FALA BAXIRAM

FAİQ QİSMƏTOĞLU
34441 | 2015-02-14 08:37
Birdən elə bilərsiniz fala baxan mənəm, çünki indi zəmanə o qədər dəyişib ki, heç kimdən baş açmaq mümkün deyil. Sadəcə olaraq elə adamlar var ki, onlar hər gün bir hoqqadan çıxırlar. Bir gün fala baxırlar, bir gün başqa iş görürlər, bir gün də kiminsə taleyi ilə oynayırlar. Və qəribədir ki, onların "oyunlarına" çoxlu sayda insanlar düşsə də, bundan nəticə çıxaranlar çox azdır.
Heç kimi qınamalı deyil, əgər bir adamı müxtəlif televiziya kanalları dəvət edib onun fala baxan, ekstrasensliklə məşğul olduğunu reklam edirsə, burda camaatın elə də günahı yoxdur. İnsanlar düşünür ki, əgər televiziya kanallarında hər hansı bir şey göstərilirsə və nümayiş etdirilirsə, deməli, burda həqiqət var. Ancaq həqiqət isə tamamilə gözə görünmür. Gözə görünən o olur ki, hansısa fala baxan, ekstrasens efirdə yüz oyundan çıxır, müxtəlif fikirlər söyləyir və onun da toruna kimlərsə düşür.
Göründüyü kimi, efirlərdə bu cür adamların meydan sulaması heç də asanlıqla başa gəlmir. Yəni kimsə efirə çıxıb oranı zəbt edirsə, deməli, kiminsə bığını yağlamalı, onun razılığını almalıdır. Təbii ki, hər adam təmənnasız efirdə çıxıb fala baxmaqdan, öncəgörmədən danışmaz. O adamlar danışırlar ki, onlara meydan verilir, onlar da öz bildiklərini eləyirlər.
Yəqin ki, çoxlarınız bir vaxtlar "Space" televiziyasında İlham Mirzəyevin "Etiraf" verilişinə baxırdınız. Bizim o verilişlə işimiz yoxdur. Obyektivlik naminə deyək ki, veriliş baxımlı bir veriliş idi, amma sonradan nə oldu? Məlum oldu ki, İlham Mirzəyev falçılıqla məşğuluymuş və onun toruna da çoxlu sayda düşən insanlar varmış. Bəlkə də o, öz işini davam etdirəcəkdi. Sadəcə olaraq, hər hansı "iribuynuzluya" ürcah olub, onlar da onu cəzalandırıblar. Allah qapısını açsın və işini avand eləsin. Deyilənlərə görə, İlham Mirzəyev həbsxanada da falçılıqla məşğuldur. Qoy olsun, bununla da işimiz yoxdur.
Bir neçə ay bundan əvvəl əksər özəl kanallarda bir parapsixoloq - Həzrəti Sabir təbliğ olunurdu. Az qala özəl kanallar onu camaata elə təqdim edirdilər ki, nözənbillah, o, Allah vergisinə sahibdir. Tez-tez kanallarda Həzrəti Sabir millətə dərs keçir, öncəgörməyindən, qara magiyadan qurtarmağın yollarından söhbət açırdı. Televiziyadakı reklamından sonra onun müştəriləri daha da çoxalır. Sən demə, Həzrəti Sabir də dələduzluq edirmiş, müxtəlif seanslar zamanı ona müraciət edənlərdən 30-40 manat alarmış, üstəlik də evlərdə guya qara magiyanı götürmək üçün təmizləmə işləri aparırmış. Buna görə də həmin adamlar ona nə qədər pul ödəyirmiş.
Bu yaxınlarda Həzrəti Sabiri də hüquq-mühafizə orqanları saxlayıb və onun barəsində həbs-qəti imkan tədbirləri seçiblər. Məlum olub ki, onun əməllərindən dələduzluq tərkibi var və buna görə də barəsində istintaq hərəkətləri aparılır. Onların heç bir "günahı" yoxdur, bu adamlar ayrı-ayrı maraqlı qüvvələr tərəfindən əhaliyə təbliğ olunur, reklam edilir və sonra da onlar sudan quru çıxırlar. Və insanlar da qalırlar odla su arasında. Hər gün televiziya kanallarında reklam olunan falçı dəmir barmaqlıqlar arasına düşür. Qazanan ayrı-ayrı kanallar, itirən isə falçıların toruna düşən yüzlərlə sadə insanlar olurlar.
Dünya deyəsən dəyişib və adam da bilmir ki, kimə inansın. Az qala millətimiz və xalqımız cəhalət girdabında boğulmaqdadır. Bundan istifadə edənlər çox asanlıqla öz işlərini görürlər və pullarını qazanırlar. Sovet dönəmində də belə şeylər vardı. Amma onlar heç vaxt indiki kimi açıq fəaliyyət göstərə bilmirdilər. Çünki həmin dövrlərdə bir dövlət televiziya kanalı vardı və həmin kanala da hökumət tərəfindən güclü nəzarət olunurdu. Başqa sözlə demiş olsaq, hər hansı fırıldaqçını, fala baxanı, dələduzu dünya dağılsa da, bir ətək pul verilsə də reklam etməzdilər. Amma indi maşallah, o qədər özəl kanal var ki, get pulunu ödə, ağzına gələni danış. Buna görə səni heç kim qınamayacaq. Uzaqbaşı, qınasa-qınasa üç-dörd ziyalı bir söz deyəcək. Onların da deməyinə baxan kimdi? Heç kim.
Televiziya kanallarında əksər vaxtı ya bu cür adamlar reklam olunur, ya da səsi və istedadı olmayan müğənnilər. Bu müğənnilər sanki efir xəstəliyinə tutublar. Elə müğənni var ki, hər gün bütün kanalları gəzir və camaatın gözünü "mazol" eləyir. Fikirləşirlər ki, hər gün ekranda görünməklə çoxlu "toy tutacaqlar". Çünki onları nə sənət, nə tamaşaçı zövqü, nə də özlərinin nüfuzu maraqlandırır. Bəzən hətta bir muğam ifaçısı var ki, hər gün efirdədi. İnsaf naminə deyək ki, yaxşı da səsi var, amma hər gün efirdə olması, özünü reklam etməsi gözəl musiqi duyumu olan insanların gözündən həmin müğənnini salır. Şəxsən mən o xanəndəni görəndə televiziyanın pultunun düyməsini basıb kanalı dəyişirəm. Hansı ki, əvvəllər onun səsi üçün ölürdüm, amma bu gün ucuz reklamı və hər gün boş-boş danışması onu məni gözümdən salır.
Elə bil mətləbdən bir az uzaq düşdük. Falçılardan danışırdıq. İndi hər kənddə, hər məhəllədə bir falçı peyda olur və onlar da yavaş-yavaş öz işləriylə məşğuldurlar. Bir dostum deyir ki, oğlumu aparmışdım falçının yanına ki, onu müalicə eləsin. Falçı da məni tanıyırdı, bir dəfə getdik, iki dəfə getdik, axırda mənə dedi ki, a kişi, gəl sənə düz söz deyim, oğlunu apar həkimə. Mənim yanıma bir də gəlmə. Çünki sənin kimi dostları heç vaxt aldada bilmərəm. Elə adam sağaldanam öz arvadıma bir biçarə qılım. Dostumuz deyir ki, həmin gündən sonra bir daha ora getmədim.
Bax belə! Bəlkə ziyanın yarısından qayıdıb falçılara, öncəgörənlərə, ekstrasenslərə üz tutmayasınız? Mənim qardaşım oğlu BDU-nun psixologiya fakültəsini fərqlənmə ilə bitirib və Türkiyədə İstanbul universitetində diplom müdafiəsi edib və bu günlərdə Vətənə qayıdıb. Deyir ki, əmi, bizim ölkədə əsl psixoloq və bu elmlə məşğul olan mütəxəssis azdır və olanları da sıxışdırırlar. Bizdəki psixoloqların əksəriyyəti fala baxmaqla kimlərisə öz toruna salmaqla pul qazanmaq istəyirlər. Mən başa düşmürəm ki, bu insanlar müalicə olunmaq üçün psixoloqun yanına nə üçün gedirlər? Müalicə edən həkim də var, psixiatr da. Day buna bizim də sözümüz qalmadı. Bundan belə hər şey camaatın və insanların özündən asılıdır.

TƏQVİM / ARXİV