PULSUZLUQ

FAİQ QİSMƏTOĞLU
44439 | 2009-05-18 23:35
Çox vaxt deyirlər ki, pul əl çirkidir. Elə onsuz da keçinmək olar. Bu ifadəni ən çox da sovet dönəmində daha tez-tez işlədərdik. Amma illər keçdi, sosializm dağıldı və ölkə kapitalizm yönümündə inikşaf etməyə başladı. Artıq göründü ki, heç də sovet dönəmində deyildiyi kimi, pul əl çirki deyilmiş. Yəni pul elə bir şeydir ki, onsuz insan evdən çıxıb, işə gedə bilməz və işdən də evə qayıda bilməz.
   
   Deyirlər ki, pul açmayan qapını heç bir şey aça bilməz. Bunun nə dərəcədə həqiqət olub-olmadığını yəqin çoxları bilməsə də, pulu olanlar və olmayanlar yaxşı anlayırlar. Adi qohum-əqrəbanın evinə bir hədiyyə alıb gedəndə səni çox hörmətlə qarşılayırlar. Yüz dəfə əli dolu gedirsən yaxşı olur, amma bir dəfə əli boş gedəndə görürsən ki, səni əvvəlki istiliklə və mehribanlıqla həmin evdə qarşılamırlar. Deməli, burda da pulun yeri görünür. Pulun yeri həmişə, hər yerdə və hər an hiss olunur. Daha doğrusu, pul olmadan indiki zamanda heç bir işi aşırmaq mümkün deyil.
   
   Bir neçə gün bundan əvvəl "Azərbaycan" nəşriyyatının yeməkxanasında yazıçı-publisist və vaxtı ilə Azərbaycanın İstanbulda baş konsulu işləmiş Xeyrəddin Qoca ilə görüşdük. Ümumiyyətlə, Xeyrəddin Qoca elə bir insandır ki, həmişə ürəyindən keçirdiklərini dilinə gətirib. Yəni Cəlaləddin Ruminin sözü ilə demiş olsaq o, olduğu kimi görünən adamdır. 40 il bundan əvvəl onu necə səmimi və sadə insan kimi tanımışıqsa, elə o səmimiliyini də müxtəlif vəzifələrdə işləməsinə baxmayaraq, qoruyub saxlayıb. Xeyrəddin müəllim həmin günü qan təzyiqinin qalxdığını dedi. Sonra da əlavə etdi ki, qan təzyiqi filan həmişə insanın əsəblərindən və narahat yaşamasından yaranır. Bir balaca pulum olsa, o dəqiqə qan təzyiqim normallaşacaq. Bir çox vəzifəli adamlara deyirəm ki, qan təzyiqiniz qalxan kimi avrodan, dollardan başınıza sürtün o dəqiqə təzyiqiniz aşağı düşəcək. Onlar mənim bu sözümü qəribçiliyə salmırlar. Deyirlər ki, düz deyirsən. Hər şeyi həll eləyən və nizamlayan puldur. Pul olmayanda adamın qan təzyiqi də qalxar, hələ üstəlik şəkəri də.
   
   Həmin günü mənim də "davleniyam" qalxmışdı. Xeyrəddin müəllim dedi ki, sənin də "davlenin" pulsuzluqdan qalxıb. Əgər cibinə biri ürəyin istədiyi qədər pul qoysa, o dəqiqə "davlenin" normallaşacaq, qanın da durulacaq. Düz sözə nə deyəsən. İnsanı heç vaxt dərd qocaltmır. İnsanı qocaldan, onun belini əyən və ən nəhayət çətin günlərə salan pulsuzluqdur. Pul olanda dağ boyda dərd fındıq boyda olur, pul olmayan da fındıq boyda dərd dağ boyda olur.
   
   Bəzən deyirlər ki, filankəsi dərdi öldürdü. Doğrudan da kasıb adamlar hər hansı bir əzizini itirəndə o dərdin içində itib-batır. Amma mən bir adam tanıyıram, cavan oğlu suda boğulub ölmüşdü, oğlunun yeddisindən sonra üzünün tükünü qıxdırdı və həyat yoldaşını da götürüb Soçiyə dincəlməyə getdi. Çoxları elə fikirləşirdi ki, gözünün ağı-qarası olan oğlunu itirəndən sonra həmin pullu adamın ürəyi partlayacaq. Ancaq onun ürəyi partlamadı. Bir ay Soçidə istirahət etdi, bir ay Moskvada oldu, bir ay da Kiyevdə. Bununla da onun dərdi köhnəldi və yüngülləşdi. Oğlundan sonra həmin kişi düz 25 il həyat sürdü. Özü də dərdli-qəmli və kədərli bir ömür deyil, kefli-damaqlı günlər yaşadı.
   
   Sözümüzü ona gətiririk ki, pulsuzluq bəzən dağ boyda kişiləri əyərək hansısa gədanın qapısına aparır. Həmin gəda da özündən razı vəziyyətdə dağ boyda kişini görüb kresloya yayxanır. Elə bil həmin adam dağ boyda kişinin əyilməsindən sanki zövq alır. O bilir ki, zaman onların yerini səhv salıb. Yəni o vəzifə kreslosunda gəda yox, dağ boyda olan mərd kişi əyləşməli idi. Amma neyləmək olar ki, həmin kresloda əyləşən o gədadır.
   
   Ataların yaxşı bir kəlamı var: "Ehtiyac qul eylər qəhrəmanı da". Bayaq dediyimiz kimi, hər yerdən əli üzülən, ümidi puç olan adamlar bəzən vəzifə kreslosunda əyləşən elə namərd insanlara möhtac olurlar. Bu möhtaclıqsa, bir çox halda pullu adamlara ləzzət eləyir. Görür ki, onun qapısının ağzında qat-qat ondan savadlı, istedadlı və əsil nəcabəti güclü olan insanlar durub boynunu büküblər. Nə var, nə var bu özündən razı olan adam onlara beş-on manat pul verəcək.
   
   Pulsuzluq böyük bəladır. O qədər böyük bəladır ki, adamın cibində pulu olmayanda nə xeyirə gedə bilir, nə də şərə. Hələ biz onu demirik ki, onun nə elə ev-eşiyi var, nə də bahalı maşınları. Ümumiyyətlə, xeyir-şərə gedəndə də heç kim sənin istedadına, savadına və ağlına baxıb qiymət vermir. Məclisə girəndə birincisi sənin üst-başına fikir verirlər. Görürlər ki, üst-başın cır-cındır günündədir heç sənə yaxınlaşıb "xoş gəlmisən" deyən olmur. Sakitcə gedib toyda, yasda bir yerdə əyləşib durursan. Amma elə ki, vəzifəli bir adam, pullu insan görəndə çoxları qaçıb onunla ikiəlli görüşür, sonra da yanında oturub söhbət eləyirlər. Söhbəti də ona görə eləyirlər ki, bəlkə bu vəzifəli adamdan bir şey qopardılar.
   
   Bir dəfə yas məclisində əvvəllər rayonlardan birində icra hakimiyyətinin başçısı işləmiş insanı gördüm. İçəri girəndə gördük ki, onun yanında heç kəs əyləşməyib. Elə təkcə özü oturub mollanın danışdıqlarına qulaq asır. İcra başçısının bizimlə dost olan qohumundan soruşduq ki, əvvəllər sənin qohumunun yanında oturmaq üstündə dava düşürdü, indi heç kəs onun yanında əyləşməyib? Dostumuz qımışıb dedi ki, əvvəllər onun yanında ona görə oturmaq istəyirdilər ki, ya kimsə ondan xahiş edəcəkdi, ya da beş-on manat pul alacaqdı. Sözün düzü, əvvəllər vəzifədə işləmiş bu adam səxavətli insan idi və çox adama da yaxşılıq eləmişdi, cibinə pul qoymuşdu. Amma biz onun bir stəkan çayını da içməmişdik. Məclisdə gedib düz onun yanında oturduq. Kişi bizi görəndə sevindi. Elə bil dünyanı ona verdin. Dərdi açıldı, nə açıldı. Dedi ki, nə yaxşı siz gəldiniz, yoxsa ürəyim partlayırdı. Gördüyünüz bu məclisdəki adamlar var ey, hamısına o qədər yaxşılıq eləmişəm ki, ömrü boyu o yaxşılığın balaca bir hissəsini geri qaytara bilməzlər. Onda hamı gəlib mənim yanımda otururdu. Hətta çayı da gətirib elə özləri stolun üstünə qoyurdular. Xidmətçiləri mənə yaxınlaşmağa qoymurdular. Amma indi "çörəyim onları tutsun" .
   
   Bax, dünya pul üstə qurulub. Pulun varsa, sən hörmətli, ən yaxşı adamsan. Pulun yoxdusa, gedib oturacaqsan məclisin bir yerində və heç kim də gəlib sənin yanında əyləşməyəcək. Axı bir də niyə əyləşməlidir? Səndən işi aşmır, gücü aşmır. İndi daha varlı və pullu adamlar axtarırlar ki, gəlib onların yanında otursunlar.
   
   Elə bil ki, pulsuzluqla danışıb oxucularımızın qanını qaraltdım. Amma vallah, mən heç vaxt "ağlayan" adam olmamışam. O da faktdır ki, pul olmayanda adam evdən verilən siyahıdakı çox şeyi belə ala bilmir. Xeyrəddin Qoca deyir ki, evdən çıxanda mənə də bir siyahı verirlər. Elə ki, onları alıb evə aparıram, qan təzyiqim normallaşır. Ancaq bəzi şeyləri eləyə bilməyəndə yenidən qan təzyiqim qalxır.
   
   İndi bizim də pulumuz olmayanda dərdimiz artır və qan təzyiqimiz yüksəlir. Hələ şəkərin qalxmasını demirik. Çünki bu insanı daha pis günə qoyur. Bütün insanlara pullu ömür arzulayaq ki, özümüz də pul sarıdan çətinlik çəkməyək. Axı adamın pulu olmayanda fındıq boyda dərdi dağ boyda, pulu olanda dağ boyda dərdi fındıq boyda olur. Allah eləsin bizim həmişə dərdimiz fındıq boyda olsun.
   
   

TƏQVİM / ARXİV