hacklink Adalet.az | MƏN NİYƏ ONLARLAYAM? Adalet.az | MƏN NİYƏ ONLARLAYAM? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN NİYƏ ONLARLAYAM?

18468    |   2008-04-26 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oxuduğumuz nə varsa, yaxşısı da, pisi də, qələmlə kağızın ünsiyyətindən yaranıb. Bu ünsiyyətə vasitəçi olan insan bəzən yaradıcı, bəzən dağıdıcı, yırtıcı olur. Fitri istedadının səviyyəsinə uyğun birinin yazdıqları müəllifini ucaldır, adını tarixdə yaşadır, digəri qələmini qatilə çevirir, sözü namərd gülləsi tək arxadan kiməsə tuşlayır, əvvəl ağ kağızı, sonra bir Allah bəndəsini qaralayır. Mətbuat səhifələrində bunları oxu-yub əsəbini pozan, boşuna zaman itirən, zəhərli və zərərli örpəyə bürünən cümlələrdən iyrənən yenə oxucu olur.
   Yazarda istedad, qələmin içində mürəkkəb olmasa, yazmaz. Mürəkkəb də bir mayedir ki, tərkibində həm də rəng var. İstedad vergidir, amma ağıl, zəka, zəhmət olmasa, özünü ifadə edə bilməz. İstedadsız qələm sahibi mürəkkəbsiz qələm kimidir, olsa-olsa, bəyaz kağızı sadəcə, cızar, vəssəlam. Bu həqiqətləri anlamaq asan olsaydı, günümüzdə cızma-qaraçıların deyil, oxucuların sayı artardı. Dünyada yazıçı çox, qalıcı əsər azdır. Kimlərsə hansısa xoş təsadüfün hökmüylə ötəri buludlardan süzülən tərif yağmurunda islansalar da, irili-xırdalı mükafatlardan çələng hörsələr də, oxucularının sayı ilə deyil, təkrar nəşrlərinin tirajıyla qürrələnsələr də, bəşər tarixində yaşanan hər əsrdə cəmi bir neçə əsərin adı ədəbiyyat, incəsənət, mədəniyyət aləmində qalır. O mötəbər imzalardır Yaradanın ən böyük əsəri olan insanı ruhən yaşadan. O varlıqdır mənəviyyatımızı, əxlaqımızı, fikir dünyamızı var edən, onu xırda hisslərin əsarətindən qurtaran.
   Qəribədir, suda üzə bilməyənlər, nədən süd gölünə baş vurmağı arzulayır? Dənizə ayaq basmağa cürət etməyən süddə batmaqdan niyə qorxmur? İnsan yalnız ana südündən boğulmaz. Böyüdükcə ana südünün dadını unudanlara, haqqını dananlara da nankor deyərlər. Bəs, onda süd tozuyla böyüyənlərə nə ad verəsən, onlardan nə gözləyəsən? Bəlkə, bəzimizdə hisslərin, baxışların, gülüşlərin, ifadələrin, münasibətlərin saxtalaşmasına əsas səbəb ana südünü əvəz edən süni süddür? Qoy alimlər, mütəxəssislər bu cür mülahizələrin doğru və ya yanlış olmasına münasibət bildirsin. Mən belə mərəzdən qurtuluşun yeganə çarəsini ədəbiyyatda, incəsənətdə, maariflənməkdə görürəm. Kimsəyə sirr deyil ki, indiki ərzaq bolluğunda mənəvi qıtlıq da yaşanır. Qiymət artımı üzündən maddi nemətlərdən yetərincə doymayan adamların iştahı elə uzaqlara qaçıb ki, onlar mənəvi qidadan da imtina ediblər. Bu proses getdikcə kütləvi şəkil alır. Mədə ac qalanda, sanki Ərəbzəngi olub insanın beyninə, qəlbinə gedən yolları kəsir. Qəribədir ki, toxluqdan şıkayətlənən bəzi zənginlər də çox vaxt qənaəti, pəhrizi mənəviyyatın hesabına edirlər. İçimizdəki insanlıq hissini zəiflədən mənəvi pəhrizlər deyilmi?
   Mən də belə qarışıq zamanda axşamlar vaxt tapıb qırx ildə yazdıqlarımı yenidən varaqlayıram. Həyatıma işıq və kölgə salan məqamlara ömrümün 57-ci mərtəbəsindən baxıb onları təkrar incələyirəm. Masamın üzərində nə qədər desən qəzetlərdə, jurnallarda dərc olunan məqalələrim, teleradio verilişlərimin kasetləri qalanıb. Mətbuatda ilk dəfə imzam 1968-ci ildə görünüb. İstəyirəm məqalələrimi, müsahibələrimi bu günün gözüylə nəzərdən keçirib arxivləşdirəm. İctimai-siyasi fəaliyyətlə, məmurluqla, sahibkarlıqla məşğul olduğum illərdə bir müddət yaradıcılığa fasilə verdim. Əslində, sahədə yaradıcı düşüncə, təşkilatçılıq bacarığı, idarəetmə qabiliyyəti tələb olunur. Bunsuz vəzifə kürsüsündə otursan da baş girləyərsən, başarı qazanmazsan. 1968-2008-ci illər... Bu müddətdə müxtəlif vəzifələrdə çalışdım, onlarla xarici ölkəyə işgüzar səfərlər etdim. Amerika, İngiltərə, Almaniya, Fransa, İtaliya, Belçika, Macarıstan, İsveç, Polşa, Hollandıya, İsveçrə, İspaniya, Kuba, Çin, Vyetnam, Seneqal, İran, Türkiyə... Neçə-neçə görüş-lər, beynəlxalq tədbirlər, müsahibələr, unudulmaz xatirələr... Bu barədə bəzi yol qeydlərim mətbuatda dərc olunub. Qırx il bir igidin ömrüdür. Bu illər ərzində bir insanın qəlbinə yol tapan bircə cümlə yaza bilmişəmsə, dara düşən bircə nəfər halal südəmmişin əlindən tutub ayağa qaldırmışamsa, əsl istedad sahibini biveclərin nadanlıq, harınların paxıllıq məngənəsindən çıxarıb xalqa tanıtmışamsa, bir ümidi sön-müşün qəlbində sabaha inam hissi yaratmışamsa, haqqı tapdanana arxa-kömək olmuşamsa, ömür kitabımı elə burdaca yarımçıq qapatmaqdan da qorxmuram.
   Babamı 27 yaşında ikən "xalq düşməni" kimi güllələyiblər. Altı aylığından atadan yetim qalan atam 52 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Əvvəli-sonu bəlli olmayan bu həyatın enişli-yoxuşlu ömür yollarında mən artıq babamdan 30, atamdan 5 yaş irəlidəyəm. Fəqət, arxada buraxılan əməllərə görə onların heç birinə çatmaq imkanım yox. Sonradan tam bəraət almış repressiya qurbanı olan babamdan xoş xatirələr, Səməd Vurğunun "şair, nə incədir rübabın", -deyə, xitab etdiyi şair atamdan gözəl əsərlər, kitablar, nəğmələr yadigardır. Odur ki, onların yanında 57-ci mərtəbəyə qalxsam da, könül evim kiçik bir daxma kimi görünür mənə. Amma bu daxmamın işığını gur edən, ocağını sönməyə qoymayan hər ikisinin əziz xatirəsini hər zaman uca tutmağımdır. Bir də dərdimin dilmancı olan masamın üstündəki yazılarım.
   Etiraf edim ki, son bir ildə yenidən qələmə sıx sarılmağımın səbəbkarı İradə Tuncaydır. 18 il öncə bir qəzet təsis etmək qərarına gələn Aqil Abbas ad axtarışına çıxarkən, məncə, təsadüfən "ƏDALƏT" kəlməsinin üzərində dayanmayıb. Aqil də, onun ömür-gün yoldaşı, imzası oxuculara, siması və sözünün kəsəri televiziya tamaşaçılarına çox yaxşı bələd olan İradə xanım da Ədaləti özlərinə Tanrı bilən insanlardandır. Dünyanın ədalətsiz çağlarında belə bu ailədə həmişə Məmməd Arazın yandırdığı ədalət çırağı şölələnib. Onlar qaranlıq gecələrdə bu işığın nuruna sabaha göz açdıqlarından azadlıq, ədalət, sədaqət neməti qanlarına, canlarına möhkəm hopub.
   1990-cı ildə Azərbaycanın ən böyük ehtiyacı yəqin ki, ədalət idi. Əgər cahanda ədalət hökm sürsəydi, Bakıda 20 yanvar faciəsi baş verməzdi. Televiziya partladılmazdı, qəzetlər bağlanmazdı, azad söz, fikir dustaq edilməzdi. Ədalət olsaydı, hakimiyyətə təsadüfi adamlar gətirilməzdi. Ədalət haqsızlıqdan bezən insanların taleyindən iraq düşsə də, dilinin ucundaydı, arzularının canındaydı hər zaman. O dövrdə bəlkə də haqqa, ədalətə həsrətdən yaranan "Ədalət" qəzeti öz oxucularını bu zillətdən qurtuluşa çağırırdı. Aqil səmimiyyətiylə mətbuata ciddi mətləblər gətirildi. Qəzet ömrü də nağıl dili kimi yüyrək olur. Həddi-buluğa çatmamış "Ədalət" həddini aşanlara öz yerini göstərdi, maddi korluq çəkməmək üçün mənəviyyatını, əxlaqını xırdalayıb, abrını satanlara ədalətin varlığını xatırlatdı, əzilmişlərin müdafiəsinə qalxdı. Düzdür, baş verən hər ədalətsizliyi açıb-ağartmadı, amma nədən yazdısa, ədalətlə yazdı, ədalətsiz ağalara ədalət donu geydirmədi. Ona görə sayılan, seçilən mətbuat orqanı kimi tanındı.
   Bir il əvvəl İradə xanım oxucusu olduğum qəzetə məni daimi yazarlardan biri etdi. Bəlkə də həkimlərin müəyyən edə bilmədiyi ilacı o, mənə təyin etdi. İlacın xəstəyə əlac olması üçün gərək həkimə inanasan. Mən ona inandım. Meydanı boş görüb sağdan-soldan üzərimə şığıyan namərdlərin həmləsinə qələmini qılınc kimi sıyırıb necə cavab verdiyini də görmüşdüm. Mənə ithaf etdiyi "Bu dünya etibarsızdı" adlı yazısında bu dunyanın vəfasız olduğunu xatırlatmaqla yanaşı, vəfa hissinin, insanlıq borcunun nə demək olduğunu da vəfasız dostlara nümayiş etdirdiyinin şahidiyəm. Ötən ilin aprelində o, mənə ərklə bircə kəlmə söz - "siz yazın" - dedi. Amma bunu elə dedi ki, sözünü yerə salmayıb "Ədalət"in yazarlar ordusuna könüllü səfərbər oldum. Bu günlərdə "Ədalət"çi olmağımın bir ili tamamdı. Bizi çoxlarından fərqləndirən cəhətlər var. Birincisi odur ki, ətrafda baş verən bütün müsbət dəyişikliklərə, qazanılan uğurlara münasibət bildirməklə yanaşı, nəzərə çarpan əyintilərə, üzüntülərə də kənar seyrçi mövqeyində qalmırıq. Məmur özbaşınalığına, istər siyasi, istər mənəvi əxlaqsızlığa "yox" deyib, həyəcan təbili çalsaq da, buna kifayət qədər əhəmiyyət verilmədiyini görəndə bədbinliyə qapılmırıq. Çünki biz də ədalətin tez-gec zəfər çalacağına inananlardanıq. Bu da kiməsə, nəyəsə kor-koranə inamdan irəli gəlmir. İçimizdəki ümiddir mövqeyimizi sağlam, qırılmaz, dönməz edən. 18 ildən bəri dünyanın gərdişindən az-çox xəbərdar olan yaradıcı insanların fikir birliyi ilə, zəhmətiylə, aqilli, iradəli, ədalətli qəzetin mövqeyi belədir. Mən ona görə bir jurnalist kimi, "Ədalət"çilərin sırasındayam. Mən ona görə bir vətəndaş kimi, "Ədalət"in oxucularının cərgəsindəyəm.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK