ANA SƏHİFƏ / YAZARLAR

AZAD ŞƏRİFOVUN SON SEVİNCİ

İnternetin düyməsini basmaqdan başqa əziyyət çəkməyən jurnalistlərin menyüsünə

22659    |   2009-12-31 01:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nikbin ruhlu yazı yazmaq istəyirdim. Hər halda ili şən ovqatda başa vurmaq daha yaxşı olardı. Amma mən istəyən olmadı, ilin sonuncu köşəsini kədərli hadisəyə həsr etmək lazım gəldi. Köşəni oxuyanlar olsa bəlkə də günahımdan keçərlər. Guya bundan əvvəl ilboyu nikbin ruhda yazıb daşı daş üstünə qoymuşam ki...
   
   2009-cu ilin günləri yorğun-arğın finişə çatanda tanınmış bir insanın, qələm adamının da ömrü sona yetdi. Azad Şərifov vəfat etdi. Ölümündən təxminən bir ay öncəki görüşümüzü xatırlayıram. Bu haqda az sonra...
   
   Cibimdə "Press-fakt" qəzetinin vəsiqəsini fəxrlə gəzdirdiyim vaxtlar idi. Səhv etmirəmsə təqvim 1996-cı ili göstərirdi. İstedadlı jurnalist, İş yoldaşım Seymur Elsevər "Qulaq darıxanda" rubrikası üçün növbəti qəhrəmanını seçmişdi. "Vokruq sveta" kimi dünya şöhrətli jurnalın baş redaktor müavini olmuş, hər cümləsi bir orduya bərabər "İzvestiya" qəzetinin bir neçə Şərq ölkəsində xüsusi müxbiri işləmiş, adı gələn kimi hamının özünü yığışdırdığı Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmış, müxtəlif vaxtlarda respublikanın necə deyərlər, kino naziri, xəbər başqanı işləmiş Azad Şərifovu tapmışdı. Özü də bilirsiz harda? Neftlə bağlı hansısa müəssisədə fəhlə işləyərkən...
   
   Bolşeviklər gəlib gedəndən müstəqil olana qədər Azərbaycanda fəhləlikdən başlayıb nazir postuna yüksələn xeyli insan saymaq mümkündü. Lakin Azad Şərifov başqa fenomen idi. Bir vaxtlar nazir kürsüsündə oturan bu insan sonralar ailəsini dolandırmaq üçün fəhlə işləməyə razı olmuşdu. Bəlkə də elə ona görə "Qulaq darıxanda"nın ən maraqlı qonaqlarından biri kimi yadımda qalmışdı.
   
   Sonrakı illərdə Azad Şərifovun imzasını həm Azərbaycan, həm də rusdilli mətbuatda tez-tez görürdüm. Dünyanın hər üzünü görən bu insan yenidən doğma peşəsinə - jurnalistikaya qayıtmışdı. Arada-sırada Azad Şərifovu bayram tədbirlərində, təqdimat mərasimlərində, sərgi salonlarında görürdüm. Eşidib-bildiyimə və müşahidələrimə görə, yüksək vəzifədə olmuş bütün insanlar kimi Azad Şərifova da münasibət birmənalı deyildi. Amma jurnalist kimi onun peşəkarlığını hamı etiraf edirdi. Belə görünür ki, Azad Şərifova qalan elə jurnalistika olmuşdu.
   
   Qayıdaq təxminən bir ay öncəki görüşümüzə. Yəni köşə yazımın əvvəlinə. "İstiqlaliyyət" küçəsi ilə üzüaşağı gedirdim. Azad Şərifov həmin küçə ilə ağır-ağır yuxarı qalxırdı. Çətinlikə yeridiyi açıq görünürdü, bu illər ərzində ilk dəfə yaxınlaşıb həmsöhbət olmaq istədim. Əhvalını soruşdum. Əslində soruşmağa ehtiyac yox idi, sağlıq durumu göz qabağındaydı. Oxucusu olduğumu dedim. Azad Şərifov tanımadığı oxucusu ilə üzbəüz qalmışdı. Tanıdığım, izlədiyim müəlliflə ilk dəfə həmsöhbət olurdum. Sonra məlum olacaqdı ki, bu bizim ilk və sonuncu söhbətimizdi.
   
   Güclə yeriyən, ağır-ağır nəfəs alan Azad müəllim İkinci Dünya Savaşı zamanı Leninqrad mühasirəsində metallurq kimi çalışan ilk qadın - azərbaycanlı bir xanım haqqında yazı hazırladığını dedi. Özü də necə! Uşaq kimi sevindiyi məni heyrətə gətirdi. İndi o hissləri yazmaq hər oğulun işi deyil.
   
   Bu gün internetin düyməsini basmaqdan başqa əziyyət çəkməyən gənc jurnalistlərə bu hissləri anlatmaq təbii ki, çox çətindi. Onlar Azad Şərifovun sevincini duya bilərlərmi?
   
   Sonradan başım qarışdı, izləyə bilmədim. Görən Azad Şərifov tanımadığı oxucusuna sevinclə izah etdiyi növbəti yazısını yaza bildimi? İndi bunun bəlkə o qədər də əhəmiyyəti yoxdu. Hər yazısına sevinən peşəkar jurnalistlərin sayı azalır, itkilərimizin sayı artır. Bax, bunun dəxli var, özü də lap çox...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK