ANA SƏHİFƏ / YAZARLAR

Səhnədə Pərvanə kimi...

Xalq artisti: "Bu yolu özüm seçdim"

162952    |   2015-01-31 09:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti, Prezident Mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Pərvanə Qurbanova ilə görüşmək üçün onun yaşadığı və çalışdığı Nizami yurduna getməyə ehtiyac olmadı. Son vaxtlar teleseriallara müntəzəm dəvət aldığından tez-tez Bakıya gələn istedadlı səhnə ustası ilə elə paytaxtda görüşdük.
Teleseriallardakı rolları ilə qısa müddət ərzində populyarlaşan Pərvanə xanım əldə etdiyi uğurlara görə özünü 1981-ci ildən bəri çalışdığı Gəncə Dövlət Dram Teatrına borclu sayır. Müsahibim telekameraların qarşısından fərqli olaraq, səhnədə daha rahat hiss etdiyini deyir.

- Pərvanə xanım, son zamanlar sizinlə Bakıda tez-tez görüşürük. Paytaxta budəfəki gəlişiniz də yəqin çəkilişlərlə bağlıdır...
- Yox, bu dəfə şəxsi işlərimlə bağlı Bakıdayam, teleseriallarla bağlı işlərimi bitirmişəm. Hələlik sonuncu dəvət aldığım "Tufanlı səma"dır, onun da çəkilişləri bu günlərdə tamamlandı, 17 hissəli yeni teleserial "Lider" TV-dən yayımlanacaq. Yenə də tanıdığım və inandığım rejissorla - Sain Qəhrəmanovla çalışmışam. Yaradıcılıq potensialımı duya bilən və mənim də ona etibar etdiyim rejissorların serialında çəkilməyə üstünlük verirəm.
İstər "Pərvanələrin rəqsi", istərsə də "Toy gecəsi" kimi reytinqli teleseriallarda məhz bu prinsipi əsas tutmuşam.
- Yəqin maliyyə məsələləri ilə bağlı da prinsipiniz var...
- Təbii ki, var, üstəlik çəkiləcəyim obrazda özümü görməliyəm, bu şərtlər olmayınca niyə də çəkilməliyəm?
- Şərtləriniz sıralanınca öndə hansı gəlir?
- Səmimiyyətimə inanın ki, mənim üçün öndə sənət məsələsidir, sonra maliyyə tərəfi. Hər bir aktyor, aktrisanın daxilində bir sənət yanğısı var, imkan yarandıqca bu yanğını üzə çıxarmaq istəyir. Maraqlı ssenari, dolğun obraz, keyfiyyətli rejissor işi duyulan serial olunca niyə də çəkilməyəsən? Bu arada əlverişli maliyyə şərtləri olan bir neçə serialdan dəvət almışdım, lakin çəkiləcəyim obraz ürəyimcə olmadığından imtina etdim. Min bir əziyyət bahasına topladığım hörməti bir andaca itirmək mənim tərzim deyil.
Özüm çəkildiyinə görə demirəm, "Pərvanələrin rəqsi"ndə həqiqətən gözəl bir iş ortaya qoyuldu və düşünürdüm ki, növbəti teleseriallar daha uğurlu və keyfiyyətli olacaq, rəqabət artacaq. Təəssüf ki, illər ötdükcə, bu sahədə təcrübə artdıqca serialların səviyyəsi aşağı düşür, yəqin elə ona görə də Azərbaycan tamaşaçısı yerli seriala baxmaq istəmir. Sıravi tamaşaçı da, sənət adamları da gözlədiklərini ala bilmədilər. Çox heyf... Sanki bu gün sənətin xeyri üçün çalışan yoxdur.
- Sizə bunun səbəbi nədir?
- Səbəblər çoxdur, sadalamaqla bitməz ki... Bunun nədən qaynaqlandığını sizli-bizli hamımız bilirik. Mən sadəcə, yalnız öz sahəmə aid olanı deyə bilərəm, təsəvvür edin ki, bəzi yeni çəkilən teleseriallarda bir dənə də olsun peşəkar aktyora rast gəlmək olmur.
- Çəkilişlərə görə tez-tez Gəncədən Bakıya gəlmək, sonra da bu yolu geri qayıtmaq sizi yormur ki?
- Yox, çünki artıq alışmışam.
- Bəzən deyirlər ki, filan aktyor yol gedəndə belə oynayacağı obraz barədə düşünür...
- Buna inanırsız?
- Yox.
- Elə mən də inanmıram. Amma onu da deyim ki, həmişə məşqlərə, çəkilişlərə hazırlıqlı gəlməyə çalışmışam.
- Sıravi tamaşaçı Xalq artisti, müxtəlif təltiflərin sahibi Pərvanə Qurbanovanı teleseriallardakı rollardan tanıdı. Buna görə özünüzü narahat hiss etmirsiz?
- Qətiyyən yox. Bütün fəxri adları, titulları, hörməti teatr səhnəsindəki yaradıcılıq fəaliyyətimə görə qazanmışam. Sadəcə, çalışdığım və buna görə də həmişə qürur duyduğum Gəncə Dövlət Dram Teatrı paytaxtdan kənarda yerləşdiyindən o qədər də populyar olmamışam. Reklam, populyarlıq həmişə Bakıda çalışan həmkarlarımız üçün əlçatan olub. Rayonlardakı biz aktyorların, aktrisaların öz dünyası var. Gəncə Azərbaycanımızın ikinci böyük şəhəri olsa da, hər halda paytaxt deyil. İnanın ki, bundan heç vaxt darılmamışam, çünki bu yolu özüm seçmişəm. Zaman-zaman Bakı teatrlarında çalışmaqla bağlı təkliflər almışam. 20-25 il öncə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunmaq imkanım olub, bu gün də rəsmi dəvət edirlər. Hətta indi sözarası deyirlər ki, artıq bütün titulları almısan, çalışmaq sənin üçün çətin olmayacaq.
- Bir tərəfdən baxanda bəlkə də düz deyirlər...
- Ola bilsin. Lakin mənim yanaşmam fərqlidir, başqa bir teatrda sıradan biri olmaq istəmirəm. Bilirsiniz ki, Gəncə Dövlət Dram Teatrı yarandığı gündən həmişə ən güclü yaradıcılıq kollektivlərindən biri sayılıb, bir çox qüdrətli sənətkarlarımız ilk addımlarını məhz bu sənət ocağında atıblar. Onların arasında başqa teatrlara gedənlər də olub, doğma Gəncədə qalanlar da. 1981-ci ildən mənə də bu səhnədə çalışmaq, müxtəlif obrazlar yaratmaq nəsib olub. Bayaq yaradıcı insanın daxilindəki sənət yanğısından danışdım. Mən teatrımızın səhnəsində bu yanğını dəyərli və teatrı yaxşı anlayan tamaşaçılarımıza ötürəndə özümü çox rahat hiss edirəm. Kinoda, kamera qarşısında bu həzzi, ləzzəti almaq mümkün deyil. Söhbətimizin əvvəlində seriallarla bağlı danışdıq, həmin mövzuya qayıtmaq istəmirəm, amma çox qəribədir, iki bədii filmə çəkilmişəm, hər ikisini də daha çox teatr rejissoru kimi tanıdığımız insanlar lentə alıb. Kinoda debütüm 1992-ci ildə "Haray" filmində oldu, Xocalı hadisələrindən bəhs edən həmin filmi Oruc İzzətoğlu çəkib. Rövşən Almuradlı isə mənə "Cavad xan" bədii filmində rol verdi. Sözün açığı, film böyük qəhrəmanımız Cavad xanın həyatından bəhs etdiyindən hətta kütləvi səhnəyə də çəkilməyə razı idim.
- Teatra belə bağlılığınızı görəndən sonra kino ilə ilgili başqa sual vermək istəmirəm...
- Yəqin sizi böyük kinoya yeni təkliflər alıb-almadığım maraqlandırırdı...
- Təxminən.
- Hələ ki, təklif yodu, amma bunu özümə dərd eləmirəm və tez-tez kinoya çəkilmək arzusu ilə alışıb yanmıram da. Doğma kollektivlə, dedi-qodudan uzaq, yalnız yaradıcılıqla məşğul olan dəyərli iş yoldaşlarımla əl-ələ verib çalışırıq. Direktorumuz Əli Qasımovla demək olar ki, eyni vaxtda teatra gəlmişik. Əli müəllim təşkilatçı kimi də bacarığını ortaya qoya bildi, Gəncə Teatrının zəngin ənənələrini davam etdirdi.
Bu gün dövlətimiz bütün teatrlara diqqət və qayğı göstərir, binalar təmir edilir və yenidən qurulur. Gəncə teatrı üçün isə yeni bir möhtəşəm bina inşa tikilir. Azərbaycanda son 55 ildə ilk dəfədir ki, yeni teatr binası inşa olunur.
- Teatrınıza yeni baş rejissorun təyin edilməsi də lap yerinə düşdü...
- İradə Gözəlova gənc və çox istedadlı rejissordur. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarıq ki, belə bir bacarıqlı insanı bizə baş rejissor göndərdilər. İradə xanım bu kollektivlə əvvəllər çox uğurlu tamaşalar hazırlayıb və hamımız ümid edirik ki, bunun davamı gələcək. Baş rejissorumuz Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" kimi monumental tamaşaya quruluş verməyə hazırlaşır.
- Sona obrazını sizə həvalə edib?
- Təxmininiz doğrudur. Əməkdar incəsənət xadimi Bəhram Osmanov isə Əli Əmirlinin "Aktrisa" əsərini hazırlayacaq. Bu tamaşa mənim benefisim olacaq.



YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK