ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Kiçiklərin böyüklərə böyük dərsi - Vahid MƏHƏRRƏMOV yazır

23075    |   2020-05-23 17:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaşadığımız şirindən şirin, acıdan acı bu dünyada həmişə görmüşük ki, kiçiklər böyüklərdən öyrənər. Əsrlərdir bu ənənə azca da olsa pozulmadan, heç yerə yozulmadan öz axarı-baxarı ilə axıb gedir. Yaşaya-yaşaya gəlib bugünkü zamanaya çatanda gördük ki, yox ee, indiki vaxtda böyüklər dəbalacalardan nəsə öyrənə bilərlər. Yaxud balacalar böyüklərə nəsə babat bir şey öyrətməyi bacararlar. Ümumiyyətlə, belə götürəndə öyrənmək məsələsində yaşın elə də rolu yoxdu. Nə fərqi var ki, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, nəsə fərli bir şey öyrənəsən, başını boş qoymasın. Əlinə düşmüş zamandan səmərəli istifadə edəsən. Papağı boş-boşuna günə vermiyəsən, arada onu zəhmət tərinlə isladasan.

Universitetdəki müəllimlərimiz bəziləri yaşca bizdən kiçik olsalar da, başca bizdən böyük idilər. Biz də yaşa-zada baxmadan başlarından bizə verdikləri dərslərdən nəsə öyrənirdik. Mən bilən, başqa sahələrdə olduğu kimi müğənnilərdə də elədir. Bir də görürsən, sütül kimi cavan bir oğlan, ya da qız elə gözəl bir muğam oxudu, elə gözəl zəngulə vurdu ki, azman sənətkarların ağzı açıla qaldı. Yetmiş, səksən yaşlı böyüklər onların oxumalarından bəzi şeylər öyrəndilər.

Müğənnilərdən söz düşmüşkən, deyim ki, onlar qələmimin, sözümün ən yaralı yeridi. Hamısı yox, ha! Yalnız sənətini dərindən bilməyənlər, canlı oxumaqdan qorxub fonoqramaya üz tutanlar. Ac quş balası kimi ağzını yalandan açıb-yuman müğənniləri görən kimi təzyiqim qaçıb dırmaşır kəlləçarxa. Ha tutub geri dartsam da aşağı düşmür. Belə anlarda yavaş-yavaş üzümü televizora tutub xəyalən həmin müğənniylə danışırmış kimi deyirəm ki, səsin varsa, kişi kimi, qadın kimi mərdi-mərdanə çıx canlı-canlı oxu. Tamaşaçıları gözəl səsinlə, nazlı avazınla, zəngulələrinlə feyziyab elə. Yox, səsin yoxdursa, fonoqrama ilə camaatı hirsləndirib təzyiqini kəlləçarxa qaldırma. Dərman-dava dalınca apteklərə qaçmağa məcbur eləmə.

O günləri musiqili bir verilişə baxırdım. Elə bilirəm ki, o verilişi seyr edən bütün böyük müğənnilər kiçik yaşlı uşaqların necə oxuduqlarını görüb utandılar və yaxşıca dərs aldılar. Musiqi məktəbinin yetirmələri olan on-on iki yaşlı uşaqlar fonoqramasız-filansız canlı oxuyaraq tamaşaçılara gözəldən gözəl anlar yaşatdılar. Uşaqların səsi çox məlahətli idi. Səslərinin məlahətli olmasından daha çox onların fonoqramasız oxumaları adama ləzzət elədi.

Bax oxumaq, muğam ifa eləmək buna deyərlər. Yoxsa, bir də görürsən yaşlı, xeyli ad-san almış, yaxasına qırx dənə orden-medal taxmış iki-üç müğənni çıxdı efirə. Guya kişinin oğlu, yaxud kişinin qızı oxumağa gəlib. Mikrafonu alıb əlinə cumur səhnəyə. Bəzən lap biabırçılıq olur. Müğənni hələ heç səhnəyə çatmamış fonoqrama verilir. O da qalır pərt vəziyyətdə. Tez başlayır yalandan-palandan ağzını ayırıb-yummağa, vəziyyətdən çıxmağa. Qızara-qızara, bozara-bozara dəqiqələrini səhnədə əridir. Hələ sonra da oturub arsız-arsız aparıcının suallarına cavab verir, sənətdən, sənətkarlıqdan dəm vurur. Fonaqrama oxumağı cəhənnəm, sənətkarlıqdan danışmağı adamı lap yandırır. Belələrinə deyəllər ki, oxumadan yaşaya bilirsənsə, oxuma! Səhnəni boş-boşuna tutub zanit eləmə. Qoy səsi, nəfəsi olanlar canlı-canlı oxusun, biz də ləzzətinən onlara qulaq asaq, təzyiqimiz də yerindən oynamasın. Böyüklərdən öyrənmirsiniz öyrənmirsiniz barı, gələcəyin böyük müğənniləri olacaq uşaqların canlı-canlı oxumaqlarından nəsə bir dərs götürün. Nə bilmək olar, bəlkə də artıq götürüblər. Götürməyiblərsə də, yazdıqlarımı oxuyandan sonra yüz faiz nəsə onlarda yaxşılığa doğru bir dəyişiklik baş verəcək.

İndi yazdıqlarımı o günləri parkda gəzinə-gəzinə fikirləşirdim. Bir növ mövzuya giriş üçün yaxşı bir xod, gözəl bir giriş axtarırdım. Axtara-axtara ətrafıma da baxırdım, gözlərimi yummamışdım. Bir dəfə də baxışlarıma əziyyət verib baxanda gördüm ki, bir baba nəvəsinin əlindən tutub gəzdirir. Nəvə babaya suallar verir, o da bildiklərindən uşağın suallarına aydınlıq gətirir. Babanın bir işindən xoşum gəlmədi ki, nəvə ilə danışa-danışa siqaret çəkirdi. Çəkməyi də, cəhənnəm, tüstünü uşağa tərəf pülüyürdü. İstədim ona deyəm ki, körpənin yanında siqaret çəkmə, tüstünlə onu zəhərləmə. Sonra fikrimi dəyişdim, dedim sözlərim ağsaqqalın xətrinə dəyər, minər cin atına, təzyiqi qalxar göyün yeddinci qatına.

Bir azdan baba siqaretini çəkib kötüyünü yerə tulladı. Bunu görən uşaq gedib onu yerdən götürüb qaça-qaça aparıb yaxınlıqdakı zibil qabına atdı. Sonra babasına dedi:

– Baba, küçəni çirkləndirmək olmaz! Bağçada müəllimə bizə deyir ki, heç vaxt zibili yerə atmayın. Başqalarına da bunu deyin.

Uşağın babasına dərs verdiyini görəndə ürəyim qürurla doldu, xeyli sevindim. Sevinə-sevinə də fikiləşdim ki, deyəsən, indi zəmanə tərsinə dövran edir. Əvvəllər böyüklər kiçiklərə, indi isə kiçiklər böyüklərə dərs verib yol göstərir. Yeri gəlmişkən, deyim ki, çox öyrənməyin heç bir ziyanı yoxdu. Həm də fərqi yoxdu, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, dərs yaxşı dərs olsun və sən də bu dərsdən nəsə öyrənəsən! Evdə oturduğunuz koronalı günlərdə vaxtınızı boş keçirməyin, çalışın nəsə fərli şeylərlə başını doldurasan! Unutmayın ki, öyrəndikləriniz nə vaxtsa lazımınız olacaq, karınıza gələcək.




İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK