ANA SƏHİFƏ / YAZARLAR

Bu qışdan çıxa bilməyən Tofiq Abdin

Bir vaxtlar şair özü də dostlarının yasıyla barışa bilmirdi

55418    |   2014-03-01 00:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Salam, Abi.
- Salam, lap beş də artıq.
- Nə var, nə yox?
- İdarə olunuruq.
Bu məmləkətdə əslində heç idarə olunmayan Tofiq Abdinlə telefon söhbətlərimiz belə başlardı. Sonra oğlu Mətinin iş-gücündən, İbrahim başda olmaqla nəvələrinin dərslərindən danışardı. Gündəlik qayğılarımızı, oxuduğumuz yazı-pozuları müzakirə edərdik. Sonra da telefonun dəstəyini asıb gedərdi idarə olunmağa. Ölümündən bir neçə gün əvvəlki telefon söhbətimizdə də belə olmuşdu. Vidalaşmadan öncə havaların düzəldiyini, bu qışdan çıxmağa bir şey qalmadığını dedim və ən çox sevdiyim şeirlərindən birini xatırlatdım:

Bu qışdan, bu vuruşdan çıxa bilsək gəlir yaz.
Biz hələ qocala bilərik bir az!

Tofiq abi qışdan çıxmaq ümidi ilə ayrıldı və getdi idarə olunmağa. Yazın ilk çərşənbəsində - su çərşənbəsində isə su kimi axıb torpağa qarışdı.
Tofiq Abdinin 70 yaşının hələ 3 il öncə tamam olduğunu biləndə çoxları inanmırdı. Abinin vəfatı xəbərinə də inanmayanlar o qədər idi ki...
70 illiyi ilə bağlı "Ədalət" üçün müsahibə götürəndə Tofiq abi yaşından cavan görünməsini belə izah eləmişdi: "... Həqiqətən də inanılmalı deyil. Mənim hərəkətlərimə, özümü aparmağıma, geyim tərzimə baxanlar təbii ki, inanmırlar. Görürəm ki, sən də 70 yaşımla bağlı hələ çox sual verəcəksən. Sənə maraqlı fikir deyim. Türkiyənin keçmiş prezidenti Kenan Evren bir zamanlar deyib ki, niyə Allahın yadına salım ki, hələ də sağam.
Belə-belə işlər, Etibarım, yaşa dolduqca hamımızda bir Səməd Vurğun xofu yaranır. Çünki insanlar 50 yaşlı Səməd Vurğunu 70-80 yaşlı qoca kimi görüblər. Bu yaşda belə görünməyimi qəhrəmanlıq-filan da hesab eləmirəm. Bu gün əgər İsa İsmayılzadə də sağ olsaydı, o da heç 70 yaşlı adam kimi görünməzdi. Son vaxtlar kəşf eləmişəm ki, mən boyda, nəm-nişanda olanların çoxu elə yaşından cavan təsiri bağışlayır. Məmməd Əlilini, Qılman İlkini, Gülhüseyn Hüseynoğlunu göz önünə gətir və özün nəticə çıxar. Sənə səmimi deyim ki, nə qədər əlləşirəm, yenə yaşlı görünə bilmirəm. İçimdə qəribə bir uşaqlıq, gənclik havası var. Həmin hava məni qoymur ki, özümü ailədə, işdə, cəmiyyət içində 70 yaşlı adam kimi hiss edim. Amma onu da başa düşürəm ki, 70 yaş qəribə bir mərhələdi. Ondan bir də olmayacaq..."
Həmin müsahibədə Tofiq Abdin itirdiyi dostlardan da danışmışdı: "Yola saldığım illər ərzində dostlarımın 80 faizini itirmişəm. Onlardan bəziləri dünyalarını dəyişiblər. Elələri də var ki, bu dünyadadırlar, lakin özlərini dəyişiblər".
Son illər dostu Aslan Qəhrəmanovla daha çox oturub-durur, onunla dərdləşirdi. Dəyərli alim və yazıçının vəfatından sonra Tofiq abidən narahat idim. Bilirdim ki, bu itki ona yaman pis təsir edib. Abi bir zamanlar dost itkisi haqqında belə yazmışdı

Dostlarımız, tanışlarımız yaşıl budaqlar kimi budanır ölümün baltasıyla.
Küsülü adamlar kimi barışa bilmirik dostlarımızın yasıyla.

Tofiq abi ilə sıx ünsiyyətdə olan dostlar bilirdilər ki, son illər şair ölümdən qorxmağa başlamışdı. Özü də dəhşətli dərəcədə. Sonuncu üzbəüz görüşümüzdə də bilmirəm necə oldusa, söz-söhbət abinin qorxduğu mövzudan düşdü. Tərcümə Mərkəzindəki iş otağında yazıçı Rafiq Səməndərin vaxtsız itirdiyi oğlunun faciəsindən danışırdıq. Dəyərli şairimiz Zakir Fəxri təkcə otağa daxil olmadı, həm də söhbətimizə müdaxilə elədi. Tanıdığı hansısa bir rəssamın qızının faciəli ölümü barədə danışdı, ortaya bir az mistika da qatdı.
Reallıqda isə Tofiq Abdinin qorxduğu başına gəldi. Qapısına gələn ölümün arxasınca qoşulub getdi. Dostu Aslan Qəhrəmanovun 40 mərasimini də gözləmədi. Nə bu qışdan, nə bu vuruşdan çıxa bildi.

... Biz onları bir balaca artıq sevsək,
Yox, elə lap başqası tək sevə bilsək
Yaxşı şairin ömrü
bəlkə uzanar bir gün...

Tofiq Abdinin dediyi kimi elədik, dostumuzu bir balaca artıq sevdik. Amma yaxşı şairin ömrünü bir gün də olsa uzatmağa gücümüz yetmədi...

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK