ANA SƏHİFƏ / YAZARLAR

Ata minəndə özünü, düşəndə atını gözlə...

88959    |   2014-12-27 01:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Dağlar, ağ başdı dağlar,
Gözləri yaşdı dağlar.
Yalvarıram, düz deyin,
Sizdən kim keçdi dağlar?

Hacı Meyxos Hüseynovun yaşının 80 illiyinin tamamını əməkdar jurnalist Həmzə Vəliməmmədovun "Ədalət" qəzetinin ötən şənbə sayında dərc edilən "Qartal ucalıq sevər" adlı yazısını oxuyandan sonra bildim.
O Hacı Meyxos Muğandan başıyuxarı ta Orand elinəcən hər kənddə-kəsəkdə sözü-söhbəti danışılan kişidir.
Müxtəsərcə də olsa onun haqqında söz deməyi özümə borc bildim.
Öz halal duz-çörəyini dost üçün qızırqanmayan, ürəyi dolu, dağ əzəmətli, el ağırlıqlı kişi, 80 yaşınız mübarək!
Sizi daim el ucalığında gördüm. Tanrı bu ucalığı sizə ömür var ikən əsirgəməsin!
Kəsilən sözün ucalığında görüb tanıdım sizi. Sözünüz kəsərdən düşməsin! O dağların qüdrətinə, ucalığına elə sizin kimi də dağ cüssəli, dağ əzəmətli kişilər yaraşır. O dağlar sizsiz qərib düşər, darıxar. Tanrım sizi o dağlara çox görməsin!
Deyirlər, Hacı Meyxosun 80 yaşı tamam olur. Qəribədir, mən o kişiyə bir elə yaş verə bilmirəm. Onu elə görüb eləcə tanımışam, elə hiss etmişəm, elə bilmişəm ki, Hacı Meyxos elə o dağlarla birlikdə doğulub. Yaşı da elə o dağlarınkı qədərdir.
Onunla çox yerlərdə görüşlərimiz olub. İşlə-xidmətlə bağlı rəsmi məqamlarda və elin ağır-urvatlı kişisi kimi xeyirdə-şərdə, eləcə də fərdi zəmində. Bu görüşlərin başlanğıcından nə az, nə çox indi düz qırx iləcən vaxt keçir. Üzü dağlara, Gömürgöyə, Xan bulağına, Semaqonuya, Mənnığa yolum düşəndə ya xəbərləşib birgə səyahət etmişik, ya da oralarda rastlaşmışıq. Onunla hər biri bir nağıl, xatırladıqca elə indi də adamı xəyalən özündən alıb o yerlərin qucağına atan, əfsanələşən ürək dolusu məqamlar, günlər olub.
Dilindən o dağlarla, o qədim yurd yerləri, elat camaatı haqqında nə qədər əfsanələr, şirin söhbətlər, xatirələr eşitmişəm.
Hacını o dağlarda da, elə dağlar qədər sevdiyi Muğan Aranında da at üstündə çox görmüşəm. Elə özünə, əzəmətinə yaraşan atların belində. Atdan düşməsin, atı büdrəməsin, üzəngisi boşalmasın!
Bir dəfə atdan söz düşdü. Yadımdadır, dedi ki, yaxşı atı, bax, burdan, Lapatindən Şorsuluyacan asta sürüb yerişini açaram (30 km), ondan sonra cıdıra qoşaram. Görüm çiyin gələn igid tapılacaqmı?
Günlərin bir günü yaylağa Meyxos kişidən xəbərsiz qalxmışdım. Qəsdim elat camaatı ilə görüşmək, xəbər-yetər tutmaq, bir də Xan bulaqdan su içmək, sərinləmək idi. Bulaq başına su içmək üçün dönmüşdüm ki, Hacı ilə rastlaşdım. Düşüb görüşdük. Yorğun sədr yaylağın tər otundan-ələfindən döşəkçə düzəldib üstündə oturmuşdu. Bir kənarda da, ocağın üstündə isə "üzü üzlər görmüş", hisdən qapqara qaralmış bir qəhvədan sakit, həzin-həzin zümzümə edirdi. Hacının qarşısında nəlbəkisiz-filansız daş stəkanda elə həmin qəhvədan süzülən çay buğlanırdı. Mənim də elə o sayağı beləcə bir döşəkçə düzəldib yerə atıb üstünə əyləşdim. Elə həmin qəhvədan mənim üçün də daş stəkanda çay süzüldü.
Az sonra təbii ki, qonaqların gəlişi münasibətilə yaxınlıqdakı alaçıqdan xalça-palaz, samovar, armudu stəkan, nəlbəki gəldi. Söhbət edə-edə samovarı boşaltsaq da, açığı az əvvəl daş stəkanda içdiyim o hisli-paslı qara qəhvədan çayının ətri-tamı bam-başqa idi. Yaddaşımda qalan bir aqillə bağlı bir hekayəti də yadıma salır. Yaman üzlərdən, pis sözlərdən həmin aqil bir şəhərdən baş götürüb gedirmiş. Yolun yorğunluğu canına dolan aqil qarşıda bir kənd görsə də, yolun qırağına çəkilir, otlardan özünə bir döşək düzəldib baş qoyub yatır.
Sonralar həmin aqil nəql edirmiş ki, yastığım elə yüngül, yuxum elə şirin idi ki, yatıb bir gün ayılmadım. Yastığımın ətri hələ də burnumdan çəkilməyib.
Hacının da yeniyetməliyində-gəncliyində neçə-neçə allı-güllü çəmənlərdə, yamaclarda yastığı təzə-tər otlar, çiçəklər, başı-üstdə bizim tərəflərin tər-təmiz göyləri, laylası bum-buz, suları şərbət bulaqların nəğmələri olduğundandır ki, ürəyi-qəlbi də beləcə saf, nurlu, pak qalıb.
...Deyirlər, bir gün bir kəndin ahılı-cavanı yığışıb belə qərara gəlirlər ki, özlərinə bir ağsaqqal seçsinlər, onun sözləri hər birinə bir qanun olsun, necə deyərlər, seçdikləri ağsaqqal ayaq qoyan yerə onlar baş qoysunlar. Dedikləri kimi də edirlər. Obanın ayağında bir qoca yaşayırdı. Böyüklə böyük idi, kiçiklə kiçik. Obanın xeyrində, şərində başda idi.
Həmkəndliləri gəlib kişinin qapısını döyürlər. Açıb deyirlər ki, bəs belə-belə...Kişi də bir dərin fikrə gedir, dağı arana daşıyır, aranı dağa. Birdən olmadı elə, oldu belə. Söz deyər, sözü yerə düşər. Onda bəs necə olsun. Deyir, qoy bunları bir sınağa çəkim. Qayıdır ki, bəs bir şərtim var. İndiki məni ağsaqqal seçirsiniz, gərək bəri başdan buyurduğuma əməl edəsiniz. Ordan da qayıdır ki, hazırlaşın, sabahdan zəmi biçməyə gedəcəksiniz. Filan yamacda zəmi yaxşı buğda tutub.
Bu zaman zəminin çiçəklənən vaxtları imiş, buğdanın da tutmağına xeyli varmış. Bunu hamı bilsə də heç kimdən cınqır çıxmır. Hərəyə bir dəryaz götürüb gedirlər ağsaqqalın nişan verdiyi yamaca.
Özünü biçinçilərə çatdıran qoca qayıdır ki, sözüm ki, yerə düşmədi, mən indi sizə ağsaqqallıq edərəm. Biçdiklərinizi dərz bağlayıb aparıb verin mal-qaraya. Dünən bu zəmiyə gəlib baxmışdım. Sahəyə qarabaş naxoşluğu düşüb, buğdası xəstə olasıdır.
Adamlar da özlərinə seçdikləri ağsaqqala öyünə-öyünə sevinirlər.
Bu hekayət elə eyni ilə bizim Hacının əhvalına uyğun gələn əhvalatdı.
Vaxtı ilə bir yerdə çalışdığım həmyerlim Təzəxan Məmiyev danışır ki, bir gün Muğan qışlağında yun qırxımı zamanı yekə bir qızıl ilan qəflətən sürünə-sürünə adamların arasından keçərək dolu kisələr yığılmış mal damına girdi.
Mən qorxuya, təlaşa düşüb yanımdakı əli dəyənəkli, əli çomaqlı çobanlara qayıtdım ki, nə dayanıb durmusunuz, öldürün ilanı. Bir azdan kisələri daşıyıb tərəzi qoyub çəkməliyik.
Haray-həşirimə məhəl qoyan olmadı. Heç kimin heç tükü də tərpənmədi.
Mən qeyzlə onların üstünə bir də acıqlanıb qışqıranda əli çomaqlı bir çoban heç təhər-tövrünü pozmadan:
- Qoy sədrimiz gəlsin, - dedi, - görək o nə deyir, nə göstəriş verir... Beləcə əlimizi-qolumuzu yanımıza salıb xeyli müddət gözləyəsi olduq. Sədr Meyxos kişi də handan hana axır ki, gəlib yun qırxımı yerinə özünü çatdırdı. Sədrə məsələni açıb deyəndən sonra o da: - Öldürün kafiri,-dedi. Çobanlar bir himə bənd imiş kimi dərhal sədrlərinin göstərişlərinə əməl etdilər. Hərəsi bir tərəfdən düşüb bir anda ilanın başını əzib gətirib ortada yerə sərdilər.
Hirs məni boğsa da mat-məəttəl qalmışdım. Axı zəhərli bir ilanı öldürmək üçün hökmən sədrin göstərişi olmalı idimi?
Bunu Meyxos kişiyə deyəndə sədr bığaltı gülümsəyib:- Ağsaqqallıq elə budur da, - deyə fərəhlə dilləndi.- Mən gələnəcən ilanı öldürsəydilər bəlkə gəlib onlara acıqlanar, məzəmmət edərdim ki, ilan çox faydalı canlıdır və ya bəlkə canını götürüb bura nicat gətiribmiş... Bəs onda onlar mənə necə cavab verəsi olardılar?!
Deyir, ata minəndə özünü, düşəndə atını gözlə! Hacının öz atı ilə yoldaşlığı, dostluğu da Lerik tərəflərdə adnan deyilir.
Adətən, ən uzunömürlü atlar 18-20 il yaşayır. Hacı isə atının ömrünü uzadaraq otuzu addadıb. Hacı o atı gözündən uzaq tutmayıb. Atın qocalıb əldən düşdüyü, necə deyərlər, yorğun vaxtlarında yaylağa qalxanda, qışlağa düşəndə yük maşını ilə yanındaca aparıb.
Ötən əsrin 80-ci illərində Soltan Məmmədov Lerik rayon Partiya komitəsində birinci katib işləyən vaxtlar gözəl bir ənənənin əsasını qoymuşdu. Hər il Muğan düzündə "Çoban bayramı" adlı el şənliyi keçirilərdi. O bayramın dadı-duzu at cıdırı idi. Dəliqanlı çaparlar yel qanadlı atlarının yalına yatıb yarışın birincisi olmaq istəyirdi və hər el, hər elat bu cıdır yarışına özünün say-seçmə atlarını çıxarardı. Düşünürəm ki, bu yarışlarda birincilik Hacının camaatının atları, qalibi də yəqin ki, elə Hacının öz atı imiş...
Onun özünəməxsus şəxsiyyəti, xarakteri, hətta məişətini belə mifləşdirilib dildə-ağızda dolaşmasından o qədər sözlər, söhbətlər eşitmişəm ki!
Ötən əsrin yetmişinci illərinin sonunda respublikamızın adlı-sanlı sənətkarları - Sara Qədimova, Qaraxan Behbudov, Rəhilə Həsənova rayona qastrol səfərinə gəlmişdilər. Kolxoz sədri Hacının, onların timsalında mədəniyyət, incəsənət adamlarına diqqəti heç unutmadım. Gəncliyimdə şahidi olduğum o qonaqpərvərliyi bəlkə də sonralar mənim üçün də bir örnək oldu.
Gözünü açandan təsərrüfat rəhbəri olub. Sözün həqiqi mənasında barmaqla göstərilən uğurları çox olub, fəaliyyəti bu gün də elə o ahənglə davam edir. Təsərrüfatın tərəzisini zərgər dəqiqliyi ilə həmişə elə nizamlayır ki, heç zaman kəm-kəsiri olmayıb. Adı isə ancaq yaxşılar siyahısında olub.
Amma şəxsiyyətini vəzifə yox, nəzərimcə Meyxos kişi olmağı təyin edib. Adı böyük hərflərlə yazılan o köhnə "KİŞİ"lərdəndir.
Sərvət dünya malının firavanlığında deyil, nəfsin toxluğu və tarazlığındadır. Meyxos kişi kasıb adam deyil. Firavanlığı öz halal zəhməti, alnının təri ilə qazanıb. Nəfsinin tarazlığına nəzarət edə bildiyi üçün qeylü-qaldan, əyri-əyrü xətalardan uzaq olub.
İki cür feyz var. Sağlamlıq və təhlükəsizlik. Tanrı elə bir kamil ağıl, idrak, səbr və dözüm verib ki, sayəsində bəndələrdən gələ biləcək təhlükələrdən, xətalardan uzaq olub qorunmusunuz. Sağlamlığımıız Tanrımızın əlindədir. Sağlamlığınızı Allah qorusun!
Mahmud Eyvazovla bağlı sizdən çox söz-söhbətlər eşitmişəm. O kişinin 150 yaşında da kəndin xeyir-şərinin qazanlarının yanında qəlyəni (qaranı) kəfkirlə dolu yarı bişmiş quyruğu necə ləzzətlə yediyindən söz saldığınızı da unutmamışam.
Siz də beləcə çox qaynar, həm də maraqlı ömür sürmüsünüz. O kişinin udduğu hava, su, füsunkar təbiət sizin cisminizin və ruhunuzun eyni mənbəyidir.
Arzum budur ki, elə Mahmud kişi qədər də ömür sürəsiniz!



YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK