STATUS - KVO

ƏBÜLFƏT MƏDƏTOĞLU
68546 | 2014-11-12 01:01
Və yaxud da ölü nöqtə

Biz Qarabağ problemi başlanan gündən dil baxımından da bir xeyli yeniliklərlə, yəni çox az-az işlətdiyimiz, bəlkə də heç yadımıza düşməyən sözlərlə də, terminlərlə də qarşılaşdıq. Daha çox siyasətçilərin, diplomatların işlətdikləri elə terminlər oldu ki, onlar bütövlüklə xalqın da gündəlik danışığına bir növü transfer etdi. Elə həmin sözlərin özlərindəki o ağırlıq, o gec anlaşılan arxa plan, yəni ifadə etdikləri, amma dolayısı ilə çatdırdıqları mətləblər özü də göstərdi ki, Qarabağ problemi əslində çox ağır bir daşdı, yükdü. Onu yerindən qaldırmaq, onu tərpətmək. Onu hərəkətə gətirmək o qədər də asan deyil. Həm də ona görə asan deyil ki, daşın sağ tərəfindən kimsə onu, yəni birbaşa desəm, biz onu güclə itələyib yerindən tərpətmək, yumalamaq istəsək də, o biri tərəflərindən əks güclər buna mane olur. Deməli, daşın ağırlığı ilə yanaşı, əks güclərin də rolu bizim üçün çox böyük bir məsələni gündəmdə saxlayır, yolumuzda aşılmaz bir səddə çevirirg
Bəli, müstəqillik dövrümüzün terminləri içərisində status-kvoda tez-tez səslənən, tez-tez istifadə olunan sözlərdən biridi. Mənim düşüncəmə görə, onun ən gerçək yozumu bir hüququn, bir səlahiyyətin ölçüsü, çevrəsi, hüdudları deməkdi. Ola bilsin ki, terminologiya ilə məşğul olanlar, lap elə diplomatların, siyasətçilərin özü də mənim bu yozumumla razılaşmasınlar. Amma mən öz gəldiyim qərarda daxilən əminliyimi saxlayıram və bilirəm ki, həmin sözün arxasında dayanan nələr varsa hamısı, əslində bu gün bir ölü nöqtənin ağırlıq mərkəzi olmaq deməkdir. Həmin mərkəzdə indiki halda Dağlıq Qarabağdı.
Dünyanın qaynar nöqtələrində, problemli ərazilərində bu status-kvo deyilən necədi, hara yozulur, onun mənə heç bir aidiyyəti yoxdu. Mənim bildiyim odur ki, bu gün aparılan sülh danışıqların ATƏT-in Minsk qrupununu yollarımızı yağır etməsi, mənasız həmsədr bəyanatlarının mətbuatımızı bəzəməsi onu göstərir ki, həmin o status-kvo əvvəldə də dediyim kimi, həmin o ölü nöqtə 1988-ci ildən bu günə kimi nə erroziyaya uğrayıb, nə burada hansısa bir azacıq da olsa silkələnmə baş verməyib, nə də ümumiyyətlə, buradan hələlik də nə isə gözləmək gülünc bir inamdı, ümiddi. Təəssüf ki, indiki məqamda bizim Minsk qrupundan daha faydalı, daha səmərəli bir ortaya düşəcək təşkilatın olmaması inamına söykənməyimiz o ölü nöqtənin də ömrünü uzadır. Politoloqların da vurğuladığı kimi, yeni bir həmsədr institutu olmadığından nimdaşın ümidinə qalmışıq. O nimdaş da yalnız bəyanatlar vermək, səfərlər etməklə kifayətlənir. Donuz isə darıdan çıxmır.
Ötən həftə Prezident Adminstrasiyasının İctimai Siyasi Məsələlər şöbəsinin müdiri professor Əli Həsənov tələbələr qarşısında çıxış etmişdi. Azərbaycan Dillər Universitetinin tələbələri professor Əli Həsənovun çıxışını maraqla dinləyib onun əsas mövzu olan Qarabağ məsələsi, aparılan danışıqlar məsələsi ilə bağlı fikirlərini necə deyərlər, çox həssaslıqla qarşılamış və bu çıxışdakı arqumentləri özlərinin də dediyimi kimi, bir növü problemə daha yaxından, daha içdən baxış kimi dəyərləndirmişdilər. Şöbə müdiri, professor Əli Həsənov vurğulamışdı ki, Dağlıq Qarabağ problemin həlli istiqamətində aparılan danışıqların müəyyən özəllikləri var. Xüsusilə bizim prezidentimizin qətiyyətli mövqeyi burada əsas və başlıca şərt kimi işğalçı qoşunların ərazimizdən çıxarılması məsələsidi. Əli müəllim onu da vurğulamışdı ki, status-kvonun dəyişdirilməsi elə özü-özlüyundə torpaqların azad edilməsi deməkdir. Ancaq təəssüf ki, erməni tərəfi bütün real məqamlarda məsələdən yayınır və bu da problemin ömrünün uzanmasına səbəb olur.
Mətbuatdan öyrəndiyim, daha doğrusu, əldə etdiyim bu bilgi mənim üçün də maraqlı oldu. Düşündüm ki, hörmətli Əli müəllimin də dediyi kimi, doğurdan da status-kvonun dəyişdirilməsi özlüyündə ölkə rəhbərinin ortaya qoyduğu əsas şərtin, yəni torpaqların işğalçı qüvvələrdən azad edilməsi ifadəsi deməkdir. Bir az da sadə desək, yəni torpaqların azad olması anlamı tam şəkildə ifadə edilmiş olur. Amma...g
Bəli, amma elə məsələ də burasındadı ki, düşmən düşmənliyində qalır. Necə deyərlər, öz erməniliyindən istifadə edərək məhz həmin o status-kvo deyiləni, yəni ölü nöqtəni tərpənməyə, dəyişməyə qoymur. Bu da ikinci ən vacib məqamı ortaya gətirir. Yəni ölünü özbaşına qoymamaq məqamını. Düşünürəm ki, bunun üçün də güc, yəni Azərbaycan əsgəri özünü göstərməlidir. Yoxsa, hələ status-kvodan çox danışmalı olacağıq.



TƏQVİM / ARXİV