CAVABSIZ SUALLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
81589 | 2009-10-10 00:57
... Fikrim dolaşıq düşür,
   
   Çözüm tapa bilmirəm
   
   Əlimlə qoyduğumu -
   
   Özüm, tapa bilmirəm.
   
   
   
   Çən yüklənib dağ, dərə,
   
   Sol uçurumdu, sağ bərə
   
   İşğaldadı Ağdərə-
   
   Dözüm tapa bilmirəm.
   
   
   
   Qəm sayılıb, bükülü,
   
   Üstümə od tökülüb
   
   Nişanələr sökülüb-
   
   Gəzib tapa bilmirəm...
   
   
   
   Bəli, ha baxıram, ha götür-qoy edirəm bu dolaşıq düyünçəni, bu düyünü yeddi qat keçmiş kələfin ucunu tapa bilmirəm ki, bilmirəm. Elə bil Tanrı qəzəbinə, fələk hökmünə tuş gəlmişəm. Hansı istiqamətə üz tuturamsa, hansı səmtə yön çevirirəmsə bir-birinə söykənmiş suallar görürəm. Və düşünürəm, görəsən insan ömrü boyu nə qədər sual çözməlidir, nə qədər sual cavablandırmalıdır. Ümumiyyətlə, bu suallardan qaçmaq, bu cavabları birdəfəlik vermək mümkün deyilmi? Amma neyləyim ki, nə öz bilgilərim, nə də soruşduqlarım konkret bir nəticəni ortaya qoymur və eləcə bulanıq suda balıq, göy çəməndə iynə axtaran kimi qalıram "hanı?" deyə-deyə.
   
   
   
   ... qəfil
   
   göylər qaraldı
   
   şimşək çaxdı
   
   ildırım vurdu
   
   yüz yaşlı bir palıdı...
   
   sanki
   
   belə də olmalıydı
   
   hətta
   
   bir para insan
   
   ildırımı yox,
   
   palıdı qınadı...
   
   yaşına görə!..
   
   
   
   İndi düşünürəm ki, harda olmağımdan, nə iş görməyimdən asılı olmayaraq kimlərəsə yük olmaq, kimlərinsə yerini dar etmək və yaxud kiminsə yerini tutmaq o qədər də sevinc, fərəh, uğur gətirəsi iş deyilmiş. Çünki həmişə canında bir səksəkə, xəyalında bir dolaşıqlıq və nəhayət içindəki işığın üzərində bir ləkə olur. O ləkə də böyüyür öz kölgən kimi və addım başı harda olmağından asılı olmayaraq səni izləyir. Sevinc, təşəkkür, ən azı iynə ucu boyda diqqət umduğun məqamda həmin o kölgə səni buz kimi suya salıb çıxarır. Bədənin bir anlıq uyuşub açılır. Anlaya bilmirsən ki, axı mən canımla, qanımla, vicdanımla, nəhayət bütün ürəyimlə ortadayamsa və ortada olmağımı da heç kimə görk eləmirəmsə, onda nədən həmin o işıqdakı ləkə sənin çiyindaşın olmalıdır, səndən bir az da uzaq durmamalıdır? Bu sualın özü qəribə səslənsədə, amma həqiqətvari yuxunu bəzən bütün çılpaqlığı ilə elə təqdim edir ki, o yuxu həqiqət real həqiqətdən önə keçir. Onda baxıb görürsən ki, sən demə burda təqdim edən və təqdimat demək olar ki, hər şeydi. Yəni ağı qara kimi və yaxud da əksinə təqdim etmək o istəyə düşənin içindəki özünəməlum hökmlərdən, qərarlardan mayalanır. Ora müdaxilə çox nadir hallarda nəyisə dəyişir.
   
   
   
   bu ömrüm topa nurdu
   
   ziyası seldən də gurdu!
   
   fələk qarşımda mil durdu-
   
   qoymadı səpib qurtarım.
   
   
   
   mən düzüb cərgə çimləri
   
   köklədim sarı simləri
   
   cücərtdiyim bu şivləri-
   
   sırayla əkib, qurtarım.
   
   
   
   boşda qaldı əlim bir az
   
   qoy dolanım gəlim bir az
   
   ləngi, nolar, ölüm bir az-
   
   cəzamı çəkib, qurtarım!
   
   
   
   Həyat insan üçün onda maraqlı olur ki, o, ən azı özündən başqa bir nəfərin olsa belə diqqətini çəkir, qayğısına qalır, yəni heç olmasa bir nəfər üçün yaşaya bilir və yaxud da onu yaşadır. Tanrı verdiyi ömrün bugünkü anına qədər çalışmışam ki, qarışqanı da tapdalamayım, sərçəni də dən üstündən qovmayım. Çünki, mənim qənaətimə görə, sərçə xırmandan ancaq özünü təmin edə biləcək qədər dən apara bilər. O cümlədən də qarışqa ona qışdan çıxara biləcək qədər ruzi toplayar. Bu müqayisə ilə yanaşsaq nə qarışqanın, nə də sərçənin Tanrının mənə verdiyinə şərik olmaq imkanı yoxdur. Əgər belədirsə, onda bəs mənim sözümün, qələmimin payı, qisməti, haqqı hardadı? Axı, mən bildiyimə (buna qəti əminəm! - Ə.M) görə, bu yaşıma qədər heç kimin haqqına şərik çıxmamışam və çalışmışam ki, gücüm çatan, imkanım yetən qədər kiminsə işinə yarıyım, əyilən yükünə kömək durum. Neyləyim ki, bu tale mənim, bu bəxt mənimdi və mən də onu daşımağa, yaşamağa məhkumam.
   
   
   
   çəkildim hər kəsin
   
   hər şeydən uzağa
   
   hətta ağaclardan
   
   otlardan,
   
   daşlardan,
   
   quşlardan da
   
   gizləndim böcəklərdən...
   
   çəkildim ki,
   
   səbəb olmayım
   
   kimlərinsə
   
   əhvalını pozmağa
   
   çəkildim və başladım
   
   ürəyimin diqtəsi ilə
   
   yaddaşımın
   
   ağappaq səhifəsində
   
   sənsiz anlarımı
   
   nöqtə vergülünə kimi
   
   birnəfəsə yazmağa...
   
   amma baxıb gördüm ki,
   
   vaxtı sərf etmişəm
   
   vərəqləri qaralamağa...
   
   sənsiz anlarım
   
   olmayıb axı-
   
   yəqin ki, sən də
   
   razı olarsan
   
   bu fikri imzalamağa...
   
   
   
   Əvvəldə dedim ki, suallar çox, cavablar dolaşıq, çözüm yolları müxtəlif, ömrün ağrı-acısı isə çox. Bütün bunlar belə baxanda dözüləndi. Amma ən çətini bu sualların hardan qaynaqlanması və onun səbəbinin bilinməməsidi. Çünki səbəbsiz suallar ağacı içərisindən yeyən böcəklərə bənzəyir. O cümlədən də insanı da içərisində didib parçalayır. Çox təəssüf ki, bu sualların çoxu ilə son aylarda daha çox qarşılaşıram. Nədən? Bircə onu bilsəydim...
   
   ... Bu pessimist düşüncələrə və bütövlükdə yazıya görə nə özünüzü yorun, nə də mənə suallar ünvanlayın. Çünki həmin sualların nə vaxtsa sizlərin də qapısını döyəcəyi qaçılmazdı.

TƏQVİM / ARXİV