adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dəyişməyən və dəyişən

RZA RZAYEV
60602 | 2013-10-03 11:08
Atamgil boyük ailə olublar ; on bir uşaq , on biri də oğlan . Kənddə birinci atamgilin ailəsində on bir oğlan uşağı olub .
Atam kənddən çıxan birinci cavan olub ki , şəhərə oxumağa gəlmiş və geri qayıtmamışdı . Atam şəhərin birincisinin birinci qızı ilə ailə həyatı qurmuş, birincinin qızını necə sevmişdisə , atasından qorxduğunu unutmuş , şəhərli qız ilə ailə həyatı quran kəndin birincisi olmuşdu . Bu üzdən kəndə getmirdi ki, atası ilə üz - üzə gəlməsin, babam da atamdan üz çevirmişdi , qohumlar babama nə qədər üz vursalar da , babam üz verməmişdi .
Məni isə babam çox istəyirdi , mən onun birinci nəvəsi idim , kəndə tez - tez gedərdim , babam məni görəndə üzü gülərdi və deyərdi : - Birincim gəldi! Mən də babamı çox istəyirdim , babam əlimdən tutardı , kənd içinə çıxardıq . Hamı babama yol verərdi , yer eləyərdi , deyərdilər : - Birinci gəlir .
Sovet yenicə dağılmışdı , həmin il birinci sinfə getdim , birinci gün birinci partada oturmaq üçün dava etdim . Müəllimə nə qədər etsə də , keçib boş yerlərdən heç birində əyləşmədim , ayaq üstə qaldım , inad etdim . Axırda müəllimənin əlacı kəsildi , birinci partada əyləşən uşaqlardan birini qaldırıb mənə yer elədi .
Boyum uşaqlardan gödək olsa da , sırada birinci dururdum , sinfə birinci girirdim , dərsi birinci danışırdım , suallara birinci cavab verirdim , sinifdən birinci çıxırdım . Rübün sonunda sinfin birincisi oldum .
Hələ adlarımızı əməlli - başlı bilmirdik , sinfin birincisi olduğumdan müəllimə məni hamıya nümunə göstərirdi və mənə Birinci deyə müraciət edirdi. Sonra uşaqlar da məni Birinci kimi tanımağa və Birinci deyə çağırmağa başladılar.
Məktəb illərində jurnalist olmaq istəyirdim , amma sənədlərimi universitetin birinci fakültəsinə verdim , yəni hüquqa və testdə birinci oldum . Universitetdə də birinci partada əyləşdim , qrupun , sonra isə universitetin birincisi oldum . Universiteti fərqlənmə ilə bitirdim .
Diplomu birinci mənə təqdim etdilər , universitetin birincisi diplomu təqdim edəndə soruşdu :
- Oğlum , sən də Birincilərdənsən ?
- Hıı ... Siz də ?
- Hıı...
Hər ikimiz verdiyimiz cavaba gülümsədik .

***
Əvvəl - axır bizim kəndin hekayəsini kimsə yazacaqdı , istədim birinci yazan özüm olum . Axşam arabama əyləşib Bakıdan üz çevirdim , üz tutdum kəndə . Yolda bir araba qoymadım , bütün arabaları ötdüm ki , kəndə birinci mən çatım .
Günəş hələ doğmamışdı , göydən azca işıq sızırdı , havaya işıq damırdı , işıq damcıları yerə çatmamış havaya yayılırdı , hava damcı - damcı işıqlanırdı. Kəndə çataçatda göyün işıq sızan yerindən günəş doğdu , kəndə birinci mən çatdım .
Rayonumuzun girəcəyində birinci kənd Birincilər idi . Rayonumuzdan çıxan kimi böyük lövhədə yazılmışdı - Birincilər . Və bütün birincilərin şəkilləri yan - yana düzülmüşdü , hamısı şəkildə düz dayanmışdı .
Düz baxanda rayon kəndə yapışıq idi . Amma Birincilər kəndi üzü rayona fərqli durmuşdu , duruşu kəndə oxşamırdı , rayona üstdən aşağı baxırdı , çünki rayonun üstündə yerləşirdi .
Şəhərdən gələnlər Birincilərdən keçib rayona gedərdilər . Şəhərdə olan bütün infrastruktur Birincilərdə var idi - böyük məktəb , kitabxana, kinoteatr , xəstəxana . Bircə ginekoloq yox idi .
Heç kim cürət edib Birincilərin arxasına kənd sözü qoşa bilməzdi . Həmin adamı qoşardılar arabaya .
Sovet qurulana qədər Birincilərin adı olmuşdu Araba . Müasir rəvayətçilərin dediyinə görə , ilk dəfə araba bu kənddə olub. Hər yerdən camaat axışıb gəlib arabaya baxmağa , çoxu da geri qayıtmayıb , Arabada yer salıblar özlərinə . Kənd getdikcə böyüyüb , kənddə qalan tayfalar da böyüyüb , kənd tayfalara bölünüb . Kənddə böyük , kiçik tayfalar olduğundan böyük - kiçik tanınırdı , böyük - kiçik yeri var idi .
Sovet birinci bu kənddə quruldu . Sovet bu kəndə birinci baxdı , hər şeyin yaxşısını , birincisini bu kəndə göndərdi .
Sovet qurulan kimi kənddə birincilik uğrunda mübarizə başladı . Kənddəki birincilik mübarizəsi sonradan kəndlərarası birincilik mübarizəsinə döndü . Yaşamaq uğrunda mübarizə başladı , çünki birinci olmaq birinci olanlara birinci olaraq yaşamaq haqqı verirdi .
Kənd birinci olmaq uğrunda mübarizəyə girişdi ; üzüm yığımında , pambıq yığımında , ət və süd planında birinci olurdular , öhdəliyi birinci yerinə yetirirdilər.
Rayonun birincisi bu kənddən oldu , sonra şəhərin birincisi də bu kənddən çıxdı .
Xalq arasında Araba kəndi qeyri - rəsmi Birincilər kimi tanındı , sonra adını dəyişib rəsmi Birincilər qoydular . Birincilərdə yaşayanları da birincilər kimi tanıdılar .
Kənd camaatı görünüşcə , düşüncə və danışıq tərzi ilə fərqlənirdilər , başqalarından seçilirdilər . Ağızların açan kimi bilinirdi ki , bunlar Birincilərdəndir.
Rayonun birincisi hər ilin birinci günü Birincilərə gəlirdi . Birinci gələndə Birincilərdə bütün birincilər sevinərdi . Birinci birinciləri təbrik edər və mükafatlandırardı . Birincilərdə də birincilər çox idi , birincilərin arasında birinci yeri tutan " qəhrəman analar " idi .
Birincilərdə uşaq əlindən tərpənmək olmurdu . Yol da dar olduğundan , yol gedəndə uşaqları aralaya - aralaya , aralarından keçə - keçə getmək istədiyin yerə istədiyin vaxtda gedib çata bilməzdin .
Sovet zamanı Birincilərin kişilərinə çatan , arvadlarını isə keçən olmadı. Başqa kəndlərin arvadları da Birincilərin arvadlarına həsəd aparırdılar . Birincilərin arvadlarının qarnında bir uşaq , kürəyində bir uşaq , əllərində isə bir neçə uşaq olardı . Sovet dağılana qədər Birincilərdə uşaq salan arvad olmadı .
Dünyanın ən böyük məktəbi Birincilərdə idi . Hər il hər evdən ən azı məktəbə dörd - beş uşaq gedərdi . Hər il hər evdən birinci sinfə gedən olurdu . Dünyanın ən çox uşaq olan kəndi də Birincilər idi .
Sovet birinci kəndimizdə qurulmuşdu , birinci də dağıldı , birincilər azalmağa başladı . Amma kəndimiz birinci olmağı əldən vermək istəmirdi . Elə bil dar kənd yolu genişlənmişdi , hara getmək istəsəydin , vaxtında gedib çatardın, bəzən də on -on beş dəqiqə tez . Getdiyin yol boyu gözə tək bir uşaq dəyərdi ya yox .
Son zamanlar dərə tərəfdə olan birinci həyətə dağdan bir sal daş qopub düşmüşdü . Evin arvadı daşı həyətdən atmaq istəyəndə uşağını salmışdı . Kənddə olmayan hadisə olmuşdu . Kənd arvadları bu hadisədən tez xəbər tutmuşdular. Hadisə oldu kəndin birincisi .
Kənd yenidən birincilik uğrunda mübarizəyə girişdi . Hər evdən ancaq bir uşaq səsi gəlirdi . Kəndin arvadları birincidən sonra tez - tez özlərini verərdilər Hadisəgilin həyətinə . Hadisə də daşı həyətin dalda yerinə çəkmişdi . Yeni gələnlərə də məsləhət verərdi , daşı necə tutmaq lazımdır , necə durmaq lazımdır , daşı necə , hara qədər qaldırmaq lazımdır .
Hadisəgilin həyətinə özünü salan qadınlar sonra Hadisəgildən sallana - sallana gedərdilər , özlərini evlərinə ancaq çatdırardılar , evə özünü çatdırmayan da olurdu , özlərini ya dərəyə , ya da ağacların arasına verərdilər.
On - on beş il keçəndən sonra məktəbdə siniflərin çoxu bağlandı , siniflər boş qaldı . Hər il hər evdən məktəbə evin birincisi gedərdi . Məktəbdə ancaq birincilər oxuyardı . Kənd dünyada yenə birinci yerə çıxmışdı , birincilərin hesabına .
İllər keçdi , hər evdən yalnız bir uşaq səsi gəldi , kənddə ancaq birincilər yaşadı . Bütün ailələr birincilərdən ibarət idi . Hər evdə üç birinci var idi , ata da , ana da , uşaq da ailənin birincisi idi .
Sovet iyirmi ildən çox olardı ki , dağılmışdı . Sovet dağılan kimi kəndimizin köhnə adını qaytardılar özünə , amma kəndimiz özünə qayıda bilmədi . Birincilik uğrunda gedən mübarizə kəndimizi çox geri salmışdı , birincilik qanımıza yerikləmişdi .
Birincilik uğrunda sonsuz mübarizə kəndimizdə sonsuzluq xəstəliyi yaratdı. Kənddə qısırlıq xəstəliyi baş alıb gedirdi . Kişilər qısıla - qısıla gəzirdilər, dik gəzə bilmirdilər , gözlərini dikmişdilər Hadisəyə . Hadisə yenə olmuşdu kəndin birincisi . Çünki Hadisəgilin həyətindəki daşın başına hansı sonsuz qadın üç dəfə fırlanırdısa , həmin gecə boyuna uşaq düşürdü . Kənd qalmışdı hadisənin ümidinə .

Rza Rzayev
[email protected]

TƏQVİM / ARXİV