"QOBUSTAN" toplusu - 40 (1969-2009)

TOFİQ ABDİN
22998 | 2009-04-11 00:28
Proyektimizə qayıdırıq:
   
   "QOBUSTAN" TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm.
   
    "Ədalət" qəzetinin "Qobustan" - 40" seriyasından dərc etdiyi retro yazıları maraqla oxuyuram. İnsan adətən yeniliyə can atır. Amma nə vaxtsa oxuduğun yazını təkrar oxumağın da öz ləzzəti var - elə bil ki, köhnə dostunla yenidən görüşürsən. Odur ki, qəzetdə gedən proyekt çərçivəsində hörmətli Tofiq abi mənə "Vaxtilə "Qobustan"da oxuduğun yazılardan hansını yenidən oxumaq istəyərsən?", - deyəndə tələbəlik illərində oxuduğum, amma bəzi məqamlarını hələ də unutmadığım bir yazının adını çəkdim: ELÇİN MÜƏLLİMİN "MEDEYA" TAMAŞASI HAQQINDAKI "TƏZADLARIN FACİƏSİ" MƏQALƏSİNİ.
   
   Uşaqlıqdan bəri teatrla bağlı bir yazını ötürməz, hansı qəzetdə, jurnalda, kitabda rastıma çıxsa, hökmən oxuyardım. Özüm də bilmirdim ki (indi də bilmirəm) bu nə teatr sevgisidir. İndi o qəzet-jurnal yazılarından, kitablardan hamısı yadımda qalmayıb. Amma yadımda qalanlar da var - C.Cəfərovun İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşası haqqında "Təklik faciədir", S.Rəhmanın "Yalan" tamaşası haqqındakı "Yalansız" məqalələri, M.Məmmədovun H.Qurbanova haqqında "Onun sənət ulduzu" monoqrafiyası... Elçin müəllimin "Təzadların faciəsi" məqaləsi mənim üçün belə azsaylı unudulmaz teatr yazılarından biridir".
   
   Tənqidçi, tərcüməçi, şair
   
   ƏSƏD CAHANGİR
   
   ELÇİN
   
   TƏZADLARIN FACİƏSİ
   
   Son illərdə Azərbaycanın teatr həyatında, hərgah belə demək mümkünsə, canlanma nəzərə çarpır. S.Vurğun adına və Kirovabadda C.Cabbarlı adına teatrların ikinci səhnəsinin açılışı, Bakıda Aktyor studiyasının yaranması, digər şəhərlərimizdə bir sıra Poeziya teatrlarının təşkil olunması zəngin teatr ənənələrinə malik Azərbaycan səhnəsindəki həmin canlanmanın, bizcə, perspektivləri işıqlandıran bir təzahürüdür. Bu günlərdə isə yeni bir əhəmiyyətli hadisənin şahidi olduq: aparıcı dram teatrımızın -M.Əzizbəyov adına Akademik Teatrın ikinci səhnəsi fəaliyyətə başladı. Teatrın müdiriyyəti bu mühüm məsələyə ciddi yanaşmaq, yeni tipli və yaraşıqlı bir səhnə təşkil edə bilmişdir. Yaxşı ki, bu ciddi münasibət repertuarın seçilməsində də özünü göstərmişdir: teatr ikinci səhnənin kameralı səciyyəsindən ehtiyat etməmiş və ilk tamaşa üçün Jan Anuyun monumental "Medeya" faciəsini seçmişdir. Bu əsərin həcmi kiçik, iştirakçıları azdır, burada məkan və zaman da məhduddur, lakin oradakı monumentallıq, epik vüsət insan hisslərinin mürəkkəbliyində, psixoloji çarpışmalarında, hadisələrin gərgin dinamikasında və emosional təsirindədir.
   
   Qədim yunan mifologiyasının tərkib hissələrindən biri olan Medeya əhvalatı "İliada"dan bu tərəfə həmişə dünya ədəbiyyatının diqqət mərkəzində olmuşdur və J.Anuyun "Medeya"sı bu mövzunun XX əsr üçün müasir yozumunun bəhrəsidir. J.Anuyun "Medeya"sında surətlərin bir-birinə və həyata münasibəti "Evripidin, yaxud Senekanın ideyaları"na nisbətən daha çoxmənalı, çoxlaylıdır.
   
   Medeya başdan-başa təzadlarla dolu, son dərəcə mürəkkəb daxili çılğın hiss-həyəcanlara, qızğın ehtiraslara malik bir qadındır və əslində, özü də bu mürəkkəbliyin, çılğınlığın qurbanıdır. Medeyanın ehtirasları "adi həyat" çərçivələrinə və adi təfəkkürə sığışmır: o, misal üçün öz uşaqlarını dəlicəsinə sevməyə və eyni zamanda, intiqam naminə bu uşaqları öz əli ilə öldürməyə qadirdir.
   
   Medeya qızıl dəri ardınca Kolxidaya gəlmiş arqovantların başçısı Yazonu sevirdi və bu məhəbbətin uğrunda atasına xəyanət edib, qardaş qatili olub, qoca Paleasın başına müsibət gətirib, Fazis və Pont sahillərində, Lemiosa və Fasalliyada qanlı cinayətlər törədib. Bir vaxtlar Medeyanın "kərpicləri qızıldan sarayı" var idi, hökmdar qızı idi, indi isə, "xoşbəxtlik ətrafı dolaşdığı" bir vaxtda dünyanın ən tək, kimsəsiz və bədbəxt adamıdır. "Bütün dünyanın üz döndərdiyi" bu qadın hər yerdən qovulur, hamı ona lənət yağdırır. Hətta Korinfdə analar öz uşaqlarını onun adı ilə hədələyir.
   
   Medeyanın ürəyini doldurmuş, bütün varlığına hakim kəsilmiş nifrət intəhasız, sonsuzdur və bu qadın ilk növbədə özünə nifrət edir. Medeya Kreona yalvarır ki, onu öldürsün və ilk baxışda bu yalvarış süni təsir bağışlayır, çünki Medeya hərgah bu qədər ölmək arzusundadırsa, qalxıb bir qayadan özünü atsın, vəssəlam. Yox, məsələ də burasındadır ki, Medeya bu cür "sadə" intihar yolu seçməyə qadir deyil, Medeya ürəyindəki nifrətin və intiqam hissinin nəyə qadir olduğunu bilir, özü özündən qorxur və Kreona da ona görə belə yalvarır ki, həmin nifrətin və intiqam hissinin törədəcəyi cinayətin baş verməsini istəmir. Bu nifrət və intiqam hissinin Yazonun onu atması və Korinf şahı Kreonun qızı Kreuza ilə evlənməsi doğurmamışdır, əsas səbəbkar, ümumiyyətlə, dünyadakı etibarsızlıq, vəfasızlıq, hiylə-fəsaddır və Medeya özü də bu dünyanın bir parçasıdır. Medeya başa düşür ki, Yazonun ardınca Korinfə "cinayətin qanlı izi ilə" gəlmişdir və Yazondan ayrılmaq da qan bahasına başa gələcək. Ən başlıca məsələ isə burasındadır ki, Medeya yalnız məhəbbətinin intiqamını almır, dünyanın riyakarlığına qarşı üsyan edir və "Medeya" tamaşasının quruluşçu rejissoru Mərahim Fərzəlibəyov bu cəhətə xüsusi fikir vermişdir.
   
   M.Fərzəliyev son iki ildə H.Ərəblinski adına Sumqayıt Teatrının və M.Əzizbəyov adına Akademik Teatrın səhnələrindəki bir sıra maraqlı tamaşaların quruluşunu vermiş bir rejissor kimi tanınmışdır və onun səhnəni duymaq, tamaşaları küll halında mənalandırmaq və həmin vahid məna daxilində yaddaqalan mizanlar qurmaq, yeni təsvir vasitələrindən istifadə etmək bacarığı bu cavan rejissorun sənəti barədə ədəbi ictimaiyyətdə nikbin fikirlər oyatmışdır. M.Fərzəlibəyovun yaradıcılığına belə bir diqqət bir də onunla izah olunur ki, bu gün Azərbaycan səhnəsinin istedadlı rejissorlara ehtiyacı böyükdür. Quruluşçu rejissor "Medeya"da öz yaradıcılıq prinsiplərinə sadiq qalmışdır və bu əsərdəki hisslərin, ehtirasların təzadlı səciyyəsindən bacarıqla istifadə edərək uğurlu bir tamaşa yarada bilmişdir. Burasını da qeyd etmək vacibdir ki, söhbət böyük səhnədən getmir, imkanları nisbətən məhdud olan kiçik səhnədən gedir və M.Fərzəlibəyov həmin səhnənin spesifikasına uyğun olaraq "Medeya" tamaşasında monumentallıqla kameralıq arasında bədii-estetik vəhdət yarada bilmişdir və bu işdə əsas ağırlıq Medeya rolunun ifaçısı Amalya Pənahovanın üzərinə düşmüşdür.
   
   M.Əzizbəyov adına Akademik Teatrın altmış-yetmişinci illərindəki lirik psixoloji səhnə uğurlarının bir çoxu A.Pənahovanın adı ilə bağlıdır və son zamanlarda bir aktrisanın zəngin yaradıcılıq imkanlarının yeni və maraqlı səhnə təcəssümləri ilə tanış oluruq. Bir müddət bundan əvvəl "Xurşidbanu Natəvan" tamaşasında baş rolun ifaçısı A.Pənahova lirik-psixoloji incəlikləri göstərmək bacarığı ilə bərabər, istedadının epik imkanlarını da nümayiş etdirdi və psixoloji lirika ilə epik vüsətin belə bir qarşılıqlı əlaqəsi və təsiri "Medeya"da da yaxşı nəticə vermişdir.
   
   Medeyanın hisslər aləmi nəinki bu zərif vücuda, hətta yerə-göyə sığışmır və A.Pənahova qəhrəmanının çılğın monoloqlarını söyləyərkən hərdənbir ayaqları üstə qalxır və bu sadə hərəkət məhz həmin sığışmazlıqdan xəbər verir: Medeya özü də hissləri ilə bərabər, dünyaya sığışmır. Saysız cinayətlər törənib, lakin xoşbəxtlik gətirməyib və bu cinayətlər yanğısı ilə bərabər, bədbəxtliyin yanğısı da Medeyanı - A.Pənahovanı yandırıb-yaxır.
   
   Düzdür, Medeyanın hisslər aləmi, ehtirasları naqisliklərlə doludur və bu naqis hisslərin özləri belə, bir-biri ilə mübarizə aparır, lakin Medeyanın daxilindəki təmizlik, paklıq tamam məhv olmamışdır, hətta bu qədər cinayətlərdən sonra da hərdənbir Medeyanın ürəyində təmiz, lakin çox cansız, çox kövrək və taqətsiz hisslər baş qaldırır, çünki hələ də bu ürəyin harasındasa bir ümid işığı yanmaqdadır: bəlkə hər şeyi yenidən başlamaq mümkündür, təmiz bir həyat yaşamaq olar?
   
   A.Pənahova bu hisslər çarpışmasını, incəlikləri duya-duya məharətlə açır. Medeya öz doğma Kolxidasından didərgin düşmüşdür və onun ürəyində heç kimin ağlına gəlməyəcək bir nostalgiya var və bu nostalgiya onillik didərginlikdə yalnız vətənin deyil, yaxşı əməllərin, xeyir işlərin, heç olmasa, kiçicik bir xoşbəxtliyin nostalgiyasına çevrilib. A.Pənahova Medeyanın təbiətindəki və taleyindəki bu layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır.
   
   1982
   
   (Davam edəcək)
   
   

TƏQVİM / ARXİV