TANISAM UTANACAQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
42248 | 2014-06-14 06:33
Səhərin gözü yenicə açılmışdı. Hər kəs bir ovqatla, bir niyyətlə işinin, istəyinin dalınca tələsirdi. Uzaqdan onun da gəldiyini gördüm. Başını aşağı salıb öz aləmində ətrafdakılara fikir vermədən mənə doğru gəlirdi. Mən də bilərəkdən, amma heç kimə hiss etdirmədən onun gəldiyi yolun düz ortasında dayandım. O isə gəlirdi, elə əvvəlki kimi - az qala üstümdən tapdalayıb keçəcəkdi. Birdən başını qaldırdı və məni görüb bir az çaşdı və bir az da qorxmuş kimi:
- Bu sizsiniz? - dedi. Qorxutdunuz məni.
Mən də güldüm və gülə-gülə:
- Hərdən bir ətrafa da bax. Heç olmasa dost-tanışı salamla, onların salamını al, bu qədər özünə qapanma. Onsuz da axtardığın yerə atılmayıb. Əgər atılmış olsa da, onu çoxdan tapıblar, - dedim.
Beləcə, atüstü bir söhbət etdik. Əslində bu söhbət də deyildi. Eləcə demək istədiklərimin və illərdən bəri ürəyimdə saxladıqlarımın ancaq bir ahlıq ölçüsüydü. Mən bu ölçünün içərisində əritdiyim ömrü ağlımdan elə sürətlə keçirdim ki, o sürəti ölçmək çətin ki, mümkün olsun. Çünki...g
Bəli, dəfələrlə yazmışam, demişəm və dəfələrlə də yazılıb, deyilib ki, dünənini unudan gələcəyinə çətin ki, qovuşsun. Amma görünür mənim də, elə məndən başqalarının da dedikləri, yazdıqları həmişə çin olmurmuş. Həyat bəzən elə qasırğalar, burulğanlar törədib ki, dünənini unudanın ya sabahı olmur, ya da elə bir möhtəşəm sabaha gedib qovuşur ki, orda az qala Allaha bəndəlik etmək istəmir. Yəqin ki, belələrini siz də tanıyırsınız. Ona görə də düşünürəm ki, belə məqamda kimlərləsə fikirlərimiz tam üst-üstə düşməsə də, rahatca bir-birimizi anlayıb təsdiqləmiş olarıq.
Onunla ilk qarşılaşanda, onunla ilk həmsöhbət olanda mənə elə gəlirdi ki, o bu dünyanın adamı deyil. Çünki qədərindən artıq məsum idi. Düşünürdüm ki, bu adam bu dünyadan baş çıxara bilməyəcək... Və o adam bu dünyanın bir titrəyişindən, lap elə sübh mehindən yıxılacaq. Lakin görünür böyük yanlışlığa yol vermişdim. Mələk qiyafəsində gördüyüm bu adam sən demə, tamam fərqli bir istəklə, tamam fərqli bir acgözlüklə, tamam fərqli bir yanaşmayla gəlibmiş bu dünyaya. Məsumluqdan da böyük bir məsumluq var. İfadə edilməsi mümkün olmayan zərifliklə, incəliklə, hazırlıqla, insanlıqla. Burda açığını deyim, böyük aktyorlarımız məndən inciməsin, onları kölgədə qoyan bir peşəkarlıqla o, dünəni də alt-üst etdi... dünəni də sildi... bugünün də arxada qalan hər saatını məhz həmin o istedadı hesabına silir, unudur...
Deməli, onun bu qabiliyyəti müşahidə olunmağa başlayandan ətrafındakı dünən ondan uzaqlaşdı, yavaş-yavaş arxa plana keçdi. Boşalan yerləri isə onun özünə uyğun, özünə bab, özünə münasib adamlarla doldu və o gördü ki, ətrafı boş deyil. Amma sadəcə, gördü. Çünki hissləri, duyğuları, ürəyi korşalmışdı, yalnız görürdü. Gördükləri də dediyim kimi elə onun yeni çevrəsi idi: bir günlük, bir saatlıq, bir anlıq çevrə...
İndi qarşılaşdıq, yanında da həmin çevrəsi. Özünəməxsus bir şəkildə ayaqdan-başa məni süzdü və heç bir reaksiya almadığından özünün olmayan səsi ilə soruşdu:
- Məni tanımadın?
Cavabım xeyli ləngidi. Əslində bu ləngimə bilərəkdən, düşünülmüş şəkildə edilirdi. Mən həmin o pauza ərəfəsində onun baxışlarını, onun sifət cizgilərini oxumaq istəyirdim. Amma nə qədər cəhd etsəm də, heç nə oxuya bilmədim. Doğrusu, heç oxumalı bir şey də yox idi. Ölmüşdü, donmuşdu o cizgilər, o gözlər. Əvvəldə dediym kimi, yalnız baxırdı. Bu yubanmağım, bu gecikmə onu bir də dilə gətirdi:
- Mənəm də, doğurdan tanımadın?
Bu dəfə yığcam, amma bir az damarları sərt olan cavab verdim:
- Kiməsə bənzətmək istəyirəm, ancaq alınmır. Yox, tanımıram.
- Mənəm də - deyib adını da, ünvanını da dilə gətirdi. Özü də kobud və razı bir səslə mən yenə gülümsədim:
- Tanımadım. Bir də nə fərqi, tanısam utanarsan - deyib ondan uzaqlaşdım. Hiss etdim ki, arxamca baxır, əhəmiyyət vermədim. Sadəcə, hardansa bir vaxtlar yazdığım bir zarafatyana şeir yadıma düşdü.

Əvvəldi, həm də axırdı
Gerçəkdi, həm də nağıldı...
Boylanıb mənə baxırdı -
Tanıya bilmədim ancaq...
Sözümün dişsiz vədəsi
Canımda həsrət hədəsi...
Çıxdı qarşıma dədəsi -
Tanıya bilmədim ancaq...

Üyündüm kir-kirə daşda
Fikir var min cürə başda...
Mən bu gündə, o bu yaşda -
Tanıya bilmədim ancaq...

Demişdi butan olacaq
Ürəyim - odan olacaq...
Tanısam, utanacaq -
Tanıya bilmədim ancaq...

***

Hə, bu bir məqam idi, mən də yaşadım. Yəqin ki, ölü baxışlarla, donuq cizgilərlə olsa da, o da nəyinsə fərqinə vardı. Bunu mən təxmini deyirəm, elə olmaya da bilər. Axı biz indi heç nəyə təəccüblənmirik. Çünki həyat da, insanlıq da, etiketlər də, bir sözlə, insana aid edilən bütün dəyərlər də bir həftəbecərə çevrilib - qarışıb bir-birinə. Seçib ayırmaq, hər kəsi öz yerində oturtmaq zor bir iş olub. Bunu da ki, atmışıq zamanın qoynuna. Elə dinib-danışanımız, yerindən hamıdan tez duranımız dərhal zəmanəni qınayır, onu suçlu bilir...
Vallah, yaxşı çıxış yolu tapmışıq. Özümüz-özümüzə təsəlli veririk və bilir ki, günahkar saydığımız, qınadığımız zəmanənin dili-ağzı yoxdu... qayıdıb cavabımızı verə bilməyəcək... kimin günahkar olduğunu qayıdıb üzümüzə deməyəcək... o da öz içində boğulacaq, biz də... Biz danışa-danışa, o isə susa-susa...
Uzaq illərin söhbətidi. Tez-tez kirayədə qaldığım evə gələrdi və qapını döymədən içəri keçib şit bir şəkildə:
- Gəldim ki, görüm nə işlə məşğulsunuz? - deyirdi. Hər dəfə də ona irad tuturduq ki, bir az ədəbli-tərbiyəli ol, qapını döyməyi öyrən. O isə deyirdi ki, özüm belə edirəm. İstəyirəm sizi elə vəziyyətdə yaxalayım ki, sonra məndən ehtiyat edəsiniz, mənsiz heç bir addımı atmayasınız. Onun bu məntiqi bizə ilk anlar boş cəfəngiyyat bir fikir kimi görünürdü. İnanmırdıq ki, o bizləri özünə borclu salmaq istəyir. Ancaq görünür o gerçəyi deyirmiş, içində olanı dilinə gətirirmiş. Və illər ötəndən sonra tələbəlik illərində hər kəsin başına gələ biləcək bir səhvimizi o,ən böyük cinayət kimi hər yerdə üzümüzə vururdu, bizi utandırmağa çalışırdı və irişə-irişə də deyirdi ki:
- Yadınızdadı, mən o vaxtalr sizə demişdim ki, sizi utandıracam...
Bəli, indi üstündən 30 ildən artıq bir zaman keçməsinə baxmayaraq, hər dəfə onunla qarşılaşanda salamlaşıb yaxamı əlindən qurtarmaq istəyirəm. Ancaq israrla dayanmağa, söhbət etməyə çəkir məni, özü də ikilikdə yox. Səsini elə ucaldır ki, ətrafdakılar da eşitsinlər. Axırda yoruldum və məcbur oldum ki, bu dəfə mən onu qabaqlayım, mən ona həmin hadisəni bütün təfərrüatı ilə elə danışım ki, o, bu hadisəyə şahidlik etdiyindən utansın. Amma bilmirəm, utandıra bildim, yoxsa yox. Çünki o, elə soyuqanlı bir şəkildə məni dinləyirdi ki, sanki məhz həmin məqamda, həmin gündə, həmin yerdəydik - o da şahidlik edirdi. Nə isə... bu cür olayların içərisində utanc hissini saxlamaq və bu hissin içində azacıq da olsa adam olmaq görünür onların alnına yazılmayıb və onlar da beləcə barsız, amma sadəcə yaşıllığı ilə göz oxşayan ağaclar kimi bir şeydi. Nə vaxtsa ya küləkdən yıxılır, ya da baltadan...
Çox qəribədi ki, yazdığım bu mətnin içərisində olduğum anda elə ki, söhbət gəlib ağaca, baltaya çıxdı, bir də gördüm ki, həsrətini çəkdiyim yuxumdan da çıxmayan, yaddaşımdan da bir iynə ucu uzaq düşməyən həmin o yerlər gəlib dürdü gözümün önündə və mən onlara baxa-baxa, ruhən o yerləri gəzə-gəzə təkcə ölüb dirilmədim, həm utandım. Özü də ona görə ki, nə mən, nə də o yerlər bircə dəfə də olsun "məni tanımadın?" deyə soruşmadı. Mən isə:

Yuxusunu gördüyüm
dağlar, daşlar,
otlar, quşlar,
çaylar, ağaclar...
Yəqin ki,
yuxuda gördüyüm
görkəminiz hələ qalır...
qalır -
dağlar daşlara
otlar quşlara
çaylar isə
ağaclara,
otlara və quşlara
bütün heyvanlara...
bir az da
axıb gəlir
yuxu görməkdən,
xatirə danışmaqdan
yorulmuşlara,
qarımışlara,
qartımışlara...
sadəcə
nə vaxtsa
yuxumu
çin etmək üçün...

***

Bir dəfə necə oldusa, sözümüz-söhbətimiz fırlanıb adamları tanımaq mövzusuna gəlib çıxdı. Məclisdə oturanlar bu məsələyə öz prizmalarından, öz baxış bucaqlarından qiymət verməyə başladılar. Necə deyərlər, hətta hərə bir nümunə də göstərdi. Biri uşaqlıq yoldaşından danışdı, biri məhlə uşağından, biri tələbə dostundan, biri uzaq- yaxın qohumundan. Nə isə... Uzanan bu mövzunun içərisində daha çox hallanan bir məntiq oldu. O da - mənsəb və pul...
Əksəriyyət bildirdi ki, adamları yaxşı tanımaq üçün onları mənsəb sahibi etmək, onlara vəzifə vermək lazımdır. Məhz həmin o vəzifə kürsüsü onların iç dünyasına işıq salacaq. Qısa bir zamanda içlərindəki mən üzə çıxacaqdı. Və görəcəksən ki, dost dediyin, yoldaş saydığın, yaxın bildiyin, hətta güvəndiyin kim imiş, nə imiş...
Məhz bu məqamda mən yadıma bir müdrik kəlamı saldım. Həmin kəlama görə, bir nəfərdən soruşurlar:
- Qardaşın necə adamdı?
Həmin şəxs cavab verir:
- Yoldaş olmamışam!
Bu kəlamı ona görə həmin müzakirə məqamında dilə gətirdim ki, görüm həmsöhbətlərim məsələyə necə yanaşacaqlar. İnanın ki, burda olanların hamısı az qala bir ağızdan dedilər ki, indi yoldaşı da, qardaşı da tanımaq üçün yenə vəzifə və mənsəbi unutmaq lazım deyil.
Çünki məsafə baxımından mənzil başa çatandan sonra həmin yol-yoldaşı yenidən öz ampulasına qayıdacaq. Bu, ancaq bir zamanın, bir anın məsələsidi.
Bax, içimdə olan bir işıq da, bir od da belə söndü. Sən demə, bu dünyada bütün bu yazdıqlarımın düz ortasından çıxış edərək bir həqiqəti unutmaq lazım deyil ki, biz hələ nəinki ətrafımızdakıları, heç özümüzü də yaxşı tanımırıq. Bəlkə özümüzü də tanısaq utanarıq!..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV