SAXTA BABA

ƏBÜLFƏT MƏDƏTOĞLU
37153 | 2014-12-27 01:09
Xəyalla yaşamaq, arzuların qanadında uçmuq təbii ki, insana xas xüsusiyyətdi və elə bu səbəbdəndi ki, göylə əlləşib yerlə dil tapan insan bəzən qurduğu xəyalların qurbanına da çevrilə bilir. Amma buna təəssüf etmir. Çünki o, bunu özünün taleyi, alın yazısı kimi qəbul edir və ən pis halda onu qınayanları uğursuzluq kimi qələmə verir və bildirir ki, hər gecənin bir səhəri olduğu kimi, hər arzu da, hər xəyal da çin olmaya bilir. Deməli, əslində burda günah nə xəyalda, nə arzudadıg Günah o xəyalı, o arzunu öz içində yaşadıb, öz içində qanadlandıran insanın öz gücünü dəqiq hesablaya bilməməsindədi. Bir az da çılpaq desəm, gücünün çatmadığı ağırlığı qaldırmaq istəyən hansı duruma düşürsə, xəyalını, arzusunun imkanlarını nəzərə almayan da eyni aqibəti yaşayır...
Çox da uzaq olmayaq tarix çoxları kimi mənim də gözlərimin önündədi. O tarix mənim və yaşıdlarımın, ümumiyyətlə, Azərbaycan əhalisinin az qala 50 faizinə qədərinin doğum kitabında özünü təsdiq edib. Biz, sovet şinelindən çıxanlar çox xəyalpərvər olmuşuq. Hətta şeirlərimizdə, nəğmələrimizdə, tribunadakı çıxışlarımızda bunu xüsusi bir həvəslə, məharətlə deməkdən də çəkinməmişik. Necə ki, "uçdu göylərə bizim peykimiz, söylədi yerə yol gedirik biz" şeirində göylərə uçduğumuzu fərəhlə, az qala ağzımız köpüklənə-köpüklənə bütün dünyaya bəyan edirdik və elə bilirdik ki, hamımız o peykin içində göylərə qovuşacağıq. Təəsüf ki, bu sadəcə nəğmə idi, biz pionerlər də o nəğmənin ifaçıları. İllər ötdükcə digər nəğmələr, mahnılar da dilimizin əzbəri oldu. Təbii ki, bütün bunlar səbəbsiz deyildi. Bütün bunların kökündə bir ideologiya, bir inanc dayanırdı. Çünki biz dünyaya hansı şəraitdə, hansı evdə, hansı xəstəxanada gəlməyimizdən asılı olmayaraq "babalı" doğulurduq. Gözümüzü açan kimi, başımızın üstündə babamızın şəkli dayanırdı - Lenn babamızın!!!
Hə, indi də valideynlərim söhbət düşəndə sovet-alman müharibəsindən ürəkağrısı ilə danışırlar və bildirirlər ki, həmin müharibədən o illərin uşaqlarını Stalin baba xilas edib. İndi özünüz düşünün də, nəvəsi, nəticəsi olan atam, anam hələ də Stalin baba haqqında danışır. Burda mən o qədər də təhlükəli məqamlar görmürəm. Çünki insanın inamı, inancı olmalıdı. İnamsız, inancsız yaşamaq qeyri-mümkündü!!! Yaşamaq olar e, bu sadəcə olaraq mövcud olmaq demək olar. Yaşamaq isə tamam fərqli bir şeydi...
Hə, bax, beləcə, biz bu dünyaya Lenin babamızla, Stalin babamızla, daha doğrusu, onların yolu ilə, iradəsi ilə boylanmağa, baxmağa öyrəşdik, alışdıq. Və hamımız ağızdolusu bu babaların şərəfinə ən təmtəraqlı, ən odlu-alovlu sözləri söyləyəndə bir qürur hissi də keçirdik və yavaşca gözümüzün ucu ilə yaxamızdakı balaca beşkünc oktyabryat, üç künc qırmızı qalstuk və bir də komsomol nişanına baxdıq. Əslində bu, bizim keçdiyimiz yolun işarələri idi. Beləcə, babalı böyüyürdük biz. Və bir də....
Şəxsən mən ağlım kəsəndən bir təmtərağın da şahidi olmuşam. Atalar deyir ki, uşağın yadından söz çıxmaz. Mənim də yadımdan çıxımır həmin o söz, həmin o baba məsələsi. Kənddə uşaq bağçasına gedirdim. Hardasa bir ay, ay yarım getdim bağçaya, xoşum gəlmədi. Amma xoşuma gələn bir şey də var idi bağçada. O da Yeni ildə tərbiyəçimizin bağçanın mühafizəçisini, yəni qaravolçusunu geyindirib, pambıqla üz-gözünü bəzəyib belinə də qırmızı bir lent bağlayıb qarşımıza çıxarması idi. Bizdən yaşca böyük qızlardan biri də ağ paltar geyinmişdi. Bizi inandırmışdılar ki, həmin bu qarovulçu Şaxta Babadı, o qızcığaz da Qar Qız!!! Doğrudan doğruya da inanmışdıq və bu Şaxta Baba üç gün bizi əyləndirdi. Heybəsindən bizə müxtəlif hədiyyələr çıxardıb verdi və biz də sevinə-sevinə bu hədiyyələri evimizə gətirdik. Lap sonradan bizə məlum oldu ki, həmin hədiyyələri valideynlərimizin kolxozdakı əmək günü hesabına hazırlayıblar və həmin o Şaxta Baba da bizim tanıdığımız qarovulçu imiş, o Qar Qız da bizim qonşunun qızı imiş... Amma biz həmin o inancla, həmin o inamla o qədər sevinmişdik ki, axı görüşümüzə Şaxta Baba ilə Qar Qız gəlmişdi, özü ilə uşaqlara hədiyyə də gətirmişdi...
Bax, çox-çox sonralar, həyatın alt-üstünü öyrənəndən sonra mən bir sualın cavabını özüm üçün tapdım. Sən demə, bizim babalarımız saxta olublar. Elə Şaxta Babanın özü kimi, Lenin babanın özü kimi, Stalin babanın özü kimi və onlara yazdığımız şeirlər kimi. Bu məqamda mən də bir şeir deyəcəm. Düşünürəm ki, bu misralarda siz saxtalıq görməyəcəksiniz.

Kimin gələ bilər ki,
Qədəri məndən yaxşı...
Kim tanıya bilər ki -
Kədəri məndən yaxşı...

Dan süzülür gözümdən
Sübh alışır közümdən...
Duyan varmı özümdən -
Betəri məndən yaxşı...

Söz məndəndi, dil səndən
Gün görürəm - il səndən!
Ölən olmaz bil, səndən -
Ötəri, məndən yaxşı...

***
Bəli, biz saxta babanın saxta oyuncaqları, saxta hədiyyələri ilə aldana-aldana gəlib bu günə çıxdıq. İndi də öz uşaqlarımıza, öz nəvələrimizə aldığımız hədiyyələrin, oyuncaqların saxta olub-olmaması sualı ilə üzbəüz qalmışıq. Çünki səlahiyyət sahibləri kitayski oyuncaqların, hədiyyələrin zərərli, saxta olduğunu tez-tez gündəmə gətirir və bizləri xəbərdar edir. Amma mən başa düşə bilmirəm ki, həmin səlahiyyət sahibləri bu saxta, bu zərərli malların ölkəmizə daxil olmasına niyə icazə verirlər. Məgər onların özlərinin uşaqları, nəvələri yoxdu? Deyəsən bir az dərinə getdim. Unutdum ki, bizim bir para adamlarımızın uşaqları, nəvələri üçün hədiyyələr böyük və halal, təmiz yerlərdən xüsusi sifarişlə gəlir. Ona görə də biz qara camaatın uşaqlarını, nəvələrini düşünməyə onların vaxtı qalmır. Axı hər kəsə öz köynəyi daha yaxındı. Nə isə...
Deməli, 2014-cü ilin nəfəsi xirtdəyinə dirənib. Bir gözü arxada, bir gözü öndə, çabalaya-çabalaya mənzil başına tərəf sürünür. Bu məqamda yadıma bizim nostalji hisslərimizin ən işıqlı nöqtəsi olan sovet filmlərindən kadrlar düşür. Siz də gözünüzün önünə gətirin. Neçə yerdən güllə yarası almış "qırmızı əsgər" son gücünü toplayıb torpağa dirsəklənib əlindəki qumbaranı düşmən tərəfə atır və yaxud da bütün gücünü toplayıb nişan aldığı düşməni yerə sərir və sonra özü də...
Bax, indi 2014 də həmin durumdadı və bunun saxtalığı da ondadı ki, ayaqlarının ikisi də arxivdə olduğunu bildiyi halda dirəşib durmaq istəyir. Amma bilmir ki, bunun zamanı keçib, qatarı ötüb gedib və o bir də geri dönməyəcək. Nə qədər şaxtababa, qarqız əlidolu gəlir gəlsin, nə qədər atəşfəşanlıq olur olsun, heç bir faydası yoxdu. Lap konkret desəm, qəbirdən geriyə yol olmadığı kimi, 2014-ün də geri qayıdışı barəsində düşünməsi ancaq təbəssüm doğurur. Bir tərəfdən baxanda elə bu təbəssüm üçün də ona "sağ ol" deməyə dəyər. Axı bizi güldürüb ayrılır. Amma biz ayrılıqların nə demək olduğunu çox gözəl bilirik.

Sən unut
hər şeyi
sil yaddaşından
hətta
dünəni də -
heç nə saxlama
və bir də
bu günü olmayan
sevginin
nəyi qala bilər ki
axı dünənində...
göz yaşından,
ahdan başqa
deməli
biz birlikdə
heç nə qazanmamışıq
bu həyatda
günahdan başqa!..

***
Mövzunu babalarla başlamışdım, elə babalarla davam edib, babalarla da bitirmək istəyirəm. Dünya tarixində az-az insanlar var ki, onları dahi kimi, şəxsiyyət kimi, fateh kimi, sənətkar kimi və nəhayət böyük hərflərlə yazılan İNSAN kimi qəbul ediblər. Və o az-az adamların, yəni insanların zaman dəyişikliklərinə davamı o qədər möhkəm olub ki, illər ondan heç nə qopara bilməyibdi. Bu mənada biz söz adamlarının Nizami babası, Füzuli babası, Sabir babası, Üzeyir babası, Əbdürrəhimbəy babası, Mirzə Cəlil babası, Cavid babası, Müşfiq babası, Səməd babası və bugünümüzdə gözümüzün önündə olmuş Rəsul babası, Bəxtiyar babası, Məmməd babası... Bütün bunlar söz qaldıqca, söz işlədikcə, söz yaşadıqca yaşayacaq şəxsiyyətlər - babalardı! Və biz də onladan öyrənə-öyrənə, öyrəndiklərimizi də ildən-ilə aparmaqla onların da ömrünə ömür calayırıq. Mən bu söz çevrəsini ona görə təkcə öz məmləkətimə, öz xalqıma aid etdim ki, o adamları əhalimizin ən azı 99 faizi tanıyır və onlar da mənimlə yəqin ki, bu barədə mübahisə etməzlər. Ancaq tarixi dəyişən, tarixə ideya verən, tarixi imzasıyla, şəxsiyyətiylə tarixləşdirən babalar da olubdu. Şah İsmayıl kimi, Məmməd Əmin kimi, Heydər Əliyev kimi!
Bəli, indi hər kəsin tanıdığı və hər kəsin də öz fikrini aid etdiyi babaların içərisində qandan, gendən, ailədən gələn babaların xətrinə dəymək olmaz. Dəxli yoxdu ki, onlar çobandı, fəhlədi və yaxud da alimdi, lap elə mənim kimi yazardı...Hər halda, bunlar da bir baba missiyası daşıyırlar. Çox istərdim ki, bu babalar nəvələri qarşısında heç bir halda bir anlaşılmaz duruma düşüb saxta bir imicə sahib olmasınlar. Axı onda nəvələrin qəlbi sınar və biz də nəvələr üçün yaşadığımıza görə, buna heç cür yol verə bilmərik, əgər ağlımız başımızdadısa. Və nəhayət...
Bax, ilin sonunda, daha doğrusu, "Ədalət" qəzetinin son şənbə sayında mən də ürəyimin bir pıçıltısını, bütün saxtakarlıqları, bütün laqeydlikləri, biganəlikləri, xəbislikləri, hətta kimlərinsə əlindəki aftafanı, dəsmalı görməmək, unutmaq şərtiylə sizə çatdırıram. Bu pıçıltı bütünlüklə səmimiyyətdi, saxta deyil.

Səndən danışıram öz ürəyimlə
Heç kim bilmədiyi sirr puçurlaryır...
Sözümü yarıda kəsir ürəyim -
Birdi O, birdi O, Bir, pıçıldayır...

Gözümdə bu dünya çənə bürünür
Özü öz babına - tənə bürünür...
Ürəyim tül kimi sənə bürünür-
Qulağım xəfifcə, pir! - pıçıldayır...

Azalır elə bil əvvəlki ülfət
Təklik tuş gələndə qol açır xiffət.
Baxıb dörd divara şair Əbülfət -
Kövrəlmə, ay qoca şir!,- pıçıldayır...

P.S. Yazımı bir zarafatla bitirmək istəyirəm. Tanıyıb şahidi olduğum bir mənzərənin sözlə ifadəsidi bu zarafat. Deməli, bir cavan oğlan babasından soruşur:
- Baba, nətərsən?
Baba cavab verir:
- Yaxşıyam, bala, nə gözüm görür, nə qulağım eşidir...

P.S. İndi babanın niyə yaxşı olduğunu özünüz fikirləşin...


TƏQVİM / ARXİV