hacklink Adalet.az | BAŞ KATİBİN BAŞ AĞRISI Adalet.az | BAŞ KATİBİN BAŞ AĞRISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAŞ KATİBİN BAŞ AĞRISI

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

16725    |   2008-06-14 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   Bolşeviklərin XIII qurultayından sonra Stalini ən çox düşündürən məsələ imperiyanın az bir vaxtda iqtisadi-siyasi cəhətdən güclənməsi problemi idi. Bəs, milli məsələlər üzrə baş bilici çoxmillətli məmləkətdə bu niyyətin həyata keçmə mexanizmini necə təsəvvür edirdi? Onun fikrincə, hər şey ilk növbədə nizam-intizamın möhkəmlənməsindən başla-malıydı. Ucsuz-bucaqsız ölkənin ayrı-ayrı bölgələrində hava şəraiti müxtəlif olsa da, siyasi iqlim hər yerdə bir olmalıydı. Hava şəraiti təbiətin ixtiyarına buraxılmışdı. Siyasi iqlimin tənzimlənməsi yalnız Baş kati-bin əlində olmalıydı. Bütün istiqamətlərdə beşilliklər üzrə iqtisadiyyatın inkişaf proqramının hazırlanmasına göstəriş verilmişdi. İş prosesinə görkəmli mütəxəssislər cəlb edilmişdi. İyirminci illərin ortalarından alimlər ordusu xalq təsərrüfatının elmi planlaşdırılması ilə məşğul idi. Tapşırıq və qiymət vermək isə yalnız partiyanın səlahiyyətindəydi. Hər kəs bilməliydi ki, partiya bizim sükançımızdır və bu sükan etibarlı əllərdədir. SSRİ-də Dəmirəl yox, Poladəl vardı - yoldaş Stalin! Böyük ölkədə hər kəsin taleyi-ni "düşünən" Baş katibimiz hakimiyyətdə olduğu iyirmi il ərzində milləti özünə alışdırsa da, əslində, vətəndaşın gerçək halından bixəbər qaldı, öz yanındakıları belə əməlli-başlı tanımadı. Mən bu günahı çəkməçi oğlunun ayağına yazmaq istəmirəm. Tarix boyu hansı rəhbər başına toplananları olduğu kimi tanıyıb? Ona görə də taxta çıxanlar hamıya şübhə ilə yanaşır, sui-qəsd xofu içində yaşayırlar. Çalışırlar ki, vəzir-vəkilinin evində axşamlar nigarançılıq lampası yansın. Axı nigarançılıq işığında asudə yaşamaq, gecələr rahat uyumaq mümkün olmur. Yuxusu qaçanın yorğunluğu imkan verməz ki, adam ciddi məsələlər barədə düşünsün. Niyə də düşünsün ki? O illərdə hamının əvəzinə partiya düşünürdü. Vətəndaşa qərarları icra etmək barədə fikirləşmək yetərdi. Belə həyat tərzi cəmiyyətdə kök saldıqca, partiya deyəndə Stalin gəlirdi göz önünə, Stalin deyəndə partiya düşürdü yada. Bəs, Stalinin yadında nələr qalmışdı, yanında kimlər vardı? Yadında nələr olduğunu özündən başqa kimsə bilməzdi. Yanında isə inqilab cəngavərləri küllənirdi. Çox məsələlərdə öz üstünlüyünü nümayişkaranə sərgiləyən, onun hər addımını, sözünü, dəbbələməyə adət edən, bir sözlə, Stalin üsul-idarəsini tam qəbul etməyib əl-ayağına dola-şan, gah sağa, gah da sola meyl edən keçmiş leninçilər qvardiyası di. Onlar Kobanı gənclik illərindən tanıyırdılar, bütün mənfi-müsbət, zəif-güclü cəhətlərinə bələd olduqlarını zənn edirdilər. Bütün yanlışlıq da burdan başlayırdı. Axı Stalin artıq Koba deyildi... Vəzifə elə bir məhək daşıdır ki, (xüsusilə, şərqlilər üçün) onunla təmasdan sonra insanın içində, düşün-cəsində, rəftarında, davranışında əsaslı dəyişikliklər baş verir. Kürsüyə hakim oldusa, pişik də pələng olur. Böyük nəzəriyyəçilərin bu kiçik həqiqəti dərk etməməsi onların faciəsini günbəgün yaxınlaşdırırdı. Siyasət olimpinə qalxanların taleyində oxşar məqamlar, ortaq xüsusiyyətlər var. Həyat adlı ömür yolunun şöhrət, hakimiyyət dayanacağına çatanda, onlar ömür kitablarının bəzi səhifələrini, hətta fəsillərini acımadan cırıb atırlar. Zirvədəkilərə elə gəlir ki, guya əzəl gündən dün-yaya lider kimi qədəm basıblar. Kimsədən xüsusi fərqlənməyən uşaqlıq, gənclik çağları, köməksiz anları heç olmayıb. Zatı qırıqlar "zati-aliləri" olandan sonra solğun günlərini onlara xatırlada biləcək kimlərinsə, nələrinsə həyatda varlığından əndişələnirlər. Keçmiş dostlara qarşı üzü dönüklük hissi də görünür, haqqında bəhs etdiyim psixoloji amillərdən qaynaqlanır. Bu məsələdə Stalin də istisna deyildi. O da iyirminci illərdən başlayaraq, müəyyən fasilələrlə yaxın çevrəsində olanları təzələyirdi. Bu minvalla siyasi rəqiblərinin siyahısı da getdikcə artırdı. Amma həmin dövr-də ilk onluğa Kamenev, Zinovyev, Buxarin daxil idi. Siyahının dəyişməz lideri isə Baş katibin ən böyük başağrısı olan Lev Davıdoviç Trotski idi.
   
   * * *
   
   İyirminci illərin ortalarında Zinovyev Leninqrada, Kamenev Moskvaya rəhbərlik edirdi. Hər iki şəhərdə vəziyyət ürəkaçan deyildi. Mərkəzdən uzaqda yerləşən irili-xırdalı yaşayış məntəqələrində əhalinin həyat tərzi nəzərə çarpacaq dərəcədə ağırlaşmışdı. Fəhlələr, qulluqçular maaşların azlığından gileylənirdi. Çarizmin devrilməsindən sonra xoşbəxt gələcək vədlərindən ümidlənən xalq işıqlı gələcək barədə yağlı vədlər eşitsə də üzünü görmürdü. Hökumət tərəfindən görülən tədbirlər gözlənilən nəticəni vermirdi. İnqilabdan sonra həmfikirlər, tərəfdarlar çoxalmaqdansa, nara-zılar, xəyal qırıqlığına yuvarlananlar artırdı. 1925-ci ilin oktyabrında Siyasi Büroda növbəti parçalanma baş verdi. Kamenev, Zinovyev, Sokolnikov və Nadejda Krupskaya partiya rəhbərliyinin fəaliyyətini tənqid edən sənədi ərsəyə çıxarandan sonra qarşıdurma daha da kəskinləşdi. Stalin indi də Buxarini, Xalq Komissarları Sovetinin başçısı Rıkovu, Həmkarlar İttifaqının sədri Tomskini özünə tərəf çəkə bilmişdi. Baş katib siyasi mübarizəsində aparatın gücü-nə arxalanırdısa, opponentləri nəzəriyyəyə, keçmiş xidmətlərinə istinad edib qələbə çalacaqlarını zənn edirdilər. XIV qurultayda Zinovyev yeni müxalifətçilər adından növbəti ittihamlarla çıxış etdi, fəqət, nümayəndələrdən dəstək almadı. İnqilabi mübarizə illərində müxtəlif qazanlarda qaynamış Zinovyev çar Nikolayın qarşısında at oynatsa da, Stalinlə mübarizədə naçar qaldı. Sİyasət idman deyil ki, bir dəfə uğur qazanıb ölənə kimi dünya çempionu adıyla yaşayasan. Siyasətdə mövqeyini saxlamaq üçün hər an gündəmdə qalmağı bacarmalısan. Hər dəfə oyunu udmalı, ən azından hesabı heç-heçə bitirməlisən. Uduzdunsa, ən yaxşı halda tezliklə unudulacaqsan. 1917-ci ilin iyulunda Petroqraddan 34 km aralıda yerləşən Razliv stansiyasında fəhlə Yemelyanovun komasında Leninlə birlikdə Zinovyevin də qaldığını Kerenski hökumətinin xəfiyyələrindən gizlənən deyirlər. Zinovyev o vaxt nə biləydi ki, qələbədən on il sonra Stalinin qəzəbindən qurtulmağa, yaxud müvəqqəti də olsa, kiminsə kölgəsinə sığınmağa yer tapmayacaq. Axı, bu məmləkətdə gözü kölgəlilər çoxaldıqca, ətrafına kölgə salan kişilər azalırdı. 1926-cı ildə onu Petroqradın rəhbərliyindən uzaqlaşdırdılar. Şəkililər de-mişkən, bu hələ harasıdı...
   Növbəti qurultayda çıxış edən Kamenev Stalinin partiya lideri olmasını da inkar edirdi. Gəldiyi qənaəti alışıb yaya-yana bəyan edərək deyirdi ki, yoldaş Stalin bolşevikləri bir araya gətirmək iqtidarında deyil. Qurultay Kamenevin bəyanatına da etirazını bildirdi. Qəbul olunan qətnamədə Kamenevin adı leninizmdən uzaqlaşan qruplaşma üzvləri arasında çəkildi. Buna baxmayaraq, dözümlülük nü-mayiş etdirib onu namizəd kimi Siyasi Büronun tərkibində sax-ladılar. Çünki Stalin hələ irili-xırdalı çoxsaylı siyasi rəqibləriylə həlledici döyüşə tam hazır deyildi.
   1927-ci ildə noyabr ayının 7-də Oktyabr inqilabının 10 illik yubileyi münasibətilə keçirilən nümayişdə "birləşmiş müxalifət" açıq-aşkar Stalinə qarşı çıxış etdi. O isə belə hərəkətləri bağışlaya bilməzdi. Qəzəbini, hiddətini siyasi mədəniyyət pərdəsi altında gizlətmək fikri də yox idi. Bir həftə sonra Trotski və Zinovyev partiyadan, Kamenev və Rakovski isə Mərkəzi Komitə üzvlüyündən çıxarıldı. Keçmiş həmfikirlərinin bu cür hərəkətlərinə münasibət bildirən Stalin deyirdi ki, indiyədək hələ heç kim belə asanlıqla bir mövqedən başqasına atılmayıb, siyasi baxışlarını sürəkli şəkildə dəyişməyib. Tarix və faktlar göstərir ki, bu ancaq bizim müxalifətçilərə xas olan özəl xüsusiyyətdir. Zinovyevin növbəti dəfə Trotski ilə bir araya gəlməsi 1927-ci ildə onun partiyadan çıxarılması ilə nəticələndi. Düzdür, bir il sonra üzrxahlıq müraciəti nəzərə alınaraq yenidən partiya üzvlü-yünə bərpa edildi. Vaxtilə Leninin təhsil aldığı Kazan Universitetinin rektoru təyin olundu. Amma dörd il sonra, görünür, dili dinc durmadığından yenə keçmiş pislikləri yada düşdü və partiyadan qovuldu, vəzifədən uzaqlaşdırıldı. Nə baş verdisə, dəqiq bilən yox, az sonra o, yenə partiyaya bərpa olundu, işlə təmin edildi. Adı XVII qurultaya dəvətlilərin siyahısına salındı. Partiyanın Ali Məclisində ona da söz verildi. Çıxışında səhvlərini bir daha etiraf etdi və Stalin yoldaşı göylərə ucaltdı. Yəqin bununla da mavr öz işini görmüş oldu. 1934-cü ilin dekabrında həbsinə qərar verildi. Məhkəmədə 10 il iş aldı.
   L.B.Kamenev də inqilabı fəaliyyəti dövründə çox zəngin və mürəkkəb yol keçmişdi. Qış sarayına hücum zamanı Lev Borisoviç Petroqrad Sovetinə rəhbərlik edirdi. Lenin inqilabdan sonra yeni hökumət quranda sədr vəzifəsinə onun namizədliyini irəli sürmüşdü. Zaman keçdikcə Kamenevin də hadisələrə baxışı dəyişirdi. Fərqli düşüncələrinə görə hər ötən gün mövqeyi, hadisələrə təsir gücü zəiflədi. XV qurultaydan sonra siyasi baxışlarına görə Kamenev bir neçə dəfə tutuldu, sonra yenə azadlığa buraxıldı. Görünür, "mərhəmətli" rəhbər "siyasi əkizlər"dən əlini və ümidini tam üzməmişdi, hansısa oyunda onların lazım ola biləcəyini düşünürdü. Bu fürsəti qaçırmanın nə kimi faciələrə gətirib çıxaracağını təsəvvür etməyən Kamenev tezliklə reallıqla barışmalı olacaqdı. Siyasi yönünü, ən azından sözdə dəyişib, XVII qurultaydakı çıxışında görün nələr deyəcəkdi: "Yeni dövr tarixə Stalin epoxası kimi daxil olacaqdır. Bizim hər birimiz onun nüfuzuna xələl gətirə biləcək hər hansı xətanın qarşısını almaq üçün var gücümüzlə çalışmalı, bunun üçün məsuliyyət daşımalıyıq. Yaşasın böyük rəhbərimiz və komandanımız yoldaş Stalin!"
   Amma yoldaş Stalin deyilənləri məmnuniyyətlə dinləsə də, bu sözlərin səmimiyyətinə zərrə qədər inanmırdı. Yoldaş Stalin üçün kamenevlərin, zinovyevlərin rəsmi məclislərdə xitabət kürsülərindən pafosla səsləndirdiyi "yaşasın" nidasının mənası qalmamışdı. Kamenevin qurultaydakı çıxışından bir qədər sonra onu 5 il müddətinə həbs etdilər. Həmin müddət tamamlanmamış başqa maddə ilə cəzası 10 il də artırıldı. İş bununla bitmədi. Həbsxanada başına elə oyunlar açdılar ki, Lev Borisoviç nəinki Trotski ilə ci-nayətkar əlaqələrini, sovet dövlətinə qarşı apardığı düşmənçiliyi, hətta casusluq fəaliyyətini də boynuna aldı. Bu dəfə onu əfv etmirlər, güllələyirlər. Yaxın-uzaq qohumlarının hamısı repressiyaya məruz qalır. Kamenevin arvadı Trotskinin qohumu idi. O da illərlə həbs dü-şərgələrində çürüməklə "mükafatlandırılır".
   Onu da deyim ki, 1936-cı ildə güllələnmə məqamında da Stalin "siyasi əkizlər"i bir-birindən ayırmır. Zinovyev də sosializmə xəyanətdə, sovetlərə qarşı qatı düşmənçilikdə və daha nələrdə günahkar bilinərək siyasi həmfikiri ilə eyni vaxtda güllələndi. Onun da ailə üzvləri repressiyaya məruz qaldı. Okeanın o tayından bu hadisəyə münasibət bildirən Trotski yazırdı ki, Kamenev və Zinovyev son on ildə həyatla ölüm arasında girinc olub qalmışdılar. Onların məhvi mərhələ-mərhələ baş verdi: əvvəlcə siyasi, sonra mənəvi və nəhayət ki, fiziki... Bir qədər sonra Meksikada öz əcəliylə ölməyəcəyini Lev Davıdoviç o zaman nə biləydi?
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK