hacklink Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

18341    |   2010-01-30 02:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)
   
   
   
   Günlərin birində qapıya bir qərib gəlib, müvəqqəti yaşayış üçün kirayə otaq istədi. Həyət-baca, ev-eşik gen-bol olsa da, ev sahiblərinin o çağa kimi belə niyyəti yox idi. Məlum səbəbdən Hacı Əliqulu əvvəl razılaşmadı. Xeyli dil-ağız edən Allah bəndəsinin ailəli olduğunu biləndə fikri dəyişdi. Otaqlar onsuz da boş qalıb, biriləri otursa, yenə əlimizdən tutar, deyə düşündü. Ən azından sobanın, ocağın odun pulu gözə görünməz.
   
   Qonağın sözündən belə çıxdı ki, bu şəhərə Qarabağdan gəlib. Amma bilinmədi ki, yeri-yurdu arandandı, yoxsa dağlıq ərazidən. Arıq, uzun kişi idi. Uzunboğaz çəkmə geyərdi. Nə karın sahibi olduğunu söyləmədi. Əslində kirayənişinlə bağlı çox şey qaranlıq qaldı. Ordubada gəlişinin səbəbini açıqlamadı. Kimin ağlına gələrdi ki, Seyid Rza məxfi tapşırıq yerinə yetirən agentdir? "Xalq düşməni"nin qapısına gəlməyi də təsadüf deyilmiş. Həyətə kimlərin gəlib-getdiyini, ailədə nə haqda danışıldığını, nə yeyib, nə içildiyini kimsəni şübhəyə salmadan daim nəzarətdə saxlamaq üçün ən optimal variant seçilmişdi. Nəticədə Yegizarovun gözü, qulağı şübhəli obyektdən əskik olmayacaqdı.
   
   
   
   NƏNƏM DANIŞIRDI Kİ...
   
   
   
   Rza da, arvadı da bizimlə həddən ziyadə mehriban davranardı. İşlərimizlə maraqlanardı, bəzən yersiz suallar da eşidərdik. Evin kişisinin başına gətirilən müsibəti biləndə, gəlin baisləri lənətlədi. Söhbət əsnasında sözarası yaxın qohumunun Qazaxıstana sürgün edildiyini ağzından qaçırmışdı. Zəmanədən tez-tez gileylənmələri, düzü məni şübhələndirərdi.
   
   Həmin gün Hacı ilk dəfə dindirilməyə çağrılmışdı. Evdə gözləməkdən gözümüzün kökü saraldı. Ağır təbiətli adam idi. Hələm-hələm özündən çıxmazdı. Qafarın ölümü qayınatamın belini sındırdı. O müsibətdən sonra əlinə çəlik aldı, yoxsa yaşına görə çox gümrah idi. Qafar inqilabdan əvvəl Xarkovda hüquqşünaslıq oxumuşdu. Müsavatın dövründə zirehli qatarın komandiri idi. Bolşeviklər gələndə dedilər, öz hökumətimiz yaranır, səni də gənc kadr kimi, Naxçıvana doğulduğun yerə göndəririk, gedib yeni quruculuq işlərində, qaçaqlarla mübarizədə yerlilərinə kömək edəsən. Kim bilərdi ki, axırı belə olacaqi...
   
   
   
   ***
   
   Hacı Əliqulunu qapıda xeyli yubadandan sonra rəisin otağına apardılar. Əyləşmək təklif edilmədi. Çəliyinə söykənib gözlədi görsün niyə çağırıblar, nə istəyirlər. Qırmızıyanaq rəis gözünün içinə baxabaxa üzünə yalan söylədi:
   
   - Küpü evə gətirəndə gəlinlərin görüb. Bu barədə dünən mənim kabinetimdə yazılı İfadə veriblər. Amma onun harada gizlədildiyini tək sən bilirsən. Mən başa düşürəm, hacı adamsan. Yəqin dar gününə ehtiyat saxlamışdın. Amma qara günün gəlib çatıb, ay kişi, sənin xəbərin yoxdur? Oğlunun biri güllələndi, o biriləri zindanda. Çətin ki, tezliklə çıxalar. Belə getsə, ən azından beş-on il Sibirin təmiz havasını xəstə ciyərlərinə udacaqlar. Əslinə qalsa, sizə o da azdır. Məsəl var: nə tökərsən aşına, o çıxar qaşığına. Adın hacıdır, amma evində düşmən böyütmüsən. Hacılar da, mollalar da bizim düşmənimizdir. "Din xalq üçün tiryəkdir". Bilirsən bunu kim deyib?
   
   Qoca içindəki acısını-ağrısını, nə qədər qənaətlə işlətsə də, tükənməkdə olan səbrinə büküb, təmkini itirmədən bircə kəlmə söz dedi:
   
   - Mənim adım Əliquludur. Düşmən mənim balalarım deyil, onları ləkələyənlərdir.
   
   Yegizarov bir az da qızışıb, ağzı köpüklənə- köpüklənə ona təhqiramiz sözlər yağdırmaqla, qəzəbini söndürməyə çalışdı:
   
   Sovet hökumətinin ədalət məhkəməsinin qərarını şübhə altına alırsan? Düşmən sənsən, sənin sülaləndir, toje mne, Əliqulu! Sən Əlinin yox, şeytanın qulusan. Xalq düşməninin atasına Şeytanqulu adı daha çox yaraşar. Səninlə çənəboğaz döyməyə vaxtım yoxdur. Qızılların yerini soruşmayacam. Son xəbərdarlığımdır: hara qoymusansa, get gətir, məsələ bitsin. Yubanma. Kar qulağını geniş açıb yaxşı eşit: qiyamətlə sənin aranda cəmi 24 saat qalıb. Sən məni hələ yaxşı tanımırsan. Mənim üçün nə qoca var, nə cavan. Mənim bir şüarım var: kim bizimlə deyilsə, düşmənimizdir.
   
   Bir az gözləyib cavab almayınca, daha ucadan bağırmağa başladı:
   
   - Evinizdə təkrar axtarış aparan deyiləm, eşitdin? O qədər də axmaq deyilsən ki, küpü üzdə saxlayasan. Amma evində yad gözlərdən gizlədə bilmədiyin başqa sərvətin də var. Qoca vaxtında deyəsən, o səni maraqlandırmır. Sən qızların yox, qızılların heyindəsən, ölmüş oğlunun evdə qalan zövcəsini tamam unutmusan. Əgər bir saata qayıtmasan, gəlinlərinin dalınca adam göndərəcəm. Burda onları darıxmağa qoymarıq. Sən küpdən möhkəm yapış, özünlə bərabər goruna apararsan. Amma, bil ki, orda da səni qoymaram rahat yatasan.
   
   Hacının heç ağlına gəlmir ki, bütün bu ağır sorğu-suala səbəb qovurma küpü imiş...
   
   
   
   KÜP TAPILDI, AMMA...
   
   
   
   Azərbaycanın bir çox rayonunda qış azuqəsi olaraq, ət qovurub saxlayarlar. Adətən qovurmanı küpün içinə yerləşdirirlər. Qış tədarükünü yerbəyer eləyəndə Rzanın arvadı uzaqdan bu küpü görübmüş. Arada danışılan bəzi sözlərə də kənardan qulaq qoyub nəsə eşidibmiş; "bunu gözdən iraq yerə qoymaq lazım", yaxud "yarısı bizim, yarısı əminin". Adilin əmisi ət qovurması yeməyi ilin hər fəslində xoşlardı. Hacı ətin dadına Səttarı yada salıb belə söz işlətmişdi ki: "bu, əsil onluqdur".
   
   Ara-sıra ucundan-qulağından tuta bildiyi bu kimi ifadələri öz səviyyəsində yozan xanım əri evə gələndə eşitdiklərinin hamısını tez-tələsik qoyur onun ovcuna. "Əsil onluqdur" sözünü əsas götürüb, məlum ünvana, (əslində məlum ünvana) çatdırırlar ki, "küpün içində xalis Nikolay onluğudur". "Hamımıza bəs edər " ifadəsi, agentin fikrincə, qızılların miqdarına işarə imiş. Bu məlumat Yegizarovu hövsələdən çıxarır.
   
   
   
   NƏNƏMİN SÖHBƏTİNDƏN
   
   
   
   Qafardan sonra qonaqqaralı evimiz get-gedə boşaldı. Nəyimiz vardısa, müsadirə etdilər, gəlib-gedənlərin əl-ayağı kəsildi.
   
   Axşamlar adətən Adil babasının yanında oturub məzəli hərəkətləri, duzlu danışığı ilə onun könlünü alardı. Uşaq yatandan sonra, Rza baş çəkib kişiyə qulaq yoldaşı olardı. Otağa çay aparanda görərdim ki, söhbətləri tutur. Qızıl gül, bir də qoz mürəbbəsini xoşlardı. Deyərdi, bizim xanıma da belə mürəbbə bişirməyi öyrədin. Bizi ayıq-sayıq olmağa çağırardı. Deyərdi: evə axtarışa gələrlər. Qiymətli nəyiniz varsa, verin gizlədək. Bərk ayaqda deyərik ki, bizimkidir. Sizin əskiniz tüstülüdü. O dəqiqə sürgün edərlər Qazaxıstana, Sibirə. Uşağa yazığınız gəlsin.
   
   Nə biləydik Qarabağlı qonaqların ucbatından bəlalı başımız bir az da çox ağrıyacaq? Adamın qılığına girməyi elə bacarırdılar, gəl görəsən. Küp məsələsindən sonra elə bil bizim də gözümüz açıldı.
   
   Amma iş-işdən keçmişdi...
   
   
   
   ***
   
   Hacı Əliqulu kor-peşman bu cəhənnəm yuvasını tərk edəndə hara gedəcəyini, nə edəcəyini bilmirdi. Yolunu bazarın içindən saldı ki, evə ayın-oyun alıb aparsın. Fəqət fikrixəyalı özgə aləmdə dolaşan ixtiyar kişi, bazarın bir başından necə əliboş girdisə, o başından da eləcə çıxdı. Piştaxtaların yanından keçəndə satıcılardan aldığı yalnız Allahın salamı oldu. Ordubad balaca yerdir, burda hamı bir-birini tanıyır. İndiyədək onu belə vəziyyətdə kimsə görməmişdi. Hacı özü də indiyə kimi Yegizarov kimi dəyyusla üz-üzə, göz-gözə dayanmamışdı. Bazarda çaşqın halda dolaşarkən, bircə onu anladı ki, onun bazarı, deyən, bir yolluq bağlanıb...
   
   
   
   NƏNƏM DANIŞARDI...
   
   
   
   Həmin gün onun QPU-ya çağırıldığını hamıdan gizlətmişdik. Amma Rza bunu bilirdi. İki dəfə gəlib maraqlandı görsün kişi qayıdıb, ya yox. Onun təlaşı məni də həyəcanlandırdı. Axırda dözməyib xahiş etdim, gedib o həndəvərdə dolaşsın, bəlkə nə isə öyrənə bildi. Yaşlı adamdı, səhər evdən çıxandı. Bilir ki, nigaranıq. Ona qalsa, bu qədər ləngiməzdi...
   
   Rza təskinlik verdi ki, darıxmayaq, heç nə olmaz. Yəqin tanış-tunuşla başı söhbətə qarışıb. Ya da bazardadır. Bu saat gedib bir xəbər bilərəm. Siz çayları dəmləyin, bir azdan bərabər qayıdarıq.
   
   Yarım saat sonra Rza gəldi. Onu tək görüncə ürək-göbəyimiz düşdü. O dedi, bir az əvvəl Hacını bazarda görüblər. Səhər getdiyi yerdən sağ-salamat çıxıbmış. Sonra hara yollandığını öyrənə bilməyib.
   
   Rəhmətlik Qafarın İsmayıl adlı dayısı oğlu vardı. Yaxınlıqdakı uşaq evində müəllim işləyirdi. Bizə həmişə baş çəkərdi, Adilin dərslərinə baxardı. Tez özümü ona yetirib, hadisəni danışdım. İsmayıl şagirdlərindən bir necəsini özüylə götürüb Hacını soraqlaşmağa yollandı. Nigarançılıq artıq bizim peşəmiz olmuşdu. Belə vaxtda adamın başına yaxşı fikirlər gəlmir, axı. O boyda adam izsiz-tozsuz necə itə bilərdi?
   
   
   
   QAZİ BAĞINI ÖZÜ SEÇDİ
   
   
   
   İsmayıl birbaş üz tutdu bazara. Bazar əhli uzaqdan baxanda hiss etdi ki, gözü yolda, ulağı səsdə olan İsmayıl müəllimdən müştəri çıxmaz. O nəyisə, kimisə axtarır. Hacının sorağında gəzdiyini bilincə onun Qazı bağına tərəf getdiyini xəbər verdilər.
   
   Hacının bağda son görüşdüyü adam Kazım adlı bir kişi imiş. Salamlaşıb hal-əhval tutanda Hacı köhnə tanışına deyib ki, gəzə-gəzə mənzilimə gedirəm. Yolu bağdan saldım ki, ağaclara baxıb, quşların səsini dinləyim ki, eynim açılsın. Kazımın qulağına "mənzil" sözü bir qədər tərs gəlib. Hacının həyət-bacasına nə olub bəyəm?
   
   Bağın dörd bir yanını axtara-axtara axır ki, onu tapdılar... İsmayıl uşaqları yaxın buraxmadı. Dedi, qaça-qaça gedin evə, deyin kişilərdən kim varsa, təcili özünü yetirsin. Mən burda gözləyirəm. Hacını evə aparmalıyıq.
   
   
   
   HACI DA BELƏ VİDALAŞDI...
   
   
   
   Hacı Əliqulu təbiəti çox sevərdi. Həyətində qollu-budaqlı, bar-bəhrəli meyvə ağaclarını vaxtilə öz əliylə əkmişdi. Bazarın çıxışında sonuncu rast gəldiyi adama evə yox, mənzilə tələsdiyini demişdi. O, doğru söyləmişdi. Amma, ünvan deyəndə, son mənzilini nəzərdə tutduğu sonradan bilindi.
   
   O, bağın xəlvət guşəsinə çəkilib, elə bil nəsə axtarırdı. Gözünə sataşan susuz arxın məcrasına yaxınlaşdı. Belindəki qurşağını açıb boğazına sarıdı. Sonra əl ağacını qurşağın arasına keçirdi. Ahıl çağında ona qəhmər olan çəlik belə mürəkkəb anda elə bil tüfəngin tətiyinə dönmüşdü. Hədəf özü, hökm çıxaran da özü idi. Yalnız qalırdı tətiyi çəkmək. Hacı ağacı bura-bura namusunu, qeyrətini, həyasını çoxuna nümunə qoyub, abır-həyası ilə özünü kəfənləyib ölümün gözünə dik baxdı. Özünə deyil, haqsızlığa, tərsinə gərdiş edən dövrana qəsd etdi Əliqulu kişi! Qazi bağında Hacını bu vəziyyətdə tapan İsmayıl çəliyi mərhumun boğazından dartıb çıxaranda, Hacının son nəfəsi onun yanağını üşütdü.
   
   Qazı bağının yaşıllığına o gün bir ağac da əlavə oldu. Bu quru ağacı haçı gətirib əkdi. Adı ölüm ağacı... yox, yox! Adı cəsarət, mübarizə, azadlıq ağacı imiş. Şərəf, ləyaqət, mərdlik nişanəsi imiş! Quru ağac da bitərmiş... Naxçıvan torpağında belə ağaclar bir deyil, beş deyil. Onlar hər dövrdə əkilib və heç zaman qocalmayıb, kəsilməyib, qırılmayıb yalnız ucalıb! Bu müqəddəs torpaqdan qalxan haqqın, ədalətin, vicdanın səsi tarix boyu hər kəsi lərzəyə salıb, mərd oğullarının azadlıq eşqi əbədi məşəl kimi daim alovlanıb!
   
   
   
   ***
   
   Ertəsi gün babanı basdırdılar. Az adam gəlmişdi. Camaat şərlənəcəyindən ehtiyatlanırdı. Axı hamıya göz-qulaq qoyan var idi. Şəhərə bilərəkdən şayiə yaymışdılar ki, Hacı Əliqulu Şura hökumətindən bir küp qızıl gizlədib. Guya Eyyubla Səttar qaçaqmalçılarla əlbir olduqları üçün həbs edilib. Oğlanlarına atanın dəfn mərasimində iştirak etməyə icazə verilmədi. Ehtiyat etdilər ki, saxlanılan qardaşlar aradan çıxarlar. Maraqlıdır, hara qaça bilərdilər? Onsuz da bütün ölkə böyük zindana çevrilmişdi. Qaçıb qurtulası bircə ünvan vardı o dünya.
   
   Hacını basdıran gün Seyid Rza da qəbiristanlıqda idi. Mərasimdə axıradək iştirak etdi. "Kirakeş" öz aləmində Hacıya olan "vəfa borcu"nu ödədiyini zənn etdi. Kim bilir, bəlkə də Yegizarovdan aldığı növbəti tapşırığı yerinə yetirirdi...
   
   Bütün bunlar balaca Adilin yaddaşında silinməz iz buraxmışdı...
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK