Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

(IX yazı)

17961    |   2010-04-03 05:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   Sovet ordusu Berlin istiqamətində irəlilədikcə, havada qələbə qoxusu günbəgün artırdı. Hər kəs yaxınlaşmaqda olan zəfər gününü öz gözüylə görməyə tələsirdi. Oraq-çəkicli qırmızı bayrağın Reyxstaq üzərində dalğalanmasına cəmi bir neçə ay qalsa da, cəbhə yollarında qan su yerinə axmaqda davam edirdi. Cəng meydanları hər gün hər iki tərəfin qurbanlarını durmadan və doymadan yeddibaşlı əjdaha kimi udurdu. Bu bahar deyəsən yenə dərələrdüzlər yaz yağışı əvəzinə, sinəsi güllədən, qəlpədən dəlinən igidlərin qanı, anaların göz yaşı ilə suvarılacaqdı. Yamaclarda, çəmənlərdə bağrı yanıq lalələrin əvəzinə güllə yarasından süzülən al damlalar qızaracaqdı. Tanınmaz hala düşən insan cəsədlərindən dağlarda-daşlarda, ormanlarda elə dəhşətli mənzərə yaranacaqdı ki, baxanların baxışları buz bağlayıb donacaq, qəlbləri dəmirçi kürəsi kimi qızaracaq, yalnız qisas eşqi ilə döyünəcəkdi. Hər qarış torpaq uğrunda gedən döyüşlər daha kəskin şəkil alacaqdı. Neçə vaxtdan bəri davam edən müharibə adlı qanlı oyun isə "heç-heçə" hesabı ilə tamamlana bilməzdi. Dünyaya meydan oxuyan faşistlərin Elba sahillərindən başlayan səlib yürüşünün Berlin şəhərində tam məğlubiyyətlə bitməsində də dərin hikmət vardı. Faşizmin timsalında Yer üzündə zülm ayaq tutub yerisə də, yarımadı, qarımadı, amalına yetmədən dağıldı və məhv oldu. Yaxınlaşmaqda olan qələbə xəbərini gecə də, gündüz də hamı səbirsizliklə gözləsə də, müqəddəs zəfər çağına nə qədər qaldığını kimsə dəqiq bilmirdi...
   
   
   
   ***
   
   1945-ci il yanvar ayının on yeddinci sabahı yenicə açılmışdı. Tiflis qatarı ilə Bakıya yollanan Adilin taleyinin, arzularının, sonsuz həyəcanının, min-min istəyinin, düşüncəsinin, uğurunun və uğursuzluğunun beşiyi başında o gündən başlayaraq xəzrili-gilavarlı bu qədim şəhər lay-lay çalacaqdı. Bakının tutqun və küləkli havasında bir yandan da sazaq adamı qılınc kimi kəsirdi. Qışın oğlan çağında Əjdər kapitan gəmi heyəti ilə yad sularda üzürdü. Həcər həkimi də tibbi yardım briqadasının tərkibində bir aylıq Ukraynaya yollamışdılar. Mənzilinin açarını rəfiqəsi Dilarəyə vermişdi ki, bacısı oğlu gələndə qalmağa yeri olsun.
   
   Adil dəmir yolu vağzalı meydanında tramvaya minib "Monolit" adı ilə məşhur olan binanın yerləşdiyi ünvana gəldi. Dilarə memar idi, Bakı Sovetində işləyirdi. Qapını onun anası Şövkət xanım açdı. O, Adili körpəliyindən tanıyırdı. Naxçıvanda qapı qonşu olmuşdular. 1925-ci ildə onun həyat yoldaşını da "xalq düşməni" kimi güllələdilər. Adili çoxdan görməsə də, doğma balası kimi qarşıladı. Üşüdüyünü hiss edib, ona mürəbbəli çay gətirdi ki, qızışsın. Qonaq pürrəngi çayını nuş edincə, tez mətbəxə keçib yemək hazırladı:
   
   - Yoldan gəlmisən, yorulmusan- dedi, bir az otur, dincəl. Yoxsa, heç yana buraxan deyiləm. Həcərgildə kimsə yox. Otaqlar yəqin bumbuzdur. Rahatca çayını iç, çörəyini ye, sonra gedərsən. Axşamlar da gördün canın sıxılır, darıxırsan, dur gəl bizə. Yaxşı, danış görək nə var, nə yox? Bakıda nə iş görmək fikrindəsən?
   
   Adil Şövkət xanıma öz arzularından, qayğılarından, şeirə, sənətə olan marağından danışdı. İlk növbədə işə düzəlmək, münasib qiymətə ev tapmaq, bir balaca şərait yaranan kimi, anasını da öz yanına gətirmək niyyətini bildirdi. Şövkət xanım buna sevindi:
   
   - Xeyransa gəlsə, mən də darıxmaram. Biz onunla çox yaxın olmuşuq. Mən bilirəm o, nə zülmlər çəkib. Ay bala, özündən muğayat ol. Ananın yeganə ümidi sənsən. Allah səni qorusun.
   
   Pyotr Montin küçəsi, N 30
   
   Həcər xanımın mənzili iki geniş otaq və yekə şüşəbəndli eyvandan ibarət idi. Qışın oğlan çağında ev-eşik xeyli müddət boş qaldığından içəridə soyuq hava, rütubət at oynadırdı. Bir adamın nəfəsi ilə bu xanimanı qızdırmaq təbii ki, mümkün olmayacaqdı. Tiflisdən özüylə gətirdiyi yorğan-döşəyini, yol çantasını, azuqəsini, bir sözlə, nəyi vardısa, hamısını yerbəyer eləyib, qaz plitəsini yandırdı ki, otaqlar isinsin. Qaş qaralanda paltarını dəyişib, qapını yalqızlığın üzünə bərk-bərk bağlayıb, payı piyada Dram teatrına yollandı. Bayaq tramvayla yol gələndə afişada "Vaqif" tamaşasının adına gözü sataşmışdı. Bilet alıb içəri keçdi. Salonda orta sıralarda yerini rahatlayıb tamaşanın başlanmasını gözlədi. "Vaqif"in premyerası 1938-ci ilin oktyabrında oynanılmışdı. Üstündən yeddi il ötsə də teatrın repertuarında ən sevilən tamaşalardan biri, bəlkə də birincisi idi. Adil İsgəndərovun quruluşunda səhnə təcəssümü tapan Səməd Vurğun dramının baş qəhrəmanını aktyorlardan Kazım Ziya və Ələsgər Ələkbərov, iki müxtəlif tərzdə, yozumda tamaşaçılara təqdim edirdi. O axşam Ələsgər Ələkbərov-Vaqif, Sidqi Ruhulla-Qacar, Fatma Qədri-Xuraman rolunda səhnəyə çıxacaqdı. Bir azdan zalda işıqlar söndü. Pərdə ağır-ağır açıldıqca salondakılar tam başqa məkanda, uzaq keçmişdə baş verən hadisələrin iştirakçısına çevrildi. Adil çox böyük həyəcanla səhnədə yaşananları izləyirdi. O, "Vaqif" pyesinin mətnini demək olar, əzbər bilirdi. Amma tanış dialoqlar səhnədən daha əzəmətlə səslənirdi. Sözlərin məna yükü, təsir gücü aktyorların ifasında xeyli artmışdı, güclənmişdi. Evə qayıdarkən də tamaşadan aldığı zəngin təəssüratı yol boyu öz-özüylə bölüşürdü. Qoşa qala, Sabir bağı, keçmiş İsmailiyyə binasının yanından ötüb, dar küçələrin biriylə üzü yuxarı addımlayırdı. Divara vurulan lövhədə Poluxinin adını oxuyanda, " yəqin o da inqilabçıdır", deyə düşündü və dilində-fikrində dolaşan ölməz misraların dadını-duzunu qaçırmamaq üçün Poluxin ölmüşün varlığını anındaca unutdu. Ələkbərin, Sidqinin intonasiyası ilə Vaqiflə Qacarın ilk görüş epizodunu təsəvvüründə canlandırıb, məşhur dialoqu qeyriixtiyari səsləndirən Adil heç fərqinə varmadan gecənin sakitliyini pozmuşdu.
   
   Qacar:
   
   -Şair, hökmdarın hüzurundasan!
   
   Vaqif:
   
   -Bunu sizsiz belə düşünürəm mən
   
   Qacar:
   
   -Bəs baş əymədiniz?
   
   Vaqif:
   
   -Əymədim, bəli!
   
   -Əyilməz vicdanın böyük heykəli...
   
   Qacar:
   
   -Qılınclar toqquşub iş görən zaman
   
   Neylər dediyiniz o quru vicdan?
   
   Vaqif:
   
   -Vicdan dedikləri bir həqiqətdir
   
   Beşiyi, məzarı əbədiyyətdir...
   
   Qacar:
   
   -Bəs zindan necədir, qaranlıq
   
   zindan?
   
   Vaqif:
   
   -Soyuq məzara da zinətdir insan.
   
   Qacar:
   
   -Yenə göylərdədir şair xəyalın?
   
   Vaqif:
   
   -Əzəldən hüdudu yoxdur kamalın...
   
   
   
   Bu tamaşada qələm qılınca, idrak hikkəyə, zülmə, şair hökmdara qalıb gəlmişdi. Adil ruhlandıran da haqqınədalətin, təcəssümü olan Vaqifin mənəvi qələbəsi idi! Bəs həyatda, böyüdüyü mühitdə necə? Zəfər çələngi adətən kimlərə nəsib olurdu? Kimin xanimanı qəm qalasına dönürdü? Yaxşı ki, o gecə bu sualı ona verən olmadı.Yoxsa, söyləyəcəkləri başına dərd olacaqdı...
   
   Adilin fikrixəyalı özündən çoxçox uzaqlarda dolaşarkən, addımları onu birbaş xalasının evinə gətirib çıxardı. Küçə qapısının üstündəki rəngi solmuş dəmir lövhədə Pyotr Montin, 30 yazılmışdı. Bu adın sahibi ona tanış gəlmədi. Ağlından keçdi ki, yəqin o da inqilabçıdır. Əslində yanılmırdı. Amma Poluxindən fərqli olaraq, Montin həm də erməni idi Montyan. O illərdə Bakının əksər küçələri Karqanov, Caparidze, Zevin, Şaumyan, Fioletov, Ketsxoveli, Kamo, Myasnikov, Avakyan, Şors, Krasin, Malıgin, Solntsev, Zevin, Əmiryan kimilərin adlarını daşıyırdı.
   
   Bayaqdan bəri yanan qazın hərarətindənmi, yoxsa Dram teatrının səhnəsində gördüyü möhtəşəm tamaşanın emosional təsirindənmi, dəqiq deyə bilmirəm, amma Adil evə girəndə üşümədi. Bakıda keçirdiyi ilk gününü beləcə başa vurub, anası sırıyan Səmərqənd üzlüklü yun yorğanı başına çəkib, çarpayıda xeyli xəyala daldı. Xəyalların qanadında nə vaxt yuxuya getdiyini heç özü də bilmədi. Səhər oyananda saatın əqrəbləri 9-u göstərirdi. Üzgözünü yuyub, üstbaşını səliqə-sahmana salıb, su dolu çaydanı qaynamağa qoydu. Tiflisdən gətirdiyi qoğallardan birini tavada qızdırdı ki, ağzı dada gəlsin. Şirin çayla isti şorqoğalını yeyib evdən çıxdı. Bu dəfə Bakı Sovetinin yanından ötüb, Filarmoniyanın başına fırlanıb, Azneft meydanına sarı endi ki, maşın yolunu keçib bulvara çıxsın. Sahil boyu gəzə-gəzə Yazıçılar İttifaqına üz tutdu. Erkən saatlarda orada kimsə olmadığını bildiyindən heç tələsmirdi. Arabir ayaq saxlayıb dalğalı dənizə diqqətlə nəzər salırdı. Suların qoynunda elə bil nəyisə, kimisə axtarırdı. Hava tutqun olduğundan Nargin görünmürdü. Bəlkə də duman-çiskin həmin anda o adanı bilərəkdən pərdələmişdi ki, Adil görməsin. Yoxsa, yenə uşaqlıq xatirələri yada düşəcək, ata həsrətindən yaralı bağrı qanayacaqdı...
   
   
   
   ***
   
   Adil Əhməd Cəmilin qapısını döyüb içəri daxil olanda saatın əqrəbləri 11-i göstərirdi.
   
   - Xoş gördük, Adil. Nə vaxt gəldin? - deyə, Əhməd Cəmil qonağından soruşdu, danış görək oralarda təzə nə var, nə yox?
   
   Adil "Sovet Gürcüstanı" qəzetinin bağlanmağından, redaksiya əməkdaşlarının pərən-pərən düşdüyündən, özünün yol macəralarından, dünən axşam baxdığı tamaşadan danışdı. Müvəqqəti xalasının evində yerləşdiyini də söylədi.
   
   İndi gərək təcili surətdə sənədlərini qaydaya salıb işə düzələsən. "Ədəbiyyat" qəzetində çalışmağın barədə Süleyman müəllim redaktorla danışıb. Məsələni yalnız rəsmiləşdirmək qalıb.
   
   Adilin hərbi komissarlıqda qeydiyyata düşməyi, adının ev dəftərinə yazılmağı, müxtəlif arayışları toplamağı xeyli vaxt apardı. Anasının çantaya qoyduğu yol sovqatı da tükənirdi. Qara çörəyin kilosunu əldən 100 manata almaq məcburiyyətində qalan cavan oğlan təkcə yavan çörəklə keçinə bilməzdi. Əlindəki pulunu nə qədər qənaətlə xərcləsə də, uzağı iki həftəyə tamam tükənəcəkdi. Yaxşı ki, o günlərdə iki yeni şeiri qəzetdə çıxdı. Demək, xırda-para olsa da, alacağı vardı. Amma umacağı alacağından qat-qat çox idi. "Ədəbiyyat" qəzetində maaş yüksək deyildi. Onu da ayın sonunda verəcəkdilər. Qəzetin məsul katibi şair Zeynal Cabbarzadənın Adilə ilk gündən qanı yaman qaynamışdı. 416-cı Taqanroq diviziyasının tərkibində vuruşan Zeynal müəllim 1943-cü ildə ağır yaralanmışdı. Baş leytenant rütbəsində ordudan tərxis olunandan sonra Bakıya qayıtmışdı. Səhhəti imkan verən gündən ehtiyatda olan zabit "Ədəbiyyat" qəzetində işləyirdi. Bir gün söhbət əsnasında beş yaş özündən cavan qələm və qəlb dostuna məsləhət gördü ki, "Kommunist" qəzetinə işə düzəlsin. Səbəbini də belə izah etdi:
   
   - Orada maaş nisbətən yüksəkdir. Əməkdaşlara əlavə liter payı da verirlər. İstəyirsən elə sənin yanında Nəsirlə danışım, ağzını arayım, görək nə deyir.
   
   O, Kommunist" qəzetinin məsul katibi Nəsir İmanquliyevi nəzərdə tuturdu. Aralarında telefon görüşməsi uzun sürmədi. Həmkarı Zeynala dedi ki, Əli Vəliyevin Tiflisə göndərdiyi məktubda Adilin adı ayrıca qeyd olunmuşdu. Rza Şahvələdi də redaksiyaya işə götürmüşük. Adili göndər mənim yanıma. Bir şey fikirləşərik.
   
   "Sovet Gürcüstanı" qəzeti bağlananda "Kommunist" qəzetinin baş redaktoru Əli Vəliyevin Əziz Şərifə göndərdiyi məktubdan şübhəsiz ki, Adilin xəbəri vardı. Axı, Əziz müəllim Əli Qara oğlunun xeyirxah təklifini dərhal redaksiya əməkdaşlarına çatdırmışdı. Baş redaktor böyük insanpərvərlik, cəsarət nümayiş etdirib, işsiz qalan jurnalistləri Bakıya çağırmışdı. Düzdür, təşəbbüs onun olsa da, çox güman ki, bu məsələni Mərkəzi Komitə ilə razılaşdırmışdı. Hər halda Mircəfər Bağırovun xəbəri və razılığı olmadan müharibə şəraitində özbaşına belə bir addımı atmaq, məncə mümkün deyildi. Bəs niyə Adil Babayev respublikanın bir nömrəli mətbu orqanında işləmək fürsətinə etinasız yanaşıb, Süleyman Rəhimovun və Əhməd Cəmilin təklifi ilə özünə iş yeri olaraq Məmməd Cəfərin rəhbərlik etdiyi "Ədəbiyyat " qəzetini seçmişdi?
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK