QURDUN PAYI...

FAİQ QİSMƏTOĞLU
33625 | 2009-10-24 00:23
Ta qədimdən insanlar var-dövlət qazananda həmişə onun müəyyən hissəsini kasıb-kusuba, imkansıza və şikəst adamlara veriblər. Bunu da ona görə ediblər ki, qazandıqları var-dövlət əllərində qalsın və halallıqla onu yeyə bilsinlər. Hətta bəzi yerlərdə belə bir adət olub ki, çox mal-dövləti, qoyun-quzusu olan adam sürüdən axsaq-uxsaq heyvanlardan qurda da pay verib. Çünki qurd görəndə ki, hansı sürüdənsə ona bir pay verən var, o qətiyyən bir də həmin yerlərə özünü vurmaz. Amma görəndə ki, o sürüdən, o qoyun-quzudan ona bir pay düşmür, onda həmin qurd sürüyə hücum eləyir, çox qoyun-quzunu yaralayır, bir-ikisini də aparır. Şair Əlisəmid Kür deyir ki, qurdun qurd payı olmalıdır. Əgər qurda qurd payı verməyib tula payı verirsənsə, onda o qurd sənə elə ziyan vuracaq ki, qazandıqlarının çoxu özünə qismət olmayacaq. İndi bir çoxları qazandıqları milyonlardan kiməsə bir tikə çörək vermək istəmir. Elə bil ki, qurd gəlib qapına mal-dövləti aparmaq istəyir, sən də onun qabağına sür-sümük atırsan. Yəni burda ona qurd payı yox, tula payı verirsən. Tula payını da qurdlar heç vaxt sevməzlər. Ən azından ona görə ki, qurda tula desən onun ürəyi partlayıb ölər. İndi dünyamız elə dəyişib ki, qurdla tulanın yeri səhv düşüb. Qurdun payını tulaya verirlər, tulanın payını qurda. Gəl indi bu bölgüdən sonra rahat yaşa görüm, necə yaşayırsan.
   
   
   
   ***
   
   
   
   Tez-tez yolumuz Gənclikdəki "Pürrəngi" çayxanasına düşür. Bu çayxananın adını yazılarımda tez-tez xatırlatdığıma görə, bir çoxları deyir ki, Faiq Qismətoğlunun çayxanası var. Adı da "Pürrəngi"di. Qoy kim necə bilir elə də başa düşsün. Amma sadəcə olaraq bir gün həmin çayxanaya getməyəndə elə bil nəsə itirirəm. Bir çoxları deyəcək ki, çayxanadır da, ora getməyəndə dünya dağılmaz ki?! Düzdür, "Pürrəngi" də çayxanadır. Ancaq bu çayxanının özgə çayxanalardan fərqi ondan ibarətdir ki, burda çay içməkdən çox insanlar bir-biri ilə söhbət eləməyə, nəsə öyrənməyə can atırlar. Elitar çayxana kimi tanınan bu çayxanaya əksər halda ziyalılar, yazıçılar və şairlər gəlirlər. Bir neçə gün bundan əvvəl isə istedadlı şair dostumuz Rasim Qaraca ilə həmin çayxanada görüşdük. Dedi ki, Faiq müəllim, eşitmişəm pul itirmisən, sonra da pulu tapıb gətirib sənə qaytarıblar. Görünür halal yolla qazanılan pulu yemək olmaz. Ona görə də bu halal puldan bizə bir çaynik çay qonaqlığı ver. Mən də "bu gözüm üstə" deyib çayçılardan birinə bildirdim ki, bizim stola kəklikotulu ətirli bir çay gətirsinlər. Çayçı mətbəxə keçib sinidə bir müddətdən sonra bir çaynik çay gətirdi. Elə çaynikin qulpundan yapışıb oturduğumuz stola qoymaq istəyəndə çaynikin qulpu qırıldı və yerə düşdü. Çaynikin yerə düşməyi ilə sınmağı bir oldu. Bu cəhənnəm, çaynikdən tökülən isti su Rasim Qaracanı əməlli-başlı yandırdı. Şair dostum Xaqani Ayxan da ufuldaya-ufuldaya qaldı. Tez çayxanadakı uşaqlar əl-ayağa düşdülər. Sən demə, çayxanada tez-tez belə hadisələr baş verdiyinə görə, orda qaynar su kimin üstünə töküləndə yaranın üstünə sürtmək üçün dərman varmış. Elə həmin dərmanı da çayçılar qaça-qaça Rasim Qaracaya gətirdilər. Rasim dərmandan yanmış yerinə sürtdü. Bayaqdan göynəyən yarasının ağrısı bir qədər sakitləşdi. Dedi ki, dərmanı sürtəndən sonra ağrım-acım bir az azaldı. Onsuz da Rasim Qaraca "yanan" şairlərdəndi. Bir tərəfdən də çaynikdən tökülən çay onu yandırdı. Gördüm ki, Rasim Qaraca əməlli-başlı dilxor olub. Dedim qardaş, dilxor olub-eləmə nəzir-niyaz çıxar ki, hələ yaxşı qurtarmısan. Yoxsa bundan da betər yanardın. Axı sən Seyidin, Baxşəlinin pulunu niyə vaxtında vermirsən ki, onların da duası səni bu cür bəlalardan qurtarsın. Mən həmişə onların nəzir-niyazını vaxtında verirəm. Elə ona görə də bəlkə çaynikin qulpu qırılıb yerə düşəndə o isti çaydan bir damcı da mənim üstümə düşmədi. Rasim Qaraca isə kefsiz idi. Qonşu stola keçib yenidən çay sifriş elədik. Bir stəkan çay içəndən sonra Rasim "ağrılarım məni incidir" deyib çıxıb getdi. Amma sonradan öyrəndim ki, Rasim Qaracanın yarası o qədər də dərin olmayıb. Şükür İlahinin məsləhətinə. Əgər o çaynikdəki çayın hamısı Rasim Qaracanın üstünə tökülsəydi, onda görün nə olardı. Nə yaxşı, təhlükə yüngül yanıqla sovuşub getdi.
   
   
   
   ***
   
   
   
   İndi bir çoxları çox şeyin şitini çıxarıblar. Daha doğrusu, ağ eləyiblər. Nə xeyir bilirlər, nə də şər. Məsələn, mənim əmimoğlu təzəcə rəhmətə gedib. Onun yaxın qohumu və eləcə də mənim yaxın qohumum rəhmətlik əmimoğlunun qırxı çıxmamış nəvəsinə zınqırovlu toy eləyir. Yəni zurna-balabanlı. Hansı ki, əmimoğlu rəhmətə gedəndə həmin qohumumuz hönkür-hönkür ağlayırdı. İndi necə olur ki, cavan bir oğlanın qırxı çıxmamış bu qohum nəvəsinə sünnət toyu eləyir. Həmin qohumumla Maşallahgilin evinin arası heç 50 metr olmaz. Görəsən, nəvəsinə toy eləyən bu adam ağır gündə necə qol qaldırıb oynayacaq və Qurban əmimin gözünə hansı üzlə baxacaq? Deyirlər ki, xeyirlə şər qardaşdı. Amma bu dərəcədə də yox da. Qabaqlar bizim kənddə nəinki qohumun, hətta uzaq bir adamın qırxı çıxmamış və beş-altı ay keçməmiş heç kim toy eləməzdi. Bir çoxları hətta rəhmətə gedənin ilini gözləyirdilər. Onda da toy eləyənlər kəndin ağsaqqalını götürüb rəhmətə gedənin qapısına gedər, onun ailəsindən və böyüklərindən xeyir iş eləmək üçün icazə istəyərdilər. Təbii ki, bu icazəni də rəhmətə gedən adamın ailəsi ürəkdən verərdi. Amma indi kəndimizdə meyid ortada qalır, on addım o tərəfdə kimsə nəvəsinə sünnət toyu eləyib, zurna-balaban çaldırır. Bax, ona görə dünya yavaş-yavaş dağılır.
   
   Bir həftə bundan əvvəl bizim evə qonşu tərəfdən bir dəvətnamə göndərmişdilər. Deyirdilər ki, filan arvad qızına toy eləyir. Sözün düzü, həmin dəvətnaməyə baxanda tək mən yox, qonşulardan çoxu təəccübləndi. Dedilər ki, ay kişi, bəs necə olur bu arvadın, toy elədiyi qız əvvəlcə bir kişiyə qoşulub qaçıb, sonra da gəlib evlərinə. 3 ay bundan qabaq isə həmin qızı ikinci dəfə başqası alıb aparıb Bakının kəndələrində saxlayır. Bəlkə arvad başqa qızına toy eləyir. Qonşular dedilər ki, onun bir qızı, bir də balaca oğlu var. Elə toyu da 3 ay bundan əvvəl verdiyi qızına eləyir. Başqa bir qonşu isə dilləndi ki, bu toy eləmək olmadı ey, pul yığmaq oldu. İndi pul yığmaq üçün nəinki iki-üç dəfə boşanan qıza, hətta gəlinsiz və bəysiz məclislərdə belə kimlərsə pul qazanmaq üçün toy eləyir. Bax, toyumuzun da şitini, şorunu belə çıxarmışıq. Elə kim səni görür, çıxarıb bir dəvətnamə verir. Dəvətnaməyə də baxıb görürsən ki, bu toydan çox pul qoparmağa xidmət eləyir. Sonra da tullayırsan bu dəvətnaməni stolun üstünə. Son vaxtlar o qədər belə mənasız dəvətnamələri stolun üstünə yığmışam ki, heç sayı-hesabı da yoxdur. Əgər o toylara getmiş olsaydım, onda beş-altı min dollar pul paylamalıydım. Mən də jurnalist babayam. Yazı-pozu ilə məşğul olub, qonorar almaqla balalarımı dolandırıram. Buna da min şükür.
   
   
   
   ***
   
   
   
   İstedadlı şair və səmimi insan Əlisəmid Kürlə bir neçə gün bundan əvvəl "Azərbaycan" nəşriyyatının ikinci mərtəbəsində pilləkəndə görüşdük. Başını qaldıranda pilləkəndə məni gördü. Sonra əlini yuxarı qaldırıb dedi ki, tay mənim heç nəyə sözüm yoxdur. Bir Allah bilir ki, bu pilləkənləri qalxa-qalxa düşünürdüm ki, indi Faiq Qismətoğlu mənim qabağıma çıxacaq. Sən mənim qabağıma çıxandan sonra quruyub qaldım və bir daha əmin oldum ki, hər şeyi yoluna qoyan və düzüb qoşan Ulu Yaradandı. Sonra da mənim qoluma girib ikinci mərtəbənin dəhlizinə çəkdi. Dedi qadan alım, hara gedirsənsə işin yağ kimi alınacaq. Amma beş dəqiqə ləngi sənə sözüm var, onu deyim, sonra get. Dedi ki, o günü əlim lap aşağıydı. Yaxın bir dostum da çayxanada oturmuşdu. O həmişə mənə əl atır və cibimə pul qoyur. Bu dəfə elə oldu ki, çayxanada bir yoldaş mənə dedi ki, dünən sənin şeirini oxuyub gözləri qıpqırmızı olan və ağlayan bir insanla görüşmüşəm. Həmin adam deyib ki, Əlisəmidin şeirlərini bir axşam oxuyub özümü göyün yeddinci qatında - Allahın yanında hiss eləmişəm. Əlisəmid Kür də deyir ki, sabahı günü həmin adamla görüşdüm. Sən demə, o bir gün yox, iki gün dalbadal mənim şeirlərimi oxuyub və onun aurasına düşüb. Və bu adam məni göydə axtarırmış. Görüşüb öpüşəndən sonra cibimə 100 manat da pul qoydu. Ona görə də Allah adamın işini özü düzüb-qoşur. Məəttəl qalırsan ki, bu işlər necə qaydasına düşdü. Əlisəmid Kür əlini pencəyinin döş cibinə salıb, o puldan 30 manat da mənə vermək istəyir ki, al bu pulu xərclə. Mən isə deyirəm ki, halal xoşun olsun, o sənin qismətindi. Çox sağ ol ki, belə bir anda məni yada salıb cibimə pul qoymaq istəyirsən. Elə sənin özünə kömək eləmək lazımdı. Həm çox istedadlısan, həm də böyük ürəyin var və Allah ürəyinə görə versin. Bir qədər keçəndən sonra "Azərbaycan" jurnalının əməkdaşı Tofiq Mahmuda mobil telefonla zəng edib deyir ki, Əlisəmid Kür səni ikinci mərtəbədə qapının ağzında gözləyir. Sonra onunla xudahafizləşib iş dalınca qaçıram. Allah işini avand eləsin, Əlisəmid Kür. Ayağın yüngül oldu. Mənim də işim lap əla alındı. Yəni səni dilinlə demiş olsaq işim yağ kimi oldu.

TƏQVİM / ARXİV