hacklink Adalet.az | GÜNAHSIZ Adalet.az | GÜNAHSIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNAHSIZ

Hekayə

20513    |   2014-06-14 05:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə saylarımızda)

***
... gedirdilər. Kişilər cığırla, Ay da başlarının üstündə. Ay kişini tanımışdı. Bu həmin yay gecəsində torpaq qazmanın qapısı ağzında oturub çoban iti kimi dördbir yanı dinşəyən adamdı. Üstündə oturduğu kötük kimi buğum-buğum kişinin gecənin bu çağında belə nərmənazik oğlanın qabağına düşüb qurdun qabağında quzu kimi getməyinin də sirrini Ay bilirdi. Bu dünyada aradabir belə şeylər olurdu. Və belə şeylər olanda Ay da aşağı enib işığını artırırdı. İndi də lap kişilərin başının üstünü kəsdirmişdi. İndiyəcən hardaymış bu adam? Soxulcan kimi necə gizlənibsə, mən də xəbər tuta bilməmişəm. İndi də qayıdıb gəlib ki, görsün bir vaxtlar at oynatdığı, qılıncının qabağı nədi, dalıynan da baş kəsdiyi bu yerlərdə nə var, nə yox. Kimlər gedib, kimlər qalıb? Yenə meydan sulamaq eşqinə düşüb. Bircə adamnan ehtiyatlanırdı, bu gün onnan da arxayın oldu. Ertədən başını atıb yatmaq istəyirdi, oğlan qoymadı. Yaxşı da elədi...
Kişi də bu səbəbdən təlaşlanmışdı. O da Ayı tanımışdı. Həmin yay gecəsindəki Aydı, indi də qarabaqara onu izləyirdi... Hə, qocalar düz deyirmiş - bu dünyada sirr batmırmış. Bəlkə də batardı - Ay göydən dünyanın keşiyini çəkməysəydi. Yiyəsiz döyürmüş bu dünya...
... gedirdilər. Kişi beş addım qabaqda, oğlan dalda. Ay da başlarının üstündə. Səsləri çıxmırdı. Hərə öz ürəyində danışırdı... Bu yerlər heç dəyişməyib - necə qoyub getmişəm, gəlib elə də gördüm, - bunu kişi fikirləşirdi. Yuxularımdan çıxmayan yulğunluq... Elə bil bir koluna da toxunmayıblar. Qalınlaşıb ki, seyrəlməyib. Bu yerin adamı nə tikirsə, bir əli yulğunluqdadı. Damların, halayların, çal-çəpərin çoxu yulğundandı, qamışdandı. Allah nə bərəkət verib bu ağac-uğaca. Elə bil meşədi. İstəyirsən, baş kəs, bir adam bilməyəcək. Bircə, Ay göydən baxmaya...
Görəsən, niyə danışmır?! Bəlkə ürəyinə nəsə damıb? Qəsdən özünü tülkülüyə vurur, hürkütmək istəmir məni... Bunu da oğlan fikirləşirdi.
***
Sabaha yaxın külək yatmışdı. Axşamkı vurhavurda axmaza çəkilən duman ara sakitləşən kimi kəndə axıb evlərin, ağacların başının üstünü almışdı. Qonaq dumanın çəkilməyini gözləmədi. Çaydan-çörəkdən dadmamış geyinib Küdrüyə üz tutdu... Oğlan da onun ardıycan evdən çıxdı. Avar biçmək adıynan axmazın qırağına gəldi. Astaca fit verib qamışlıqda qayıq sürən uşağı çağırdı. O taya keçib yulğun kollarının arasıynan meşəyə girdi. Payızın divanı başa yetmişdi, bostan ur olmuş, tağlar quruyub tənbəkiyə dönmüşdü. Qurumuş qarpız, yemiş tağlarına ilişə-ilişə meşəbəyinin komasına çatdı. Dayısı müharibədən bəri əynindən çıxartmadığı oraq-çəkic düyməli sırıqlısını siyninə atıb ocağın qırağında oturmuşdu, sacayağın üstündə cızıldayan qəfədandan gözlərini çəkmirdi. Qaydasıydı, sabah-sabah evdən ac-susuz çıxar, meşəni bir yol ayaqdan salmamış ağzına tikə qoymazdı. İndi də papiros tüstüsündən saralmış qupquru barmaqlarıynan tənbəki eşə-eşə çayın qaynamasını gözləyirdi. Bacısı oğlunu görəndə ağarmış pırpız qaşları çatıldı.
-Ağbatun xeyir. Bostan ur olannan görmürəm səni. Sabah-sabah xeyir ola?
Dayısının böyründə divara söykədiyi tüfəngi çənəsiynən göstərdi:
- Bunu bir gecəliyə ver mənə.
-Neyniyəcəksən?
-Gərəyimdi...
-Qoy oturmuşuq yerimizdə. Tüfəng sənun neyuva gərək olan şeydi?
-Üç-dörd gündü hinə çaqqal dadanıb. Deyirəm... bəlkə vura bildim...
Dili-dodağı keyiyirdi. Başqa sual vermiyeydi, keşkə. Dayısına bələddi, yerinə çatmamış əldən tüfəng verən deyildi
-Çaqqal? Çaqqala nə var, onu əlnən də tutarsan. Kəndə yalquzaq dadanıb ey. Xəbərun var? Keçən gecə Cəfər kişiynən Bağda arvadın gözü baxa-baxa halayda qoyun-keçini dağıdıb. Deyirmişdər ki, qorxudan dilimiz batdı, qonum-qonşunu da çağıra bilmədik. Bax, onu vura bilsən, deyərəm, oğulsan. -Ağır-ağır əlini tüfəngə apardı, dönüb bacısı oğlunun gözünün içinə baxdı,- bax, bir gecəliyə verirəm, ha. Vurdun, vurdun, vurmadun, day mənnik döyür. Sabah obaşdan bura gələndə götürəcəm...
-Darıxma, bəlkə Allah rastına saldı, elə yalquzağı da vurdum...
Tez çıxmalıydı, yubandıqca söhbət uzanırdı. Dayısı da əl çəkənə oxşamırdı:
-Deyir, axşam qonağun varmış. Kimiydi?
- Hə...Tanımıram...
-Tanımıram da nə sözdü? Evdə təzə gəlin, körpə uşaq. Sən nə gündəsən ki, qonaq da saxlıyırsan? Özü də tanımaduğun, yoldan ötənin birini.
-Əşşi, day neyniyeydim? Gün batmışdı, qapıdan qovmayacaqdım ki...
- Gəlmişdi, ötüreydun bizə.
Bir ayağını qaçaq qoymuşdu. Birdən kişi hirslənib tüfəngi verməz...
-Nə, nədi? Bir də belə iş tutma.
-Yaxşı, yaxşı...
Təzədən qarpız, yemiş tağlarına ilişə-ilişə bostandan keçib yulğunluğa girdi. Bayaq kolun dibində gizlətdiyi kəndirnən baltanı tapdı, iri budaqlardan beş-altısını qırıb yerə düzdü, tüfəngi də aralarına qoyub şələ düzəltdi. Kürəyinə atdı. Uşaq o tayda gözləyirdi. Suya atdığı daşların qalxıb enə-enə süzməsinə tamaşa eləyirdi. Yulğun şələsini görəndə yaşından böyük çoxbilmişliklə gülümsədi:
-Şahmar dayı, bu taydakı yulğunlar xoşuva gəlmir nə?
- Nə? Hə... Kişiynən işim vardı... Qayıdanda gördüm, nəsə əlim dinc durmadı. Yaxşı... çox sağ ol.
-Xoş getdun...

***
Hava qaralanda şələni kürəyinə alıb təzədən həyətdən çıxdı. Arvad-uşağın paltar yuduğu kötüyün düz üstünə gedib çıxan cığırın sağ-solunu bürümüş böyürtkənliyə çatanda şələni açıb tüfəngi kolun dibində gizlətdi. Elə qoydu ki, burdan keçəndə rahatca əlini atıb götürə bilsin...
Onun dalınca qonaq da həyətə girdi...
Bu gecə qazan asmamışdılar. Süfrədəki təndir çörəyi, pendir, göyərti, bir kasa bişmiş süd də şam yeməyinə bəs edərdi. Qonağın ağzı işdəydi, iri-iri tikələri bir-iki diş vurub ötürürdü. Danışmırdı. Keçən gecə içindəkilərin hamısını bayıra tökmüşdü. İndi kəlmə də kəsmirdi. Dillənməsə də, süfrə yığışan kimi yatmaq istədiyi üz-gözündən bəlliydi...
İndi də ev yiyəsinin yatmaq fikri yoxdu. Qonağı da belə tez yatmağa qoymayacaqdı. Şam yeməyindən sonra qonşunun nərdtaxtasını gətirtdi. Qonaq narahatlıqla yerində qurcuxdu, əsnədi, gərnəşdi. Ötən gecə ev yiyəsinə yuxu vermədiyinə, ondan ötrü qətiyyən maraqlı olmayan (hər halda o, belə düşünürdü) söhbətlərinə qulaq asmağa məcbur elədiyinə görə indi yatmaq istədiyini deməyə də üzü gəlmirdi. Ev yiyəsi də onun bu halına məhəl qoymurdu...
...Oyunları alınmırdı. Qonaq yorğundu, ev yiyəsi fikirli. Zərləri ovcunda tutub o qədər fikirləşirdi ki, qonaq mürgüləyir, qəfildən başı sinəsinə enəndə diksinib ayılırdı. Çox yorulmuşdu-buradan Küdrüyə gedib-qayıtmaq piyada gəzməyə öyrəşməmiş adamın işi deyildi. Nərdtaxtanı örtəndə qonaq key-key onun üzünə baxdı. Oğlan məəttəl qalmışdı; qarşısındakı adam-ötən gecəki kötük kimi kişiyə qətiyyən oxşamırdı. Sifətində məzlumluq, bir gecənin yuxusuzluğundan çuxura düşmüş gözlərində yalvarış vardı. Elə bil kişinin içindən başqa adam boylanırdı...
-Sənə demişdim ey... Küdrüdə bir dostum vardı. Onu görməyə getmişdim. O dünyalıq olub. Sağlığı heç mənə gərək də döyüldü... Qalanların heç biri lələşini tanımadı. Ağzı bütöv adammış... Sonra da deyirlər, bu dünyada sirr batmır. Yalanmış. Çox şeylər yalanmış bu dünyada. Baş qatmaqçın, adamları çaşdırmaqçın deyirlərmiş belə şeyləri...
Qonağın kimdən söz elədiyini bilirdi. Həmin qoca da keçənilki qış bir gecə bu evdə qonaq olmuşdu. Onda da sabahı diri açmışdılar. Qocanın o dünyalıq olması qonağın içini rahatlatmışdı. Öz uğurunu ertədən başını atıb doyunca yatmaqnan bayram eləmək istədiyi də bəlliydi. Bəs, niyə bu günə düşmüşdü?! Bir gündə bu qədər dəyişmək, yazıqlaşmaq mümkündümü? Bu boyda kişi payız küləyindən titrəyə-titrəyə budaqdan yapışıb qopmaq istəməyən sarı yarpağa dönmüşdü.
- Deyirəm, gedib bir az gəzişsək, pis olmaz. Gün təzə batıb hələ. Gecəni sabah eləmək olmur...
O qədər ağır qalxdı ki,... ayaq üstə duranda əlini divara atmasaydı valay vurub yıxılacaqdı. Geyinib otaqdan çıxdılar...

***
... kişilər getdikcə cığır uzanırdı. Cığır uzandıqca Ayın da səbri daralırdı. Kəndin başında, arxın o tayındakı həyətlərin birində xoruz banladı. Oğlanın nəfəsi daraldı. Hər gecənin bu vaxtı körpə oğlu xoruzların səsinə diksinib ayılır, anasının südlə dolmuş döşlərini almayınca toxtamırdı. Yəqin indi də ağ, ətli əllərini anasının sinəsinə döyə-döyə, ağzının qıraqlarından süd tökülə-tökülə marçıldadır. Həm də elə acgözlüknən, elə təngənəfəs əmir ki, elə bil əlindən alacaqlar...
Dil-dodağı köz kimi yanan, ətirli, yumşaq bədənə yapışan kimi oldu. Payızın sərinində canını alov bürüdü; bu alov dizlərinin titrəməsini kəsdi, əllərinin buzunu açdı... Qocanın qəfil gəlişindən sonra uşağın əmməsinə baxanda gözləri yol çəkərdi. Xəyalında nağıllar quraşdırardı. Oğlu böyüyüb söz qanan olanda danışacaqdı. Anasının döşlərində ağzı yanan, elə onun özü boyda bir körpənin nağılını. Bu nağıl da elə əsl nağıllar kimi başlanırdı; biri varmış, biri yoxmuş, bir qaragöz çoban varmış. Çobanın bəxtində nə varmışsa, günlərin birində öz ayıbsız arvadını da götürüb enli kürəyini sərin yaylaqlara çevirmiş, duzu üzə çıxan, torpaqdan çox ocaq külünə oxşayan bu yerlərə gəlmişdi.... Öz-özünə nağıl danışa-danışa oğlunun böyüməsini gözləyirdi. Gözləyə-gözləyə təlaşlanırdı. Qorxurdu nağılın şirin yerində oğlu qəfildən sözünü kəsər, düz gözlərinin içinə baxıb soruşar: Bəs, o balaca oğlan yekəlmədi? Yekələndən sonra bir şey eləmədi? Bu sualları verəcəkdi, mütləq verəcəkdi. Dünənəcən bilirdi oğluna nə cavab verəcəyini. Deyəcəkdi ki, o adam çoxdan buralardan gedib. Həmişəlik gedib, köçlü-külfətli gedib. Bəs, indi? Udqundu. Boğazı quruyurdu. Dilini güclə tərpədib dodaqlarını yaladı...
(ardı var)

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK