YALAN...

FAİQ QİSMƏTOĞLU
28415 | 2014-07-19 04:36
... Görəsən, bu dünyada yalan danışmayan adam varmı?! Çox çətin! Dünyamızda altı milyarddan çox insan var. Ancaq yalanı danışmayanlar dilsiz-ağızsız və hələ danışa bilməyən körpələrdi. Dünyadan gəlib çıxaq öz məmləkətimizə. Öz məmləkətimizdə də çox çətin ki, yalan danışmayan az adam tapılar. "Qurani-Kərim"də yalan danışmaq ən böyük günahlardan biri sayılır. Ancaq biz insanlar nə Allahdan qorxuruq, nə də bizə verilən cəzadan. O qədər yalan danışırıq ki, danışdığımız yalanlar bu dünyaya sığmır. Özü də yalanları böyük-böyük kişilər və böyük-böyük vəzifə sahibləri danışırlar. O qədər şirin yalan danışırlar ki, adam o yalana inanır və illər boyu o yalanın dalınca qaçır. Yalan ayaq tutur yeriyir, qaçır və tövşüyür... Ancaq biz insanlar yenə buna inanırıq.
... Günlərin birində tanınmış şairin yanına cavan bir jurnalist gəlir ki, məni işə düzəlt. Həmin şair də məşhur bir jurnalın redaktor müavini işləyirmiş. Deyir ki, heç bir çətinliyi yoxdu, on-on beş gündən sonra sənin əmrini verdirəcəm. Gənc jurnalist də həmin şirin vədə inanır və oradan-buradan 1500 manat pul toplayıb həmin şairə verir və səbirsizliklə işə çıxacağı günü gözləyir. Bir ay ötür bir şey çıxmır, bir il ötür iş həll edilmir, iki ildən sonra utana-utana gedir həmin şairin yanına:
- Müəllim, artıq səbrim tükənib. Borc aldığım adamlar da pulunu istəyirlər. Əgər iş düzəlmirsə, əmanəti qaytar...
Həmin şair isə gülür və dillənir:
- Sən nə danışırsan, bu dəqiqə hər şey "vot-votdadı". Bu gün-sabah işə çıxacaqsan.
Gənc jurnalist yenə böyük ümidlə onun kabinetindən çıxır və həmin günü böyük səbirsizliklə gözləyir. Bir aydan sonra eşidir ki, şair rəhmətə gedib. O bir dizinə vurur, bir də başına! Batan 1500 manatı kimdən alacağını fikirləşir. Utandığından rəhmətə gedən şairin ailəsinə gedib pulunu geri istəmir. Düşünür ki, yəqin övladları o pulu qaytarar. Çünki övladları da bilirmiş ki, şair onu işə düzəltmək üçün ondan 1500 manat pul alıb... Pul da getdi, iş də. Cavan jurnalist o vaxtdan necə aldadıldığımını 30 ildən sonra da yaddan çıxarmır. Deyir ki, o 1500 manatı şairə halal eləmirəm. Özü bilər, bir də Allahı. Qoy görüm, Allaha necə cavab verəcək!
...O qədər yalanlar var ki, adam saymaqla qurtara bilməz. Biri işə düzəlmək istəyir. Çox hörmətli adam ona söz verir, amma illər boyu həmin adamın arzusu çin çıxmır. Yəqin sizi də nə vaxtsa şirin yalanlarla aldadıblar. Ağlına gəlməyən adam və çox imkanlı şəxs elə yalan danışır ki, bişmiş toyuğun gülməyi gəlir. Amma nə olsun, yenə onun qapısının ağzında gündə nə qədər adam dayanıb kömək istəyir. O da kömək eləyən deyil ey! Hərəyə bir yalan deyib günü-günə satır. Həmin adamlar da aylarla, illərlə gözləyir, görürlər ki, bir şey çıxmır. Bir də o qapıya üz tutmurlar...
Tanışlarımdan biri deyir ki, bir millət vəkili vardı. Televizorda danışanda ağzına çullu dovşan sığışmır. Deyirsən ki, imam övladıdı, heç vaxt yalan danışmaz. Bir dəfə qəbuluna getdim, söz verdi, sonra da illərlə mənim başımı aldatdı. Baxıb gördüm ki, bu millət vəkili televizora çıxanda belə şirin danışır. Danışığı başdan-ayağa yalandan ibarətdir. Əl-qərəz, day ondan sonra nə zəng elədim, nə də qəbuluna getdim...
İndi çoxları yalan danışanlarına əlindən boğaza yığılıb. Nazir yalan danışır, icra başçısı yalan danışır, MİS rəisi yalan danışır... Day buna inanan olacaq?! Çünki çoxları deyilən sözə yox, əmələ inanır. Hər adamın da əməli saleh deyil. Bilmirəm, bu yalanların ömrü nə qədər olacaq? Amma bir onu bilirəm ki, şirin yalanlar çox adamların həyatının altın üstünə çevirib.
Günlərin birində Molla Nəsrəddinin kiməsə borcu olur. O borclu da hər dəfə gələndə molla deyir:
- Get, sabah gəl!
Həmin adam hər səhər gəlir və hər səhər da bu sözləri eşidir. Bir gün də gələndə molla evdə olmur, borclu yenə pulunu onun evdə olan oğlundan istəyir. Oğlu isə qımışaraq bildirir:
- Qara daş göyərəndə gələrsən və borcunu apararsan...
Molla evə qayıdır və oğlu deyir:
- Borclu olduğumuz adam gəldi, mən də onu yola verdim. Dedim ki, get, qara daş göyərəndə gəlib borcunu alarsan!
Molla hirslənir və oğlunu danlayır:
- A köpək oğlu, birdən qara daş göyərdi, mən onun pulunu necə verəcəm? Amma get, sabah gəl desəydin, daha yaxşı olardı. Çünki sabahlar heç vaxt qurtaran deyil...
...İsti yay günlərində deyəsən hövsələnizi bir tikə elədim. Onsuz da istidən tərpənmək olmur. Bu yazını da oxuyanda lap tövşüyəcəksiniz. Ona görə də yazıya istedadlı şair Vaqif Bayatlı Odərin "Həqiqətlərdən boğaza yığılanlar" şeirindən bir parça ilə nöqtə qoymaq istəyirəm:

... Çünki ancaq biz bilirik
ən böyük yalan
ən böyük həqiqətdi
ən böyük həqiqət
ən böyük yalan olduğu kimi.
Ancaq biz, ancaq biz -
həqiqətlərdən boğaza yığılanlar
qışqıra bilərik:
- Yaşasın yalanlar!

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV