hacklink Adalet.az | HƏKİM, ALİM, KİŞİ... Adalet.az | HƏKİM, ALİM, KİŞİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏKİM, ALİM, KİŞİ...

35640    |   2013-12-21 01:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

-Böyük Allah dərd verdiyi qədər dərman da verib. Bu dərmanları tanıtmaqçın loğmanlar, təbiblər göndərib Yer üzünə...
Ümid, işıq dolu sözlər ömrümün sabahına yol alan xəyallarımı aydınladar, irəlidə qorxusuz, dərddən, ağrıdan-sızıltıdan uzaq bir həyat yaşayacağıma inandırardı məni... Loğmanları mifik bir varlıq kimi xəyal edər, nə zamansa onlarla bir dövrdə yaşayanları bəxtəvər sayardım... O günə qədər ki...
Qonşu qadının əlindəki yumşaq üzlü kitab diqqətimi çəkir...
- O nə kitabdı elə?
- "Böyük loğman"...
- Oxumağa verərsən?..
Loğman... Bu sözdən nahaq yerə xoşum gəlmirmiş. Hələ min ildən də o yana bu ada şöhrət gətirən bir insan yaşayıbmış Yer üzündə. Dünyaya gələndə valideynləri adət üzrə ona uzun bir ad versələr də, Şərq aləmində İbn Sina, Qərbdə Avitsenna kimi tanıyıblar onu. Kitabı əlimə alıncayadək onun haqqında bircə bunları bilirdim... Nədən?!. Nədən hərf tanımayan nənələrim belə Ərəstun, Əflatun adlarıynan Aristoteli, Platonu tanıyrdılar?!. Tanıyırdılar və onları loğman bilib rəvayətlər danışar, ruhlarına dua edərdilər. Mənsə, İbn Sinanı, Bəhmənyarı, Birunini, Uluqbəyi tanımırdım...
Bu kitabı oxudum, desəm, aldığım bilgi və təəssüratı çox kiçiltmiş və ucuzlaşdırmış olaram. Bir gündə neçə dəfə götürüb-qoymağımı, bəzi səhifələri, abzasları neçə dəfə oxuduğumu da desəm, ürəyim soyumayacaq. Kitabdakı bir cümlə isə ruhumu əməlli-başlı dara çəkdi... "Nə üçün ölümündən neçə yüz il keçəndən sonra dindar fanatiklərin əmrinə əsasən İbn Sinanın fəlsəfi əsərləri Bağdadın baş meydanında yandırılır?!"
Bu adamlar niyə belə edirlər?! Doğrudanmı, bəşəriyyətə loğmanlar gərək deyil? Sağalmaq istəmirlər, yoxsa?!.

Ömrü boyu həyatdan ağıl öyrənməyən kəs,
Dünyada heç alimdən də bir şey öyrənə bilməz...

Rudəkinin şeiridi... Bu Şərq nə vaxt özünü tanıyıb, yaratdıqlarına sahib çıxacaq?!
Kitabı uşaqlıqda oxusaydım, böyük loğmanın ətrafındakıları cahil adlandırardım. "Keşkə, bizim zamanımızda doğulsaydın" deyərdim. İndisə belə düşünmürəm. "Ondan da betər olardın" deyirəm. Çünki bugünkü dünyamız hər cür qutsallığa və dəyərlərə arxa çevirməkdədi...
Bu gün də sağalmaq istəyən yoxdu...
Kitab mənə çox şeyləri öyrətdi. Öyrətdi ki, bütün dövrlərdə Yer üzünə loğmanlar, təbiblər göndərilir, ancaq yaşadıqları sürəcə onları hamı görüb qiymətləndirə bilmir...

***
Düz iyirmi altı il bundan əvvəli mən də bir loğmanla qarşılaşmışdım...
Vaxtilə haqqında yazmağa tapşırıq aldığım adamların ünvanına içimdən gələn gözəl-gözəl sözləri çox işlətmişəm. İllər ötüb, həmin adamları yaxından tanıyanda çox hissə qapıldığımı, yanlış düşündüyümü anlamışam. Anladıqca çox peşiman olmuşam. Ona görə yox ki, özüm yanılmışam, ona görə ki, oxucuları aldatmışam. Və onu da biləndə ki, oxucular həmin şəxsləri məndən daha yaxşı tanıyırmışlar, onda da peşimançılığım xəcalətə çevrilib...
Nə isə... Olan olmuş, keçən keçmiş...
Qayıdıram səksəninci illərin sonuna - o işıqlı şəxsiyyəti tanıdığım illərə. Əslində, səthi də olsa, məlumatım vardı onun haqqında. Qəzetdə işləyib rayonun tanınan adamlarından xəbərsiz olmaq mümkün deyil. Bilirdim ki, Bakının hansı xəstəxanasındasa sabirabadlı Asif həkim işləyir... və işləri düşdükcə yerliləri onu əlbəəl axtarırlar. Deyirdilər ki, o, yerlilərini çox sevir, fərq qoymadan hər kəsə əlindən gələn köməyi əsirgəmir. Özünü görəndə elə ilk gündən anladım ki, deyilənlər yanlışdı. Onun kimi insanlar təkcə öz yerlilərini sevə bilməzlər. Belə xırda münasibətlər heç ağıllarının ucundan da keçməz.
O, içinin işığı sifətinə qonan çox az nurlu şəxslərdən idi...
Onda bildim ki, niyə hər həkimə "loğman" demirlər...
Anladım ki, loğmanlar da peyğəmbərlər kimi adi adamların arasında seçilmədən yaşayırlar. Və onları ancaq öz içində işıq, paklıq gəzdirənlər görüb tanıya, duyub qiymətləndirə bilirlər...

***
Yeddi yaşlı oğlum əməliyyat olunmalıydı. Neçə gündü ki, o zamankı N.Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutunda yatırdıq. Oğlum öskürürdü deyə, vaxt uzanırdı. Gərgin, həyəcanlı günlər keçirirdim. Bir uşaq da evdə qoyub gəlmişdim. Əməliyyatın necə keçəcəyini gündə neçə dəfə xəyalımdan keçirib özümə yer tapa bilmirdim. O da hər gün bizə baş çəkir, uşağın ciyərlərinə özü qulaq asırdı. Hər dəfə də "hələ xışıltı var, olmaz" deyib gedirdi. Koridorda görünəndə, sakit-sakit addımlayanda elə bil palataların da havası dəyişir, mülayimləşirdi...
O zaman mən bir həqiqəti də kəşf elədim. Kişilərin xarakterindən, davranışlarından danışanda onlarda ancaq mərdlik, xeyirxahlıq, səxavət axtarırıq. Heç zaman onlardan utancaqlıq, abır-həya gözləmirik. Elə düşünürük ki, ancaq qadınlar abırlı, həyalı olmalıdılar. Bir aya yaxın müddətdə hər gün bizə baş çəkdi, uşağı yoxladı, mənə suallar verdi, amma bir dəfə də başını qaldırıb üzümə baxmadı...
O, həm də baxışları səbirsizliklə gözlənən kişilərdəndi...
İlahi, illər ötdükcə, təkcə biz dəyərli insanları deyil, onların yaşatdıqları bənzərsiz davranışları da itiririk...
"Sabirabad-80" kitabından:
"Asif Abdullayev 1933-cü ildə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuşdur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsinə daxil olmuş, 1956-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət Sabirabadda uşaq həkimi və uşaq xəstəxanasının baş həkimi işləmişdir.
1960-cı ildən elmi işlə məşğul olmuş, 1964-cü ilin martında tibb elmləri namizədi, 1969-cu ildə isə 36 yaşında tibb elmləri doktoru olmuşdur.
Asif Abdullayev 1964-cü ilin aprelindən 1971-ci ilin fevralınadək Pediatriya İnstitutunda böyük elmi işçi, pediatriya şöbəsinin rəhbəri, həmin vaxtdan ömrünün sonunadək-20 il institutun elmi işlər üzrə direkor müavini işləmişdir.
Professor Asif Abdullayev 104 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 4 metodik tövsiyyənin müəllifidir.
Görkəmli alim 1991-ci ildə vəfat etmişdir. Ölümündən sonra Sabirabad rayonunda yaşadığı küçəyə, baş həkim işlədiyi uşaq xəstəxanasına və Bakı şəhəri Binəqədi rayonunun 20 saylı uşaq poliklinikasına onun adı verilmişdir...
Bir ömrü cəmi 15-20 cümləlik mətnə sığışdırdıq. Sabirabad, Bakı, Moskva... Elə böyük bir ərazini əhatələməyən təhsil, iş, elm yolları. Hər şeyi deyirmi?! İlk baxışda, bəli. Bu illərin içində onun könül arzuları, qurduğu xəyalların gerçəkləşməsi üçün göstərdiyi çabaları, yuxusuz gecələri, qarşısına çıxan əngəlləri dəf etmək gücü, qazandığı uğurların gözyaşardan həyəcanları, bir sözlə, həkim, müəllim, alim, rəhbər, ər, ata, vətəndaş kimi qayğı və üzüntüləri yaşanıb.
Elə uzun da ömür yaşamayıb. Cəmi 58 il...
Amma məni qane eləmir, doyuzdurmur bu bilgilər... Yox, hələ nəsə var, nələrisə bilmirəm mən. Harda axtarım, hardan tapım eşitmək, bilmək istədiklərimi...
***
İki min on birinci ilin mayı... Bayırda yağış ara vermir. Apreldə boşalmayan buludlar gecə xəlvətə salıb həyətdəki bəzək kollarını, tərtəmiz asfaltı yuduqca yuyurlar. Üç-dörd gün öncə kiçik nəvəmi koma vəziyyətində gətirmişik buraya. Palatanın havası ağırdı, onsuz da rahatlanmayan uşaq gözlərini də yummur. Hava işıqlananacan koridorda qucağımda gəzdirirəm...
İndi başım bir qədər ayırd olub. Təhlükəni atlatmışıq. Onun haqqında rahatca düşünə bilərəm. Həmin mərtəbə, həmin koridor. Düz iyirmi beş il keçir. Çox şeylərin dəyişməsi təbiidi. Deyəsən, buralara bir az əl də gəzdiriblər. O zaman gördüyüm həkim və tibb işçilərindən heç biri gözümə dəymir. Öyrənirəm ki, cərrah Nazim Axundov da haqqın rəhmətinə qovuşub. Həkimlərdən Hənifə Əlizadə, Xeyirov başqa yerdə işləyirlər. Maya adında erməni tibb bacısı vardı, o da yoxdu...
Zamanın ötəriliyində, insanların bir-birini əvəzləməsində qeyri-adi heç nə yoxdu. Zaman su kimi axır, ömürlər də karvan kimi dünyanın üzündən ötüb keçir. Bəs, niyə onu xatırlayanda belə kövrəlirəm?!.
Axı, hələ də yaşaya bilərdi. Yaşıdlarının çoxu bu gün də sağlam və gümrahdılar. Belə gərəkli ömür sahibiyçin 58 il nədir ki?!.
Hər ağrı-acının, təəssüf və yanğının böyründə bir şirin təsəlli olmamış deyil.
Bu institutda özü boyda bir nur parçası qalıb Asif həkimdən. Adını çəkənin sifəti işıqlanır, həyəcandan səsi titrəyir. Kimdən soruşuramsa, haqqında xatirə danışmaqdan yorulmur. Özləri dönə-dönə mənə yaxınlaşıb birgə işlədikləri dövrdən epizodlar danışırlar...
Yaşı yetmişi keçsə də, eynəksiz körpələrin damarına rahatlıqla düşən Xədicə xanım:
- Mən onun tibb bacısı olmuşam. Qələm-kağız götürüb günlərlə yanımda otursan da, danışacaqlarımı yazıb qurtara bilməzsən. Ömrünün son saatlarını isə... öz ömrümün sonunacan xatırlayacam. Hələ səhər saat doqquz olmamışdı. Bax, o bəzək kollarının arasında gəzişirdi. Bu ağacların, kolların çoxunu da elə özü əkdirmişdi. Axır vaxtlar ürəyi onu narahat eləsə də, bir kəlmə şikayətlənməzdi... Birdən səs-küy qopdu. Halı dəyişmişdi. Tez şprisə dərman çəkdim. Ancaq... gərək olmadı... Keçinmişdi...
Bir də xanımının səsi qulaqlarımdan getmir: "Hayıf səndən, ay Asif... Qara torpağın altına gedəcəksən..." Dedi və... bayıldı...
Onun kimilərə torpaq da qoynunu geniş açır, sevinclə qəbul edir...
Tibb elmləri namizədi, baş elmi işçi Yaşar Məstəliyev təkcə xatirələr danışmaqla kifayətlənmədi. İş stolunun üstündə Asif həkimi xatırladacaq o qədər şeylər vardı ki... Şəkilləri, elmi əsərləri, məqalələri.... İnana bilməzdim ki, adam iş yoldaşını bunca sevə bilər, hətta dünyasını dəyişdikdən sonra belə haqqında yorulmadan, usanmadan danışar. Elə bilirdin ki, onun həyatında Asif Abdullayevlə bağlı xatirələrdən şirin özgə heç nə yoxdu. Yaşar həkim onun həm də bənzərsiz həmsöhbət, yol yoldaşı olmasından, şeiri, muğamatı sevməsindən danışırdı. Deyir, hara gedirdiksə, yolboyu şeirlər söylərdi. Məmməd Arazı daha çox sevirdi...
Düşünürəm ki, elə Məmməd Arazın da könül dünyası onun kimilərin həsrətində olub həmişə. Aşağıdakı misraları da onun kimilərə həsr edib:

Gedənlər-gələnlər sığmayır saya
Dünya bu minvalla dolur, boşalır.
Nə ədər yaxşılar gəlir dünyaya,
Yenə yaxşıların yeri boş qalır...

İlk gündən diqqətcilliyi, işə can yandırmasıynan diqqətimi çəkən, xanım-xatın tibb bacısı Firuzə xanımsa ürəyini bircə cümləynən boşaltdı: "O, əsl müəllim, əsl kişiydi..."
Mənim də birinci və axırıncı dəfə gördüyüm abırlı kişi...
Əsl kişilərdən ötrü isə göz yaşı tökməyə dəyər...
Alnımı pəncərənin soyuq şüşəsinə söykəyirəm. Daha buludlar da mənimlə bəhsləşə bilməz. Düz iyirmi beş il əvvəl bu kollarn arasında bir göyçək oğlan da tay-tuşlarıynan qaçdı-tutdu oynayırdı. Burada bizi onun qohumları kimi tanıyırdılar. Mənə deyirdilər ki, sən Asif Rufullayeviçin qızına, oğlun da nəvəsinə oxşayır...
Mənim əzizlərim... İndi ikinizi də isti göz yaşlarıynan yad edirəm. Mələk ruhunuzun işığı körpə balamı mənə bağışlayacaq...
Arxadan addım səsi gəlir. Kimsə ayağının ucunda yaxınlaşır. Bəlkə... onlardı... Dönüb baxmağa qorxuram. Baxışlarımın boşluğa toxunmasından qorxuram... Deyəsən, axı, doğrudan da arxada kimsə var. Bəs, bu şeiri deyən kimdi...

Pəncərəmi külək döyüb ağlasa,
Eyvanıma quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib ağlama.
Ağlamağın yeri deyil ağlama...

Nə yaxşı ki, ruhumuzun Məmməd Araz adlı təsəllisi var...
Ürək dolanda zamana, məkanamı baxır?!. Elədiyi yaxşılığın, diqqətin, qayğının əvəzini heç olmasa, göz yaşlarımla ödəyim. Heç kəsdən elədiklərinin əvəzini gözləməsə də...

***
Öz təəssüratlarım yetmirdi, bəs eləmirdi bu yazını işləməyə. Elə bir adam axtarırdım ki, Asif həkimi lap uşaqlıqdan, gənclik illərindən tanımış olsun, həyatını, fəaliyyətini müəyyən qədər izləmiş olsun. Xatirələr danışsın, epizodlar söyləsin. Bu şəxs də Salamulla Abdullayevdən özgəsi ola bilməzdi. Rayonda Asif həkimin qohumları çoxdu. Onların arasından Salamulla müəllimi seçməyimin öz səbəbləri var. Onu əqidə adamı, məslək sahibi kimi tanıyıram. Tanıdığım gündən də rayonumuzda, respublikamızda elə bir mühüm ictimai-siyasi hadisə olmayıb ki, iştirak etməsin, münasibət bildirib səy göstərməsin. Taleyüklü məsələlərə biganə qalmır, xoşlasalar da, xoşlamasalar da sözünü deməkdən, rəy bildirməkdən çəkinmir.
Hər rastlaşanda da qoltuğunda qəzet görürəm Salamulla müəllimin. Ona rəğbətim də bəlkə ən çoxu bununla bağlıdı...
Zənnimdə yanılmamışdım. Məqsədimi bilən kimi, özünəməxsus diqqətcilliklə, səliqə-səhmanla işə qoşuldu. Əziz qohumu haqqında əlində olan materialları mənə çatdırdı... Öz bildiklərini də səliqə ilə ayrıca vərəqlərdə yazmışdı....
Materialların içində coğrafiya elmləri namizədi Niftalı Şıxların (İsmayılovun) "Köçməyə tələsdin" ("Şəfqət" qəzeti, 11-17 fevral 1992-ci il, №7) və "60 yaşını gözləmədi...) ("Suqovuşan" (Sabirabad) qəzeti, 4 noyabr 1993-cü il, №46) adlı məqalələri diqqətimi çəkdi. Hər iki məqalədə Asif Abdullayevin həyat və fəaliyyəti barədə müfəssəl məlumat var. Oxuduqca qayğıkeş həkimin, fədakar alimin, tələbkar müəllim və rəhbər işçinin, gözəl dost və ailə başçısının, vətəndaşın - bir sözlə, əsl Loğmanın obrazı göz önündə canlanır. Hər dəfə Səməd Vurğunun məşhur şeirindəki "dolaşıb aləmi loğman kimi məna gəzirəm" sözlərini oxuyanda düşünərdim: özü loğman olan kəs bu aləmdə nə axtarır?!. Sən demə, elə məhz dərin düşünənlər bu dünyanın mənasız işlərindən daha çox əziyyət çəkirlərmiş...
Tarixən xalqımızın başına gətirilən bəlalar - zaman-zaman torpaqlarımızın işğalı, əlifbamızın dönə-dönə dəyişdirilməsi, dilimizin, adət-ənənəmizin təqibi, tariximizin saxtalaşdırılması o böyük alimin də yuxularını ərşə çəkirdi. Səksəninci illərin sonlarında baş verən hadisələr, torpağımızın işğalı səhhətini korlamış, ürəyini yaralamışdı...
Niftalı Şıxlar "Suqovuşan"dakı yazısında Asif Abdullayevin "Azərbaycan" qəzetinin 7 sentyabr 1990-cı il tarixli nömrəsində dərc olunmuş "Nə üçün belə olur?" adlı məqaləsindən bir parçanı da daxil edib. Bu parçada vətəndaş alimin dərin narahatçılığı əksini tapıb...
"Görəsən, indi bizə öz tariximizi yazmaqda, qədim torpaqların adlarını və xəritəsini obyektiv verməkdə, çap etdirib dünya miqyasında yaymaqda nə mane olur?
Azərbaycan dilinin dövlət dili kimi bərqərar olmasına yuxarı təşkilatlardan başlamaq lazımdır. Daha vacibdir ki, respublika ərazisində görüləcək işlər mahiyyətindən və nəticəsindən asılı olmayaraq, tarixi keçmişimizi, xüsusən dağılıb itməkdə olan abidələrimizi qorumaq və onları gələcək nəsillər üçün saxlamaq yönümündən həll edilməlidir.
Kənd təsərrüfatında qeyri-elmi şəkildə istifadə edilən pestisid və nitratların acı nəticəsinin qarşısını almağa isə heç kəs tələsmir. Təkcə tibb yox, böyük sosial problem olan xalqın sağlamlığının qorunması kimsəni maraqlandırmır. Əksinə, xəstəlik artıran mənbələrin sayı çoxalır. Dağlıq Qarabağ düyünü kimi..."
"O, çox səmimi, sadə və mehriban insan idi. Vətənini, xalqını böyük məhəbbətlə sevirdi. Qarabağ məsələsi onu çox incidirdi. Yeri gələndə ermənipərəst ruslara tutarlı cavablar verirdi. Staravoytovaya yazdığı cavab dillər əzbəri idi. Təbii ki, şifahi olaraq yayılmışdı o məktub. O zamankı qəzetlərin heç biri onu dərc etməmişdi..."
Bu isti sətirlərin müəllifi isə Salamulla müəllim özüdü...

***
Bir dəfə küçədə Salamulla müəllimlə rastlaşdım. Dayanıb xeyli dərdləşdik. Təbii ki, sözümüz-söhbətimiz yenə Asif həkim haqqında idi. Mən üzü Nizami Gəncəvi adına məktəbə tərəf dayanmışdım. Şagirdlərin dərsdən çıxan vaxtıydı. Dəstə ilə bizə tərəf gəlirdilər. Birdən... İlahi, bu nə idi?! Doqquz-on yaşlarında ağbəniz oğlan uşağı qollarını açıb bizə tərəf qaçırdı. Səkidən çıxıb asfalt yola düşmüşdü. Onu maşın vura bilərdi. Mən də qollarımı açıb ona tərəf yüyürmək istəyəndə... xəyaldan ayrıldım. Yaxınlığımızda heç kəs yox idi...
Bəs, o ağbəniz oğlan uşağı kim idi?!.
Allahım! Sən məni şirin xəyallarımın aşırı cazibəsindən qoru!..

***
İki ildir bu yazını başımda, ürəyimdə gəzdirirəm. Bilmirəm, nədənsə, kağıza-qələmə etibar eləmirdim. Sən demə, məni bu günə qədər gətirən səbəb varmış...
Dekabrın 25-də onun 80 yaşı tamam olur. Amma...
Amma... sakitlikdi...
Bəs, 90, 100 illiyində necə olacaq?!.
Mənsə, nöqtəni qoymuram. Həmişə axtaracam, həmişə gözlərim gəzəcək...
Ona layiq ən gözəl sözü tapana qədər...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK