adalet.az header logo
  • Bakı 19°C

TELESKOP

İRADƏ TUNCAY
52645 | 2011-05-21 07:32

Əslində mən bu teleskopu neçə il əvvəldən görmüşdüm. Gözümün qabağında idi. Qaralıb-qaralıb boylanırdı mənə sarı. Yanından etinasız o tərəf-bu tərəfə keçib gedirdim. Yaxınlaşıb okulyarına baxmaqdan qorxurdum. Təxmin edirdim nə görəcəyimi. Ha bu gün, ha sabah derkən həyat yanımdan ötüb keçdi. Keçdi... Heç nəyi geri qaytarmaq olmayacaq...
   
   Vaxtında baxmalıydım, ya da kimsə əlimdən tutub çəkməliydi onun qabağına və mən də gördüklərimdən nümunə üçün bir parça götürüb mikroskopun altına qoymalıydım. Yenə gözümü okulyara yaxınlaşdırıb da birhüceyrəlilərin əhatəsində çabalayan varlığımı görməliydim. Olmadı... Gecikdim...
   
   
   
   ***
   
   
   
   Tamaşadan sonra gəlib bunları düşündüm. Həm də fikirləşdim ki, çoxdan teatrdan belə zövq aldığım olmamışdı. Bəlkə mövzu mənə yaxın idi. Yox, təkcə bu deyildi. Hamıya lazımdı teleskop. Anlayan var, anlamayan var. Amma itirdiklərimizi bizə dünyanın heç bir dəqiq teleskopu da tapıb göstərə bilməz. Yaxşı ki, Elçin cəhd etdi...
   
   
   
   ***
   
   İlk dəqiqələrdə bir çaşqınlıq yaşadım. Aktyorların saxta ağlaşından, qışqırığından... Sonra anladım, anladım - bu bizim həyatımızdı. Saxta "sevgilər", riya dolu "məhəbbətlər", təmənnalı "hörmətlər". Əslində bu mövzu ədəbiyyatda da, kinoda da işlənib, yeni sayılmaz. Amma burda biz varıq, olduğumuz kimi. Və bizim yazıçının baxışında. Cəsarətli baxışında.
   
   Deməli, qısacası belədi. Bir nəfəri maşın vurub, reanimasiyada yaxınları başına yığışıb həyatla ölüm arasında qalan insan üçün təlaş keçirirlər. Onun ruhu isə artıq yuxarıdadı. Keçid Stansiyasında. Cənab Əzrayıl özü şəxsən ilgilənib onunla. Kişi (müəllif qəhrəmanı elə belə də adlandırır) Keçid Stansiyasında keçmiş arvadı ilə rastlaşır. Çoxdan buraların sakini olan qadın keçmiş ərinə harda olduğunu, buralardakı qayda-qanunu, kimin, nəyin hansı statusda olduğunu anlatmağa çalışır. Kişi ölümü ilə barışmaq istəmir, əzizlərini xatırlayır. Geriyə - Yer kürəsinə qayıtmaq istəyir. Orda qalan qohumlarına ürəyi yanır. "Onlar mənsiz nə edəcəklər", - deyir. Və əsəbindən cənab Əzrayıla "nə ixtiyarla" sualını da verə bilir. Amma qadın onu Keçid Stansiyasındakı Teleskopun yanına gətirir. Sən demə Teleskop Yer kürəsində qalıb yaşayanların əslində nə etdiyini göstərirmiş. Əvvəllər burda iki Teleskop varmış. Sonra ruhların çoxsaylı müraciətindən birini ləğv ediblər. Çünki ruhlar orda - Yer kürəsində kimin nə işlə məşğul olduğunu görmək istəmirlər. Kişi heyrətlənir: "Necə görmək istəmirlər? Hətta Vətəni də unudublar? (Dahiyanə söz idi, bütün saxtakarların söykəndiyi yer - Vətən). Qadın Kişini inandıra bilmir və o, Teleskopdan baxmağa israr edir. Baxır və diriykən görə bilmədiklərini (bəlkə görmək istəmədiklərini) görür. Görür ki, onu həyata qaytarmalı olan həkim, başına and içdiyi həkim reanimasiya otağında onun yarımcan bədəninə baxıb da, dünyanın fani olduğunu bir daha dərk edib də tibb bacısıyla dünyadan zövq almağa çalışır. Bu, Kişinin Keçid Stansiyasında keçirməyə başladığı ilk sarsıntıdı. Teleskopun istiqamətini dəyişir. Kişi arvadının ona yas tutduğuna əmindi. Baxır və güzgü qabağında pariklərini dəyişərək bəzənən arvadını, mələk simalı Azərbaycan qayınanasını görür. Sonra övladlarına baxır. Onlar pul axtarışındadı. Dostuna baxır, dostu olub-keçənləri xatırlayır, Kişinin yazdığı anonimkanı xatırlayır. Tam bir faciə. Ölünün dirilərə baxıb öz faciəsini dərk etməsi və nəticədə Kişi də Teleskopdan imtina etmək istəyir. Amma olmaz - burda Keçid Stansiyasında ciddi nizam-intizam hökm sürür. O, (yəni lap yuxarı instansiya) icazə verməsə mümkün deyil. Kişi Teleskopu gizlincə çevirir. Və buna görə cəzalanır. Onu da deyim ki, Keçid Stansiyasında həm də tam demokratik ortam hökm sürür. Hər şey səsvermə ilə həll olunur, mələklərin çox böyük məsuliyyət hissi var. Rəyasət Heyəti ən hörmətli mələklərdən ibarətdi - Əzrayıl, Mikayıl, İsrail, Cəbrayıl. Bu mələklər önəmli məsələləri çox ciddi müzakirə edirlər. Kişinin ruhları həyəcana gətirməsi, inqilab ab-havası nüfuzlu mələkləri də qorxudur. Uzun-uzadı müzakirələrdən sonra qərara alınır ki, Kişi ruhlar aləmi üçün yetişməyib. Onu yenidən Yer kürəsinə qaytarmaq lazımdı. Tam demokratik şəraitdə iki mələk - cənab Cəbrayıl və cənab Əzrayıl bu qərarın lehinə səs verirlər. İki mələk - cənab Mikayıl, cənab İsrail isə bitərəf qalırlar və təbii ki, qərar səs çoxluğu (məlum məsələdi) bəyənilir. Qeybdən gələn səs bu qərarı dəstəkləyir. Və işin icrası cənab Əzrayıla tapşırılır. O isə Cənubi Qafqazdan çox yorulub. Çox...
   
   Səs çoxluğu ilə qərar qəbul edilib, amma Kişi Teleskopdan baxıb axı. O, geri qayıtmaq istəmir. O, burda, ruhlar aləmində gözəl qarğa qarıltısına qulaq asmaq istəyir, buludların arası ilə uçmaq istəyir, mənəvi qida almaq istəyir. O, hətta Cəhənnəmə də getməyə razıdı, təki yenidən Yer kürəsinə qayıtmasın. O, insan kimi yaşamaq istəmir. Qadın geri qayıtmağa məcbur olan ərinə elə belə də deyir: "Sən... orada daha insan kimi yaşama!.."
   
   
   
   ***
   
   Tamaşanın sonluğu yaxınlaşdıqca içimdə bir əndişə başladı. Necə həll edəcək görən? Necə həll edəcək? Sevdiyim yazıçının bəşəriyyəti min illərdi düşündürən ağrının qarşısında aciz qalmasını istəmirdim. Və bu da epiloq. Epiloq?! Yox, epiloqlar, bir neçə variantda. Birinci variantda Kişi öz doğmalarının əhatəsində ruhlar aləmini xatırlayır. Yenidən ora uçmaq istəyir və bu zaman cənab Əzrayıl peyda olur. Onu müjdələyir ki, o biri iki mələk apellyasiya şikayəti veriblər. Rəyasət Heyəti yenidən məsələyə baxıb, yeni qərar çıxarıb. Kişini aparmağa gəlib Əzrayıl. ONUN (yəni ən yuxarı instansiyanın) hökmü ilə hətta Teleskop da ləğv edilib. Kişi sevincək Əzrayıla qoşulub göylərə uçur.
   
   Və ikinci epiloq, ikinci variant. Kişi özünə gələn kimi tam insan olur. Mələksima qayınana ilə qucaqlaşır, arvadının parik olmayan saçını sığallayır. "Nə yaxşı ki, həyat var" - deyir. "Nə yaxşı o mənfur qarğalar yox, gözəl bülbüllər oxuyur" - deyir. "Nə yaxşı ki, Yer kürəsi var" - deyir. Yaşasın Yer kürəsi!
   
   ... Yaşasınmı?! Və sonuncu ştrix. Yəqin ki, rejissorun əlavəsidi - yuxarıdan kəndir sallanır, Kişi kətilin üstünə çıxır... İntihar?!
   
   
   
   ***
   
   Əvvəldə dedim ki, çoxdandı teatrdan belə zövq aldığım olmamışdı. Teatrşünas deyiləm və tamaşanı bu aspektdən təhlil etmək fikrim yoxdu. Amma mən burda bütöv bir komanda işi gördüm. Yəni ortada fakt var (pyes), faktı tamaşaçıya çatdırmaq bacarığı var. Tamaşanın rejissorunu mən çoxdan tanıyırdım. Təxminən 6-7 il əvvəl televiziyada çalışdığım vaxtlar bizim proqramın qonağı olmuşdu. Finlandiyadan bir neçə günlük Bakıya gəlmişdi, gətirdiyi videomateriallara baxa-baxa düşünmüşdüm ki, necə heyf olur bizim sənətimiz, belə cavanlar çıxıb gedirlər ölkədən? Hər halda güman edirəm ki, Kamran Şahmərdana yeni meydan tapılacaq. Teleskop bütün mənalarda onu aydın göstərə bildi.
   
   Əvvəl pyesi oxusaydım fikirləşərdim ki, bizim şəraitdə bu ortama (ruhlar aləminə) necə tərtibat vermək olar? Amma öncə tamaşaya baxdığımdan hər şeyi olduğu kimi qəbul elədim. Bir az mələklərin qanadları xoşuma gəlmədi, vəssalam. Süni görsəndi mənə, ruhlar aləmi həqiqi həyatdı axı. Ora yapma heç nə yaraşmır. Yenə vurğulayım ki, teatr tənqidçisi deyiləm. Ola bilər bəzi nüansları, xırdalıqları düzgün izah eləməyim. Amma zövqlü tamaşaçıyam (bunu öz teleskopum göstərib mənə), tamaşa gözəl idi. Yazıçı Elçinə də bu gözəlliyi yaratmaq üçün Elçin Əfəndiyev çox yardımda bulunmuşdu. Olsun! Qoy nəyisə həll edən rıçaqlar istedadlı insanların əllərində olsun. Çünki istedad da Əzrayıl kimidi. Onu da Allah göndərir, onu da rüşvətlə yoldan çıxarmaq olmur, o da adamın canını alır.
   
   Bir də Füzulinin, Füzuli Hüseynovun səhnəyə qayıtması məni çox sevindirdi. Bu rol hər halda möhtəşəm dönüş idi. Belə istedadlı, yaraşıqlı, fakturalı aktyorun səhnədən gedişi həmişə ağrıdırdı məni.
   
   Əvvəllər teatr tamaşalarını televiziya üçün çəkib saxlamaq, televiziyadan göstərmək ənənəsi də vardı. Bu qədər TV kanalları var, bəlkə qayıdaq həmin günlərə? Bütün günü şitlik eləyən, oynayan, gülən ekrana ciddi nəsə gətirək? Düşünürəm ekran da seyrçisiz qalmaz.
   
   
   
   ***
   
   Teleskop lazımdımı? Hazırıqmı ordan baxmağa? Öz həyatımıza kənardan baxmaq istəyi varmı? Hər halda yazıçı baxır və gördüyünü bizə göstərə bilir. "TELESKOP ONA GÖRƏ QOYULMAYIB Kİ, İBRƏT DƏRSİ VERSİN. ONLAR HƏYATA ƏLVİDA DEYİB ARTIQ RUHA ÇEVRİLİBLƏR. İNDİ YEKUNDUR, CAVAB MƏQAMIDIR. RUHLAR TƏZƏDƏN HƏYATA QAYIDIB YAŞAYIŞLARINI REDAKTƏ EDƏN DEYİLLƏR Kİ!" Ədəbiyyat da ibrət dərsi verə bilmir min illərdi, təəssüf... İnsanlar gördüklərindən, oxuduqlarından nəsə nəticə çıxara bilsəydi Yer kürəsi güllü-gülüstan olardı. Orda, yuxarıda, Rəyasət Heyətində Cənnətə göndəriləcək ruh defisiti yaşanmazdı. Ədəbiyyat ibrət olsaydı "HAÇANSA, BURA GƏLƏNLƏRDƏN HANSISA O TELESKOPLA (barmağı ilə aşağını göstərir) ORA BAXANDA OLA BİLSİN Kİ, GÖZƏL GÖRÜNTÜLƏR GÖRƏCƏK! FƏXR EDƏCƏK Kİ, (barmağı ilə aşağını göstərir), ORADA YAŞAYIB! QOHUMLARI İLƏ FƏXR EDƏCƏK! DOSTLARI İLƏ FƏXR EDƏCƏK! TANIŞLARI İLƏ FƏXR EDƏCƏK! FƏXR EDƏCƏK Kİ, İNSAN OLUB!" Bunlar ehtimallardı. Çünki ən yuxarı instansiya da heç nədən əmin deyil. Yeddi günə yaratdığı dünyada neçə milyon ildi ədalət yarada bilmir. Ay Allah, keç günahımdan, sənin işlərinə qarışmaq fikrim yoxdu. Bilirəm, bütün elədiklərim orda Məlumat Bankına yazılır. Ancaq sən bizim gördüklərimizi görsəydin... Mənim hüququm yoxdu? Mən qışqırmaq istəyirəm! Hər halda mən istəyirdim ki, yaxşı işlər çox olsun... Hər halda mən istəyirdim ki, Teleskopla baxa biləcəyim insanların sayı çox olsun... Amma təbii ki, mən də mələk deyiləm... Elçinin deyimi ilə desəm, "Gör də, gör mələklərin axırı hara gəlib çıxıb?! İnsan... məni (Əzrayılı) insafa çağırır". "Mələklərin Test Mərkəzi var. Bütün ruhlar ordan keçir. Ancaq mələklərin o qədər işləri var ki, çatdırmırlar. Ona görə də növbə böyükdü. Axır vaxtlar da bura gələnlərin sayı lap çox artıb!.. SPİD, quş qripi, donuz qripi, hələ terrorizmi demirəm, avtomobil qəzaları. Özü də ən çox qadınlar qəza törədirlər..." Allahım, sən bu qadınları nədən yaratdın? Yer kürəsindəki bütün fitnə-fəsadın baiskarı onlardı. Avtomobil qəzası nədir ki? Mən Teleskopdan baxanda gördüm öz qəzalarımı...
   
   
   
   ***
   
   Vaxtın necə keçdiyini bilmədim. Uğurlu tamaşa idi. Bütün komponentləri ilə. Teatr kollektivi əməlli zəhmət çəkmişdi. Məşqlər fevralda başlayıb, bir neçə ay ərzində araya-ərsəyə gətiriblər. Hər kəsin öz payı var bu HADİSƏdə. Hadisə deməkdən qorxmuram. Yəqin ki, Akademik Teatrın tarixinə yazılacaq bu hadisə. Finlandiyadan gəlmiş rejissorun, Rusiyadan gəlmiş rəssamın və ən önəmlisi bu məmləkətin istedadlı insanlarının səyi ilə. Amma ortada fakt olmalıdı, yəni əsər. Yəqin ki, gələcəkdə də olacaq. Azərbaycanlılar yalnız özləri ilə ruhlar aləminə pul aparmaqda bacarıqlı deyillər ki? Bu xalq istedadlı xalqdı, mələksima olmasa da...
   
   Tamaşada xalq artistləri də oynayıb, əməkdar artistlər də, sıravi sənət fədailəri də. Titulların nə önəmi var ki? Bu titullar insanı daha da istedadlı, daha da qabiliyyətli eləmir ki? Ola bilər yaşam üçün stimul versin. O da böyük sual altında. Məndən ön sırada oturan və əsəbi halda yerində qurcuxan (yəqin rol almadığına görə) xalq artistinə baxıb fikirləşirdim ki, ay aman, bu qadın doğrudan elə bilir sənət adamıdır? Teleskopa bax, Teleskopa...
   
   Bitdi tamaşa. Qəlbimdə ağır çöküntü, sarsıntı, amma sənətdən aldığım qarışıq hisslərlə çıxdım teatrdan.
   
   ... Siz epiloqlardan hansı variantı seçərdiniz? Axı xalq yazıçısı bizi seçim qarşısında qoydu... Özü seçimini edibmi?...
   
   "Teleskop"a baxın və... hərdən Teleskopdan baxın...
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV