hacklink Adalet.az | Yol ROMANI (III hissə) Adalet.az | Yol ROMANI (III hissə) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yol ROMANI (III hissə)

45634    |   2011-11-21 19:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə nömrələrində)
   
   
   
   Sonuncu dəfə nə vaxt görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə nə vaxt rastlaşmışdım Vurğunla? Məlum, adını eşitmişdim, qəzetlərdə oxumuşdum, televizorda görmüşdüm. Hərəkat illəri, ondan sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr... Heç kimin xəyal edə bilmədiyi, ağlının ucundan belə keçirə bilməyəcəyi ali ünvanlarda oxumaq arzusunu həyata keçirən şəxs. Çox cavan idi o zaman. Və o dəyişən zaman hərəni bir səngərdə, cinahda birləşdirdi. İndiyə qədər də çox arzulara açar olub həmin dəyişmələr... Hamıya məlum, amma üstündən sükutla keçilən...
   
   
   
   HAŞİYƏ
   
   
   
   2000-ci ilin yazı. Bir müddətdi Bakıdakı Atatürk liseyinin müdiri Hüseyn Adıgözəl atamgilə gəlib-gedir. Hüseyn Adıgözəl xanımı ilə birgə idarə edir bu məktəbi və Azərbaycana, onun mədəniyyətinə, ədəbiyyatına böyük sevgi ilə yanaşan bir insandı. Məqsəd lisey şagirdləri ilə Şairin görüşünü təşkil etməkdi. Nəhayət, razılaşırlar - aprel ayının əvvəllərində baş tutmalıdı bu görüş. Dəvətnamələr paylanıb, önəmli şəxslərdən iznlər alınıb, Mahnı Teatrında vaxt da təyin olunub.
   
   2000-ci ilin aprelidi. Aprelin on birinci günü. Görüşə həvəssiz gedirəm, xəstəhalam, ümumiyyətlə, həyatımın çətin dövrlərini yaşayıram. Heç kimlə görüşmək istəmirəm, qələbəlik məni sıxır, utandırır, qarışdırır, ürküdür. Amma ailə ilə birlikdə burdayam, salona göz gəzdirirəm, baxıram dop-doludu. İlk baxışdan gözümə görünən sadə, bəzəksiz-düzəksiz, özünü dartıb dağ başına qoymayan insanlar zümrəsi. Şairi sevənlər. Bildiyim qədəri hamıya xəbər veriblər, dəvətnamələr də göndərilib. Zatən iznsiz bu tədbirin baş tutması da mümkünsüz. Yuxarıların lap aşağılarını da görmürəm burda. Amma müxalifət tam kadro burdadı. Dalağım sancır... Hər nə isə deyirəm özümə... Tədbir başlayır. Kiçicik, körpəcik uşaqların pafosla şeir deməsi məni riqqətə gətirir. Fikirləşirəm ki, hətta mənasını anlamadan şeir deyən bu cocuqlar çətin anlaşılan, amma hamıya aid ola biləcək, ümumi sözlər danışan böyüklərdən daha səmimidilər. Nə qədər olar boğazdan yuxarı danışmaq, çeynənmiş ifadələr işlətmək? Cocuqlar öz səmimiliyində, böyüklər öz saxtalığında...
   
   Tədbir, tədbir kimi... Ancaq şeir, söz, ədəbiyyat...
   
   Dəvət olunub da gəlməyənlərdən biri isə sonra aləmi qatır, donos-donos dalınca. Allahım, sən bizi kiçiklər kinindən qoru... Anam məcbur olub görüşdən çəkilmiş diskləri, kasetləri götürüb təhsil nazirinin yanına gedir. Orda da hər şeyə baxıb üzrxahlıq edirlər. Əslində başçılıq elədiyi ərazidə yerləşən binaya şəninə sığışdırıb gəlməyən, hətta öz adından bir dəstə gül də göndərməyən bu adam nəyə çalışırdı görəsən? Və əgər şairə sevgi xalqı birləşdirə bilirsə, bundan yaxşı mənada istifadə etmək lazımdı...
   
   Görüşü lisey şagirdləri hazırlayıblar. Aparıcılığı da onlar edir, şeir deyən də, rəqs edən də, oxuyan da onlardı. Arada böyükləri dəvət edirlər səhnəyə. Uşaqları izləmək, seyr eləmək daha xoşdu, nəinki növbətçi nitqləri. Və bu arada tədbiri idarə edən cocuq yeni çıxışçını elan edir: Filologiya elmləri namizədi Vurğun Əyyub...
   
   
   
   VURĞUN
   
   
   
   Ağırlığına uyğun gəlməyən ağırlıqla, ləngərlə, bir az da özündən razı yerişlə yaxınlaşır kürsüyə və danışmağa başlayır. Başımı aşağı salıb dinləməyə başlayıram. Hiss edirəm ki, deyəsən mənim siyasət aləmindəki insanlar haqqında fikirlərim alt-üst olur. İndiyə qədər atamın ətrafında sevgi etirafında bulunan insanların siyahısında onu görməmişəm. Amma burda deyəndə ki, "Məmməd Arazın onu misra-misra əzbər bilən bir oxucusu da mənəm - Vurğun Əyyub" təəccüblənirəm. Və o danışdıqca nə qədər duyğusal və hissiyyatlı olduğunu görürəm. Həyəcandan dili-dodağı quruyan natiqin danışmağından da belə anlayıram ki, sevgi etirafları etməyi bacarmır bu adam. Sevgisini göstərməyi bacarmır. Amma indi deyəsən içindən gələn seli saxlamaq istəmir və mən heyrətlə qulaq asıram. Çoxdandı Şairin yaradıcılığı haqqında belə dolğun, izahlı, həm elmi, həm də hər kəs üçün anlaşılan sözlər eşitməmişəm. Poetik kəşflər, Şairin dilə gətirdiyi zənginliklər, qafiyə sistemi, istiqlala gələn yolda bu poeziyanın işığı.. Tamam yeni baxışdı. Sakit dinləyirəm və arada işlətdiyi nümunələr içimdə titrədir məni. Mart qasırğasından dərs almaq istəməyən Badam ağacı... El üçün ağlayan... Axır səni düzdə qoydu bu düzlük... Yaddaşımın işıqlı bir yerində qalır bu adam... Həm də yadımdadı ki, heç birimiz heç quru sağ ol da demədik ona. Amma sonra, həmin o görüşdən yeddi il keçəndən sonra bizim ailəyə, Şairin yaradıcılığına diqqətlə, həssaslıqla yanaşan televiziya kanallarından biri Şairin yaradıcılıq gecəsini təşkil edir və məndən soruşurlar:
   
   - Kimi görmək istəyirsiniz söz deyənlərin arasında?
   
   Ağlıma ilk gələn Vurğun Əyyub olur və həm də ehtiyatla deyirəm, mümkündümü? Əlbəttə, deyirlər, ədəbiyyatdan, sözdən danışacaq da... Zəng edib dəvət edirlər onu proqrama...və olan bundan sonra olur. Hansısa Kiçik yenə donos yazır yəqin - OLMAZ deyirlər. Əsəbimdən bilmirəm nə edim, "niyə əvvəldən demədiniz" deyirəm, "belə niyə olsun" deyirəm, "axı dəvət olunub" deyirəm, "mən də gəlməyəcəm" deyirəm. Sonra televiziyanın birinci şəxsi işə qarışır və yoluna qoyulur hər şey. Proqram canlı yayınlanır, çıxışçılar səhnədə oturublar, mən aşağıda birinci sırada tamaşaçıların arasındayam. Məlum, hər yayının bir vaxt sürəsi var, hər natiq öz nitqini edəndən, hər müğənni mahnısını oxuyandan, hər aktyor şeirini deyəndən sonra həyəcanım bir az da artır. Ay aman, nə iş gördüm mən, niyə onun adın çəkdim?..İndi vaxt bitəcək... Söz verilmir, amma... Və sona lap az qalmış elan edirlər: - Çıxış edir Vurgun Əyyub.
   
   Dərindən bir nəfəs alıram, pərtliyim, əsəbim qarışıb bir-birinə. Heç nə danışdığına qulaq asacaq durumda da deyiləm. Gözümdən yaş sel kimi axır...
   
   İndi bizi qarşılayan, heç vaxt üzbəüz iki kəlmə kəsmədiyim Vurğuna baxıb fikirləşirəm ki, sənə görə ağlamışam -e mən... Hirsimdən...
   
   
   
   ***
   
   
   
   İndi çox məşhurların gəzib dolandığı bu şəhri-Qarsda bələdçimiz Vurğun olacaq. Hər halda boynuna qoymuşuq, insafla danışsam o da deyəsən taleyi ilə barışmış kimi görünür. Yəni durumdan narazı deyil - təbii mənim kimi dahi yazarı bir də nə vaxt görə biləcək buralarda? Düzdü, bizdən əvvəl başqa bir dahi də görünüb şəhərin üfüqlərində - Günel Mövlud... Əşi Günel uşaqdı... Mən bunu aksiom kimi deyirəm, arxayınam yəni. Amma teorem də var yanımda - Aqil Abbas... Çox tez-tez isbat edir teoremi. Yazıq Vurğun, bu qədər dahinin arasında baş çıxarmalıdı. Hələ özü haqqında düşüncələrini heç bir riyazi terminlə adlandırmasa da...
   
   ... Əşyalarımızı yerbəyer edəndən sonra baxıram ətrafa. Dağların arasıyla yol gəlmişik nə qədər. İndi o dağlar uzaqdan görünür. Şəhər ovalıqdadı. Universitet isə şəhər mərkəzindən aralıdı. Şəhər içində şəhər. Çox xoşuma gəlir, səliqə-sahmanı ilə. Qonaq Evi isə üçmərtəbəli mütəvazi bir binadı. Birinci mərtəbəsində restoranı, lokalı, resepsionu. İkinci, üçüncü qatları isə qonaqların qalması üçündü. Bizim kimi təsadüfi qonaqları da olur, uzunsürəliləri də...
   
   Yolun tozun-pasın üstümdən atıb aşağı enirəm. Kişilər bayaqdan ordadılar, çay içirlər. Mən də çay istəyirəm, qoşuluram bu məclisə. Daha bir azərbaycanlı alim də var çay masası arxasında, professor Qabil Yaqubov, riyaziyyatçı. Nə qədər yaxınıq, qardaşıq, dostuq desək də evdən kənar hər yer qürbətdi. Söhbətləri dinməz-söyləməz dinləyirəm.Bu adamların hərəsi bir səbəbdən burdadı. Təbii ki, bizim alimlərin kənarda vətəni təmsil etməsi yaxşı da, iyi də... Amma bu insanlar əziyyət çəkirlər. Və aksiom kimi yox, israr kimi də yox, müşahidələrimə əsaslanaraq deyim. Mental olaraq bizim ailələrdə oğlan uşağına diqqət, qayğı, sevgi daha artıq olur. Həmişə "can" kəlməsi ilə əhatə olunurlar. Xüsusən qadın qohumları tərəfindən və bu bir ömür boyu davam edir. Ona görə həmişə böyük uşaq olaraq qalırlar. İndi nə qədər rahat olduqlarını desələr də, mən onların gözlərində bunu görürəm. Qadın mehrinə ehtiyac... Bu yaşda kişilərin hardasa ailədən kənar yaşamları çətin məsələdi... Amma dedim ki, israr eləmirəm. Müşahidələrimi deyirəm... Və həm də düşünürəm ki, igid adamlardı, tab gətirə bilirlər...
   
   ... - Gedəkmi?- deyirəm - Vaxtımızı boşa xərcləməyək.
   
   - Birinci hara gedək? - deyir bələdçimiz. Sonra məlum olacaq ki, şəhərə o qədər də bələd deyil.
   
   - Qalaya baxaq, sonra yemək yeyərik.
   
   Vurğun bizi qarşılamaq münasibətilə geyindiyi rəsmi paltarını dəyişmək üçün odasına qalxır. Az sonra qayıdır və biz Şəhri - Qarsın dar, üslub qarışıqlığı olan küçələri ilə Qalaya yol alırıq.
   
   ... Üslub qarışıqlığı. Yəqin səhər buralara diqqətlə baxmaq imkanım olacaq, hələlik isə içimdə fikirləşirəm ki, bu biçarə şəhər az vaxtda nə qədər əldən-ələ keçib. İz qoyub da bu əllər simasında şəhərin. Cırmaq kimi də, sığal kimi də...
   
   - Ucubə heykəli burdaydı - deyir Vurğun.
   
   - Bəs Qala hanı?- deyirəm, çünki bayaqdan küçələri fırlanırıq, soruşuruq doğru-düzgün bir yol göstərən yoxdu. Sürücüm ilk gəlişində hansısa körpünün üstündən keçib Qalaya getdiyini xatırlayır. Sayın millət vəkili üçüncü dəfədi ki, burdadı, şəhəri beş barmağı kimi tanıyır yəni. Bir dəfə "Ucubə"yə qarşı etiraz kampaniyası çərçivəsində yemək-içməyə gəlib, ikinci dəfə də Qarsa təyyarə reysi açılanda. Yadımdadı o vaxt israr etdim ki, Ceyhun Musaoğlunu da özüylə aparsın, heç təyyarəyə minmədiyini deyirdi uşaq. Necə güclü heyətlə getmişdilərsə reys bağlandı.)))))))
   
   ... Bir tərəfi göstərirlər bizə. Ora yaxınlaşırıq, amma qalanın elə qapısıdı ki, pilləkənlərlə qalxmaq lazımdı. Yooox, bu yorğunluqla mümkünsüz bir şeydi. Qalanın bir neçə qapısı olmalıdı. Nəhayət, bir yola çıxırıq, kiçicik körpü var burda...
   
   - Bax, burdan getmişdik, - deyir sürücüm və çox mənzərəli, yamyaşıl bir yolla qalaya qalxırıq. Mənzərəlidi, amma sürücünün hündürlük qorxusunu nəzərə alsaq, dar-dolama yolla harasa getmək onunçün necə məşəqqətdi, bilirəm. Vurğun əlbəttə özünün xidmətini təklif edir, amma Aqil Abbas sükanı kimsəyə vermək niyyətində deyil. Qalanın darvazasına azca qalmış saxlayır maşını.
   
   - Buranı özümüz qalxaq, - deyir- Ta qorxuram.
   
   Qala doğrudan da lap dağın kəlləsindədi, bir tərəfi uçuruma yönəlik. Dolama yolları qalxa-qalxa bürclərinə, mazqallarına baxıram, surlarına baxıram. Möhtəşəm bir tikilidi. Belə qalanı fəth eləmək...
   
   
   
   BİR QALANIN SİRRİ
   
   
   
   - Olmaz, kapatıyorum, - deyir qapıçı.
   
   Aha, vaxt bitib deyəsən, axşam düşüb axı. Qala-muzeyin qapanma zamanıdı. Etmə-eləmə deyirlər qapıçıya - Millət vəkili gəlib Qalanı görməyə. Nəsə ürəyi yumşalır və bizi içəri buraxır. Urra! Fəth elədik Qalanı! Bizi içəri buraxır, ancaq özü də bizim dalımızca gəlir. Qalanın surlarından bir panoram açılır ki... Dəhşət... Və neçə dəhşətli gözlər baxıb burdan şəhərə. Qəribə bir tarixi var qalanın. Şəhərin quzeyində dik bir təpənin üstündə tikilib Səlcuqlu Sultanının əmri ilə 1153-cü ildə.
   
   Əmir Teymur Anadolunu "fəth" deyim, yoxsa "işğal" edəndə Qalanı yerlə-bir edib, daşı-daş üstə qoymayıb. Qəribə babalarımız olub bizim... İnsan kəllələrindən divar hörürlərmiş, daş-divarı da sökdürürlərmiş. 1579-da Sultan III Muradın əmriylə yenidən bərpa olunub, 1606-cı ildə I Şah Abbas yenidən yıxıb, sonra yenidən tikilib. Mənə çox maraqlıdı e, yıxıb-dağıtdıqdan sonra o qədər daşı neyniyirlərmiş? 1877-1878-ci ildə Osmanlı-Rus savaşında da bir xeyli təxribata uğrayıb. Yıxılıb-tikilə-tikilə gəlib bu günümüzə çatıb. Yaxşı ki, çatıb, yoxsa mən indi hardan baxıb zövq alacaqdım böylə?
   
   ...Mən zövq alıram, amma sürücüm qalanın surlarına yerləşdirilmiş toplarla maraqlanır. Mərmi-zad axtarır, belə ölkələrdə millət vəkili olmanın dadını çıxarmaq istəyir. Amma Qalanın gözətçisi bizi gözdən qoymur, bizə nəzarət etdiyindən də sivişib içəri girən qızla-oğlanı görmür. Çox romantik yerdi bura, hər halda günümüzdə. Və bu vaxt da ziyarətçilər demək olar ki, yoxdu. Bəlkə vaxtilə qan töküblər, baş kəsiblər, amma bu gün sakitlikdi. Bu gənclər də yəqin sakitlikdən istifadə etmək istəyirlər. Qalanın iç hissələrində yerə kəsmə daşlar düzüblər. Gəzmək rahatdı. Beləcə gəzə-gəzə divarlara, bürclərə yaxınlaşıram. Ovcumun içi kimi görünən şəhərə baxıram. Hər tərəf apaydın görünür. Yəqin ki, bu məkan da məxsusi seçilib qala tikintisi üçün. Qalanın dış tərəfindən baxanda isə uzaqda Atatürkün məşhur siluet heykəli görünür. Əslində bu məmləkətdə deyəsən onun həm heykəlinin, həm də ideyalarının da ancaq silueti qalıb. Bayaq dolama yollarla qalxanda da, indi içərisində gəzəndə də fikirləşirəm ki, doğrudan, belə Qalanı almaq üçün nə qədər ağıl və güc sərf etmək lazımmış...
   
   - Puşkin yazıb da bu qalaya baxanda, necə olub ki, biz bu qalanı ala bilmişik, - deyir Vurğun. Hə, doğrudan "Ərzuruma səyahət" əsərində buraların təsviri var axı. Rəhmətlik Şamil Qurbanov bizə XIX əsrin rus ədəbiyyatını elə maraqlı tədris edirdi ki, o zaman oxuduqlarımı indiyə qədər xatırlayıram. Amma nəsə bu əsərdən bəzi fraqmentlər qalıb yadımda. Fazil xan Şeyda ilə görüş, Qriboyedovun cənazəsi ilə qarşılaşma, Tiflisdə qadın hamamında çimməsi Puşkinin. Yaxşı təsviri vardı hamamın.
   
   Dəhşət şovinist əsərdi, amma şairliyi də yazısında görünür, qaça bilmir bundan. Halbuki bu səyahətnamənin yazılma səbəbi elə Puşkinin paytaxtdan, çarın nəzarətindən qaçmaq istəyi olub. Əvvəl Parisə getmək istəyib, icazə verməyiblər, o da gəlib müharibənin şıdırığı yerinə. Osmanlı-Rus savaşı gedirmiş onda. Paskeviçin buralarda at oynatdığı vaxt Puşkinin hərbi düşərgədə qaldığı da olub. Hər nəymişsə, bu əsər yazılıb və mən onu oxumuşam. Və bu yazını işləyəndə "təkrar biliyin anasıdır" prinsipinə əməl edirəm. Qars qalası haqqında yazdıqlarını da öyrənirəm. Amma əvvəlində bir abzas əməlli ləzzət edir. Şair keçmiş Qafqaz ordusu komandanı Yermolovla görüşünü təsvir edir. Paytaxt nəzarətindən qaçmış şair və ordudan kənarlaşdırılmış general. Nədən söhbət edə bilərlər?.. Təbii ki, yalnız ədəbiyyatdan. Puşkin elə belə də yazır, bircə cümlə ilə "Hökumət və siyasət barədə bir kəlmə də danışmadıq". Belə yazır, amma başqa mənbələrdə deyilir ki, bu söhbətin məzmunu barədə Yermolovu nə qədər çək-çevirə salsalar da heç nə söyləməyib. Hətta sonralar dövrün məşhur donosçusu Bulqarin Benkendorfa yazır ki, "Şanlı rus ordusunun qələbələrini vəsf etmək əvəzinə, Onegin kimi düşüncələrə dalır". Ay aman, o şair idi, dahi idi, sizin görmək istəmədiklərinizi görürdü, neyləsin? Müasirləri donosçulara orden-medal verirdilər, şairin hədiyyəsi güllə oldu.... Qurğuşün göyərir şair görəndə...
   
   İndi mən sizə desəm ki, bu qalayla bağlı olmuş bir sevgi romanını da xatırladım, neyləyərsiz? Özü də bunu bəlkə sayılı adamlar bilir... Bilənlər ölüb gediblər... Ucundan, qulağından deyimmi sizə? Üstündən yüz ildən artıq vaxt keçib, yüz ildən artıq...
   
   Həmin o zamanlar Qars qalasının üzərində Rusiya imperiyasının bayrağı dalğalananda buranın bir azərbaycanlı komendantı olub, polkovnik. 50-55 yaşlarında, dəqiq doğum tarixini bilmirəm. Elə burda da vəfat edib, elə bu civarda da dəfn olunub. Amma məsələ o polkovnikdə deyil, onun xanımındadı. O xanımın da bizim ictimai fikir tariximizdə misilsiz bir yeri var. Məsələ bunda da deyil... 89-cu ildə mən o xanımla bağlı proqram hazırlayanda çox sənədlərlə tanış olmuşdum, hətta şəxsi ailə məktublarıyla da... Xanımın nəvəsi (indi o da haqq dünyasındadı) mənə bir olayı danışdı və bir məktub göstərdi. Yarı rusca, yarı fransızca yazılmışdı. Fransız ifadələri təbii anlamadım, amma elə rusca yazılan hissələri məni dəli eləmişdi. O vaxt çox gənc idim və fikirləşmişdim ki, yəni belə məktub yazmaq olar? Belə sevgi olar? Belə sözləri deyə bilən kişi vaar yəni? Hələ fransızcanı bilsəydim gör nə etkisi olardı... Fransız dili sevgi dilidi axı... Sonra öyrəndim ki, məktubu yazan çar ordusunun zabitidi və polyakdı. Aralarında qısamüddətli, amma böyük aşk yaşanıb! Xanım Varşavaya gedəndə qatarda tanış olublar... Təfərrüatları mənə danışmadı təbii və həm də gənc olduğum üçün bütünlükdə dərk də edə bilməzdim. İndiki ağlımla düşünürəm ki, nə yeri varmış o zabitin Qadının qəlbində... Müharibələrdən, inqilablardan, ər qorxusundan, oğulların töhmətindən keçirdib, gizlədib ölümünə qədər saxlamışdı məktubu. Və mən oxumuşdum... Görəsən 100 il sonra bizim hisslərimiz, duyğularımız gələcək nəsillərə necə çatacaq? Biz axı məktub yazmırıq. Daha doğrusu, kağız üzərində yazmırıq. Virtual məktublar isə nə ürəyin çırpıntısını, nə də ürəkdən barmaqlara süzülən hissiyyatı özündə saxlamaya bilməz. Virtual məktubun yüzünü, minini bir anda düyməyə basıb silmək olar... Amma köhnə kitabların içindən köhnə məktublar düşməz və sən deyə bilməzsən:
   
   
   
   Bu nə sevgi məktubudu İlahi!
   
   İndiyəcən ağrıyır hər sözü də.
   
   Yazan qızın nəydi adı, İlahi?
   
   Yaddan çıxıb sifəti də, üzü də.
   
   
   
   Məktubu yandırıb da:
   
   
   
   Bu nə yanıq qoxusudu, İlahi!,
   
   Elə bil ki, adam yanıb indicə.
   
   - deyə bilməzsən.
   
   
   
   O ailənin, o nəslin qadınları qəribə qadınlardı, sevə bilirlər... O xanımın qızı da sevgisi üzündən intihar etmişdi. Amma biçarə qadın xatirələrində qızının böyrəkləri ağrıdığı üçün özünü vurduğunu yazır. Görən o arxivin taleyi necə oldu? Rusdilli ailəydi, tam kosmopolit. Xanımın nəvəsi azdan-çoxdan qoruyurdu olan-qalanı, indi o da rəhmətə gedib...
   
   - Tamam, kapatırım - deyir qapıçı. Və biz də, bura gələn oğlanla qız da istəməyərəkdən çıxırıq qaladan. İndi həmin sıldırım yolla geri qayıdırıq. Yay vaxtıdı, axşam olsa da gün enməyib hələ...
   
   Qumral gözlüm, dahisən də şair olmasan da... Başqaları bura baxıb daş-divar görə bilərdi... Sən nələr gördün? Nələr xatırladın? Puşkin necə demişdi, "siyasət və hökumət haqqında bir kəlmə də danışmadıq". YAŞASIN TƏBİƏT VƏ MƏHƏBBƏT!
   
   
   
   VALİNİN HƏYƏTİ
   
   
   
   Şəhərə girəndə Vurğun Əyyub sürücülük edir. Guya şəhəri tanıyır. Nerdə? Belə anlayıram ki, sayın hocamız tam inzivaza çəkilib və universitet kampından kənara az hallarda çıxır. Vurğun maşını kullandıqca bütün sürücülər kimi deyinməyə başlayır. Və mənim arxa oturacaqda gülməkdən ürəyim gedir.
   
   - Buna bax da, bulvar ha döy!
   
   Kəşfdi mənim üçün. Yəni onun danışığını kürsüdən, televizordan eşitmişəm, amma qeyri-rəsmi şəraitdə belə yastı-yastı, aramla danışdığını bilmirdim. Rəhmətlik Akif Səməd də belə danışardı. Yadımdadı TV-də işləyəndə bizə, redaksiyaya qonaq gəlmişdi. O danışdıqca mən gülüşümü gizlətmək üçün otaqdan çıxdım. Universitet illərindən nəsə qərb bölgəsindən olan tələbə yoldaşlarımın ləhcəsi məzəli gəlirdi qulağıma. İndi də sayın millət vəkiliylə, sayın hocanın dilindəki "j"lar qarışıb bir-birinə, havada vıjıldayır.
   
   Qarsın dar küçələrində maşını park eləməyə yer axtarırlar. Bir az gözə geniş görünən bir yerdə dayanırıq.
   
   - Burda olmuşuq - deyir sayın millət vəkili - valilikdi. Elə burda saxlayaq maşını.
   
   - Olmaz axı, burda yəqin idarə maşınlarını saxlayırlar. Apararlar...
   
   - Nejə apararlar, elə də gətirərlər - deyir Vurğun.
   
   Enirəm maşından və Qarsın mərkəzi sayılan küçələrində veyillənirik. Tam bir əyalət şəhəri. Hələ ki, məni maraqlandıracaq bir şey tapa bilmirəm. Bunu deyəndə Vurğun da üz-gözünü turşudub "bir ildi burdayam, hələ gözəl bir qadın görməmişəm" deyir. Amma indi qaranlıq da düşür, ola bilər mənim yorğunluğum da üstünə gələndə görmə faizi azalır. Sabah mütləq diqqətlə baxacam. Bəlkə mən gözəl qadın gördüm. İndi isə şam eləmək vaxtıdı.
   
   - Babat bir yer varmı burda? - deyir sayın millət vəkili. Yadıma Kiprdə, Lefkoşada Cavanşir Quliyevlə restoran axtarmağımız düşür. Bu adamlar müəllim babadılar, restoranı harda tanıyacaqlar? Kimə deyirsən?
   
   - Yaxınlıqda bir yer var, müəllim dostumuzun dərəcə almasını qeyd eləmişdik orda. Gedək, - deyir Vurğun və qayıdıb valinin həyətində qoyduğumuz kimi dayanan maşına minirik (görünür maşının bazburutundan millət vəkilinə aid olduğunu anlayıblar), yollanırıq ora. Yemək vaxtı tam relax var. Bir-birimizi tərifləyirik. Çox xoş bir axşamdı. Poeziya axşamı. Hər kəsdən və hər şeydən uzaq.
   
   
   
   ***
   
   ... Qonaq evinə qayıdanda necə yorulduğumu tam hiss edirəm. Səhər mütləq Pamukun qəhrəmanı kimi gəzəcəm o baş-bu baş şəhəri - deyirəm özümə. Balkondan uzaqlara baxıram. Oralarda işıqlar sayrışır, içimdə də şeir.
   
   
   
   Səninlə olmanın ən mutlu yanı nə biliyormusun?
   
   Tanıdık biriləriylə karşılaşma tedirginliyi ilə yollarda yürümək yan-yana...
   
   Elimdəki şəmsiyyəyə inat yağmurda islanmak birlikdə. Elimdə kır çiçəyilə seni beklemek... Aynı məkanlarda, aynı yiyəcəkləri yemək...
   
   
   
   Qəribə, təmiz, saf havası var buranın. Rahat, dərindən nəfəs ala bilirəm. Rahat yatıram...
   
   Qəribə yuxular görürəm, şirin yuxular...
   
   
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK