ona da yaxınlarda fəxri ad verəcəklər. Nə bilmək olar, bir də gördün Rəhim Rəhimli də oldu əməkdar artist. Lap Ədalət Şükürov kimi... Onsuz da dünyanın başına kül olub. Avropada təyyarələrin qrafiki pozulub, hava limanlarının işi iflicdi. İslandiyadakı vulkanda nə qədər kül varmış...
   
   İndi Rəhimə deyən lazımdı ki, a bala, sakit dur yerində. Ora-buranı bucuda-burcuda nə qədər ora-bura qaçmaq olar? Heç başı ağrıyan adama oxşamırsan... Adam, başın ağrıyır özünü ver aptekə tərəf. Ucuzvari dərman al və at. Ağrısı keçib getsin. Sənin də canın qurtarsın, elə bizim də. Yoxsa "Başım ağrıyır"-deyib nə gəzirsən ortalıqda? Dost-tanışların da düşüb arxanca ki, bəs qoymayın, amanın günüdü, Rəhimə nəsə olub.
   
   Bəhanə axtarma. Pulun var, aptek də Bakıda doludu. Daş atırsan aptekin şüşələrinə dəyir. Sağalmaq istəmirsənsə bu başqa məsələ. Məcburi müalicə effekt verməyə bilər...
   
   Sözün açığı, iş-güc başdan aşır. Bəzən iş də gələndə sel kimi gəlir. Ona görə də sənə uzun-uzadı məsləhət verməyə fazla vaxtım yox. Başımı ağrıtmaq istəmirəm. Sağalmaq istəsən elə aptek məsələsi köməyinə yetər.
   
   Bizim şou-biznes əhli ilə danışmaq uzun və yorucu bir işdi. Adamın vaxtı da gedir, hələ üstəlik sağlamlığı da. Rəhimi anladanacan yorulub əldən düşdüm. Vay, mənə nə oldu?. Deyəsən başım ağrıyır...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK