Və zərgər dəqiqliyi ilə sözə çevirən şair
Bilmirəm, təsadüfdü, yoxsa həyatdan doğan bir zərurət. Amma inanın ki, mən bu silsilə yazılarımı əvvəlcədən planlaşdırmamışam və düşünməmişəm ki, kimin barəsində kimdən öncə yazım və yaxud sonra. Görünür, şairlərin Tanrıya yaxın olmaları barəsində söylənilən fikirlərin damarında böyük bir həqiqət var imiş. Məhz o həqiqət də elə bu yazımda özünü göstərir. Çünki mən hamının sevdiyi, hamının alqışlarla qarşıladığı və misralarını yaddaşına köçürdüyü, mənimsə ürəyimdə yaşatdığım bir şair barəsində düşüncələrimi sizinlə bölüşəcəm...…
Bəli, o İNSAN həyatımın sözlə, qələmlə bağlı olan bütün sahələrində olub, var və olacaqdır. Mən bu üç zamanı bir araya çox rahatlıqla gətirirəm. Çünki olub, var və olacaq deyəndə ona göy üzünə inandığım kimi, suya, oda tapındığım kimi inanaraq deyirəm və bilirəm ki, ruhum məni tərk edənə qədər o olub, var və olacaq. Deyimim, inamım, istəyim, daxili tələbatı, arzum, bir sözlə, çeşid-çeşid, löyün-löyün, dürlü-dürlü olan sözlərin müəllifi, yaradıcısı özünü mənə müqəddəslər kimi sevdirib. Mən onu özümün həyatımda işıq kimi, od-alov kimi görmüşəm və sevmişəm və qəbul etmişəm. Birmənalı şəkildə də deyə bilərəm ki, mən onu görüb tanıyanda, onun misralarını oxuyanda onda 70-ci illərin sonu, 80-ci illərin əvvəlləri idi. Mən Hüseyn Arifin vurğunu olduğum üçün onun sözünün işığı məni həm də Zəlimxan Yaquba istiqamətləndirdi. Burda bir doğma adamın da təsirini xatırlamaya bilmərəm. O da rəhmətlik Nüsrət Kəsəmənli idi. Ailə dostum, könül dostum olan Nüsrət Kəsəmənli məni Hüseyn Ariflə tanış etdi və mən Hüseyn qağanı kəndimə, evimə qonaq çağırdım. Məhz həmin o dəvəti qəbul edib Dağlıq Qarabağa, onun Tuğ kəndinə gələn Hüseyn qağanın pişvazında duranda söz fırlanıb, hərlənib gəlib dayandı Zəlimxan Yaqubun üstündə. Mən Hüseyn qağanın özünəməxsus bir şəkildə söylədiyi bir təqdimatdan bir daha Zəlimxan Yaqubu sevdim, bir daha onun söz dünyasına vuruldum. Çünki bu sözlər eldən, elatdan, aşıqdan, ozandan, sazdan, qopuzdan, məclisdən, mərəkədən qanadlanıb gəlirdi. İçində dad da var idi, duz da var idi, şirinlik də, şəkər də, bal da. Oxuduqca özümü yaylaqlarda təsəvvür edirdim, ormanlarda görürdüm, çeşmələrin başında, yamacların döşündə, ağacların kölgəsində hiss edirdim, ruhumda bir "Kərəmi" havası o qədər rahatlıqla büsat qururdu ki, elə bilirdim indicə qapı açılacaq, otağıma aşıq-ozan daxil olacaqdı. Və yaxud da bir "Ruhani" səslənəcək, xəyalım qanadlanacaqdı...
Bəli, mənim də taleyimdən bir tələbə həyatı, bir tələbəlik illəri gəlib keçdi. O illərin coşqusu, o illərin sözə, kitaba təşnəliyi, o illərin söz məclisinə, şair görüşünə hər kəs kimi məni də çəkib aparması həm yetkinləşməyimə, sözdən daha çox söz götürməyimə və bir də sözü yaradanları üzbəüz tanımağıma körpü saldı, yol açdı. Mən həmin o körpüdən keçdim, həmin o yolları, o cığırları dolaşıb şairləri, yazıçıları təkcə kitablarıyla, sözləriylə deyil, həm də sıxdığım əlləriylə, öpdüyüm üzləriylə, baxdığım gözləriylə tanıdım... onların içini gördüm... onların şəxsiyyətinə həqiqi bir vurğunluq hissi yaşadım. Çünki mən hər gün Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Hüseyn Arifi, Xəlil Rzanı, Tofiq Bayramı, İsa İsmayılzadəni, Cabir Novruzu, Nüsrət Kəsəmənlini, Nəriman Həsənzadəni, Çingiz Əlioğlunu, Sabir Rüstəmxanlını və daha kimləri görürdüm. Böyüklərdən dərs alırdım, yaşıdlarımdan həyata yanaşmanı mənimsəyirdim. Və beləcə o sözlər, o təmaslar, o mühit məni də o bu karvanın içərisində özüylə aparırdı. Həmin o söz karvanının biliciləri olan, yəni sarvan titulunu qazanan insanların hər birinin özünəməxsus xüsusiyyəti, özünəməxsus dünyası olsa da, amma onların hamısını birləşdirən ilahi söz idi. Onların hamısı o ilahi sözə öz qələmləri ilə yaxınlaşıb baş əyirdilər və söz də onları ucaldırdı, qaldırırdı.
Bəli, Bakıya ilk gəlişimdə, tələbəliyimin ilk illərində tanıdım Zəlimxan Yaqubu. Onun yerişi, onun odlu-alovlu çıxışları, onun heç kimdə görmədiyim səmimiyyəti və bir də ondakı qeyri-adi bir yanaşma, yəni söz adamlarının uğuruna sevinmək xüsusiyyətini görəndə ona daha çox bağlandım. Birmənalı şəkildə dərk etdim ki, Zəlimxan Yaqubun nə içində, nə dilində, nə dünyasında paxıllıq, xəbislik yoxdur. O, kimin yazmasından asılı olmayaraq işıqlı sözə, uğurlu misraya, köklü-köməcli fikirlərə uşaq kimi sevinir. Elə bil ki, o fikri də, o sözü də onun özü yazıb, öz qələminin, öz ürəyinin məhsuludur, öz düşüncəsinin, öz zehninin diktəsidi...
Hə, beləcə başladı Zəlimxan Yaqubun mənim iç dünyamda özünə yer tutması. Aylar, illər ötdükcə mən ona daha çox yaxınlaşmağa başladım... dəfələrlə həmsöhbət oldum... məclisdə, mərəkədə, xeyirdə-şərdə görüşdük. Hər yerdə adi bir sözüylə, xırda bir jestiylə məni ətrafımdakılara təqdim etməsi, sanballı bir fikriylə mənim sözlərimə qiymət verməsi Zəlimxan Yaqubun içindəki işığın hər kəsə aid olmasından, hər kəsin üstünə düşməsindən xəbər verirdi. İnanın ki, bunu mən Zəlimxan müəllimə xoş gəlmək üçün demirəm, yazmıram. Çünki onun mənim söylədiyim, mənim yazdığım fikirlərə bəlkə də heç ehtiyacı yoxdur. Amma mən ürəyimin səsinə qulaq asıb içimdə olan bu İNSAN haqqında düşündüklərimi, fikirlərimi yazmaya bilmirəm. Ən azından ona görə ki, Zəlimxan Yaqub türk dünyasının böyük şairidi və onun istər öz səviyyəsində, istər öz ətrafında, istərsə də sözün qapısını yenicə döyənlər barəsində fikir söyləməsi, hətta bəzən bunu yazılı şəkildə ortaya qoyması mənim inancıma görə bir böyük şairin, bir böyük insanın, bir böyük ziyalının və xüsusi olaraq bir bitib-tükənməyən ilham sahibi olanın əlini kürəyinə, çiyninə qoyması deməkdi. Məhz o nöqtədə, o məqamda şəxsən mən həm toxtayıram, həm özümə yenidən baxıram, içimi yenidən vərəqləyirəm və nəhayət yazdıqlarıma yenidən qayıdıram. Çünki çiynimdə Zəlimxan Yaqubun əlini görürəm... Başımın üstündə onu hiss edirəm. Bu da o deməkdi ki, pis yazmaq, pis düşünmək olmaz!!!
Bir məqamı xatırlayıram. Ömrümün qırxıncı ilini qarşılamağa hazırlaşırdım. Həmin ərəfədə "525-ci qəzet"də bir yazı gördüm. Zəlimxan Yaqub o yazını mənə həsr etmişdi. Oxudum. Kövrəldim və təkrar-təkrar düşündüm. Bunların səbəbini indi demək, yazmaq istəyirəm. Yəni oxuyub kövrəlməyimin səbəbi o oldu ki, Zəlimxan müəllim mənim şeirlərimə istinad edərək dağları, dərələri gözlərimin qarşısına gətirib mənə xatırlatmışdı. Mən qovulduğum dağları, dərələri, əsirlik həyatı yaşayan kəndimi, bulağımı, meşəmi, ata ocağımı, uşaqlıq, gənclik izlərimi, oxuduğum məktəbi, top qovduğum çəmənləri, bir sözlə, qırx illik bir dünyamı təzədən yaşadım. Təzədən onları iç dünyamda üyütdüm və özüm də üyündüm - kəpəksiz, yarmasız un kimi sovruldum. Ona görə düşündüm ki, mən Zəlimxan Yaqub böyüklüyü, Zəlimxan Yaqub ürəyi, Zəlimxan Yaqub əxlaqı və Zəlimxan Yaqub diqqəti barəsində yanılmadığıma inandım. Çünki o günə qədər mən bu söylədiklərimi hiss etmişdim, müşahidə etmişdim. Amma indi bunu reallıqda gördüm. Onun şahidinə, onun faktiki ünvanına çevrildim. Bax, o andan sonra tam səmimiyyətlə etiraf edim ki, mən sözə olan məsuliyyət hissini bir az da artırdım, bir az da ciddiləşdirdim. Çünki mənim barəmdə yazılan, deyilən sözün altında Zəlimxan Yaqub imzası var idi.
Daha bir məqam. 50 yaşımın astanasında kitabımı çapa hazırlamışdım. Ustadın qapısını döyüb bu kitabıma xeyir-dua verməsini istədim:
- Məmnuniyyətlə!
Bəli, o, bircə kəlmə dedi. Özü də o qədər səmimi və ürəkdən dedi ki, elə bil mənə bütün dünyanı bağışladı və içimdə öz-özümə dedim ki, bu sözdən sonra, bu münasibətdən sonra ustad əgər imkan tapıb, vaxt eləyib kitabıma ön söz yazmasa belə, ondan incimərəm. Çünki o, mənim üçün artıq həmin fikirləri bir kəlmə ilə yazmışdı.
Kimsə oxuyubsa, kimsə qarşılaşıbsa dediklərimi təsdiq edə bilər. Xalq şairi Zəlimxan Yaqub mənim "Ürəyimdəki sənsən" adlı kitabıma yığcam, amma mükəmməl bir ön söz yazıb. Həmin ön sözü çapdan öncə oxuyanda yenə içimdə xeyli götür-qoy etdim. Çünki ustad mənə böyük diqqət göstərmiş və sözlərimə bir müəllim kimi yüksək qiymət vermişdi. Bu elə 50 yaşıma olan mükafat demək idi və Zəlimxan müəllim də o mükafatı mənə ürəklə, səxavətlə, diqqətlə, sevgiylə bağışlamışdı. Bugünün özündə də hərdən o ön sözü gözdən keçirirəm və çalışıram ki, orda yazılanları öz yaradıcılığımda, öz söz dünyamda doğruldub, qoruyub yaşada bilim...
Dəfələrlə evinin qonağı olmuşam... ocağının istisinə isinmişəm... halal süfrəsinin nemətini dadmışam... sinəsinə sıxdığı sazın sədalarını dinləmişəm... və qapısını döyəndə üzümə açılan həmin o dünyada məni necə mehribanlıqla qarşıladığını daxilən bir sevinclə canıma, qanıma hopdurmuşam. Doğrudur, şair qapısı xalqın, oxucunun üzünə həmişə açıq olur. Amma bu, təkcə hansısa ənənəni, hansısa vərdişi yaşatmaq üçün açıq olan qapı deyil, o həm də o ocağa, o ailəyə, böyük Zəlimxan Yaquba bitib-tükənməyən sevgisi olan oxucunun üzünə açıq olan qapıdı. Və mənim kimi oxucular həmin evin ocağında isinir, o ocaqdan qor götürür, o qorla özü də alışır, özü də öz ocağını alovlandırır...
Həyatımın bu məqamında, bu çağında gah telefonla, gah qapısını döyməklə hal-əhval tutduğum, yeni yazılarını, kitablarını oxuyub sevindiyim ustadımla bugünlərdə kiçik bir məclisdə yenə görüşdük. Mənə şərəf verib həmin məclisə dəvət etdiyi üçün orda dediyim sözləri bu yazımda da təkrar edirəm:
- Tanrı Sizi Türk dünyası üçün, Türk xalqı üçün qorusun!
Bəli, o, şair kimi, insan kimi, aşıq-ozan kimi, xalq adamı kimi, camaatın içindən çıxan, camaatın bir parçası olan adam kimi həm də mənim içimdəki adamdı. Mən içimdə olan bu adama inanıram, güvənirəm və sözündən, üzündən öpürəm. Çünki o, həm də şair kimi halal və pak adamdı. Hardasa oxumuşam və yaxud da eşitmişəm. Deyirlər ki, sözlə yaşayan, söz yaradan adamın içində ancaq mələklər yuva qurur. Deməli, onun ürəyi həm də mələklərin yuvasıdı. Tanrı ürəyini qorusun, USTAD!