Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DZERJİNSKİ İLƏ İLK TANIŞLIĞIM Adalet.az | DZERJİNSKİ İLƏ İLK TANIŞLIĞIM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DZERJİNSKİ İLƏ İLK TANIŞLIĞIM

("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)

15205    |   2008-09-20 02:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1956-cı il ailəmizin həyatına böyük dəyişiklik gətirdi. Bunun nə demək olduğunu mən sonralar bilmişəm. Amma Bakının keçmiş Pyotr Montin küçəsində kiçik həyət evimizin sanki birdən-birə işıqlanması indi də xatirəmdə qalıb. Qapısı tək-tük halda açılan mənzilimizə xeyli əmilərin, xalaların ayaq açması, bir neçə gün evin dolub-boşalması qəribə gəlirdi mənə. Axı nə ad günüm idi, nə də başqa bir səbəb vardı. Nənəm Xeyransanın, atam Adilin, anam Gülnarın mənə aydın olmayan təlaşını ifadə etməyə heç indi də qələmimin gücü yetməz. Onlar elə hey öz aralarında nəsə danışar, vaxtaşırı gözləri bulud kimi dolub-boşalardı. Onlara zillənən çaşqın və nigaran baxışlarım külək kimi o buludları uzaqlara qovardı. Yağmur da dayanardı. Hər ikisi məni qucaqlar, öpüb əzizlər, atıb-tutardı. Mən heç bir şey anlamazdım. Görən, nə münasibət? Amma elə hey deyərdilər ki, Etibar sağ olsun, torpağı sanı yaşasın. Bir də deyərdilər ki, Allah əvəzini verib. Nə bunları, nə də o günlərdə tez-tez eşitdiyim "torpağı sanı" sözünün mənasını bilmirdim. Allah tərəfindən kiminsə əvəzinə verildiyimin də nə demək olduğunu anlamırdım. Nə anam, nə atam, nə də istəkli nənəmdən nələr baş verdiyini öy-rənə bilmədim. Elə bilirdim ki, artıq böyümüşəm, hər şeyi başa düşürəm. Axı, 6 yaşım var idi... İndi istəsəm də o gözlə bu dünyanı görə bilmərəm ki... Amma o vaxt dünya necə də təmiz idi... Yox-yox! Dünya elə necə var eləcə idi. Təmiz olan mənim körpə gözlərim idi... Ötən əlli ildə onlar da çox bulandı... Mən dünyadan uşaq baxışları ilə seyr etdiyim təmizliyi gözləməkdə ikən ağlım da gözlərim kimi yavaş-yavaş dumanlanmağa başladı...
   Bizim ailəyə ilk fotoaparat bəhs etdiyim günlərdə gəldi. Mən onu da bir oyuncaq bilirdim. Bir az ağır olsa da görkəmi qeyri-adi idi, heç cür o biri oyuncaqlarıma bənzəməzdi. Əlimdən alıb başa saldılar ki, bu fotoaparatla böyüyəndə qəşəng şəkillər çəkərsən. İndi ver qoyaq qutusuna ki, sınmasın. Amma hərdən səhərlər şıltaqlıq edib südlü aş yeməyəndə anam hər kəsdən gizli onu qutusundan çıxarıb qoyardı qabağıma. Mən də aparatın həvəsinə bəyənmədiyim südlü aşı birtəhər yeyərdim. Məktəbə gedəndə hərfləri öyrənəndə fotoaparatın dəri futlyarının üstündə əvvəllər naxış zənn etdiyim yazını oxuya bildim. Üç böyük hərf yazılmışdı - FED. Atamdan soruşdum ki, bu nədir? Dedi, aparatın adıdır. Amma heç eşitdiyim-bildiyim adlara oxşamırdı. Qısa olduğundan yadda saxlamaq asan idi. On iki yaşından Yuri Qaqarin adına Pionerlər Evinin foto dərnəyində yavaş-yavaş şəkil çəkməyi də öyrəndim. Çox sonralar bildim ki, boynuma asıb əzizlədiyim aparatın üzərindəki üç böyük hərf mənim üç əziz adamımı bir-birindən ayıran, yüz minlərlə günahsızın, o cümlədən mənim Qafar babamın qətlinə səbəb olan qorxunc bir qurumun amansız başçısının adı, soyadı və atasının adının baş hərfləri imiş. FED, yəni Feliks Edmundoviç Dzerjinski. Sən bir işə bax. 1956-c ildə repressiya qurbanı olan babama bəraət veriləndə ən yaxın dostlarından biri atama FED markalı fotoaparat bağışlamışdı. O da şəkil çəkə bilmədiyindən, (bəlkə də başqa səbəbdən-E.B.) ilk gündən dedi ki, qoy bu, Etibarın olsun. Həmin aparatı əlli ildən çoxdur ki, evimizdə xatirə kimi saxlayıram. Feliks Edmundoviç Dzerjinski ilə qiyabi tanışlığım belə başlamışdı. Böyüyəndə onu da öyrəndim ki, babamın "xalq düşməni" kimi güllələnməsinə qərar verən Dzerjinskinin yaratdığı təşkilat olub.
   
   * * *
   
   Bir vaxtlar onu İnqilab cəngavəri, kommunizm uğrunda alovlu mübariz, Vladimir İliç Leninin ən yaxın silahdaşı, deyə təqdim edər, gənc nəslə nümunə göstərərdilər. Sarsılmaz Sovet Sosialist Respublikaları İttifaqının hər yerində iyirminci illərin ikinci yarısından sonra əbədiləşdirilən xatirəsi əziz tutulardı. Adına neçə-neçə şəhər, rayon, müəssisə, təsərrüfat, fabrik, zavod vardı. Heykəllərini saymaqla tükənməzdi. Hər yerdə olduğu kimi, Bakıda da Dzerjinski adına rayon, klub, zavod, park var idi. Feliks Edmundoviçin boz qranitdən yonulmuş əzəmətli heykəli keçmiş Çapayev küçəsində onun adını daşıyan parkda ucaldılmışdı. Önündən tər çiçəklər əskik olmazdı. İndi bütün bunlar olsa-olsa, yalnız yaşlı adamların xatirində qalıb. Yaşlı nəslin xatirində təkcə bu deyil, onun rəhbərliyi ilə yaranan təşkilatın iyirminci-otuzuncu, qırxıncı illərdə ölkə daxilində baş alıb gedən kütləvi qırğınlara, haqsızlıqlara, amansızlıqlara, qəddarlıqlara cavabdeh olduğu da qalmaqdadır. Qəribədir ki, yüz minlərlə adamı "xalq düşməni" kimi məhv edən çekistlərin özləri də repressiya maşınından yaxalarını qaçıra bilmirdilər. Nəinki sıravi işçilərin, hətta Dzerjinskidən sonra müxtəlif illərdə təşkilata rəhbərlik edən Menjinski, Yaqoda, Yejov, Avakumov, Beriya kimi generalların da aqibəti son dərəcə ibrətamizdir. Əlbəttə, tarixdən ibrət dərsi almağı bacaranlar üçün...
   
   * * *
   Feliks Edmundoviç Dzerjinski 1877-ci il sentyabr ayının 11-də o vaxtkı Polşanın Vilinsk vilayətində anadan olmuşdu. Yazılanlara inansaq, 17 yaşında bir dəstə yaşıdları ilə and içib əhd-peyman bağlamışdı ki, zülmə qarşı son nəfəsə kimi mübarizə aparacaq. Kifayət qədər təmin olunmuş zadəgan ailəsində böyüyən, sosial problemlərin nə olduğunu bilməyən yeniyetmə hansı zülmə qarşı üsyan edirdi? Zülmün rəngi, dadı, qoxusu, istisi-soyuğu, acısı, ağrısı barədə nə bilirdi? Zülm sözünün məzmunu, mahiyyəti onun təsəvvüründə nədən ibarət idi? Bəlkə bütün bunlar, yəni uşaqlıqla bağlı xatirələr, qəlbindəki inqilabı hayqırtı sovet ideoloqlarının qələminin məhsulu idi? 1895-ci ildə Litva sosial-demokrat partiyası Vilno təşkilatına üzv olur. Tezliklə bu təşkilatın sol, yəni inqilabi qanadına meyl göstərir. Çağırış vərəqələrinin yayılmasında, yerlərdə təşviqat işinin aparıl-masında, tətillərin keçirilməsində iştirak edə-edə peşəkar inqilabçı kimi yetişməyə başlayır. İlk dəfə məhbəs həyatı yaşamaq 1897-ci ildə ona nəsib oldu. İyul ayının 17-dən yeni ünvanı Koven həbsxanasını sayıla bilərdi. Amma bir il sonra 3 illiyinə Vyatsk quberniyasına sürgün edilir. Orada da çox qərar tuta bilmir. 1899-cu ilin avqustunda Kama çayında kiçik qayığa minib aradan çıxır. Az gedir, düz gedir, dərə-təpə düz gedir, gəlib çatır Varşavaya. Burada ciddi-cəhdlə partiya quruculuğu ilə məşğul olmağa başlayır. Bu da uzun sürmür. Yeni əsrə yenicə qədəm qoyan kimi yenidən onu həbs edib beş il müddətinə el içində gedər-gəlməz kimi tanınan Sibirə göndərirlər. Qoçaq tezliklə tayqa meşələrindən də qaçmağı bacarır. Amma necə? Bunu özündən başqa heç kim bilmir...
   Onun Leninlə ilk görüşü 1906-ci ildə Stokholm şəhərində RSDFP-nin IV qurultayında baş verib. Bu qurultayda Polşa və Litva sosial-demokratları RSDFP-nin tərkibinə daxil oldular. Dzerjinski partiyanın Mərkəzi Komitəsinə üzv seçilir. Lakin siyasi həmfikirlərinin yüksək etimadı onun üçün düşərli olmadı. Yenə həbs edildi. Yalnız üç il sonra təkrar sürgündən qaçmağa müyəssər olur. Üç il də Avropa ölkələrində qeyri-leqal yaşayır, gizli şəkildə inqilabi fəaliyyətini yürüdür. Nə yedi, nə içdi, necə dolandı, onu da dəqiq bilmirəm, Hər halda gündəlik ehtiyaclarını ödəmək imkanı vardı. 1912-ci il sentyabrın 1-də Varşavada yenidən həbs edilir. Leopold Beletski adına pasportu xəfiyyələrə təqdim edən Feliksin mənzilində axtarış zamanı aşkar edilən qeyri-leqal ədəbiyyatın ev sahibinə deyil, məhz ona aid olduğunu söyləyir. Həbs olunan gün macal tapıb Krakovda yaşayan arvadına qısa məktub göndərir. Məktubda deyilirdi:
   "Mənim əzizim! Bədbəxt hadisə baş verib. Möhkəm xəstələnmişəm. Görünür, yaxın vaxtlarla səninlə görüşə bilməyəcəyəm. Səni və balaca Yasiki ürəkdən öpürəm".
   1913-cü ilin sonunda Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyi ərəfəsində əfv fərmanı imzalanmışdı. Amma bu fərman mütləqiyyətə qənim kəsilən məhkumlara şamil edilmirdi. Sıra hesabına görə altıncı məhbus həyatı sonralar 1917-ci ilə kimi Moskvada davam etdi. Petroqradda Fevral çevrilişi baş verəndə Moskva da həmin gün dərhal ayaqlandı. Butır həbsxanasındakı bütün dustaqlar kimi, o da azadlığa qovuşdu.
    Dzerjinski Oktyabr çevrilişinin əsas təşkilatçılarından və rəhbər-lərindən biri kimi tanınır. Qış sarayı alınandan bir ay sonra Leninin təklifi ilə Xalq Komissarları Soveti əks-inqilabçı qüvvələr, sabotajçılar və möhtəkirlərlə mübarizə məqsədilə Ümumrusiya Fövqə-ladə Komissiyası yaradılması barədə qərar qəbul edir. Sədr vəzi-fəsinə Feliks Edmundoviç təyin olunur. Onun yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyətli addımları, inqilabi mübarizə illərində topladığı təcrübədə qazandığı peşəkarlıq xüsusiyyətləri nəticəsində az bir vaxtda yeni yaradılan qurum həqiqətən fövqəl səlahiyyətli, ən mü-hüm məsələlərin həllinə təsir edə biləcəyini, bir çox ciddi təhlükənin qarşısını almağa qadir olduğunu nümayış etdirir. Təsadüfi deyil ki, inqilabın ilk illərində xarici müdaxilənin köməyi ilə hazırlanan əksər çevriliş cəhdlərinin, terror aktlarının qarşısı alınırdı. Məşhur ingilis kəşfiyyatçısı Lokkartın rəhbərliyi ilə hazırlanan əməliyyatın üstünün açılması və dəstə üzvlərinin zərərsizləşdirilməsi yeni yaranan qurumun ilk böyük uğurlarından sayılırdı. Lokkart Robert Qamilton 1911-ci ildən Moskvada ingilis konsulunun köməkçisi idi. 1915-1917-ci illərdə artıq vətəndaşı olduğu məmləkətin Rusiyada baş konsulu təyin olundu. İnqilabdan sonra 1918-ci ildən Sovet hökuməti yanında İngiltərənin xüsusi missiyasına rəhbərlik etməyə başladı. Brest sülhünün bağlanması İngiltərənin maraqları ilə qəti surətdə düz gəlmirdi. Ağqvardiyaçıların iştirakı ilə hazırlanan çoxsaylı terror aktlarında ingilis barmağı hiss olunurdu. 1918-ci ilin avqustunda "diplomatlar"ın iştirakı ilə hazırlanan çevriliş cəhdinin üstü açılanda məlum oldu ki, hər yerdə görünən ingilis barmağı Lokkarta aid imiş. O zaman çoxları həbs edildi. Güllələnənlər də oldu. Həbs olunanlar arasında Lokkart da var idi. Bir qədər sonra o, azadlığa buraxılaraq ölkədən xaric edildi. Daha doğrusu, Londonda saxlanılan Sovet diplomatı (həm də kəşfiyyatçısı - E.B. ) Maksim Litvinovla dəyişdirildi.
   Tarix boyu pis həyatın sonluğu inqilablarla bitib. Hər inqilabi çevriliş toplumun güzəranında inqilabi dəyişikliklə nəticələnmir. Bəzən yaşam tərzi daha da pisləşir, sosial ədalətsizliklər bir az da kəskinləşir. Arzudan güc alan mübarizənin istənilən nəticəni vermədiyini görəndə insanlar yenidən ayaqlanır, ümidlərini doğruldacaq bir quruluş, cəmiyyət üçün canlarından, mallarından keçməyə hazır olduqlarını nümayiş etdirirlər. 1917-ci il Oktyabr İnqilabı da bəyan edilən nemətləri xalqa məcmeyidə təqdim eləmədi. Ölkəni aclıq, səfalət, məmur özbaşınalığı bürüdükcə bolşeviklərin işıqlı gələcək vədlərinə inananlar belə, yavaş-yavaş çar dövrünün xiffətini çəkməyə başladı. Bu vəziyyətdən şübhəsiz ki, əks-inqilabçı qüvvələr öz məqsədləri üçün istifadə edəcəkdilər. Bu təhlükəni aradan qaldırmaq üçün Vladimir İliç Leninə dəmir qalxan, iti və kəsərli qılınc labüd idi. Onun seçimi doğru idi. Bunu hamıdan yaxşı F.E.Dzerjinski təmin edə bilərdi. Dzerjinski deyirdi ki, çekistin əlləri təmiz olmalıdır. Zaman göstərdi ki, bu təşkilata yalnız əli qana bulanmışlar rəhbərlik edirdi. Menjinski, Yaqoda, Yejov, Avakumov və Beriya buna misal ola bilər. Onların aqibəti də ibrətamizdi.
    Vaxtilə Dzerjinskinin gündəliyindəki bir qeyd diqqətimi yaman çəkdi. Bu, təxminən belə səslənir: İnsanları sevdiyim üçün, bu gün onların sitayiş etdikləri qızıl inəyin könüllərdən insanlığı, məhəbbəti didərgin saldığını qəlbimin bütün telləri ilə gördüyüm və hiss etdiyim üçün mən var-dövlətə, sərvətə nifrət etdim.
   
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK