adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SONUNCU YARPAQ

VƏSİLƏ USUBOVA
40089 | 2014-03-15 09:54
Deməyin ki, yenə nəsə kədərli bir şeydən danışacaq. Bilirəm, başlığa çıxardığım bu söz birləşməsi hər kəsin qəlbində kövrək bir qüssə oyadacaq. "Son" və "yarpaq" sözləri möhkəm, qalıcı bir şey vəd eləmir əslində. Şablonluqdan çıxmaq fikrindəyəm bu dəfə. Niyyətim sizlərə sonuncu yarpağın əbədiliyindən, etibarlılığından, heç bir zaman budağından qopub ayrılmayacağından danışmaqdı. İndi O.Henrinin "Son yarpaq" hekayəsini xatırlatmaq fikrindən də çox uzağam. Çünkig mənim pəncərəmdən də ağac budağındakı qurumuş yarpaqlar görünür və onlardan biri aylardan bəri nə qara-şaxtaya, nə də yağışa-küləyə bac vermədən öz yerində durur. O yarpağın düşüb-düşməməsinin məndən ötrü elə bir önəmi yoxdu. Sadəcə, hər gün sabah açılanda gözümə sataşdığına, çılpaq budaqda möhkəm-möhkəm dayandığına görə diqqətimi çəkib...
Axına qarşı durmağı bacaranlar həmişə fərqlidi, seçilən, diqqət çəkəndi... Həm də ruha güc verən...
Bizsə başqa şeylərin aludəsiyik...
Hər şeyi faciəyə çevirməyi sevirik...
Qızlarımız iyirmi yaşınacan ərə getməsə, yuxumuz ərşə çəkilir. Təzə evlənənlərimizin evindən doqquz-on ay keçəndən sonra uşaq səsi eşidilməsə, arvadlar ağlaşmada deyib ağlayırlar. Evində üç gün ət xörəyi bişməyənimiz dördüncü gün yaylığını başına salıb, əlində uzun bir ərizə düz icra başçısının qəbuluna yol alır...
Yazın əvvəlində bizim tərəflərdə də arabir leysan yağışlar yağır, tufan olur. Sabah açılan kimi mütləq üç-dörd bığıburma kişi bizdən qabaq özünü idarəmizə yetirməlidi: "Gecə evimdən damıb, on-onbeş şiferdən-zaddan verin, üstünü örtüm", "Külək tövləmin üstünü götürüb, çəpərimi aşırıb, kömək eləyin düzəldim..."
Bizdən qabaqlarda evindən damanlar, çəpəri aşanlar neynirmiş, görəsən?! Niyə bu adamlar öz ev-eşiklərinə sahiblik eləməyi bacarmırlar?! Bu sözləri kişisiz evin qadınından eşitmək adamı o qədər də təəccübləndirməz. Kişilərdən eşidəndə hirsini cilovlaya bilmirsən...
Köhnə kişilər öz işlərini, qayğılarını hələ-hələ kimsəyə yükləməz, etibar eləməzdilər. Çarəsizlikdən kimlərəsə söz deyəndə tez peşiman olar, özlərini qınayar, "Allah kişini öz gücündən qoymasın!" deyib olanlardan dərs götürərdilər. İndi... ələbaxımlıq baş alıb gedir. Hamını özünə borclu bilənlərin sayı gündən-günə artır. Həm də qəribə "diplomatiya" sahibi olub belələri. Öz məqsədlərinə çatmaqdan ötrü qarşısındakını inandırmaq, rəhmə gətirmək, bəzən də susdurmaqçın mütləq bir səbəb tapırlar. Bu bəhanələr də çox zaman işləyir, çoxları onun məntiqsizliyini başa düşmür. Bəhanə sahibləri də bundan fürsətkeşliklə yararlanıb irəli gedə bilirlər... Hamı başqasının yerini tutmağa, onu işlədib, özü qazanmağa meyllidi. Özünün yeri hardadı, hansı mərtəbədədi, bunu düşünənlər çox azdı...
Mən Konfutsinin bir fikrini daha çox bəyənirəm:
"Qaranlığı lənətləməkdənsə, bir şam yandırın!"...
Barmağına tikan batanda vay-şivən qopardanlar üzünü də turşutmadan ömrün ağrı-acılarını qurtum-qurtum içənləri çətin anlarlar...

***

Deyirlər, insan yaxşılıq da etsə, pislik də etsə, özünə etmiş olur. Deməli, yaxşılığımızı da, pisliyimizi də yönəltdiyimiz adamla nəticədə yarıbayarıyıq. Duyduğumuz sevinc və çəkdiyimiz acılar baxımından...
Qədim rəvayətləri dinləyəndə də, arabir onları xatırlayanda da qəribə rahatlıq duyuram...
...Padşah hər gün taxta çıxanda bir kişi içəri girər, qulağına nəsə deyər, məmləkətin sahibi də bir qayda olaraq ona bir kisə qızıl verərmiş. Heç kəs həmin sözün nə olduğunu bilmirmiş. Xeyli müddətmiş ki, bu vəziyyət davam edirmiş. Paxıllığını gizlədə bilməyən vəzir günlərin birində kişinin dalınca çıxıb ona məktub verir və qonşu ölkənin padşahına çatdırmasını tapşırır. Kişi "baş üstə" deyib yola düşür. Yolda bir atlı cavanla rastlaşır. Oğlanın kişiyə yazığı gəlir, məktubu ondan alıb özü aparır. Qonşu padşah məktubu alan kimi cavanın boynunu vurdurur. Sən demə, bu xeyirxah cavan bədxah, xain vəzirin oğluymuş. Məktubda bu sözlər yazılıbmış: "Məktubu alan kimi, gətirənin boynunu vurun!"...
Məsələdən hali olan padşah ikiəlli təpəsinə döyən vəzirə deyir: "Əbləh! Sən heç bilirdinmi, o kişi mənə nə deyirdi?! Bu uzun illər ərzində o, hər gün mənim qulağıma eyni sözləri pıçıldayırdı: Nə edərsən, özünə edərsən!"...

***

Son yarpağa ümid kimi deyil, həyat tərzi kimi baxaq. Gözümüzü dikdiyimizə həmişə xeyirxah rəssam deyil, diqqətsiz bir zibilyığan da ürcah ola bilər. Əl atıb qırar və... hər şeyimizi məhv edər. Bir-birimizin son yarpağını qırmasaq, ömür şamını üfürüb qaraltmasaq, İnsan adını daha halallıqla daşıyarıq...
Mənim güvəndiyim O Yarpaq adam əli çatan yerdə deyil...
Bir də...
Bu səhər diqqətlə baxıb görmüşəm ki, indiyədək tək bildiyim yarpaq... sən demə, qoşa imiş...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV