AYRILIQ ANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
83280 | 2010-01-30 02:35
Yanvarın son günləridi. İlin bir ayı da arxada qaldı. Belə götürəndə ötən illə bu ilin arasındakı bir aylıq məsafə sanki bi an idi, gəlib keçdi. Özü də bu ayın bəxti bir də onda gətirmədi ki, birinci həftəsi qeyri iş günləri oldu. Hərənin də başı özünə qarışdı, həmin o qeyri-iş günləri də ayın ömrünü bir az da tez və çox baltaladı. İlin ilk ayının, ilk gününü işə gələndə artıq arxada bir həftə qalmışdı. Qələm adamı kimi, yazılmamış səhifələri, ortaya qoyulmamış bir həftə. Hətta redaksiyanın növbətçilik cədvəlini tutanda da o bir həftə ayı nə təhər sıxışdırdısag
   
   Hə, deməli yanvarı da yola verdik. Yanvar həm də böyük çillə sayılır, axı. Qışın ən özündən deyən, ən bərkgedən məqamıdı böyük çillə. Və qış da çalışıb ki, gücünü göstərsin. Özünü, kimliyini təsdiq etsin. Hətta el arasında belə bir zarafat da var. Böyük çilə ürəyi yumşaqlıq edəndə kiçik çillə ona ismarıc göndərir ki, kaş sənin ömrün məndə olardı. Onda görərdin insanların başına nə oyun açıram. Hamısı buz üstündə dizin-dizin yeriyərdi (Bu yerdə adamın yadına bir atalar sözü də düşür: "Allah dəvəyə qanad verməsin. Yoxsa uçurmadığı dam qalmazdı"). Deməli, yanvarla birlikdə biz böyük çilləni də yavaş-yavaş yaşayıb başa çıxırıq. Amma çillə də öz sözünü dedi. Rayonlara, paytaxta ala-babat qar yağdı. Bir az sürüşəsi olduq qar üstündə. Yolların buz bağlaması sərnişinlər kimi sürücüləri də əməlli-başlı qorxutdu. Paytaxtımız belədi dəg Bir balaca havada dəyişiklik oldu, təbiət şıltaqlıq elədi aləm dəyir bir-birinə. Bu qarışıqlıqda bir təlaş yaşanır ki, gəl görəsəng
   
   Nə isə. Yanvar da başa çatır, yanvarın qarı da əriyir, eləcə də böyük çillənin son addım səsləri də duyulur. Bütün bunların fonunda yadıma şair demişkən ulu dağlar düşür. O dağlar ki, qarın yayın 45-nə kimi saxlayır, hətta üst-üstə yağan qara qurd da düşür. Nə qarın vecinə olur, nə də dağların. İndi o dağlar kimə xatirə danışır, kiməsə nisgil yaşadır və elə mən də həmin o yaşananların içərisində bu ömrün ağ vərəqlərinə qara qələmlə yazılmış misraları diqqətə çatdırıram.
   
   
   
   Bir gecə qəribliyim,
   
   Bir səhər həsrətim var.
   
   Küçələrin gəzdiyim,
   
   Bir şəhər həsrətim var -
   
   Yadımdan çıxmırg
   
   
   
   Bir dumandan asılmaq
   
   Bir çənə üz söykəmək
   
   Sərt qayaya qısılmaq
   
   Bulağa söz söyləmək -
   
   Yadımdan çıxmırg
   
   
   
   Sübh çağı yaz günündə
   
   Şehə batıb yuyunmaq
   
   Bu gözəllik önündə
   
   Unudulmaq, uyumaq
   
   Yadımdan çıxmırg
   
   
   
   Kənddə bulaq yolunda
   
   Şəhərdə tində durmaq
   
   Gəzib qolun qolumda
   
   Sənə təzdən vurulmaq
   
   Yadımdan çıxmır!..
   
   
   
   Hə, fikirləşəndə görürsən ki, ayrıldığın yerlərnən, ayrıldığın insanlarla, hətta ayrıldığın ilnən, aynan bağlı elə xatirələr, elə yaşam var ki, onu nə dilə gətirə bilirsən, nə kağıza köçürə bilirsən. Çünki "desən öldürərlər, yazsan adını dəftərdən pozarlar". Bax belə.
   
   
   
   ***
   
   
   
   Dünyada kiminsə günahsız olduğunu demək mənim zənnimcə mümkün olası iş deyil. Hətta ən müqədds adamların da özlərinə görə, xətaları, günahları olub. Dünya bütün gözəlliklərlə yanaşı, günahlardan da xali deyil. Digər tərəfdən günahı, gunahkarı müəyyənləşdirən bir insan, bax elə məsələ də burdadı. Həmin insan cəmiyyətdə qarşısında olan bir kəsdə günah görmək, günah tapmaq istəyirsə və yalnız həmin istəyə köklənirsə, o mütləq günah tapacaqdı. İndiki kimi yadımdadı. Azərbaycanın xaous yaşadığı günlərdən biri idi. Və mən də həmin məqamlarda təsadüfdən Beyləqanda bir tədbirə qatılası oldum. Kəndə təsərrüfat rəhbəri seçkisi idi. Aparatdan tapşırmışdılar ki, bəs filan müəllim seçilsin. Kənd sakinləri də filan müəllimi seçmək fikrində deyildilər. Ara qarışmışdı. Camaatın seçmək istədiyi şəxsi hansı yolla olur-olsun seçkidən uzaqlaşdırmaq lazım idi. Çox təkliflər oldu, amma camaatın sədr seçmək istədiyi şəxs fikrindən daşınmadı. Bax, elə həmin məqamda da hüquq-mühafizə orqanları əməkdaşlarından biri gözlənilməz bir gediş etdi:
   
   - Sən neçə ölçüdə ayaqqabı geyirsən? - deyə həmin namizədə üzt tutdu.
   
   O da heç nə olmamış kimi, sakit bir şəkildə "46 razmer ayaqqabı geyinirəm" - dedi. Elə məsələnin həlli də sanki bu məqamı gözləyirdi. Çox yüksək yumoru olan həmin polis əməkdaşı dərhal sədrliyə namizədi dərhal sorğu-suala tutdu:
   
   - Sən heç bilirsən nə iş görmüsən? Sənin xəbərin var ki, ermənilər nə qədər torpaqlarımızı işğal edib? Şuşada, Xocalıda qan tökülür? Nə qədər qaçqın-köçkünümüz var? Hələ utanmadan bu qarışıq bir vaxtda 46 razmer çəkmə geyinirsən? Sənin iki ayaqqabının əvəzinə, camaata 4 cüt çəkmə tikmək olar. Bu təxribatdı, bunu şöbədə araşdırmaq lazımdı! - deyib namzədi şöbəyə aparmağa göstəriş verdi. Bununla da sədr seçkisi aparatın istəyinə uyğun keçirildi.
   
   İndi xatırladığım həmin o məqam nə qədər gülməli olsa da, amma doğrudan da həqiqət idi. Bu həqiqətin də arxasında duran mənim əvvəldə xatırlatdığım günahkarı, günahı tapmaq istəyi idi. Məhz 46 ölçülü çəkmə günahkarı tapmağa səbəb oldu.
   
   İndi hansı işin qulpundan yapışırsan-yapış, ona nə qədər can yandırırsan-yandır, dəxli yoxdur. Çünki yanan ürəyin, tüstülənən duyğuların nəticəsi istənilən kimi alınmasa, burda yenə günahkar həmin o yanan ürəklə, istilənən düyğular olacaq. Ona görə ki, heç kimi o ürəyin necə yanması, o duyğuların necə tüstülənməsi düşündürmür, narahat etmir. Hər kəsə son nəticə daha maraqlıdı. Necə deyərlər nəticə onun hansı yolla əldə edilməsində heç bir rol oynamır. Bax elə bu mənada da hansı həvəslə, hansı niyyətlə, bütövlükdə isə hansı qabiliyyətlə işin qulpundan yapışırsan, yapış öncədən gərək nəticəni düşünəsən. Onun necə qəbul ediləcəyini təxmin edib, göz önünə gətirəsən. Yoxsag görülən iş sıfra bərabər tutulacaq.
   
   Bilmirəm hansı şairin şeirində rast gəlmişəm, amma təxmini xatırlayıram ki, orada söhbət haqqın-ədalətin, insafın daha yuxarı mərtəbədə tululmasında, daha yüksək dəyərləndirilməsindən gedirdi. Nəticənin böyük və yaxud kiçikliyi, uğurlu və yaxud uğursuz olması çəkilən zəhmətə, sərf olunan ömrə, vaxta həmişə yaxşı və ya pis mənada şərəf gətirib. Deməli, bütün bəlalar da, bütün tərif və tənqidlər də o şərəfə əsaslanır.
   
   
   
   İnsafsızlıq etməyin,
   
   Könlüm yanır şam kimi.
   
   Dodaq büzüb, küsürsüz
   
   Kəlmə danışan kimi
   
   
   
   Sanki qəmə səbəbkar,
   
   Sevincə bərə mənəm
   
   Hərə bir cür günahkar -
   
   Elə o "hərə" mənəm?!
   
   
   
   Adınıza uçuram,
   
   Düşünmədən dinciliyi
   
   Gəl! - deyirsiz qaçıram -
   
   Unudub incikliyig
   
   
   
   Bu ömürdə heç nəsiz
   
   Savab üçün çalışdım
   
   Kimliyimi bilirsiz,
   
   Dindirdiniz - danışdım!..
   
   
   
   ***
   
   
   
   Hərdən deyirlər ki, dünyanın düzəni pozulub. Nizam-tərəzi itib. Nə baş açmaq olur, nə də bu pozulan imzanı düzəltmək. Ümid qalır yalnız öz başının hayına qalmağa. Bax elə bütün problemlər də burdan yaranır. Çünki hərə öz başının hayına qalanda, öz başını başlara qoşanda bir hərci-mərcilik yaranır. Bir növü bu dünya bazara çevrilir. Elə bir bazara ki, yağnan-şorun, şornan-pendirin fərqi bilinmir ki, bilinmir. Eləcə hamısına "süd məhsulları" deyib matah kimi başlayırıq tərifləməyə. Neynəyəsən. Dünya da tərif xəstəsinə çevrilib. Tərifləməsən, qılığına girməsən yadından çıxırsan dünyanın.
   
   Böyük Məmməd Araz yazırdı ki, "Dünya heç kimin deyil". Amma buna baxmayaraq, dünyanın özü uğrunda bütün zamanlarda savaşlar gedib, bu gün də gedir, yəqin ki, sabah da belə olacaq. Müdriklərin, ağıllı adamların belə bir deyimi var: "Süleymana qalmayan dünya". İndi baş açmaq olmur ki, şairi də, alimi də, bir sözlə bütün işıqlı insanları dünyanın heç kimə qalmayacağı, bir növü fani olduğunu yazılarında, çıxışlarında, əməllərində təkrar-təkrar vurğusalar da bu dünyaya mədəsindən baxanlar bu fikirləri eşidə-eşidə, oxuya-oxuya öz bildiklərindən qalmır, istəklərindən bir addım da olsa geri çəkilmirlər. Görəsən nyiə? Dünya yəni bu qədər şirindi?
   
   Heç kəsi deyə bilmərəm, şəxsən mən yaşadığım ömürdə dünyanın faniliyinə daha çox əzab və məşəqqət ünvanı olduğuna inanmışam. İstər el-oba yerində-yurdunda olanda, istərsə də qaçqın taleyimi yaşadığım illərdə. Ən dəhşətlisi sonuncu olub. İnsan yardım növbəsinə alışandan sonra dünya da, dünya malı da onun gözündə bir az da şirinləşib, bir az da matahlaşıbdı. Elə bil qəsdən bizləri yardıma öyrətdilər, qəsdən bizləri özlüyümüzdən, öz kimliyimizdən uzaqlaşdırmağa çalışdılar və biz də nəfsimizə qul olub, gözübağlı bu istəyin ardınca getdik. Bax elə, bütövlüyümüzdə həmin yerdə zədələndi, həmin yerdə sındı.
   
   Hərdən söz-sözü çəkir. Yaxın dostlarla, həmfikrlərlə düşüncələrimizi bölüşəndə bütöv adamların azlığından gileylənirik. Onların sayının getdikcə sayının azaldığını, qıtlaşdığını, tükəndiyini, bir növü difsitə çevrildiyini dilə gətiririk. Və hər birimiz də ayrı-ayrılıqda bunu mənəvi aşınmayla, iqtisadiyyatla, madiyyatla, lap loru dildə desəm, gödəniyyətin mədəniyyəti üstələməsi ilə bağlayırıq. Zənnimcə acı da olsa bu həqiqətdi. İndi bütöv adamlar bir növü barmaqla göstərilir. Əgər onu da göstərmək istəsək.
   
   
   
   bir az bütöv
   
   adam olmaq
   
   bir az
   
   tam görünmək
   
   indi kipriyinlə
   
   od götürməyə bənzəyir.
   
   özünü oda-közə vurur,
   
   bəzən burun-buruna
   
   üz-üzə durub,
   
   çörək davası etmək -
   
   bütöv olmaq istəyənlərin
   
   ömrün bəzəyir.
   
   eh, necə də çətindi
   
   çörək davasından
   
   yeddi qat yuxarı qalxmaqg
   
   amma,
   
   ondan da çətindi
   
   bütövlük,
   
   tamlıq
   
   iradəsin saxlamaq
   
   bu bazar dünyada.
   
   
   
   Hə, ayrılıq anı barədə düşünəndə Yaqub Zurufçunun ikinci həyat verdiyi "Ayrılıq" mahnısı tez-tez qulaqlarımda səslənir. Nədənsə bu yazını yazanda əvvəl elə o mahnıdan mövzuma giriş etmək istədim, amma sonra gördüm ki, yox Sarı simdə yazdığım bu yazı bazar dünyada onun bütövlüyə zərbə vuran məqamları ilə, itkilərilə, duyğularla bağlıdı. Bax, ona görə də bu mahnını sonda xatırladım. Siz də necə istyirsiniz, harda istəyirsiniz orda xatırlayırsınız. Amma unutmayın ki, ayrılıq yaman şeydi.
   
   

TƏQVİM / ARXİV