ANA SƏHİFƏ / YAZARLAR

HƏR YER XOCALI, HƏR YERDƏ XOCALI!

Aqil ABBAS

49705    |   2015-03-06 15:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən əlimdə gündəlik qəzet olmasına baxmayaraq, seçicilərimlə görüşümü və ya hansısa tədbirdəki iştirakımın mətbuata çıxarılmasını qoymuram, ya da nadir hallarda çox xəsisliklə bir xəbər kimi oxuculara çatdırıram. Çünki bunları bir borc bilirəm, borcumun da reklam olmasını istəmirəm. Türkiyəyə sonuncu səfərimi də yazmayacaqdım, amma bu səfər zamanı yol yoldaşım professor Fəzail İbrahimlinin və Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə keçirilən möhtəşəm tədbirlərin təşkilatçısı, İstanbul Baş Konsulluğumuzun çəkdiyi zəhməti oxuculara çatdırmamaq bəlkə də günah olardı.

İstanbuldakı Baş Konsulluğumuzun bir-birindən yüzlərlə kilometr aralıda bələdiyyələrlə, universitetlərlə, Azərbaycan üçün canını verməyə hazır olan Sivil Toplum Örgütləri ilə birgə qısa bir zaman kəsiyində bu qədər tədbirlər hazırlaması və bu tədbirlərin hamısına çatdırması, hamısında Azərbaycanı təmsil etməsi, özü də heç də böyük olmayan bir kollektivlə, doğrudan da böyük bir zəhmət və ürək yanğısı tələb edirdi.

Ayın 21-də Fəzail müəllimlə birgə Bakıdan İstanbula, İstanbuldan isə birbaşa İzmirə uçduq. İzmirdən isə Turqutlu şəhərinə yola düşdük. İstanbuldakı baş konsulumuz hörmətli Həsən Zeynalov hələ biz Bakıda olarkən keçiriləcək tədbirlərin proqramını bizə çatdırmışdı. Baş Konsulluğumuzun Turqutlu şəhər bələdiyyəsi ilə Turqutlu-Azərbaycan Kültür dərnəyinin birgə təşkil etdiyi Xocalı soyqırımı tədbirlərində iştirak edəcəkdik. Onu da qeyd edim ki, Türkiyənin başqa şəhərlərindən də bu tədbirə qatılanlar vardı. Tanınmış türk yazıçısı Hüseyn Adıgözəl də İstanbuldan gəlmişdi. Tədbirdə şəhərdəki bütün partiyaların nümayəndələri, Sivil Toplum Örgütləri, bələdiyyə başkanlarının müavinləri iştirak edirdi. Çıxış edənlərin hamısının qəlbində bir Azərbaycan sevgisi vardı. Tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimlinin çıxışı isə dinləyicilər üçün tamamilə yeni idi. O, tamamilə başqa bir aspektdən yanaşırdı məsələlərə. Ermənilərin təkcə XX əsrdə həm Azərbaycan türklərinə, həm də Türkiyə türklərinə qarşı törətdiyi soyqırımlar haqqında dəqiq və geniş analizli məlumatlarından demək olar ki, bəlkə də çoxlarının xəbəri yox idi. Ona görə də professorun çıxışı dəfələrlə alqışlarla qarşılandı. Mən də türklər demiş, bir kaç kəlmə söylədim. Sonda isə rejissor Elxan Cəfərovun çəkdiyi Qarabağ müharibəsinin dəhşətlərini özündə əks etdirən «Dolu» filminin nümayişi oldu.

Ayın 22-də İstanbula qayıtdıq.

İstanbulun böyük sinema mərkəzlərinin birində Taleh Heydərovun rəhbərlik etdiyi Avropa-Azərbaycan Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı çəkdiyi sənədli filmin təqdimatı keçirildi. Təqdimatda demək olar ki, Türkiyənin müxtəlif yerlərindən gəlmiş yazıçılar, sənət adamları, bilim adamları, aydınlar iştirak edirdi. Hörmətli Həsən Zeynalov filmin təşkilatçılarına, yaradıcı heyətinə hamının adından təşəkkür elədi, uğurlar arzuladı və Xocalı soyqırımı ilə bağlı geniş bir çıxış elədi. Sonra filmin rejissoru Aleksandras A.Brokas bu filmin necə ərsəyə gəlməsi haqqında danışdı. Daha sonra «Sonu görünməyən dəhliz» filmi nümayiş etdirildi. Filmdəki ağrı-acı tamaşaçıların da üz-gözünə çökmüşdü. Və bu ağrı-acıları o vaxt da, elə indi də yaşadığım üçün mənə bəlkə də daha ağır təsir elədi. Hətta bayıra çıxıb siqaret də çəkməyə məcbur oldum.

Onu da qeyd edim ki, millət vəkili, şair Musa Urud Ermənistanda öz doğma kəndləri haqqında çəkdiyi film də mənə belə ağır təsir bağışlamışdı.

Bunu da vurğulamaq istəyirəm ki, Qarabağ dəhşətlərinin, Xocalı soyqırımının dünyada tanıdılmasında, təbliğində filmlərin, xüsusilə də belə filmlərin çox böyük rolu var.

Ayın 24-də Bursa şəhərində İstanbul Baş konsulluğunun Uludağ Universiteti Türk Dünyası Kültür İcmasının birgə təşkil etdiyi anım mərasimində iştirak elədik. Həmin gün universitetdə Xocalı soyqırımı ilə bağlı iki tədbir keçirildi. «Türkün könlündə qaynayan yara: Xocalı» adını daşıyan tədbirdə professor Mustafa Cəmiloğlu, Bursa Türk Ocağı şöbəsinin sədri, professor Səlcuq Kırlı, universitetin prorektoru Müfit Parlak çıxış etdilər. Sonra «Dolu» filminin tamaşası oldu.

Günün ikinci yarısında isə tədbiri professor Sahimə Yücəər aparırdı. Tədbirdən sonra universitetin rektoru Kamil Dilək qonaqları qəbul elədi və burda da Türkiyə-Azərbaycan münasibətlərindən, elmi və mədəni əlaqələrdən geniş söhbət oldu.

Həmin gün İstanbulda Qartal bələdiyyəsində də Baş konsulluğumuzla birgə Anım mərasimi keçirilirdi. Həmin Anım mərasimində də baş konsulumuz Həsən Zeynalov və professor Fəzail İbrahimli iştirak edirdilər. Baş konsulluğumuzun Sakaryada təşkil etdiyi Anım mərasimində isə xalq şairi Sabir Rüstəmxanlı getmişdi.

İstanbulda Azərbaycan Dərnəyi adlanan bir Sivil Toplum Örgütü fəaliyyət göstərir, dərnəyin başkanı da Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük zəhməti olan Səfər Karaqoyunludur. Baş Konsulluğumuzun bu Sivil Toplum Örgütü ilə birlikdə təşkil etdikləri bir çox layihələrdə mən də iştirak etmişəm. Üsküdarda keçirilən bu Anım mərasimi bir neçə saat çəkdi. Sanki hamı ürəyini boşaltmaq istəyirdi. Təbii ki, tədbiri hörmətli Həsən Zeynalov açdı, təkcə Xocalı soyqırımı ilə bağlı deyil, bir millətin iki dövlətinin münasibətləri haqqında da geniş çıxış etdi. Professor Fəzail İbrahimlinin bu tədbirdəki çıxışı və məsələlərə fərqli aspektdən yanaşması dinləyicilər tərəfindən böyük bir ilgi gördü. Bilirsiniz, məsələ belədi də, bəzən çıxış eləyənlər baş verən faciənin ağrı-acısından danışırlar, Fəzail müəllim isə daha çox səbəb və nəticələri önə çəkirdi, hamısı da faktlarla. Səfər Karaqoyunlunun da çıxışı dəfələrlə alqışlarla qarşılandı. Azərbaycandan gəlmiş qələm dostumuz Aqil Ələsgər də Xocalı soyqırımının dünyada tanıdılması üçün təbliğatın necə qurulması haqqında danışdı.

Azərbaycanın görkəmli şairi Sabir Rüstəmxanlı da öz çıxışını bir qədər fərqli məcraya yönəltdi. Həm Türkiyə türklərinin, həm də bizlərin başına gələn bu fəlakətin səbəblərini izah etməklə yanaşı, hadisələrin bugünki gedişatına diqqət çəkdi. Və əgər birliyimiz daha da möhkəmlənməsə bundan da böyük faciələrlə, bundan da böyük soyqırımla qarşılaşa biləcəyimizi vurğuladı.

Səhəri gün isə Təkirdağa yollandıq. Təkirdağ bələdiyyəsinin keçirdiyi bu tədbirdə iştirakçılar daha çox universitet və orta məktəbin yuxarı sinif şagirdləri idi. Yəni gənclərə daha çox üstünlük vermişdilər. Millətin gələcəyi olan gənclər əsl həqiqəti bilsinlər. Tədbiri İstanbuldakı konsulumuz Kənan Murtuzov açdı. Kənan müəllim də çıxışını təkcə Xocalı soyqırımı ilə bağlı deyil, həm də Azərbaycan-Türkiyə münasibətləri üstündə qurdu. Bələdiyyə başkanı Kadir Altundağ tədbirə qoşulan qonaqlara onları sayıb gəldiklərinə görə təşəkkürünü bildirdi və çıxışını Ulu Atatürkün bir fikri ilə bitirdi: «Azərbaycanın acısı acımız, sevinci sevincimizdir!».

Sonra professor Fəzail İbrahimli, yazıçı, elmlər doktoru Seyfəddin Altaylı dərin məzmunlu çıxışlar etdilər. Təbii ki, bəndəniz də bütün görüşlərdə özünəməxsus çıxışlar eləyirdi və təvazökarlıq da məni bağışlasın, bəndənizi də alqışlayırdılar.

Həmin gün İstanbulda Kalyon Sinema Mərkəzində Vahid Mustafayevin çəkdiyi «Qanlı Yanvar» filminin də böyük bir təqdimat mərasimi keçirildi, amma təəssüf ki, İstanbulun yoğun trafiki bizi o tədbirə çatmağa imkan vermədi.

İstanbul Baş Konsulluğumuzun təşkil etdiyi bu anım mərasimlərinin hamısına qoşulmağa təbii ki, imkanımız və vaxtımız çatmırdı. Ona görə də bəzən Fəzail müəllimlə ayrılmalı olurduq. Fəzail müəllim konsulluğun əməkdaşı ilə bir tədbirə, mənsə başqa bir tədbirə getməli olurduq.

Bir çox tədbirlərə də xalq şairi Sabir Rüstəmxanlı və onun xanımı Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qatılırdı. Həm Sabir müəllimin, həm də Tənzilə xanımın Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində və inkişaf etdirilməsində xidmətləri təqdirəlayiqdir.

Məni ən çox təəccübləndirən bir şey o idi ki, İstanbuldakı Baş Konsulluğumuz bu qədər tədbirləri necə hazırlaya bilmişdi və bunlara necə vaxt tapıb çatdıra bilmişdi? Həm də bütün Anım mərasimlərində Baş konsulluğumuzun təşkil etdiyi foto sərgilər də böyük ilgi görürdü. Biri var eşitdiyin söz, biri də var gözünlə gördüyün faktlar. Bu sərgilərin də böyük effekti olurdu. Mən təəccübümü Həsən müəllimə bildirəndə dedi:

- Bu bizim dövlətimiz və millətimiz qarşısında borcumuzdur. Bu yolda yorulmaq olmaz!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK