ANA SƏHİFƏ / YAZARLAR

Şah İsmayıla hücumların kökündə nə dayanır?

AQİL ABBAS

49857    |   2014-10-13 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar Azərbaycanın görkəmli dövlət xadimi, dünyanın böyük sərkərdələri ilə bir sırada dayanan sərkərdəsi Şah İsmayıla qarşı həm ölkəmizdə, həm də xaricdə bir cəbhə açıblar. Hətta tanınmış ziyalılarımız da Şah İsmayılı nüfuzdan salmaq üçün yorulmadan məqalələr yazır, müsahibələr verir və sair və ilaxır. İndi də biri Mazandarandan çıxıb, roman yazıb, Şah İsmayılı aşağılayıb, sonra da bizim mətbuat vasitələrində palaz-palaz müsahibələr verir. Adı yadımdan çıxdı deyəsən əsl adı Məniçöhrdü, hə yadıma düşdü adı, daha doğrusu, ləqəbi Güntay Gəncalp.

Gərək ki, «Kult.az»da tarixçi-alim Kərəm Məmmədovun ona çox layiqli bir cavabını oxudum. Təşəkkür edirəm belə savadlı, elmi cavabına görə. Amma mənim fikrimcə, onun palaz-palaz müsahibələrini dərc eləmək lazım deyil ki, sonra da onu reklam edib, cavab verək.

Şah İsmayıla hücumların kökündə nə dayanır?!

Məsələ bundadır ki, əvvəla bu hücumlar təkcə Şah İsmayıla deyil, Azərbaycanın bir çox böyük şəxsiyyətlərinə qarşı yönəlib.

Birinci Babəkdən başlayıblar. Heç ərəb xilafəti Babəkə bu qədər zərbə vura bilməmişdilər ki, bizimkilər vurur. Sonra Şah İsmayıl, Füzuli, Mirzə Fətəli Axundov, Qaçaq Nəbi, Həcər xanım və təbii ki, müasir dövrdəki böyük şəxsiyyətlərimiz də onlarla bir yerdə.

Xalqın inanclarına və tarixi şəxsiyyətlərə hücumun kökündə nə dayanır? Ağıllı oxucu dərhal hiss edir ki, əvvəlla bu hücumların kökündə Azərbaycana, Azərbaycan dövlətinə, Azərbaycan millətinə düşmən olan dövlətlər, xüsusilə də Avropa dayanır. Və bizim ziyalılar da bəziləri bilərəkdən, bəziləri də bilməyərəkdən Avropanın qurduğu tələyə düşürlər.


Yəni bizi istəməyənlər çalışırlar ki, sübut eləsinlər ki, biz millət deyilik, bizim tariximiz və tarixi şəxsiyyətlərimiz olmayıb, bizim dövlətçilik ənənələrimiz yoxdu. Təbii ki, bir millətin tarixi şəxsiyyətləri və dövlətçilik tarixi yoxdursa, o millətin Afrikada qəbilə halında yaşayan tayfalardan heç bir fərqi yoxdur. Özü də Azərbaycan dövləti mökhəmləndikcə, Azərbaycan siyasi və iqtisadi cəhətdən söz sahibi olduqca bu hücumlar daha da güclənir.

Gələk Şah İsmayıla. Çünki ən çox hücum ona qarşıdı. Hətta Şah İsmayıl haqqında Sovet dövründə yazılan həm elmi, həm də bədii əsərləri belə təftiş edirlər ki, guya

buna hökumət özü şərait yaratmışdı Türkiyənin acığına. Cəfəngiyyat.

Birincisi, Sovet dönəmində Şah İsmayılı bir sərkərdə kimi, görkəmli bir dövlət xadimi kimi deyil, orta əsrlərdə yaşamış bir şair kimi təbliğ edirdilər. Akademik Ziya Bünyadovun və eləcə də professor Oqtay Əfəndiyevin və digər alimlərimizin Şah İsmayılı dövlət xadimi kimi tədqiq elədikləri elmi əsərlər də az tirajla çap olunurdu, o da müəyyən yuxarı səviyyəli oxucular üçün. Və həmin vaxt bizim böyük yazıçılarımız – Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Əlisa Nicat həmin o elmi məxəzlərə söykənərək geniş oxucu kütləsinin qəbul edə biləcəyi sanballı romanlar ortaya qoydular.

Və onu nöqsan tuturlar ki, niyə Nadir şah haqqında əsərlər yazılmırdı, guya hökumət qoymurdu. Əvvəla, Nadir şahla bağlı çox ciddi elmi əsərlər çap olundu Sovet dönəmində və eyni zamanda bədii əsərlər yazılıb. Kim oxumayıbsa getsin Nəriman Nərimanovun «Nadir şah» əsərini oxusun. Və Sovet dönəmində bu əsər dəfələrlə də nəşr olunub, tamaşaya qoyulub.

Nadir şah da, Ağa Məhəmməd şah Qacar da Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparırdılar. Elə ona görə də dövlətçiliyimizi istəməyən qüvvələrin sui-qəsdi nəticəsində qətl edildilər.

İndi dünyanın çox özündən deyən dövlətlərinin yaşı 300-350 ili keçmir. ABŞ başda olmaqla qonşumuz Rusiya da onun içində.

Amma Şah İsmayılın yaratdığı Azərbaycan Səfəvi dövlətinin özülü 500 il əvvələ gedib çıxır. Hələ mən ondan əvvəlki Azərbaycan dövlətlərini bir kənara qoyuram. Yəni təkcə Şah İsmayılın yaratdığı Azərbaycan dövlətinin tarixi ABŞ-ın da, Rusiyanın da, Avropanın bir çox dövlətlərinin tarixindən 100-150 ildən artıq qədimdir.

Bizi bir dövlət kimi görmək istəməyənlər, bizə düşmən olanlar bax, bunu yeyə bilmirlər. Ona görə Şah İsmayıla daha çox hücuma keçiblər.

Bəli, Şah İsmayıla qarşı cəbhə genişlənir və bu cəbhəyə qarşı savaşanlar isə çox azlıq təşkil edirlər. Müəyyən ziyalılarımız münasibətlərini bildirirlər və bir-iki tarixçi-alim də bu hücumlara sinəsini verir. Əslində burda tarixçi olmayan ziyalılardan daha çox yük alimlərin üzərinə düşməlidir, tədqiqatçıların üzərinə düşməlidir.

Məhz ziyalıların və alimlərin bu məsələdə zəiflik göstərdiyini görən akademik Ramiz Mehdiyev ortaya Şah İsmayıla hücum edənləri susdura biləcək sanballı bir əsər ortaya qoydu: «Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti». Əvvəlcə silsilə məqalələr halında «Azərbaycan» qəzeti başda olmaqla müxtəlif mətbuat vasitələrində bu monoqrafiya nəşr olunub geniş oxucu kütləsinə çatdırılıb, sonra da kitab halında çap olunub.

Kitab geniş müzakirə mövzusuna çevrildi və bu gün də müzakirə olunmaqdadır. Bir ziyalı kimi mən çox istərdim ki, bu əsər orta məktəblərin yuxarı siniflərində həm dərsliklərə salınsın, həm də sinifdənkənar oxu kimi geniş yayılsın. Və xüsusilə də televiziya kanallarımız həmin əsərin geniş müzakirələrini keçirsinlər. Çünki kitabın tirajı və eləcə də qəzetlərin tirajı bu əsərin daha geniş yayılmasına imkan yaratmır, amma televiziya tamaşaçıları milyonlarladır.

Xatırlayırsınızsa tanınmış rejissor Mehriban Ələkbərzadə Azərbaycan xanlıqları haqqında çox maraqlı sənədli filmlər çəkirdi və televiziyalar bunu yayımlayırdı və hamının olurdu.

Akademik Ramiz Mehdiyevin də millətimiz üçün, dövlətçiliyimiz üçün çox vacib olan bu əsəri sənədli film kimi ortaya qoyularsa çox böyük əks-səda yarada bilər. Çünki filmin nə qədər böyük ideoloji bir qüvvə olduğunu hamı çox gözəl bilir. Yəni bu əsər müxtəlif dillərə tərcümə olunsa da müəyyən oxucu kütləsinə çata bilir. Amma sənədli bir film kimi ortaya qoyulub dünyanın bir çox dillərinə tərcümə olunarsa, qısa bir zamanda Avropa da, dünya da Şah İsmayılın necə bir görkəmli dövlət xadimi olduğunu görmək məcburiyyətində qalacaq və Şah İsmayıla hücum edənlər də qınlarına çəkiləcək.

Ruslar Pyotr haqqında neçə sənədli və bədii film çəkiblər. Və yaxud almanlar Bismark haqqında və yaxud fransızlar neçəncisə Henri haqqında, italyanlar da o cümlədən, yunanlar da o cümlədən. Son zamanlar qardaşımız türklər də bu yöndə ciddi addımlar atır.

Biz niyə Şah İsmayıl haqqında həm sənədli, həm də bədii filmlər çəkmirik? Həm çox gözəl əsərlər var ortada, həm də bunu bacara biləcək rejissorlarımız var, sənət adamlarımız var, həm də Azərbaycan dövlətinin belə filmlərin ortaya çıxmasına iqtisadi gücü və qüdrəti var.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK