ANA SƏHİFƏ / YAZARLAR

Məşhur Hamletin bəxtsiz adaşı

Hamlet Qurbanov "Ölüm gələr, ölərik" sözünü işlətməyi çox sevirdi və ölüm gələndə böyük aktyor vədinə əməl etdi

141848    |   2014-02-15 06:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər insana ad qoyulanda həmin ad onun sonrakı taleyində mühüm rol oynayır. 1938-ci ildə iki böyük sənətkarın ailəsində dünyaya göz açan körpəyə Şekspirin məşhur qəhrəmanı Hamletin adını verənlər də yəqin bunu bilirmişlər. Şekspirin qəhrəmanının adaşı öz istedadına görə krallara layiq ömür sürə bilərdi, lakin onun qismətinə tənhalıq düşdü.
Hələ İncəsənət İnstitutunda təhsil aldığı illərdə hamı Hamlet Qurbanovdakı aktyorluq istedadından danışırmış. Kurs rəhbəri, görkəmli rejissor Mehdi Məmmədov diplom tamaşasında Doktor (Nazim Hikmət "Şöhrət və ya Unudulan adam") rolunu Hamletə etibar edir. Tamaşanı görənlər söyləyir ki, tələbə Hamlet səhnədə özünü illərin peşəkar aktyoru kimi aparırmış. Elə diplom tamaşasından sonra onun Akademik Milli Dram Teatrında çalışmasına heç bir problem qalmır. Hamlet Qurbanov təyinatla bu sənət ocağına göndərilir.
İstedadlı aktyorun teatrın səhnəsində yaratdığı, bu gün də unudulmayan obrazları bir azdan xatırlayacağıq. Oynadığı ilk rollardan biri haqqında maraqlı epizod danışırlar. Hamlet Qurbanov teatra gəldiyi vaxtlarda Səməd Vurğunun "Vaqif" pyesində Əsgər rolunu oynayır. Axşam tamaşalarının birində üzünün bir hissəsini qrim edərək səhnəyə çıxır. Teatrın direktoru Əliheydər Əkbərov gənc aktyoru kabinetinə çağırır.
- Hamlet, niyə üzünün bir hissəsini qrim edib tamaşaya çıxmısan?
- Əliheydər müəllim, tamaşada mənim bir yerim var, orada da tamaşaçılar üzümün bir hissəsini görürlər. Mən də ancaq görünən hissəsini qrim elədim.
Bu epizodu təsadüfən xatırlamadıq. Direktorla olan söhbətindən belə başa düşülə bilər ki, Hamlet Qurbanov olduqca şən, deyib-gülən insan olub. Lakin...
Valideynlərinə və özündə olan istedada görə gənc Hamlet böyük sənətkarların çalışdığı bu teatrda mehriban qarşılanır. İlk gündən hamı onun xətrini çox istəsə də, Hamlet ünsiyyətə o qədər də meylli deyilmiş. Həmin dövrdə Hamletlə birgə çalışmış iş yoldaşları onu belə xarakterizə edirlər- onun öz dünyası var idi, həmişə xəyallarda olardı.
Görəsən niyə?

"Qəribə insan, böyük aktyor idi"

Xalq artisti Rafiq Əzimov hələ institut illərindən tanıdığı Hamlet Qurbanovu belə xatırlayır: "Hamlet Ağadadaş Qurbanov və Gülxar Həsənova kimi böyük sənətkarların ailəsində dünyaya gəlmişdi, aktyorların, rejissorların əhatəsində böyümüşdü. Belə bir mühitdə böyümək hər insana nəsib olmur. Mən onu tələbəlik illərindən tanıyırdım, çünki Hamlet bizdən bir kurs yuxarı oxuyurdu. Mehdi müəllimin onlarla hazırladığı diplom tamaşasına baxanda valeh oldum. Hamletin oynadığı Doktor rolunu görən kimi ürəyimdə dedim halal olsun, atanın verdiyi çörək. Fikirləşdim ki, o, atası Ağadadaş Qurbanov kimi qüdrətli aktyor olacaq. Əslində, Hamletdən zəif rol gözləmək heç düzgün də deyildi. Bayaq dediyim kimi, o, yaradıcı mühitdə böyümüşdü, istedad onun qanında, nəfəsində idi.
Sonra tale elə gətirdi ki, ikimizin də təyinatını Akademik Milli Dram Teatrına verdilər və biz çiyin-çiyinə çalışdıq. Bu sənət ocağında Hamlet çox gözəl, bir-birindən maraqlı obrazlar yaratdı. Həm klassik əsərlərdə, istərsə də müasir mövzulu tamaşalarda rejissorlar ona rollar verirdilər, Hamlet də həmin obrazları özünəməxsus şəkildə yaradırdı. Onun sənət müəllimi, böyük rejissorumuz Mehdi Məmmədov ölməz dramaturqumuz Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasını teatrda hazırlayanda Doktor Lalbyüzü Hamlet ifa etdi. Bu rolun 1-2 kəlmə sözü var, amma Hamlet Qurbanov onu çox gözəl oynadı, təsadüfi deyil ki, onun bu ifası hələ də xatırlanır. Hamletin həm teatrda, həm kinoda, həm də televiziya tamaşalarında yaratdığı müxtəlif obrazlardan söhbət düşəndə "Dəli yığıncağında"kı Doktor Lalbyüz gözlərimizin qabağında gəlir. Mən onunla bir çox tamaşalarda tərəf-müqabili olmuşam. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərindəki Cəmil rolunu necə unutmaq olar? İnanmıram ki, həmin rolu Hamletdən başqa kimsə belə yaxşı oynaya bilsin. Onu səhnədə görmək, necə deyərlər, nəfəsini hiss etmək tərəf-müqabil üçün bir sevinc hiss yaradırdı. Çünki Hamlet təpədən-dırnağa qədər istedadlı aktyor idi. Çox nəhəng aktyorlarla bir səhnədə çıxış etmişəm, filmlərə və televiziya tamaşalarına çəkilmişəm. Hamlet Qurbanov da belə nəhəng sənətkarlardan biri idi. Düzdü, o, vaxtında layiq olduğu qiyməti ala bilmədi, əməkdar artist kimi dünyadan köçdü, amma Azərbaycan incəsənətində dərin bir iz qoydu.
Çox qəribə insan idi. Deyib gülməklə, söz-söhbətlə heç arası yox idi, daha çox tənhalığı sevirdi. Həmişə oturub xəyala dalırdı, biz də belə anlarda ona mane olmazdıq. Çünki bilirdik ki, ürəyindən keçənləri heç kimlə bölüşən deyil. Tənhalıqda onu nə cəlb edirdi, heç birimiz bilmədik..."
Hamlet Qurbanovun sənət yoldaşlarının xatirələrinə yenə yer verəcəyik. Amma gəlin bu böyük aktyorun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlara nəzər salaq.
Əsgər, İbrahim xan ("Vaqif"), Rəqs müəllimi ("Nazirin xanımı"), Səlim bəy ("Qaçaq Nəbi"), Cəmil ("Unuda bilmirəm"), Doktor Lalbyüz ("Dəli yığıncağı"), Şəkərlinski ("Kəndçi qızı"), Əliqulu ("Əliqulu evlənir"), Hacib ("Xəyyam"), Ağahüseyn ("Büllur sarayda"), Karebin ("Canlı meyit"), Udriya ("Adsız ulduz"), Şamxal ("Şəhərin yay günləri") və s. Bu hələ yalnız doğma teatrının səhnəsində yaratdığı obrazlardır. Hələ milli kinomuzda, televiziya tamaşalarında gördüyümüz və unuda bilmədiyimiz irili-xırdalı rollar...

"Tənhalıq onun üçün xoşbəxtlik idi"

İstedadlı aktrisa Əminə Babayeva bir neçə tamaşada bu böyük sənətkarla bir səhnəni bölüşüb. Əminə xanım həmin günləri belə xatırlayır: "1969-cu ildə səhnəyə gəlmişəm, bir il sonra Hamlet Qurbanovla "Nazirin xanımı" tamaşasında tərəf-müqabil olmuşam. İstedadlı rejissorumuz Tofiq Kazımov həmin tamaşada Oğlan rolunu mənə, Hamlet Qurbanova isə Rəqs müəllimini həvalə etmişdi. Sonra "Kəndçi qızı" tamaşasında da tərəf-müqabil olduq. Sonrakı illərdə müxtəlif tamaşalarda oynasaq da tərəf-müqabil olmadıq. Yaşasaydı, bu xoşbəxtlik mənə nəsib olardı. Sevinirəm ki, anası Gülxar xanım Həsənova ilə televiziya tamaşalarının birində tərəf-müqabil ola bildim.
Həddindən artıq mədəni insan idi Hamlet. Hamletin xətrini çox istəyirdim. Kollektivdə hamı ona hörmətlə yanaşırdı. Amma o, özü heç kimə qaynayıb-qarışmazdı. Məncə təklik onun üçün xoşbəxtlik idi. Heç kimi öz dünyasına yaxın buraxmırdı, gizli dünyasının sirlərini heç kimə açmırdı. Bəlkə hiss edirdi ki, ətrafdakı insanlar onu duya bilmirlər... Mən onu həmişə xatırlayıram. Valideynlərinin yolunu layiqincə davam etdirdi, özündən sonra çox gözəl obrazlar yadigar qoydu. Allah ona rəhmət eləsin".
Sənət yoldaşlarının, həmkarlarının dediyinə görə, Hamlet Qurbanov həmişə fikirli görünərmiş, hətta küçə də gəzəndə belə onu gözləyə bilən təhlükənin fərqində deyilmiş. Kollektivlə qastrol səfərlərinə gedəndə, kino çəkilişləri ilə bağlı rayonlarda olanda təkliyə qapanar, heç kimlə deyib-gülməzmiş. Onun ac və ya tox olduğunu da bilən olmazmış.
İstedadlı aktyorun şəxsi həyatı da uğursuz alınıb. Cəmilə adlı bir xanımla ailə quran Hamlet Qurbanovun evliliyi uzun çəkmir. Oğlu Səlimin dünyaya gəlməsi də onu ailəyə bağlaya bilmir. Həyatının sonrakı illərini anası Gülxar xanımla bir evdə yaşayır.

"Bircə cümlə sözü sanki tamaşanın taleyini həll etdi"

Əməkdar artist Məzahir Cəlilov Akademik Milli Dram Teatrında böyük sənətkarlarla birgə çalışıb. Hamlet Qurbanovu da belə aktyorlardan hesab edir: "Azərbaycan teatr sənəti eyni dövrdə Vəfa Fətullayeva, Səməndər Rzayev, Hamlet Xanızadə və Hamlet Qurbanov kimi sənətkarları vaxtsız itirdi. Yaradıcılıqlarının ən qaynar dövründə həyatdan köçən bu insanların hər biri dünya səviyyəli aktyorlar ola bilərdilər. Mən bu sözü çəkinmədən deyirəm. Onlar yaşasaydılar daha böyük yaradıcılıq uğurları əldə edər, xarici ölkələrdə də tanınardılar. Hamlet Qurbanov da belə sənətkarlardan biri idi. Təəssüf ki, ölüm onu da bizim səhnədən çox tez ayırdı. Hamlet Qurbanovla bir çox tamaşalarda oynamışam, Bəxtiyar Vahabzadənin "Kimdir haqlı" əsərinin tamaşasında tərəf-müqabil olmuşam. O, ilk növbədə səhnəyə qarşı çox tələbkar idi. Böyük rola da, kiçik rola da eyni məsuliyyətlə və ciddi yanaşardı. Bəzən deyirlər ki, filankəs sanki səhnə üçün doğulub. Bu sözü Hamletə də şamil etmək olardı.
Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında Əliqulu rolunu böyük sənətkarımız Ağasadıq Gəraybəyli oynayırdı. Hamlet bu rolda ona dublyor idi, o, Əliqulunu tam fərqli təqdim edirdi. Yəni bu iki böyük, müxtəlif səpkili aktyorların yaratdığı obraz bir-birini təkrarlamırdı. Kiçik bir epizodda səhnəyə çıxanda belə Hamlet Qurbanov tamaşaçının yadında qala bilirdi. Mehdi Məmmədovun quruluşunda hazırlanan "Dəli yığıncağında"kı Doktor Lalbyüz rolu buna bir sübutdur. Mən də həmin tamaşada oynayırdım. Hamlet Qurbanovun bir cümlə sözü var idi. Amma "Hamısı dəli" sözünü elə deyirdi, həmin epizodu elə gözəl oynayırdı ki, sanki o bir cümlə söz tamaşanın taleyini həll edirdi. Hamletin kino yaradıcılığı da belə idi. Mən heç inanmıram ki, "Dədə Qorqud" filminə baxanlar onun yaratdığı Qıpçaq Məliki unuda bilsinlər.
Həyatda da ciddi insan idi, şit zarafatla, yersiz söhbətlə arası yox idi. Ondakı qürur xəstə vaxtlarında da kiməsə ağız açmağa imkan vermədi. Teatrda, rayonlara qastrollara gedəndə onu çox müşahidə etmişdim. Öz dünyası vardı, tamaşadan sonra otağa çəkilib siqareti və duyğuları ilə baş-başa qalardı. Heyf Hamletdən".
Hamlet Qurbanov nadir müsahibələrinin birində "Mən yaşayıram, mən dəyişirəm. Dəyişdikcə də rollarımda dəyişir. Həyat mənə nə verirsə, onu da qəbul edirəm" - demişdi. Bu böyük sənətkar bəs insan kimi niyə tənha idi? Niyə heç kimlə fikirlərini, düşüncələrini və dərdini bölüşmədi? Bu sualların cavablarını bir Hamlet Qurbanov bildi, bir də Allahı.
Həyatda çox ağrı-acı çəkmiş, haqsızlıqlar görmüş, sənətdəki xidmətləri rəsmi şəkildə layiqincə qiymətləndirilməyən, üstəlik son illərində sağalmaz xəstəliyə tutulan Hamlet Qurbanov deyilənə görə "Ölüm gələr, ölərik" sözünü təkrarlamağı çox sevərmiş. 1995-ci il noyabrın 16-da ölüm gələndə onun 57 yaşı vardı. Və Hamlet Qurbanov sözünün üstündə durdu.

Turan ETİBAROĞLU


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK