ANA SƏHİFƏ / YAZARLAR

Obamayam, üzüm qara...

Zəncir ABŞ prezidentinin nəyinə lazımdı?

19809    |   2009-01-17 01:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika hara, bizim Azərbaycan hara? Nə olsun hər ikisi A hərfi ilə başlayır. Bu dəqiqə dünyanın elə qarışıq vaxtıdı ki, əlifba çətin məsələlərin qarşısında acizdi. Üç gündən sonra bizim tərəflərdə təqvimdə qara boya ilə rənglənən tarix qeyd olunacaq. Ştatlar birləşəndən sonra ABŞ kimi tanınan Amerikadasa böyük bir bayramdı. Bəs necə? Amerikanın yeni prezidenti məhz yanvarın 20-də and içib vəzifəsinin icrasına başlayacaq. Arvad-uşağını da götürüb keçəcək üzü çox üzlər görən "Ağ Ev"in yuxarı başına. Barak Obamanın qara dərililərin arasında ilk dəfə Amerika prezidenti seçilməsi ona qarşı olan marağı yüz qat artırıb. Adi vaxtlarda dövlət başçılarının adını da bilməyən amerikalılar Obamanın andiçmə mərasiminə can-başla hazırlaşırlar. Məşqdə ora-bura addımlamaqdan bəzi əsgərlərin ayağında "mazol" tapılıb.
   
   İmkan olaydı, adam gedib girəydi Obamanın evinə... İndi orda bir vur-çatlasın, çal-oynasındı, gəl-görəsən. Zarafat deyil, kişi zənci ola-ola Amerika Birləşmiş Ştatlarının prezidenti seçilib. ABŞ prezidenti olmaq da, elə bütün dünyaya sahiblik etmək kimi bir şeydi. Yəni çox zırıltı vəzifədi...
   
   Amma qaraların bəxti heç yerdə gətirmir. Barak min bir əziyyətdən, az qala bir il sürən təbliğat kampaniyasından sonra prezident seçilib "Ağ Ev"ə sahib çıxanda dünyada aləm qarışdı. Neft suyla eyni qiymətə oldu, zavod və fabriklər dayandı, camaat işindən-gücündən ayrı düşdü, İsrail Fələstinlə müharibəyə qalxdı, İraqda nə partladanın sayı bəlli oldu, nə partlayanın, Rusiya Avropanı qazsız qoydu, Roman Abramoviç kimi milyarder "Çelsi" futbolçularının maaşını aşağı saldı, Bakıda körpüsalanlar istirahətə getdiklərindən Seymur Baycan "Körpüsalanlar" romanını nəşr etdirdi...
   
   İndi yəqin ki, Barak Obama vidalaşmağa hazırlaşdığı köhnə evində andiçmə mərasimi üçün şalvar-pencək seçir. Görəcəyi işləri beynində götür-qoy edə-edə dodaqaltı pıçıldayır
   
   
   
   Obamayam, atım qara,
   
   Özüm cavan, üzüm qara.
   
   Görən deyir, sür, İraqa,
   
   Ay duy-duy, duy-duy, duy-duy...
   
   Təzə prezident Obama zümzümə etməyində olsun, biz qayıdaq dünyadakı işlərin yanına. Dünyanın vəziyyəti həqiqətən də xarabdı. Əvvəlki zamanlar olsaydı, deyərdim ki, vəziyyət uruscadı. Lakin ruslar qazı Avropaya buraxmayandan sonra işlər deyəsən bolqarcadı. Zarafat deyil, qışın nişanlı qız çağında Avropanın əksər ölkələrində gecələr camaat evində iki yorğanla yatır. Filmlərdə görmüşdük də, başqa vaxt Avropa camaatı yatanda heç üstlərini örtmürdülər. İqtisadi böhran da bir yandan şahmar ilan kimi dolanıb dünyanın boğazına.
   
   Üç gündən sonra ABŞ-ın prezidenti olacaq Barak Obama bütün bu işlərin öhdəsindən gələ biləcəkmi? Gələcəksə, necə gələcək? Başqaları kimi rəngsaz-politoloq da deyiləm ki, bu suallara cavab tapım. Lakin bildiyim məsələlər də var. Dəqiq bilirəm, dünyanın bu qarışıq zamanında gələn həftədən etibarən ABŞ-da on minlərlə süpürgəçi, qabyuyan işsiz qalacaq. Bəs necə... Təzə prezident dərhal kadr islahatlarına başlamalıdı, ya yox?
   
   Gözəlim Azərbaycanda elə ki, birini "JEK"ə müdir təyin etdilər, kabinetə girən kimi bütün süpürgəçiləri işdən azad edir. Deyir ki, siz köhnə müdirin adamlarısız, mən özümə təzə komanda yığıram. Bizdə "JEK" müdiri kadr islahatı aparırsa, Azərbaycan kimi adı əlifbada A hərfi ilə başlayan Amerikada o boyda prezident özünə təzə komanda yığmayacaq?
   
   Amerikayla bizi A hərfi yaxınlaşdırsa da Obamanın ölkəsi bizdən çox uzaqlardadı. Yaxında olsaydı deyərdim ki, Barak müəllim, özünə komanda yığanda diqqətli ol! Kresloya çox bel bağlama, vəzifə gəldi-gedərdi. Bu 10-15 ildə tək bizim rayon 6-7 icra başçısı görüb... Bir də Obamaya deyərdim ki, özünə bir zəncir al. Barak müəllim ünsiyyətcil adama oxşayır, yəqin soruşacaqdı zəncir mənim nəyimə lazım olacaq? Hə...
   
   Hə, onda ABŞ-ın lap təzə prezidentinə keçmiş prezident Cimmi Karterin başına gələn olayı danışardım. Deməli belə, o gün sabiq prezident Cimmi Karterin və həyat yoldaşı Rozalinin velosipedləri oğurlanıb. Karter prezident vəzifəsində işləyəndə zəncir alsaydı, indi velosipedsiz qalmazdı...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK