ANA SƏHİFƏ / MƏMLƏKƏT

"Müstəqillik mübarizəmiz üçün vacib məlumatları DİN-dən birbaşa Elçibəyə ötürürdüm..."

"Toyda Əhməd Orucla qarşı-qarşıya rəqs edəndə bəziləri məni qınadı..."

4825    |   2020-06-30 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gün siyasi və ya dini əqidəmizə, yaxud vəzifəmizə, sosial vəziyyətimizə görə bir-birimizə qərəzli, ədalətsiz yanaşırıqsa, bununla düşmənlərimizin dəyirmanına su tökürük..."



Daxili İşlər Nazirliyi Mehman Mehmanov Moderator.az-a 1988-1992-ci illərdən – Azərbaycanda milli azadlıq hərəkatı deyilən gedişatın qızğın vaxtlarından üzü bəri ölkədə baş verən proseslər, şahidi olduğu ibrətamiz olaylar fonunda müxtəlif siyasi əqidəli insanların, o cümlədən iqtidar-müxalifət münasibətlərinin gerçək mənzərəsinə, bu gün - torpaqlarımızın 20 faizinin erməni işğalı altında qaldığı, bütün bəşəriyyətlə bərabər koronavirus pandemiyasına qarşı savaş açdığımız bir zamanda ümummilli həmrəylik və birliyin zəruriliyi barədə baxışlarını əks etdirən publisistik yazısını təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı dəyərli oxucularımızın nəzərinə çatdırırıq:

"Siyasi əqidəmizdən asılı olmayaraq bir-birimizlə düşmən olmağa haqqımız yoxdur, soydaşlar, qardaşlar, bacılar!...”



"Əbədiyə qəh-qəh çəkən” bu müvəqqəti dünyada hamımız bir tamın zərrəsiyik... Tamın zərrəyə, zərrənin tam bağlılığı isə ən ali qaydalarla tənzim olunmasa, külli-aləm mövcud ola bilməz. Cəmiyyət də belədir. Lakin ortada pul, var-dövlət, vəzifə, kürsü maraqları hər şeydən üstün tutulanda tənasüblük, tarazlıq kökündən pozulur. Nəticədə torpaqlarımızın işğal altında qaldığı, pandemiyaya qarşı savaş açdığımız bir zamanda bu gün şahidi olduğumuz və həmrəyliyimizə, birliyimizə xələl gətirən əcaib bir durum yaranır...

Vaxtilə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, əslində Moskvanın Azərbaycandakı canişini hesab olunan Barannikov Nazirliyin o vaxtkı rəhbərliyinə tez-tez bu sözləri deyərmiş: "Sizin xalqınız yaxşı xalqdır, amma təəssüf ki, heç cür kresloya sığışmır...”

...SSRİ-nin dağıldığı 1980-ci illərən sonunda Azərbaycan Xalq Cəbhəsini və şəxsən mərhum Əbülfəz Elçibəyi xoşbəxt gələcəyimizin yeganə təminatçısı hesab edirdik. O vaxt mən DİN-in orqanı olan "Mübariz keşikdə” qəzetinin müxbiri kimi çalışırdım. Moskvanın xalqımıza qarşı planlaşdırdığı hər hansı bir tədbirdən xəbər tutan kimi həmin məlumatı dərhal qəzetimizin əməkdaşı Mahir Nəbili( o, zabit deyildi) vasitəsilə AXC-yə çatdırırdım. Mahir Sabir bağında şəxsən Əbülfəz bəyin özü ilə görüşüb müstəqilliyimiz üçün vacib məlumatları birbaşa Cəbhə liderinə ötürürdü...

...20 Yanvar qətliamının ertəsi günü DİN binasının həyətində İstintaq İdarəsinin müstəntiqi, çox dəyərli insan Xumar xanım Əhmədova qara örpək bağlayaraq haray qoparmış, cəsarətlə bu ümummilli faciəyə etirazını bildirmişdi. Bu harayı eşidib həyətə ilk düşənlərdən biri də əsil vətənpərvər türkçü Mahir Nəbili və bəndəniz olmuşdu...

Milli etirasların coşduğu həmin məqamda Bakıda olan SSRİ daxili işlər naziri Bakatin həyətə yüyürüb hövlnak DİN əməkdaşlarına əl uzadanda həqiqətən rəhmətlik İsgəndər Həmidov ona əl vermədi və düz gözünün içinə baxaraq "sənin əlin mənim xalqımın qanına batıb, mən sənə əl vermərəm” –söylədi...

...Əbülfəz Elçibəy Prezident seçiləndən və İsgəndər Həmidov Daxili İşlər naziri təyin olunandan sonra Mahir Nəbili və Xumar Əhmədova Daxili işlər orqanlarından xaric olundular. Məni isə öncə İslah İşləri İdarəsinə, sonra isə Sabunçu Polis İdarəsinə "atdılar”...


"İsgəndər Həmidov dedi ki, Mehman müəllim, elə bildim, məni ən ağır söyüşlə qarşılayacaqsan?.."


...1993-cü ildə o vaxtkı Daxili İşlər naziri Vaqif Novruzov məni idarəyə dəvət edib idarə rəisinin müavini və "Mübariz keşikdə” qəzetinin baş redaktoru vəzifəsinə təyin etdi. Bir gün işdə telefon zənginə cavab verərkən sakit və hüznlü bir səs eşitdim. Xəttindən o başındakı şəxs "İsgəndər Həmidovdur”-dedi, – Mənim haqqımda bütün digər qəzetlər nə yazırsa, yazsın, mənə təsir etmir. Amma bütün həyatımı bağladığım DİN orqanı olan qəzet adımı mənfi mənada çəkəndə bu, mənim üçün ölümdən betər olur.
Cavabında "İsgəndər bəy, qərəzlə yazmırıq ki?”, –deyə soruşdum. O, "Xeyr, xeyr, düz yazırsız”,- cavabını verdi.
"Mən qəti şəkildə söz verirəm, bundan sonra sizə toxunan bir ifadəyə belə rast gəlməyəcəksiniz”-söylədim, – Amma bəy, bir deyin görək axı, bizim günahımız nə idi ki, hamımızı pərən-pərən saldınız...”
Ani sükutdan sonra İsgəndər bəy bir ah çəkib dedi:
"Bəy, mən bilməzdim ki, coğrafi yaxınlıq hər cür yaxınlıqdan daha üstün imiş. Vallah-billah, mən səni geri - öz işinə qaytaracaqdım, zaman imkan vermədi...”

İsgəndər bəyin son sözləri isə bu oldu: "Mehman bəy, elə bildim, dəstəyi götürəndə məni ən ağır söyüşlərlə təhqir edəcək, hətta ana-bacı söyüşlərinə qərq edəcəksən. Amma kişi kimi danışdın mənimlə. Sağ ol, qardaş, nə qədər yüngülləşdim bununla...”

Bu söhbətdən sonra qəzetdəki yazılarda İsgəndər bəyin ünvanına bir kəlmə belə, işlətmədim. Br az keçmiş onu həbs etdilər. Ancaq bircə məqamı İsgəndər Həmidova xatırlada bilmədim ki, bəy, biz hamımız bir xalqın övladlarıydıq və onun azadlığı, müstəqilliyi uğrunda hər birimiz əlimizdən gələni etməyə çalışırdıq...


"Akka" ləqəbli məşhur kriminal məhbus həbsxanaya gəlmiş Daxili Qoşunlar komandanı Fəhmin Hacıyevə dedi ki, ə, Fəhmin, nə tez unutdun kamerada bir "miska”da çörək yediyimizi..."


...DİN İslah İşləri İdarəsində qərargah rəisinin müavini vəzifəsini daşıyırdım. 10-cu kalonda "şmon” əməliyyatı keçirilirdi. Yəni dustaqları yaşayış yerlərindən kənarlaşdırıb orada onların nə saxladıqlarını müəyyən etmək üçün axtarış tədbirləri icra olunurdu. Belə əməliyyatlar profilaktik xarakter daşıyırdı. Bəzən dustaqlarda təhlükəli vasitələr; soyuq silah və s. əşyalar aşkar edilib götürülürdü. Bu işlər adətən Daxili Qoşunların şəxsi heyyətinin iştirakıyla həyata keçirilirdi. Nəzərdə tutulmuş əməliyyat başa çatmışdı ki, islah müəssisəsinin qapısı açıldı, Daxili Qoşunların komandanı Fəhmin Hacıyev polkovnik-leytenant formasında içəri daxil oldu. "Tədbir yarıtmaz təşkil olunub, yenidən başlatmaq lazımdır!” –deyə o, amiranə şəkildə göstəriş verdi. Bu anda əsgərlərin yedəyində olan itlər dəmir barmaqlıqlar arxasındakı dustaqlara tərəf hürməyə başladı. Dustaqlardan biri hasara dırmaşıb "Fəhmin!”- deyə hiddətlə hayqırdı. "Fəhmin, mən salyanlı "Aqqa”yam. Səninlə bir kamerada yatmışıq. Bir "misqal”da çörək yemişik. İndi üstümə it hürdürürsən!..”

Bu gözlənilməz çağırışdan Fəhminin bərələ qalmış, az qala, hədəqəsindən çıxan gözləri böyük bir təəccüb hissi ifadə edirdi. O, inana bilmirdi ki, əzablı günlərini bir yerdə yaşadığı dustaq yoldaşı ona qarşı belə hərəkət edə bilir. Onu deyim ki, həmin "Aqqa” ləqəbli dustağı tanıyırdım. O vaxtın tanınmış qatı cinayətkar kriminal şəxslərindən biri idi...

Həmin hadisələrdən sonra "Mübariz keşikdə” qəzetində "Arxanızı kimlərə söykəmişdiniz, Əbülfəz bəy?” başlıqlı yazı dərc etmişdim...


"DİN-də İdarə rəisi işləyəndə hər bayramda Qənimət Zahidə telefon açıb təbrik edirdim...”


...Bu gün xaricdə yaşayıb Azərbaycanda polis əxlaqından gileylənən Qənimət Zahidov "Azadlıq” qəzetinin baş redaktoru olanda bu sətirlərin müəllifi DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi idi. O illərdə düz iki dəfə, hərəsi bir səhifəlik müsahibə vermişdim "Azadlığ”a... Hər bayram günləri Qənimət Zahidova zəng vuraraq təbrik edəndə o və əməkdaşları təəccüblənirdilər ki, iqtidarın adamı olan DİN İdarə rəisi bizi təbrik edir. Bunu hiss edərək açıq şəkildə deyərdim:

"Qənimət bəy, "siyasət” sözünün bir mənası da yol deməkdir. Siz o yolu tutmusunuz, bizsə, bu yolu. Məni başımdan atsalar da, əqidəmə xəyanət etmərəm, dövlətçiliyə dönük çıxmaram. Buna rəğmən bizim düşmən olmağa haqqımız yoxdur. Axı ikimiz də, hamımız da bu xalqın övladlarıyıq”. Dəfələrlə şəxsi işi ilə bağlı da müraciət etmişdi, onları da həll etmişdik. Bir dəfə isə "Azadlıq” qəzetinin yayımı ilə bağlı problem yaranmışdı. Aidiyyəti üzrə polis idarəsinin rəisinə zəng vurub həmin müşkülü də yoluna qoyduq... Hətta bir dəfə o vaxtkı MTN əməkdaşları Q.Zahidlə danışığımızı yazaraq mənim ona "bizə aid bir qulluğun varmı”- deyə müraciətimə xüsusi diqqət çəkmişdilər. Mən o zaman həmin dövlət qurumuna da açıq şəkildə izahat verdim ki, düzdü, bizim "Azadlıq”qəzeti və onun baş redaktoru ilə işlə bağlı səmimi münasibətimiz, əlaqələrimiz var. Ancaq bunun mənim dövlət orqanındakı işimə heç bir mənfi təsiri ola bilməz. Mən onlardan tamamilə fərqli əqidənin sahibiyəm və daim dövlətimə, dövlətçiliyə sadiq qalan bir insanam. Onlar müxalifətçi, mən isə iqtidar nümayəndəsi olsaq da, bizim bir-birimizə düşmən kəsilməyimizi qəbul edə bilmərəm... Eyni məsələni mən o vaxtkı DİN rəhbərliyi qarşısında da qoya bilmişdim...

Bəzən "Azadlıq” qəzetində DİN-ə, polisə aid yanlış, təsdiq olunmamış məlumatlar gedəndə məhz həmin səmimi ünsiyyət hesabına bir zəngimlə Qənimət bəy o yazılara lazımi təkzib verirdi. İndi əlim çatmır deyəm ki, Qənimət bəy, torpaq, Qarabağ uğrunda ölməyi bacaran sənin hamısını düşmən obrazında qələmə verməyə çalışdığın həmin polislər, DİN əməkdaşlarıdır. Indi də həyatlarını xalqları bahasına riskə qoyaraq gecə-gündüz olmazın əzab-əziyyət çəkirlər. Başının üstündə Allaha, dövlətimizə, onun rəhbərliyinə, əxlaqi prinsiplərə sədaqət nümayiş etdirən nazir Vilayət Eyvazov rəhbərlik edir Azərbaycan polisinə...

Bir və ya uzaqbaşı, bir neçə polis əməkdaşının səhvini nəyə görə bütün Azərbaycan polisinin ünvanına yazırsız, Qənimət bəy?.. Axı bu, həmin polisdir ki, 1988-1994-cü illərdən torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda könüllü dəstələr, Milli Ordu, digər qurumların döyüşçüləri ilə çiyin-çiyinə qanını, canını əsirgəməyib. Və onun sıralarında Vətən uğrunda yüzlərlə nəfər şəhid, minlərlə yaralı, əlil olub... Bu sətirlərin müəllifi də jurnalist olmasına rəğmən Qarabağda əlinə silah alıb səngərlərə atılarkən həmin qəhrəmanlıqların şahidi olib...

Onu da deyim ki, mən yalnız Qənimət Zahidə qarşı deyil, digər müxalif mövqeli insanlara da "Öncə Vətəndir, dövlətdir, xalqdır!” prinsipi ilə yanaşmışam. Məsələn, DİN-də idarə rəisi işləyərkən bir dəfə dəvət aldığım yaxın insanın toyunda bu gün də müxalifətçi kimi tanınan "Azadlıq” partiyasının sədri Əhməd Orucla qarşı-qarşıya mehribancasına rəqs edəndə və yaxud əvvəllər DİN əməkdaşı olmuş, lakin Azərbaycan müxalifətinin tanınan simalarından birini öz övladımın toyuna dəvət edəndə bəzi vəzifəli həmkarlarım buna görə məni kəskin şəkildə qınamağa cəhd göstərirdilər. Ancaq yenə bayaq dediyim fikri onlar üçün də təkrar edirdim. Siyasi əqidəmizdən asılı olmayaraq bir-birimizlə düşmən olmağa haqqımız yoxdur, soydaşlar, qardaşlar, bacılar!.. Biz bir Vətənin, bir xalqın övladıyıq. Bu gün siyasi və ya dini əqidəmizə, yaxud vəzifəmizə, sosial vəziyyətimizə görə bir-birimizə qərəzli, ədalətsiz yanaşırıqsa, bununla düşmənlərimizin, o cümlədən torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan işğalçı, separatçı ermənilərin dəyirmanına su tökürük. Əksinə, əgər biz Vətənimizi, dövlətimizi, Qarabağımızı doğrudan da, seviriksə, bütün indiki, keçmiş umu-küsüləri, əqiqə, yanaşma müxtəlifliklərini bir kənara qoyub vahid düşmənə qarşı bir cəbhədə birləşməliyik...

Yeri gəlmişkən, bu yaxınlarda Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva ona və ailəsinə lazımi yardım və dəstək göstərib. Və bununla bağlı Ə.Orucun oğlu Abdul Oruclu Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Bu da siyasi əqidəsindən, vəzifəsindən asılı olmayaraq biri-birinə səmimi, mərdanə yanaşmağa ən gözəl nümunələrdən biri...

Dəyərli oxucular, hamınıza xoş günlər, həmrəylik, birlik diləməklə bu yazımı müqəddəs Qurani-Kərimin "Ali-İmran” surəsininn 103-cü ayəsi ilə bitirmək istəyirəm.:

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!..”

Mehman Mehmanov, DİN Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik.



İmza:

Nazirlikdən yayılmış sel görüntüləri ilə bağlı AÇIQLAMA: “Dağıstanda çəkilmiş videodur”

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb

Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir

Şimşək, yağış, sel – FAKTİKİ HAVA

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb - VİDEO

Bakıda küçə və yollarda son vəziyyət

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

Tvinninq layihəsinin yekun konfransı keçirilib

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK