ANA SƏHİFƏ / YAZARLAR

KÖHNƏ SAMUX NAĞILI... - Vaqif Tanrıverdiyev yazır

7252    |   2020-06-04 09:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Biri var idi, biri yox idi, ölkənin belinə gümüş kəmər kimi dolanıb axan bir çay var idi.Adı Kür, xislətində də kürlük vardı. Ona görə çayqırağı məskənlərin sakinləri adına Dəli Kür deyərdilər. Vaxtilə coşub-daşanda şahə qalxan qorxunc dalğaları ilə sal qayaları parçalayar , qollu-budaqlı ağacları kökündən çıxarıb "ağzına” alar, insanlara, təsərrüfatlara ziyanlar vurardı.

 İllərin birində Kür çayının üzərində Mingəçevir Su Elektrik Stansiyası quruldu, dəli çay ağzına ilk dəfə qantarğa taxılan vəhşi at kimi şaxə qalxdı, çırpındi, amma rəhmətlik Səməd Vurğun demiş, "Semunt verin, beton tökün, qaçırmayın Kürü gözdən”... hayqıran insan iradəsinə tab gətirə bilmədi, Kür "kəməndə düşdü, bəndləndi” və dəlilikdən əsər-əlamət qalmadı, o yerlərin adamlarının sözü olmasın Kür "quzu kimi” sakit axara düşdü. O vaxt su elektrik stansiyası qurulduğuna görə Mingəçevir "dənizinin” nəhrində yerləşən Samuxun əhalisi köçürüldü, rayon ləğv olundu. İndi samuxluların (Allah ölənlərə rəhmət eləsin), o yerləri görənlərin və görməyənlərin yaddaşında köhnə bir samux nağılı yaşayır. Həmin nağıl da arxada gördüyünüz subasardan başlayır. Çaya arxamı çevirib şəkil çəkdirmişəm, böyük qəbahətdi. Məcburən belə alındı, arxa görüntülər köhnə Samux rayonun su altında qalan ərazilərdir. Kürün "şıltaqlıqları” ilə bağlı hadisələr, dəli çayın yaxşı-yamanları haqqında köhnə samuxluların, babalarımın söhbətləri yaddaşıma həkk olunub, lap bu günkü kimi xatırlayıram. Nə qədər dəli-dolu olsa da, aşıb-daşanda nə qədər ziyanlıqlar törətsə də onlar Kürü heç vaxt lənətləməyiblər, həmişə müqqəddəs tutublar, and içəndə Kürə and içiblər, "Bu Kür haqqı” deyiblər. Düzlüklərinin sübuta ehtiyacı olanda "Kürə kor baxım” deyə inandırıblar. Çünkü bu dəli çay onların yaşam güvənci olub, çörək verib. Daşanda sahillərini yuyub-aparar, qabağına qatdığı mal-qaranı "oyuncaq” kimi atıb-tutardı. Təsərrüfatlara ziyan vurardı, alın zəhməti ilə əkilib-becərilən əkinləri su basardı, evlər qərq olardı, hətta can da alıb, amma yenə seviblər, müqqəddəs tutublar, həyatlarını ondan ayrı təsəvvür etməyiblər. Köhnə samuxlular Kürlə qol-boyun böyüyüblər, dərdlərini Kürə danışıblar, çörəkləri də Kürdən çıxıb. Dəli çayın sərvəti başdan aşırmış, yığıb-yığmaqla qurtarmazmış. Böyüklər danışırdılar ki, Kürdən tutulan iri nərə balığının quyruğunu yerdən üzmək olmazmış. Danışırdılar ki, düzlanıb qurudulmaq üçün ipdən asılan balıq sap-sarı, Günəş kimi işıq saçarmış, quyruğundan yağ damar, bu yandan baxanda o yanı görünərmiş. Kürüsünə də söz olmazmış. Samuxlular kürünün emalı üsulunu da bilirlərmiş. Balıq yarılar, kürüsü ağzına cuna çəkilmiş vedrənin üzərinə tökülərmiş. Cuna üzərində yayılan kürünün selikli hissəsi süzüləndən sonra dənəvər kürü duzlanar, hazır məhsul olarmış. Onu da deyirlər ki, samuxlular kürüyə o qədər də meyl etməzdilər (bəlkə çoxluqdan olub-bilmirəm) O vaxt üzdəniraq erməni qonaqlar var imiş, gələr vedrə-vedrə daşıyarmış, özü də pulsuz-parasız... Meşədə ağacın gövdəsində arıların hördüyü pətəklərdən vedrə-vedrə bal süzərlərmiş... Samux torpağının bərəkəti ölçüyəgəlməzmiş... Kür təkcə samuxluların deyil, bütün bu bölgənin insanları üçün əziz olub, müharibənin aclığından Gəncəbasarı Kürqırağı meşələr qoruyub. Müharibə dövründə Samuxa köçlər başlayıb, özü də el-el, oba-oba toplu halında gəliblər. Hamısı da gəldikləri kəndlərin adı altında məskunlaşıblar: Miskinli, Salahlı, Qarabağlar...daha nələr, söhbətlərdən yadımda bunlar qalıb... Samuxlular bir az köntöy, bir az da qaraqabaq olublar, haqsızlığa dözməzmişlər. Dəli Kür samuxlu qaçaq Məmmədqasımı tərbiyə edib. Sovet hökümətinə qarşı vuruşan bu mərd insanı, nə qədər təhlükəli olsa da samuxlular qoruyub, yedirib, içizdiriblər.

 Qorxu, həbs təhlükəsinə baxmayaraq Məmmədqasım və qaçaqları hər bir evin ən əziz qonaqları olublar. Qaçağı el saxlayar – bu deyim təsadüfdən yaranmayıb. Qəribə taleyi olub, bu mərd insanın, Kürü nə qədər sevsə, müqəddəs tutsa da inciyib, küsüb Kürdən, Türkiyəyə üz tutub. Bununla bağlı çox maraqlı xatirələr danışırlar. Deyirlər ki, Məmmədqasımın Kürdən üz döndərməyinə səbəb qardaşı Ələsin Kürdə batmağı olub. Hökümət qoşunları ilə növbəti döyüşlərdən biri çox gərgin keçib. Kürün sahilində gedən atışma gecəyarıyadək davam edib. Qüvvələrin qeyri-bərabərliyi qaçaqları çayı keçmək məcburiyyətində qoyub. Gecəni qalsalar səhəri fəlakətlə açardılar. Kürün də "göylə gedən” (samuxluların ifadəsidir) vaxtı olub, suyu daşanda çayı küçməyin necə təhlükəli olduğunu köhnə samuxlular yaxşı bilirlər. Gecənin zülmət qaranlığına baxmayaraq salla keçmək üçün Kürə baş vurublar. Sal da bir-birinə bağlı iri ağac gövdələrindən hazırlanırdı. Soyuq küləkli hava, Kürün də daşan vaxtı nehr əsl qan çanağına dönür, ölüm təhnəsi olur. 

Bunu o yerlərin adamları yaxşı bilib, həmişə ehtiyatla davranıblar. Amma qaçaqlar məcburiyyət qarşısında bu təhlükəyə döğru gediblər, çünki əsasən qeyri millətlərdən təşkil olunan əsgəri hissəyə ciddi tapşırıq verilib. "Məmmədqasım ölməli, dəstəsi də tamamilə məhv ediləmlidir” Xüsusi hazırlanmış bu əməliyyatdan xilas yalnız Kürü keçməkdə idi. Çoxsaylı hökümət qoşunları vadini mühasirəyə almışdı. Qaçaqlar təhlükədə idilər. Uzaqdan əsgərlərə verilən hücum əmrini onlar da eşitdilər. Bu çağırış bəlkə də elə qaçaqların da eşitməsi üçün belə bərkdən səsləndi. "Haça qayanı boş buraxmayın, ordan keçib xilas ola bilərlər”. Şimşək kimi gecənin bağrını yaran bu səs əslində həm də qaçaqlara tapşırıq idi. Məmmədqasım səsin sahibini tanıdı: "Bu yolçu oğlunun, İsgəndər yüzbaşının səsidir, bizə çıxış yolu göstərir”. Müsahirəni həmin yerdən yarıb çıxdılar. Qarşıda Kür var idi, xilas üçün çaya üz tuturlar. Danışırlar ki, hökümət qoşunları həmin keçidə gələndə yalnız tək ayaq adamlara məxsus tay çarıq izinə rast gəliblər, izin istiqaməti də mühasirə ərazisinə yönəli olub. Yüzbaşının "əmri” qaçaqları xilas edib, amma həmin o gecə, cana susalı dalğalar öz qurbanını alıb. Aşıb-daşan çayın ortasında qardaşı Ələs saldan sürüşərək Kürə düşür, belində çoxlu silah-sursat olduğundan sal qaya kimi bir andaca batıb, xilas etmək mümkün olmayıb. Qaçaqlar çox zülmlə sahilə çıxıblar, bütün diqqət Məmmədqasıma yönəlib. Yadımda qalanlardan: Üstündəki silah-sursatı çıxarıb, yerə atdı, üzü qibləyə diz çökdü. Həmişə güvəndiyi, ağır məqamlarında üz tutduğu Kür indi ona xilaf çıxmışdı, quşu gözündən vuran istəkli qardaşını əlindən almışdı. Əlini göyə tutub, şivən qopardı, kişilərin şivəni yer titrədər, göyü silkələyər. Qorxunc ah-nalə gecənin bağrını yararaq bütün nəhr boyu əks-səda verdi. Qaçaqlar onu heç belə görməmişdilər, sanki dünya qopub, altında qalmışdılar. Sonra araya üzücü bir sükut çökdü. Ağır-ağır qalxdı, sanki çiynundən daş asılmışdı. Üzünü Kürə tutub: "Bir də sənin yuyundan içməyəcəyəm” –dedi, amma lənətləmədi, sanki müqəddəs tutduğu, arxa-dayaq bildiyi doğmasından küsürdü. 

Bu ah-nalə Qurana əlbasılı and kimi səsləndi. Elə hüznlü, elə qətiyyətlə dedi ki, qaçaqlar da əmrə müntəzir əsgər kimi üzü qibləyə, əlləri səmaya uzalı bir ağızdan hay verdilər: "And içirik” Və bir də Kürün suyundan içmədilər. Məmmədqasım sərhəddi keçib, Türkiyəyə getdi. Deyirlər orada çox yüksək hərbi rütbəyədək yüksəlib. Yerinə düşdüyü üçün şahidi olduğum bir əhvalatı da mən danışım. Günlərin birində İTV-də işlədiyim vaxtlar idi, həmkarlarımdan biri zəng etdi ki, studiyaya dəvət etdiyimiz Türkiyəli qonaqlar arasında bir azərbaycanlı var, deyir ki, samuxludu, özü də Məmmədqasımın nəvəsidir. Xahiş etdim ki, mənimlə telefon əlaqəsi yaratmağa cəhd göstərsinlər. Sağ olsunlar xahişimi yerə salmayıb, onunla telefon əlaqəsi yaratdılar. Tanış oldum, adı Şuaydı, Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Söhbət zamanı onu da öyrəndim ki, Məmmədqasımın qız nəvəsidir. Gəncəyə dəvət etdim, bu şəhərdə məskunlaşan həmyerliləri, qohum-əqrabası ilə görüşün insanlıq adına, kişilik-ləyaqət adına nə qədər qürurverici olacağına inandırmaq istədim. Çətin olmadı, söhbətin ab-havasından hiss etdim ki, Samux haqqında, onun insanları, igidləri haqqında hər şeyi bilir, görünür rəhmətlik babası bu yerlər, onun insanları, samuxluların ləyaqəti haqqında çox danışıb. Vaxtın azlığından imkanı olmadığını bildirdi, növbəti səfərlərdən birində mütləq Gəncəyə gələcəyinə söz verdi. Hər ehtimala qarşı telefon nömrəsini götürdüm. Nə isə qayıdaq söhbətimizə. Mingəçevir SES yaradıldı, əslində onun yaradılması xəyanət idi. İnsanlar məcburi köçkünlüyə məruz qaldılar. Bir qismi Gəncəyə, bir qismi Mingəçevirə, Bərdəyə, Yevlağa köçürülüb, bir qismi də doğmalarına pənah apararaq bütün Azərbaycana səpələnib. Öz doğma yurd-yuvasından didərgin salınmış bu adamlar da ölkənin məcburi köçkünləridirlər. Bu azmış kimi, çoxları sonralar Qarabağ müharibəsinin faciələri ilə də üzləşiblər. Nəyə görə Mingəçevir SES-in salınmasını xəyanət adlandırdım. Hansı il idi yadımda deyil, Energetiklər günü münasibətilə Mingəçevirə media-tura dəvət edilən ölkə jurnalistləri arasında mən də var idim. Orada bizə verilən məlumatdan öyrəndim ki, Azərbaycana lazım olan elektrik enerjisinin 60 faizini Mingəçevir İstilik Elektrik Stansiyası, cəmi 5 faizini Mingəçevir Su Elektrik Stansiyası verir. Bu 5 faizə görə o bol nemətləri meşələri, Kürün sərvətlərini məhv etməyə, ekoloji tarazlığı pozmağa, insanları doğma yurd-yuvasından didərgin salmağa dəyərdimi. Bu gün şoranlaşan Kürboyu minlərlə hektar torpaq da bu ziyana daxildir. İllər sonra Kürün yuxarı ərazilərində yeni Samux rayonu yaradıldı. Köçkünlərin bir qismi burada məskunlaşdı. Çox qəribədir ki, tale onlara yenidən köçkünlük həyatı yaşatdı. Kür çayı üzərində daha bir stansiya - Yenikənd Su Elektrik Stansiyası qurulanda məcburi köçkünlükdən sonra HajıƏsgər meşəsinin ərazisində, yeni stansiyanın subasarında məskunlaşmış bir qrup insan yenidən, ikinci dəfə məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Köhnə Samux haqqında ağsaqqallardan eşitdiklərimin qısa xronikası belədir. Vaxtilə atamın uşaqlıq dostu olmuş yazıçı Əhməd Mirzəcəfərli samuxluların həyatının yaxşı məqamlarından söhbət açan bir kitab yazıb. Jurnalist Xanlar Bayramov Məmmədqasımın həyatının müəyyən məqamlarını qələmə alıb. Səhv etmirəmsə Məmməd Orucun da boşaldıqdan sonra köç yerlərinin subasarından danışan bir hekayəsi var... 

Nə isə...Qanınızı çox qaraltmayım. Balıq ovlamaq bəhanəsi ilə Kürün qırağına tez-tez gedirəm. Bilənlər bilir, bilməyənlər saatlarla Samuxun su altında qalan ərazilərinə baxmağıma təəccüb edirlər. Sualtı ərazilər, zəhmətsevər insanlar və dəli-dolu igidlər haqqında eşitdiklərim sanki yaşanmış həyat kimi yaddaşıma hopub, hər xatırlayanda o insanların adına fəxarət duyuram, gözüm-könlüm nurla dolur. İnsan yurd sevgisi, doğma torpağı ilə fəxr edəndə daha səmimi, daha güclü və daha vətənpərvər olur... Və bir də xoşbəxt o insandır ki, yaddaşında doğmaları, yurd-yuvası, vətəni ilə bağlı ömründən uzun xatirələr yaşayır... Babadan oğula, oğuldan da nəvəyə ötürülən bu yaddaş yazıları nə qədər həyat var, nə qədər insan var yaşayacaq. Onların ömrü nəsillərin yaşam tarixindən qat-qat uzundur... 

Bu da mənim FB nağılımın sonu, hər bir nağılda olduğu kimi göydən üç alma düşdü, biri mənim, biri köhnə, biri də yeni samuxluların...


İmza:

YAZARIN ARXİVİ

2020-07-07 : ETİBARA BAX !
2020-07-06 : 2294 NƏFƏR!
2020-07-05 : GÜNÜN FOTOSU
SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK