ANA SƏHİFƏ / YAZARLAR

Rəmişin adı...

Şərif Ağayar

166183    |   2014-12-19 12:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəmişə xalq artisti adı verdilər.

Açığını deyim, bu ad-familiya bölgüsü mənə görə çox şərtidir. Amma nədənsə bu xəbərdən təsirlənməyə bilmədim. Kim nə düşünür, düşünsün, mənə görə, için səsi ən böyük həqiqətdir. Mənim də içim qımıldadı. Köksümün altından gitara səsi gəldi. Həm də Azərbaycan dilində anam qədər təmiz və şirin danışan bir gitara...

Yenə açığını deyim... Gitaranı saz qədər sevmirəm, Rəmişi də Ədalət Nəsibov qədər... Və öz-özümə mızıldananda muğamdan çox saz havası oxuyuram. Dua kimi, vird kimi, zikr kimi... Çox vaxt saz çalınanda, xüsusilə yaxşı çalınanda aşıqdan əvvəl ürəyimdə oxuyuram. Ədalət Nəsibov istisnadır amma. Ədalət Nəsibov çalanda oxumağa yer qalmır. O yerdə ki, aşıq oxumalıdır, sazı oxudur. Hətta çox vaxt barmaqları ilə hansı şeiri "dediyini” bilirəm.

Rəmiş də belədir. O, heç kimi müşayiət edə bilmir. Çünki müşayiət haradasa köləlik, boyun əymək, əmrə tabe olmaq kimidir. Rəmiş isə Allahlıq iddiasındadır. Döşündə xanəndəmi dura bilər? Bu səbəbdən, rəhmətlik Qədir Rüstəmovla heç yola getmirdilər. Ən çox da Qədir "nifrət” edirdi ona! Tutduğu ən bahalı toylara Avtandil İsrafilovu aparmaqla cırnadırdı Rəmişi. Sizə bir sirr açım, bir qarabağlı, hələ bir ağdamlı, heç vaxt Avtandilin ifasından məmnun qala bilməz. O nisgil, o ağrı bu qədeşvari çalğıya könül tuta bilməz!

Bilir Rəmiş...

Çox şey bilir...

Rəmişə xalq artisti adı verdilər...

Amma adına görə dəyişik saldı hamı. Rafiq Hüseynov kimdi, a qardaş? Məşhur diktora ikinci dəfəmi ad verirdlər? Çünki Rəmiş hamıdan qabaq babasının ona verdiyi adla tanınmışdı. Məncə, indən sonra da belə olacaq. Təzədən Rəmiş kimi ad çıxarmağa bir ömür gərək, qardaş!

Rəmiş xalq artisti oldu!

İçim sim kimi titrədi bu xəbəri oxuyanda. Bilmədim niyə? Heç indi bu yazını yazanda da dəqiq bilmirəm. Bircə aydın olan odur ki, Rəmiş elə-belə ifaçı deyil. Gitara bədəninin bir parçasıdır adamın. Gitarasız Mir Möhsün ağaya oxşayır. Qolunun-qıçının hansısa olmayan əlil kimi görünür. Həm də o qədər məzlum və yazıq ki! Yüz dəfə şou proqramlarda görmüşəm. Gülə bilmir bu adam! Güləndə ştanq qaldırır elə bil. Məncə təbəssümü sifətində saxlamaq üçün çox əziyyət çəkir. Onun üzü də, burnu da, başı da sallanmalıdır. Xahiş edirəm gələcək üçün heykəltəraşlar bu detalı nəzərdən qaçırmasınlar! Xalq artisti də oldu ya!

Bir iş var ki, Rəmişin hüzurunda bu cür kədərlənib baş əydiyi hər nədirsə adamı ucaldan da elə odur.Çün, düşmədən ƏYAĞA çıxmadı başa badə!

Rəmişə xalq artisti adı verildi...

Yadıma yüz xatirə, yüz əhvalat düşdü. Yazsam sayta yerləşməz... Amma, tovuzlular demiş, birciyini paylaşıram.

Demək, bir gün bunu yəhudi toyuna çağırırlar. Rəmiş gitaranı ha yeyib-tökür xeyri olmur. Dərd-ağrıları, maraq-sevgiləri Qarabağ ladıyla üst-üstə düşməyən qonaqlar tükünü də tərpətmir. Rəmiş Allah olmadığını bütün ağırlığı ilə anlayır ordaca. Amma təslim olmaq istəmir. Qəflətən gitaranın qulağını burub İsrailin dövlət himnini havalandırır. Bütün toy əhliayağa qalxıb əlini ürəyinin üstünə qoyur!

Rəmiş məni çox ayağa qaldırıb...

Əlimi çox qoymuşam ürəyimin üstünə...

Yəhudiləri bilmirəm, mənim ürəyimdən inilti səsi gəlib!




İmza:

YAZARIN ARXİVİ

2014-12-19 : Rəmişin adı...
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK