Bizim Corc

ETİBAR CƏBRAYILOĞLU
64294 | 2015-03-20 11:48
Adı kimi taleyi də qəribə olan bu gənc oğlan 11 yaşında milli kinomuzda debüt edib. Yavər Rzayevin çəkdiyi "İlahi məxluq" filmində baş rollardan birinə çəkilən Corc Qafarov qısa müddət ərzində digər rejissorların da diqqətini cəlb etməyi bacarıb.
Elxan Cəfərovun yazıçı Aqil Abbasın ssenarisi əsasında ekranlaşdırdığı "Dolu" filmində balaca döyüşçü- Qeyrət dağarcığını oynayan gənc və istedadlı aktyor indi tez-tez kamera qarşısına keçir. Corcun da rol aldığı "Sonuncu" qısametrajlı bədii filmi nüfuzlu beynəlxalq müsabiqələrdə uğur qazanıb. Sergey Pikolovun lentə aldığı bu film Beynəlxalq Kann Kinofestivalının əsas proqramına daxil olmaqla Azərbaycan kinosunun tarixində bir ilkə imza atıb. "Sonuncu" uzaq Braziliyada da mükafat alıb.
Gününün çox hissəsi çəkiliş meydançalarında keçən Corc Qafarov təhsilə də vaxt ayırır-Mədəniyyət və İncəsənət Universitetinin I kurs tələbəsidir. Uşaqlıq xəyallarının üstündən xətt çəkən Corcun ən böyük arzusu isə...



- Corc, çəkiliş meydançalarındakı gərginliyə artıq öyrəşmisən. Müsahibə verməyi necə, öyrənə bilirsən?
- Asta-asta buna da öyrəşirəm, jurnalistlər məni axtarır, müsahibə götürür, fikirlərimi öyrənir və məni təbliğ edirlər. Çəkildiyim "Sonuncu" qısametrajlı bədii filmi Kann Beynəlxalq Kino Festivalında nümayiş etdiriləndən, San-Pauloda (Braziliya) xüsusi mükafat alandan sonra media işçiləri mənimlə daha tez-tez maraqlanırlar. Sağ olsunlar, hələ ki, qələm adamları ilə aramızda problem-filan olmayıb. Öz aramızdı, müsahibə vermək də maraqlı isdi.
- Kino aləminə Yavər Rzayevin çəkdiyi "İlahi məxluq"la qədəm qoydun. Həmin günlər yadında necə qalıb?
- Necə qalacaq... Dəhşət idi, inanın ki, gecələr ağlayırdım. Yavər Rzayev məni İsmayıl roluna dəvət edəndə 11 yaşım var idi, rəqs dərnəyinə gedirdim. Yavər müəllim televiziyadakı çıxışlarımdan birində görmüşdü. Biləndə ki, quruluşçu rejissor kimi məni öz filmində rol vermək istəyir, əvvəlcə etiraz etdim. Kinoda nəsə edə biləcəyimə inanmırdım. Bayaq dediyim kimi, gecələr ağlayırdım. Rəqs müəlliməm sağ olsun, məndə özünəinam hissi yaratdı, dedi, çalışsan bacararsan. Razılıq verəndən sonra filmin çəkiliş qrupu ilə Qubanın Xınalıq kəndinə getdik. İsmayıl roluna çəkilməyə başlayanda hər gün hiss edirdim ki, deyəsən həqiqətən də nəsə alınır.
- Debüt filmində Nurəddin Mehdixanlı, Münəvvər Əliyeva, Vəfa Zeynalova kimi tanınmış insanlarla çəkilirdin. İlk günlər yəqin onları əməlli-başlı əsəbiləşdirmisən...
- Onlar bilirdi ki, İsmayıl mənim kinoda ilk işimdir. Ona görə də nəsə alınmayanda ürək-dirək verirdilər, nələr etmək lazım olduğunu izah edirdilər. Qüsurlarımı da deyirdilər, amma onu da elə edirdilər ki, xətrimə dəyməsin. Mən biləni son nəticədə oyunumdan razı qaldılar.
- "İlahi məxluq"dakı İsmayılın ayağı düşərli oldu, sonra "Dolu"ya, "Sonuncu" filmlərinə çəkildin...
- "Dolu"ya çəkilməyimin də maraqlı tarixçəsi var. Filmin quruluşçu rejissoru Elxan Cəfərovla Yavər Rzayev vasitəsi ilə tanış olmuşam. Bir gün Elxan müəllim məni kinostudiyaya dəvət elədi, dedi ki, Aqil Abbasın əsəri əsasında "Dolu" bədii filmini çəkməyə hazırlaşıram. Balaca döyüşçü oğlanı-Qeyrət dağarcığını istəyirəm sən oynayasan.
- Yəqin bu dəfə etiraz eləmədin?
- Elxan müəllimin təklifinə etiraz eləmək olardı? Sözün düzü, İsmayıldan sonra özüm də filmlərə çəkilməyə maraqlı idim. Ona görə Elxan Cəfərovun təklifi lap yerinə düşdü. Yaşımın az olmasına baxmayaraq müəyyən qədər məlumatım var idi, bilirdim ki, Elxan müəllim də mənim kimi çox kiçik yaşlarından kino aləmindədir, bu sahəni yaxşı bilir. "Dolu"ya çəkiləndən sonra bir daha əmin odum ki, Elxan Cəfərov Azərbaycanın ən yaxşı kinorejissorlarından biridir. Elxan müəllimlə çalışmaq çox rahatdır. Çünki o, çəkiliş meydançasında tamam fərqli bir ovqat yaradır, aktyorla necə danışmağı gözəl bilir.
- Bu sözlərin Yavər Rzayevin xətrinə dəyməz?
- Yox, niyə xətrinə dəyir ki? Mən səmimi fikirlərimi deyirəm. Yavər müəllim məni kino aləminə gətirib. "İlahi məxluq"dan sonra onunla Heydər Əliyev Fondunun xətti ilə ərsəyə gələn "Bakı, mən səni sevirəm" kino-layihəsində də birgə çalışmışıq. Yavər müəllimi üzən heç bir fikir işlətmərəm, sadəcə, çox tələbkar rejissordur, çəkiliş zamanı onu razı salmaq çətin məsələdir, hər şeyi bəyənmir.
- Sənin çəkildiyin "Sonuncu" qısametrajlı bədii filmi nüfuzlu Kann Kino Festivalında nümayiş olundu...
- Sergey Pikalovun çəkdiyi bu filmdə mən Suçu oğlanı oynamışam. Film 67-ci Beynəlxalq Kann Kino Festivalın əsas proqramına daxil oldu, Braziliyanın San-Paulo şəhərində keçirilən festivalda mükafat qazandı. Azərbaycan kinosunun bu uğuruna hamımız sevinməliyik. Bizim güclü kinorejissorlarımız, istedadlı aktyorlarımız var və onlarla dünya səviyyəsinə çıxan işlər görmək olar. "Sonuncu" filmi bunu sübut elədi.
- Artıq teleseriallara da dəvət alırsan. Bu sahədə çalışan rejissorlarla münasibətin necədir?
- Yaxşıdır. Nadir Diridağlının "Tək olanda qorxma" serialında Orxan roluna çəkildim. İnsan alverinə qarşı mübarizədən bəhs edən bu teleserialda əsas rollardan birini oynadım. Asif Abramov isə məni "Qisas" serialında çəkdi. Maraqlıdır ki, insanlar məni daha çox teleseriallardakı rollarıma görə tanıyırlar. Bu da mənə bir az qəribə gəlir. Görünür bu məsələləri öncədən öyrənmək lazım imiş...
- Öyrənmək demişkən, Corcun tələbəlik həyatı necə keçir?
- Mədəniyyət və İncəsənət Universitetinin I kursunda təhsil alıram. Kurs rəhbərimiz əməkdar artist Nofəl Vəliyevdir. Bir məsələni də qeyd edim, fikirlərim bəlkə də düzgün başa düşülməyəcək, amma mən ürəyimdən gələni, səmimi hisslərimi deyirəm- Nofəl müəllimi mən aktyor kimi yox, rejissor və pedaqoq kimi daha çox bəyənirəm.
Yuxarı kurslarda oxuyan tələbələrin kurs tamaşalarına da məni dəvət edir, rol verirlər. Tələbəlik məktəb illərindən daha maraqlıdır, həyatı yavaş-yavaş anlayırsan.
- Maraqlı olar da, kurs yoldaşlarından populyarsan, bədii filmlərə, teleseriallara çəkilirsən...
- Düzdü, onlardan bəziləri aşağı bal topladıqlarına görə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunanlardı, amma bu məni o qədər də maraqlandırmır. Təhsilimlə məşğulam, çünki fikrim ciddidir, sonra da magistraturaya sənəd verəcəm. Rektorumuz, professor Fərəh xanım Əliyeva ilə görüşəndə mənə dedi ki, indidən ulduz xəstəliyinə tutulma. Məndə isə ümumiyyətlə belə bir xasiyyət yoxdu. Yenə deyirəm, mən bu sənətlə ciddi məşğul olmaq fikrindəyəm. Baxmayaraq ki, bizdə aktyorlar o qədər də yüksək məbləğ qazanmır.
- Yaxşı ki, özün bunları bilirsən. Bəs gələcəkdə necə dolanacaqsan?
- Ağlıma və bacarığıma güvənirəm, inanıram ki, ailəmi dolandıra biləcəyəm.
- Maraqlı bir mövzuya gəlib çıxdıq. Corc Qafarovun elçiləri kimi qapısına getsə "hə" cavabı almamış qayıtmaz...
- Nə bilim, vallah. Hələ bu barədə konkret nəsə deyə bilmirəm.
- Corc, görüşüb söhbətləşdik, oxucular səni bir az da yaxından tanıdılar. Deməli zamanında kinoya çəkilməklə bağlı Yavər Rzayevin təklifini qəbul etməyə dəyərmiş...
- Uşaq idim də, heç ağlıma gəlmirdi ki, nə vaxtsa filmlərə çəkilərəm. Kiçik yaşlarımda ürəyimdən həkim olmaq keçirdi, istəyirdim insanları müalicə edim. Həyat elə gətirdi ki, uşaqlıq arzusunun üstündən xətt çəkməli oldum. İndi ən böyük arzumu nə olduğunu biləndə çoxlarını gülmək tutur, amma mən "Oskar" almağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, bu arzum həyata keçəcək.

TƏQVİM / ARXİV