2012

ETİBAR CƏBRAYILOĞLU
46089 | 2009-12-12 01:23
Ceyhun Musaoğlu xeyli müddətdi redaksiyanı bir-birinə vurub. Durmadan, dayanmadan kinodan danışır. Düzdü, hələ ki, ssenari yazmaq, film çəkmək fikri yoxdu. Bütün fikri "2012" filmində qalıb. Filmin yaradıcıları dostumuzu əməlli-başlı valeh ediblər. İmansız uşaqları filmi elə çəkiblər ki, Ceyhun 2012-ci ildə Dünyanın dağılacağına inanıb. Elə bilir ki, Dünya doğrudan da dağılacaq və bu boyda vurhavurdan cəmi bir neçə nəfər sağ qalacaq.
   
   Yəqin sizin də xəbəriniz var, son vaxtlar Hollivuddakılar Dünyanın sonu ilə bağlı yaxşıca alver edirlər. Gündə də olmasa, həftədə film çəkir və Dünyanın sonu olduğuna camaatı inandırmağa çalışırlar. Biri deyir sabah Dünyanın sonudu, o biri deyir dost-tanışla, yaxınlarınızla sağollaşın, alacağınızı alın, verəcəyini verin, sabah yox, birisi gün Dünya dağılacaq. Dinsiz uşaqları dinsizlər, dilim qurusun, elə bil Allah bunlar üçün hansısa qurumun mətbuat xidmətinin rəhbəridi. Sabah və ya biri gün olacaq tədbir barədə onlara məlumat göndərib. Adamdan soruşarlar ki, sən dünyanın dağılacağı günü qabaqcadan necə və kimdən öyrənmisən? Kim bunu dəqiq bilə bilər?
   
   Heç kimə deməyin, öz aramızdı, bu imansız uşaqları yavaş-yavaş deyəsən məni də inandırmağa başlayıblar. Neçə gündü ki, beynimə bir kinossenari daxil olub. Məzmunu qısa və məlumdu. Guya 2012-ci ildə Dünya dağılır, təkcə bizim Azərbaycana heç nə olmur. İqtisadi inkişafa görə, Dünya birincisi olmağı bacaran məmləkətimizə bu boyda vurhavur təsir etmir. Adi zamanlarda olduğu kimi, Dünyanın dağılması da Azərbaycana vız gəlir. Yenə Hind okeanı aşığımızdan, Sakit okean topuğumuzdandı.
   
   Sel, daşqın, sunami, zəlzələ, torpaq sürüşməsi, yanğınlar Dünyanı məhv edib, daş daş üstə qalmayıb. Bizim məmləkətdə isə kef boydandı. Telekanallarımızın birində xörək bişirirlər, o birində Röya necə hamilə qalmağından və necə doğmağından danışır, başqa bir telekanalda Rəqsanə yataq otağını göstərir.
   
   Hamı oxuyur, hamı yazıb-pozur. Yazıçılar Birliyində sürücü-mexanik şairin yeni, sayca 34-cü kitabının təqdimat mərasimi keçirilir. Tədbirin gedişində müəllifə qurumun 6 mininci üzvü olduğunu sübut edən vəsiqə təqdim olunur.
   
   Dünyanın dağılması xəbəri parlamentə çatsa da, deputatlarımızın tükü də tərpənmir. Qanun yazmalı olan millət vəkilləri öz elmi işləri üzərində çalışırlar.
   
   Millət vəkillərini seçən sadə camaat da kefdədi. Dünyanın dağılması onların kefinə bircə dilim soğan da doğramayıb. O boyda məmləkətdə avtobusdan dayanacaqda düşən bircə nəfər də yoxdu.
   
   Qəzetçilər yenə də qəpiyə güllə atırlar. Ölkənin ən böyük xəbər agentliyi durmadan məhsul üyüdür. 13 xəbərdən 12-si kriminal hadisə barədədi. "Oğul atanı baltaladı", "Nəvə nənəni öldürdü", "Qardaş bacını güllələdi", "Bacı qardaşı boğdu", "Ata qızını zorladı"g
   
   Stadionda derbi oyunu gedir. "Bakı" "İnter"i qəbul edir. Futbol oyununu 17 tamaşaçı izləyir. Onlardan 9-u idman yazarı, qalanları stadionun fəhlələridi.
   
   Dünyanın xəritəsində qalan yeganə ölkə - Azərbaycanda xüsusilə onun başkəndi Bakıda gül gülü çağırır, bülbül bülülü. Küçələr göz oxşayır, asfalt çəkilən yeni prospektlərdə qazıntı işləri yüksək sürətlə gedir.
   
   Məktəblərdə uşaqların şən səsi aləmə yayılır. Şagirdlər evdən gətirdikləri süpürgəpulunu həvəslə direktora təhvil verirlər. Ali məktəblərdə imtahan qiymətlərinə tətbiq olunan endirimlər bütün tələbələri sevindirir.
   
   Dünya dağılmamışdan bir neçə gün öncə Bakıya gələn erməni nümayəndələrinin səfərinə etiraz edən QAT-ın 6 nəfərlik piketi polis tərəfindən yasaqlanır.
   
   Kolbasa sexində məhsula ət də qatırlar, 10 gün bundan əvvəl hazırlanan "Ən təzə süd" firmasının məhsulları satışa çıxarılır.
   
   Əsgərlərimiz vətənin keşiyində möhkəm dayanıblar. Vuruşmağa başqa ölkə qalmadığından əsgərlər bir-biri ilə vuruşur, hərdən domino oynayırlar. Bəziləri komandirlərə mobil telefon üçün danışıq kartı daşıyır. Evdən yarpaq dolması daşıyanlar da var. Film əsgərlərimizin dominodakı qələbəsi ilə bitir. Daha nikbin ruhda alınsın deyə sonda bütün əsgərlər qalib gəlir.
   
   İnanıram ki, yazdığım ssenariyə film çəkilsə, Hollivuddakı bütün ekran əsərlərinin bir qəpiklik dəyəri qalmayacaq. Ceyhun Musaoğlu da bütün günü "2012"-dən yox, mənim filmimdən sitat gətirəcək.
   
   Dünya dağılana qədər ssenariyə sponsor tapsaydım nə yaxşı olardı...

TƏQVİM / ARXİV