hacklink Adalet.az | BİRİNCİLƏRƏ BİRİNCİ MƏKTUBUM Adalet.az | BİRİNCİLƏRƏ BİRİNCİ MƏKTUBUM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİRİNCİLƏRƏ BİRİNCİ MƏKTUBUM

20236    |   2008-09-13 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabr gələli, yenə minlərlə uşaq uşaqlığın daşını atıb birinci sinfə yollandı. Mənim kiçik nəvəm Adilə də əlinə çanta alıb böyük bacısı Mənzər oxuyan məktəbdə birincilərə qoşuldu. Beləliklə, ailəmizdə ən kiçik qızımız savad, elm, bilik səltənətinə qədəm basdı. Sinifdən başlanan bu yolun nə qədər uzun, mürəkkəb və daş-kəsəkli olduğunu nə o, nə də onun tay-tuşları yaxşı ki, bilmir. İndi bu yolda onların yükü olsa-olsa təzəcə alınan çantalarının ağırlığı qədərdir. Amma sonra... Axı, bu yol insan ömrü boyunca uzanan bir məsafədir. Ömür yollarında həyatın mənası müxtəlif olur. Yaxşı-pis hərə öz ömrünü yaşasa da, hərənin amalı fərqlidir. Biri özü üçün, kimlərsə ailəsi və yaxın çevrəsi üçün, bəzi seçilmişlər də millət, məmləkət üçün çalışır. Hamı cəmiyyətdə mövqe tutma yarışına birinci sinifdən başlasa da, birinci olmaq seçilmişlərə məxsusdur. Bir il əvvəl elə bu günlərdə ilk kəs şagird-tələbə sevincini yaşayanlara "Ədalət"də bir yazı həsr etmişdim. Dünən yeni diləklərimi qələmə almaq istəyəndə daha öncəki yazımı bir də gözdən keçirdim. Gördüm ki, arzularım köhnəlməyib. Onları olduğu kimi sinifdən başlayan böyük yolun yolçularına - birincilərə ünvanlayıram.
   
   Birinin övladı anadan olanda gözaydınlığna gələn qohumların, yaxınların adətən nə arzuladığı hamıya bəllidir. Arzular sırasında bu ikisi mütləq var: "O gün olsun, uşaq məktəbə getsin", "O gün olsun, böyüyüb instituta qəbul olsun".
   Çoxları üçün bir vaxtlar arzu olan həmin gün indi gəlib çatdı. Yeni dərs ili başladı, balalar artıq məktəbə yollandı. Kimi birinci sinfə, kimi birinci kursa... Məncə, birinci sinfə gedənlərin sevinci daha böyük olacaq. Bəlkə ona görə ki, orada hər şey əlifbadan başlayacaq "A" hərfindən. Sonra öyrənə-öyrənə hərflərin sayı 32-yə çatacaq. Sonra sözlərin düzgün tələffüzü, yazılış qaydası, rəqəmlər... Dünyaya açılan bu kiçik pəncərə getdikcə böyüyəcək, böyüdükcə sinif otağı dar gələcək. Çünki yaşadığın mühit, cəmiyyət özü tədris ocaqlarında keçilən fənlərdən xeyli fərqli olan real həyat dərsi verməyə başlayacaq. Əslində, məktəblərdə öyrəniləcəklər qarşıdakı həyat məktəbi üçün bir hazırlıq kursudur. Özünü ona hazırlayanlar nəticədə udacaq. Sən də onların cərgəsində ol.
   
   xxx
   
   Bu gündən tələbəlik ömrün başladı. Naməlum yaşıdlarınla tanışlıq, yeni müəllimlərinlə ilk görüş, yeni fənlər öyrənmən, görən nə verəcək sənə? İlk günlər auditoriyada hamı bərabərdir, birdir. Həftələr sıralandıqca, aylar ötdükcə ilk semestr imtahanı gələndə kimi birinci, kimi axırıncı olacaq. Kimi əlaçı tək önə çıxacaq, kimi dərsə dəvamiyyət gətirməyənlərin siyahısına düşə-cək. İmtahan əsl tələbəylə tələbə biletini cibində gəzdirəni, vaxt keçirmək, bir müddət əsgərlikdən yayınmaq, baş girləməklə diplom almaq istəyənləri bir-birindən ayıracaq. Heç təəccüblənmə, həmişə belə olub. Sən özün üçün nə edəcəyini müəyyənləşdir. Nə verib, nə alacağının fərqindəmisən? Verdiyin həyatda ən qiymətli şey gənclik illərin olacaq. Bu qiymətə quru diplom almaq azdır, sən çalış ki, bilik toplayasan. Gənclikdə qazanılacaq əsl sərvət budur. Pulgir müəllim tapıb zaçot və imtahan qiyməti yazdıranları ciddiyə alma. Kurs və diplom işlərini muzdla yazanlar ətrafında dolaşan hansısa fərasətsizə yüksək qiymət də verəcəklər. Bunları görəndə ruhdan düşmə. İndi zaman təzələnir. Dünya yalnız firlanmır, həm də dəyişir. Sabahın ciddi iş sahibləri işbilməzə, istər kim olursa-olsun, iş verməyəcək. Əsl bazar iqtisadiyyatı siyasəti qohum tanış bilməz, xahişlə, rüşvətlə işə adam götürməz. Sən elə bilmə ki, elm-bilik ocağını söndürüb közüylə oynayanlar həyatda udacaq. Mən inanıram ki, gələcəkdə yeniləşən Azərbaycanın xoş-güzəran qapıları atasının varına, vəzifəsinə arxalanan bəzi boşbeyin, lovğa, təkəbbürlü cavanların deyil, yalnız ağlı, biliyi, savadı, əxlaqı yerində olanların üzünə açılacaq. Bir qədər çətin də olsa, buna inanmalısan. Özünü inandırmalısan. Bilirəm, artıq birinci sinfə yox, birinci kursa gedəcəksən. O dediyim həyat dərslərini paralel olaraq küçə-bacada hər gün almağa başlamısan. Bəzən eşitdiklərin birdir, qarşılaşdıqların, gördüklərin başqa. Adətən, deyərlər, gördüyünə inan. Sən həmişə gördüklərinə inanma. İnsan yalnız gördüklərinə inansa, o meyarlarla yaşasa, bunun sonunun nə olacağını düşünmək belə istəmirəm. Çalış ki, gördüklərinə yox, xəyallarına inanasan. Xəyallara inananların arzuları gerçəkləşir. Bütün böyük kəşflər xəyallardan doğub. Xəyallar insanı quş qanadlı edib. Ucan xalçalar təyyarələrdən öncə arzuları pərvazlandırıb. İnsanın fəzaya yüksəlmək istəyi, uzaq məsafələr qət etmək niyyəti ümidlərə yol açıb. Televizordan əvvəl bədənnüma aynalarla yanaşı, hər şeyi nümayiş etdirən sehrli güzgülər xalq nağıllarında mövcud olub. Bəşəriyyətin yenilik istəyi, arzusu, xəyalı həmişə elmi ixtiraların önündə gedib. Sən də böyük arzularla yaşa, xırda hisslərə könlünü əsir etmə. Bir şeyə qəti inan ki, haqq-ədalət tez-gec zəfər çalır. Ömrünün çətin günlərində ümidini bayraq edən, amalına gedən yolda hər şeydən keçən o böyük İnsan da vaxtilə belə demişdi: "Qoy, ədalət zəfər çalsın!"
   
   xxx
   
   Sənə auditoriyada mərdlik dərsi keçəcəklər, sən isə yaşadığın həyətdə bəzən namərdlərin meydan suladığını görəcəksən. Müəllimlərin sənə "düz ol", deyəcəklər. Nadü-rüstlərin, buqələmunların, hər mühitə uyğunlaşanların daha rahat, firavan yaşadığıyla rastlaşacaqsan. Qaydaları, qanunları pozma deyənlərin özlərinin qaydasız, qayğısız həyatlarının sirlərini anlaya bilməyib pərişan olacaqsan. Nələrisə anladıqca, öyrəndikcə, bildikcə bilmədiklərin daha da artacaq və bir gün, bəlkə də bədbinliyə qapanıb məktəblərdə öyrəndiklərindən imtina etməyə qərarlı olacaqsan. Nəticə çıxarmağa tələsmə, səbrli ol. Bəzən qəzetlərdən, efirdən yalan-iftira püskürdüyünü duyanda, buna da təəccüblənmə. İndi mətbuat kimlərinsə əlində qurşunsuz silaha çevrilib. Hər an açıla, könüllər yaralaya bilər. Bu yaralara məlhəm qoyan təcili yardım stansiyaları da yoxdur ki, müraciət edəsən. Əvvəllər deyərdilər, kitab biliyin anasıdır. İndi kitab Ana evsiz-eşiksiz qalıb, küçələrdə gecələyir, səkilərdə yatıb qalır. Şəhərdəki çoxsaylı kitab evləri öz ilkın təyinatını itirib. Biganəlikdən kitab-ananın özü də ögeyləşib. Dəyərli kitabları çap etməyə imkan tapılmayanda, imkanlıların dəyərsiz cızmaqaraları nəşriyyatların çörək ağacı olur. Bizlərə də kitab adına onları sırıyırlar. Hansısa kiçik qələm sahibi böyük mövzudan yapışıb tanınmaq istəyir. Nə yazıq ki, başqa bir gerçək istedad sahibi də kiçikləri qələmiylə şərəfləndirib ucaltmağa cəhd etdikcə, bir ziyalı kimi, əriyib yox olur. Külüng yerinə qələm çalıb, hər şeydən öncə özünü, öz istedadını, adını, şərəfini xırdalayanlar nə qədər yanlış addım atdıqlarını təəssüf ki, sonradan dərk edirlər. Həyatda cox şeyin alınıb satıldığına kimsənin şübhəsi olmasın. Amma alınıb satılmayan şeylər də var. Məsələn, savad, bilik, Tanrı payı olan istedad. Bilikli, savadlı, istedadlı adamın özü satıla bilər, amma malik olduğu bu mənəvi sərvəti başqasına sata bilməz. İndi bəzi harınlar, keçid dövründə haqq etmədən sərvət qazananlar, iki uzunqulağın arpasını bölməyi təzəcə öyrənənlər və bunun həqiqətən bir hünər, elm olduğuna inananlar cəmiyyətdə üləma kimi görünmək istəyir, elmi dərəcə almaq üçün bazarlığa çıxırlar. Bu ucuzlaşdırılmış mallar dükanından çalış uzaq dolanasan.
   
   xxx
   
   Mətbuat və söz azadlığı pərdəsi altında indi sayı çoxalıb, səviyyəsi enən ələbaxan qəzetlərdə hər yazılanı oxuyub fikirlərini, düşüncələrini zəhərləmə. Beş günlük həyat adlı çürük oyunda şeş qoşa atanlar arasında özlərinə dübarə məşuq tapanlardan, Dubaya gedib hərraca çıxarılanlardan efirdə bar-bar bağırırlar, qəzetlərdə mütəmadi yazırlar. Amma namuslu, ismətli qızların sevdiyi gənclə ailə qurmasından, müqəddəs analıq borcunu şərəflə yerinə yetirən qadınlardan bəhs edən yazılara rast gəlmək müşkülə dönüb. Hansı qəzetdə, jurnalda oxudun ki, gözəl bir qız özünə ömür-gün yoldaşı seçərkən vara-dövlətə yox, ləyaqətə, nəcabətə üstünlük verib? Bahalı maşınlarda dolaşan, dəbdəbəli mənzillərdə qonaq-qara qəbul edən, xarici ölkələrin qaranlıq gecə klublarını üst-başındakı daş-qaşıyla işıqlandıran, fövqəl qadir məşuq sahiblərini günümüzün qəhrəmanı etmək kimə lazım? Böyük səhnə ulduzları qalıb bir yanda, media mikrofon cırcıramalarının peşində dolaşır. Amma bu da çox sürməz. Belə eybəcər meyllər səni yolundan çıxarmasın, hədəfindən yayındır-masın. Unutma ki, sən təkcə öz ailənin yox, həm də Vətənin gələcəyinə cavabdeh olan yeni nəslin övladısan.
   
   xxx
   
   Gənc dost, sənin adın nədir, bilmirəm. Mənim adım Etibardır. İndi bu ad heç dəbdə deyil. Aramızda etibarlı adamlar azaldığından təzə doğulanlar içərisində də etibarlar azalıb. Bir vaxtlar körpələrə Cəfər Cabbarlı qəhrəmanlarının adlarını verərdilər: Aydın, Sevil, Almaz, Qorxmaz, Dönməz, Sönməz, Yaşar... Vay o gündən ki, içimizdə mematilər, çakırlar, alkaponelər, qılınclar peyda olsun. Onda aydınlar qaralacaq, sevillər əvvəlki tək sevilməyəcək, qorxmazlar daldalanmağa kölgə axtaracaq, yaşarlar yalmanaraq yaşayacaq, kimlərəsə yaltaqlanacaq, dönməzlər fırfıraya dönəcək, sönməzlər közərəcək, fəqət bir daha yanmayacaq.
   ... Qəribədir, doğularkən valideynlərimizdən hərəmiz şərti bir ad alıb ömür adlı yola qədəm basırıq. Həyatın dolanbac yollarıyla hərəkət etdikcə əməllərimiz bizə ikinci ad qazandırır. Birinci adı üzümüzə, ikincini arxamızca deyirlər. Bəzən elə olur ki, ikisini də yanaşı səsləndirirlər. Hansı həqiqətən bizimkidir, hansı daha çox bizə yaraşır? Pasportda yazılan, yoxsa həyatda qazanılan? Bizi son mənzilə yola salanların dilində son dəfə səslənən nə olsa, məncə, əsl adımız elə odur! Axirət dünyasının sərhədində bizi o adla qarşılayacaqlar. Öz adını özün qazan! Seçim üçün düşünmə ki, xeyli zamanın var. Vida zəngi məktəb zəngi deyil ki, 45 dəqiqədən bir səslənsin. O, hər an çalına bilər...
   
   xxx
   
   Auditoriyada bir şey eşidəcəksən, küçədə başqa şeylə qarşılaşacaqsan. Nə etməli? Yalnız qəlbinin səsini dinlə. Yolundan dönmə. Kiminsə yumruğu daha güclü ola bilər. Amma içindən özünü sındırmasan, kimsə səni yıxa bilməz. Bunu yaxşı bilməlisən. İdmanla məşğul ol, əzələlərini möhkəmlət. Amma əsas işin zəkanı itilətmək olsun. Yemək yedikcə mədə dolub-boşalar. Əgər boşalmasa, insan məhv olar. Baş biliyi, savadı, təcrübəni beynində saxlar. Bu da başın mərifəti, beynin qidasıdır. Baş da mədə kimi qəbul etdiyini ifraz etsə, adama başıboş, yelbeyin deyərlər. Başını dik tut, amma yelləmə. Onu tale yollarında əsən sərsəri küləklərə, bəzən zəif damarını tapıb qəlbinə hakim olmaq istəyən abırsız diləklərə əsir etmə.
   xxx
   
   Dərslər başladı. Dərs alanlar üçün də, dərs verənlər üçün də. Görən, imtahandan kimlər və necə çıxacaq? Elə zənn etmə ki, hər şey qış sessiyasında bilinəcək, əsla. Doğru qiymət Tanrı dərgahındakı imtahanda ola-caq. Özünü ona hazırla. Son zəng də orada çalınır, ən tərəfsiz qiymət, ədalətli hökm orada verilir. Unutma ki, yanılmayan təkcə Tanrıdır!
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK