ANA SƏHİFƏ / YAZARLAR

Sarıköynək, bir də Valeh

Məhəbbət dastanının ictimai baxışından qeydlər

49588    |   2014-06-14 06:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq yazıçısı İlyas Əfəndiyevin yazdığı pyeslərin uğurlu səhnə taleyi olub. Görkəmli qələm sahibinin yaradıcılıq məhsulu olan bu əsərlər teatrlarımızda dəfələrlə tamaşaya qoyulub. İllər keçsə də, zaman dəyişsə də tamaşaçıların İlyas Əfəndiyev qəhrəmanlarına marağı azalmır. Təsadüfi deyil ki, bəzən yazıçının roman və povestləri də səhnələşdirilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da 86-cı mövsümündə İlyas Əfəndiyevin oxucular arasında böyük populyarlıq qazanmış, müxtəlif xalqların dillərinə tərcümə olunmuş "Sarıköynəklə Valehin nağılı" romanına müraciət edib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə kollektivin bir hədiyyəsidi.

Romandan səhnəyə- real, lakonik və baxımlı

"Sarıköynəklə Valehin nağılı"nı dönə-dönə oxuyanlar yaxşı bilir ki, əsər iki gəncin saf məhəbbətindən bəhs edir. Hər şeyi halal zəhmətləri hesabına qazanmağı qarşılarına məqsəd qoyan bu namuslu gənclər insanlara xeyirxahlıq göstərmək, xoş ünsiyyət qurmaq istəyirlər. Lakin cəmiyyət elədir ki, bütün bunlar heç də asan başa gəlmir. Çünki ətrafdakı bəzi insanlar tamam fərqli düşünür, belələri hər şeydə bir təmənna güdür. Onların fikrincə, vəzifə və pulun varsa, əl atdığın bütün şərəfsizliklər sənə bəraət qazandıra bilər.
Gənc Sarıköynəklə Valehi bu cür düşüncəni özlərinə həyat tərzi seçmiş adamlardan isə xeyirxah insanlar qoruyur və mübarizədən qalib çıxarır. Sonda təbii ki, yaxşılar qalib gəlir. Amma belə sonluq təkcə nağıllarda olmur, xeyirxah insanların çox olduğu cəmiyyətdə də reallığa çevrilə bilir.
Görkəmli yazıçının mürəkkəb hadisələrlə dolu bu romanını səhnədə necə canlandırmaq? "Sarıköynəklə Valehin nağılı"nın səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru Bəhram Osmanov fikrimizcə, bu suala doğru cavab tapa bilib. Azərbaycanın və Kalmıkiya Respublikasının əməkdar incəsənət xadiminin romandan səhnəyə gətirdiyi hadisələr lakonik və baxımlıdı. Quruluşçu rejissor tamaşanın janrını iki gəncin məhəbbət dastanı kimi müəyyənləşdirib.
Əməkdar rəssam İsmayıl Məmmədovun verdiyi səhnə tərtibatı da quruluşçu rejissorun fikirlərini tamamlayır. Səhnədə quraşdırılan dekorasiya Sarıköynəklə Valehin keçdiyi mürəkkəb həyat yolunu, əyri ağaclar bu iki gəncin ətrafında baş verən haqsızlıqları xarakterizə edir. Quruluşçu rəssam tərtibat zamanı sadə detallara üstünlük verib.
Tamaşanı dinamik və baxımlı edən məqamlardan biri də musiqi ilə bağlıdı, bəstəkar Cəmalə Nəsirovanın peşəkar teatrda debütünün uğurlu alındığını əminliklə söyləmək olar.

Təcrübəlilər öyrədir, gənclər öyrənir

Bəhram Osmanov müxtəlif illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar hazırlayıb, baş rejissor təyin edildikdən sonra kollektivin yaradıcılıq potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Yeni tamaşanın uğurlu alınmasında bu amil də rol oynayıb. İstedadlı rejissor truppanın təcrübəli aktyorları ilə gəncləri bir araya gətirib və maraqlı ansambl yarada bilib.
Günel Məmmədova və Elnur Kərimov teatrın ən istedadlı gənclərindəndirlər, son illər istər klassik, istərsə də müasir dramaturqların əsərlərində maraqlı rollar ifa ediblər. Onların bacarığına inanan quruluşçu rejissor Sarıköynəklə Valehi bu iki gəncə etibar etməkdə yanılmayıb. Sarıköynək (Günel Məmmədova) sadə, zəhmətsevər bir qızdı. Həyat onu çətinliklərlə sınağa çəkir, lakin o, ən ağır anlarda belə saflığını, Valehə olan sevgisini qorumağı bacarır. Sevdiyi insanın yolunda ölümlə üz-üzə də qalır, aldığı mənəvi zərbələrdən qorxub geri çəkilmir, əksinə ayağa durmaq üçün özündə güc tapır.
Tikintidə adi sürücü kimi çalışan Valeh (Elnur Kərimov) iş yoldaşlarına, ətrafdakı insanlara diqqətli, qayğıkeşdi. Haqsızlıqla, riyakarlıqla barışa bilməməsi onu çətin vəziyyətlərə salsa da, Balaəmi, Xıdırov, Yusifov, Musa kimi adamlara qoşulub min sifətə düşmür. Həyatda haqqın, ədalətin qalib gələcəyinə inanır və bu inam da onu Sarıköynəklə xoş günlərə çıxarır.
Muradzadə (Xalq artisti Tariyel Qasımov) insanlarda haqqa, ədalətə, qanunçuluğa inamı artırmaq üçün heç nədən çəkinmədən çalışır. Tariyel Qasımov sərt olduğu qədər də xeyirxah Muradzadəni təbii, heç bir pafosa yol vermədən yaradır. Əməkdar artist Qəmər Məmmədovanın oynadığı Ceyran xanım da səmimi, çətinliyə düşən iki gəncə təmənnasız yaxşılıq edən bir qadındı.
Baləəmi əks düşərgəni təmsil edir. Onun düşüncəsinə görə, təkcə maddi nemətləri deyil, arı-namusu da pulla alıb-satmaq mümkündü. Hər kəsin, hətta həyat yoldaşı Simuzərin qarşısında gözükölgəli olan Baləmi çətinliklə üzləşincə miskin vəziyyətə düşür. Xalq artisti Yasin Qarayev bu mürəkkəb obrazın öhdəsindən ustalıqla gəlir.
Əməkdar artist Naibə Allahverdiyevaya Simuzər rolu etibar olunub. Səhnəyə ilk gəlişindən elə başa düşülür ki, bu nazlı-qəmzəli xanım həyatda hər şeyə nail olub - yaxşı qazanan əri, evi-eşiyi var, daş-qaş içində üzür. Lakin sonrakı epizodlarda bunun tam əksi görünür. Məlum olur ki, maddiyyat üzərində qurulan belə yaşam tərzi Simuzəri xoşbəxt edə bilməyib, əksinə, əsərdəki ən bədbəxt taleli insanlardan biri məhz odur. Naibə xanımın Simuzəri ehtiraslı, xoşbəxt olduğu qədər də tənha, talesiz birisidi.
Zabitə (Mehriban Hüseynova), Ağabəşir (Ədalət Əbdülsəməd), Güllübəyim (əməkdar artist Lətifə Əliyeva), Musa (Rəzzaq Məmmədov), Cavanşir (İlham Əsədov), Xıdırov (Kərəm Hadızadə) Rövşən (Vüsal Mehrəliyev) epizodik rollar olsalar da, dolğun işləniblər.
Digər rollarda Elşən Şıxəliyev (Eldar), Ceyhun Məmmədov (Zeynal), Eldar İmanov (Xıdırovun sürücüsü), Rövşən Abbasov (Müstəntiq), Rəşad Səfərov (Yusifov), Sevinc Mehrəliyeva (Sara), Zümrüd Quliyeva (Sənubər), Yusif Dadaşov (Ağası), Sabir Məlikov (Professor) və Hüseyn Nağıyev (Nemət) çıxış edirlər.
Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan "Sarıköynəklə Valehin nağılı"nda bircə şey çatışmır - tamaşaçı nəfəsi. Bu da təbiidi, çünki tanış olduğunuz yazı ictimai baxışdan qeydlərdi. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilən tamaşanın premyerası iyunun 20-də olacaq.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK