ANA SƏHİFƏ / YAZARLAR

Aya-Sofiya məsələsi - Mehman Cavadoğlu yazır

70663    |   2020-07-17 08:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aya-Sofiya məbədinin məscidə çevrilməsi ətrafındda uzun sürədir gedən dartışmalar, nəhayət ki, sonuclandı və gözlənilən qərar qəbul olundu. Xatırladaq ki, 324-cü ildə Vizantiya imperatoru I Konstantin tərəfindən tikilən, 1453-cü ildən Sultan Mehmed Fatehin əmriylə məscid kimi istifadə edilən bu kilsə Atatürk dönəmində, konkret desək, 1935-ci ildə muzeyə çevrilmişdi. Məbədi yenidən məscidə çevirən 10 iyun qərarına kimi Aya-Sofiya Topqapı sarayından sonra İstanbulun ən çox ziyarətçi cəlb eləyən və şəhər büdcəsinə xeyli vəsait gətirən maddi-mədəniyyət abidəsiydi. Xarici turistlərin ölkənin paytaxtına axışmasının ən mühüm səbəblərindən biri də məhz Aya-Sofiyanı – Romadakı məşhur Müqəddəs Pyotr kilsəsinin tikildiyi 16-cı əsrə kimi ən böyük xristian məbədi sayılan bu məşhur kilsəni ziyarət eləmək idi.

İlk dəfə məscid kimi istifadə olunmağa başlanandan sonra zaman-zaman müsəlman memarlığının minbər, mehrab və s. elementləriylə bəzənən məbəd iki fərqli memarlıq üslubunun ortaq abidəsinə çevrildiyi üçün onun muzey kimi istifadəsi ən düzgün qərar idi. Atatürk əleyhdarlarının bunu hər addımbaşı onun din düşmənçiliyinə bağlamaq cəhdlərinə rəğmən o heç vaxt din düşməni və dini abidələrin, ilk növbədəsə məscidlərin təqibçisi olmayıb. Haqlı olaraq dini dövlətdən ayıraraq az qala xəritədən silinmək təhlükəsindən xilas elədiyi ölkəsinin gələcək inkişafının düzgün yolunu müəyyənləşdirməklə yanaşı xalqın keçmişinə, ənənələrinə və inancına da sayğıyla yanaşıb, Birinci Dünya və İstiqlal savaşlarında zədələnən, dağılan məscidlərin hamısını bərpa etdirib.

Dünyanın heç bir yerində ölkənin yalançı yox, həqiqi xilaskarına qarşı bu qədər ikrahla yanaşan, ona qənim kəsilən, asi çıxan bütöv bir zümrəyə rast gəlmək mümkün deyil. Cümhuriyyət tarixinin bütün dönəmlərində ona bəs deyincə həqarət eləyənlər olsa da, əvvəllər bu cür münasibət qanunla və faktiki olaraq cəzalandırıldığı üçün onlar çox əl-ayaq aça bilməyiblər. Ancaq son 20 ildir ki, bu münasibət yarıgizli-yarıaçıq şəkildə ən yüksək hakimiyyət eşalonundan körükləndiyi üçün artıq əndazəsini aşmaqdadır.

Keçmişə hədsiz aludəçilik, tarixi idilləşdirməklə onun əsirinə çevrilmək qədər toplumun inkişafına mane olan nəsə başqa bir şey tapmaq çətindir. Osmanlı imperatorluğu 100 il bundan əvvəl tarixə qovuşub, ancaq bu ölkənin əhalisi hələ də osmanlıçı-cümhuriyyətçi deyə iki yerə bölünərək bir-birlərinə nifrət edir. Ötən əsrin əvvəllərində Osmanlıyla birgə çökən digər imperatorluqların heç birində bu cür mənasız vətəndaş qarşıdurmasına rast gələ bilmək mümkün deyil. Bu osmançıların beş əsr bundan əvvəl məğlub etdikləri Şah İsmayılla davaları belə bu günə kimi bitib qurtarmayıb.

Keçmişə aşırı bağlılıq, onun şanlı səhifələrini bugünkü siyasətin predmetinə çevirmək cəhdi təkcə mütləq hakimiyyət sahiblərinin istək və ambisiyalarından qaynaqlanmır, həm də ölkənin real problemlərinin həlli qarşısındakı acizliklərindən irəli gəlir. Xalqın mədəsini doldura bilməyəndə onun hisslərini yemləməkdən yaxşı daha hansı üsul tapmaq olar?!

Bu gün şimal qonşumuzda gedən proseslər də bunun əyani sübutudur. Putinin ömürlük prezidentliyinə yol açan referendumun rəsmən elan olunan yox, özlərinə məlum olan real nəticələrindən yaranan təşviş hissləri Kreml rəsmilərinin üzünü yenidən tarixə döndərdi. Çünki xalqı babalarının qazandıqları parlaq qələbələrin romantikasıyla doyuzdurmaqla onu real problemlərdən yayındırmağa, bir sözlə, başını qatmağa ehtiyac yaranmışdı.

Ritorika o qədər absurd həddə çatdı ki, indi orda çoxdan cəzalandırılıb qurtarmış ikinci dünya müharibəsi cəlladlarını yenidən cəzalandırmağın, hətta həmin cinayətkalar üçün hüququn "cəza müddətinin ötməsi” prinsipinin ləğvinin vacibliyindən danışırlar. Hazırda sözü gedən müharibə canilərindən bir kimsənin sağ olub-olmadığını, yəqin ki, heç kim bilmir. Bu məntiqlə sabah eyni prinsipin monqol-tatar yürüşünün iştirakçılarına qarşı da tətbiq olunmasına çağırışlar edilsə təəccüblənmək-zad lazım deyil.

Aya-Sofiyanın təkrar məscidləşdiriməsində əsas hədəf də adamların hisslərini coşdurmaqla onların diqqətini cari problemlərdən yayındırmaqdır. Son vaxtlar baş verən iqtisadi geriləmə, Qərblə getdikcə pisləşən münasibətlər, onun fəsadlarını aradan qaldırmağa hesablanmış Şimala dönüş diplomatiyasının getdikcə daha çox fiaskoya uğraması, bu yandan da iqtisadi durumun pisləşməsi, adamların cibinə birbaşa təsir edən sürətli inflyasiya "İstanbulu qazanan Türkiyəni qazanar” sözünün müəllifini əməlli-başlı təşvişə salıb.

Ərdoğanın artıq özünü ömürlük çar elan eləmiş Putindən bir fərqi ondadır ki, o, cümhuriyyətin Türkiyəyə gətirdiyi və müsəlman ölkələri üçün möcüzə hesab olunan demokratik seçki ənənələrinin mövcud olduğu bir dövlətin başçısıdır, xalqın dəstəyinə möhtacdır. Son bələdiyyə seçkilərindəki ağır məğlubiyyətdən sonra partiyasında baş vermiş çalxalanmalar, üstəlik, yuxarıda da dediyimiz kimi getdikcə pisləşən iqtisadi durum gələcək seçkilərlə bağlı nikbin proqnozlar vəd eləmədiyi üçün indi o, vaxtilə etirazla qarşılaşdığı təşəbbüsləri öz adından gerçəkləşdirməyə başlayıb. Təxminən 10-15 il bundan qabaq ölkədəki dini islahatlardan ruhlanmış bəzi baş bilənlərin Aya-Sofiyanı yenidən məscidə çevirmək çağırışlarına qarşı onun cavabı bilirsiniz necə olmuşdu? "Hələ bir Sultan Əhməd camisini doldurun, sonra Aya-Sofiyadan danışarsız”.

Türkiyə prezidentinin Rusiyalı həmkarından fərqi təkcə demokratik seçki amilinin mövcudluğu faktıyla bitmir. "Dövlətçilik ideologiyası” adlı yayğın, mahiyyəti heç kimə, hətta özünə də düz-əməlli bəlli olmayan bir ideoloji libasa bürünmüş Putindən fərqli olaraq Ərdoğan konkret və real ideologiya daşıyıcısıdır, öz ideoloji prinsiplərini həyata keçirmək onun siyasi fəaliyyətinin başlıca istiqamətidir. İyirmi illik iqtidarı dövründə o bu yolda xeyli işlər görüb, ölkəni keçmişin ab-havasına bürümək sahəsində çox ciddi uğurlara imza atıb.

Ancaq türk toplumu nə qədər mühafizəkar olsa da onu uzun müddət keçmişin xoş illüziyasıyla uydurmaq mümkün olmayacaq. Belə populist addımların gətirdiyi eyforiyanın ömrü çox da uzun sürmür. Demokratik seçki institutlarının formalaşdığı cəmiyyətlərdə toplumun əbədi rəhbəri olmaq üçün onun güzəranını davamlı olaraq yaxşılaşdırmaq lazımdır. Aya-Sofiyanın yenidən məscidə çevrilməsinin gətirdiyi alqışlar bir-iki cümə namazından sonra birdəfəlik kəsiləcək və xalq yenidən öz gündəlik ehtiyaclarının dalınca qaçmağa başlayacaq. Odur ki, Ərdoğanın bu addımı niyə seçki kampaniyası ərəfəsində yox, məhz indi atması ciddi suallar doğurur.

O bir siyasətçi kimi özünü cümhuriyyətçilərin yox, Osmanlı sultanlarının varisi kimi görür. Osmanlı sultanlarısa I Səlimdən üzü bu yana həm də islam xəlifəsi olaraq Abbasilər sülaləsinin möhürünü daşıyıblar, özlərini İslamın müqəddəs məkanlarının hamisi və qoruyucusu sayıblar. Sonradan həmin məkanların sakinləri, eləcə də digər ölkələrdəki ərəblərin hamısı Avropanın yedəyinə qoşularaq tarixin sonuncu müsəlman imperatorluğunun süqutu üçün əllərindən gələni elədilər. Ərəblərin türk düşmənçiliyi bu günə kimi davam eləyir və getdikcə daha da güclənir. Özü də söhbət idarəçilik üsulundan asılı olmayaraq bütün ərəb ölkələrindən gedir. Teokratik Səudiyyə krallığı da, qismən müasirləşmiş dini monarxiyalar da (Qətər istisna olsa da, o da əvvəl Amerika sonra Türkiyə deyir), kommunist Suriya da, adına cümhuriyyət deyilən İraq, Misir diktaturaları da, hansı üsuli-idarədə yaşadıqlarından heç özlərinin də xəbəri olmayan Yəmən də heç vaxt Türkiyənin dostu olmayacaq. Osmanlının vaxtilə qılınc gücünə əldə etdiklərinə diplomatiya və qardaşlıq nağıllarıyla nail olmağa cəhd göstərmək sadəlövhlükdən başqa bir şey deyil. Belə bir sevdaya düşüb dünyanın, onsuz da, günbəgün Türkiyədən uzaqlaş(dırıl)an bügünkü qılınc sahibləriylə əlavə problemlər yaratmağa nə ehtiyac var idi?

İlk dəfə orta əsrlərdəki tarixi zəfərin güdazına getmiş Aya-Sofiya bu dəfə yəqin ki, son günlərdəki Liviya uğurunun yaratdığı eyforiyanın qurbanı oldu. Amma unutmayaq ki, hamımızın qəlbini iftixar hissilə dolduran Liviya qələbəsi əli qılınclıların susqun razılığı olmadan gerçəkləşə bilməzdi. Şərqli diplomatlar buna ilanı Seyid Əhməd əliylə tutmaq deyirlər və bir müddətdən sonra Liviyanın hansı düşərgədə qərar tutacağını hamımız açıq-aydın görəcəyik.

Türkiyə hazırda total məscidləşmə erasını yaşayır. Hətta bu yaxınlarda ölkə mətbuatında çölün düzündə tikilmiş maraqlı və məzəli bir məscid fotosu dərc olunmuşdu. Məscidi tikən deyir ki, gələcəkdə bunun ətrafında təzə kənd salacaq. Müsəlman dünyasında min illər boyu aralarında dünya memarlığının nadir inciləri də sayılan saysız-hesabsız məscidlər tikilib. Məscidləri digər ibadət yerlərindən fərqləndirən əsas cəhət onarın həm də itaət yeri olmasıdır. Orda adamlara təkcə Allaha və onun peyğəmbərinə yox, həm də şahlara, sultanlara, bu azmış kimi ruhanilərə necə qul olmaq dərsləri keçilir.

Məscidlər heç vaxt kilsələr kimi həm də xalqın, ümmətin maraqlarının təmsilçisi olmayıb. Onun maddi-mənəvi sərvətlərinin xilaskarı, qoruyucusu rolunu oynamayıb. Qərbin nadir mədəniyyət abidələrinin çoxu kilsələrin kitabxanalarında, anbarlarında, zirzəmilərində qorunub saxlanılıb, bu yolda həyatlarını riskə atan keşişlərin vasitəçiliyi, puluyla müharibələrin amansız cəngindən güc çatan qədər hifz olunub. Məscidlərinsə xalq və vətən deyilən bir qayğısı, öhdəliyi olmayıb. Dünyanın baş məscidindən üzüaşağı hamısının gəlirləri, sərvəti onu idarə eləyənlərin arasında pay-pürüş edilib. Əmlak adına ən yaxşı halda yerə döşənən xalçalardan başqa heç nəyi olmayıb ki, ara qarışanda da Alllahın evi bir anın içində düşmən yuvasına çevrilibmiş kimi hərə onu bir yandan talan etməyə başlayıb.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK