ANA SƏHİFƏ / Layihə

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı

150285    |   2020-05-23 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı kimi meydana gəlmişdir. Azərbaycan Cümhuriyyətinin (bəzən onu Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyəti adlandırırlar) yaranması tarixən 28 may 1918-ci ilə təsadüf etsə də, o öz yaranışına qədər 1905, 1907, 1917-ci illərin rus inqilablarından, erməni təbiətli altı aylıq Bakı Sovetindən (02.XI.1917-25.IV.1918) və eyni ananın döşündən süd əmən üç aylıq Bakı Kommunasından (25.IV1918- 31.VII.1918), ingilis düşüncəli ayyarımlıq Sentrokaspi diktaturasından (01.VIII.1918 - 15.IX.1918) keçib müstəqilliyini elan edən bir xalqın təsəvvüründə artıq çoxdan yaranmışdı. "Bir kərə yüksələn bayraq bir daha enməz", "Tarixin yenə bir gözəl çağında Qaranlıq qış keçib, bahar gələcək" deyən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranan Azərbaycan Cümhuriyyəti məhz belə bir zamanda elan edilmişdi.

Bir qayda olaraq, cəmiyyətdə baş verəcək hadisələri qabaqlayan ədəbiyyat Azərbaycan mühitində də bədii-fəlsəfi düşüncə üzərində dolaşan xeyirxah ruh kimi öz romantik qanadlarını gərmiş vəziyyətdə idi. Azərbaycan Cümhuriyyətinin yaranmasına qədərki ədəbiyyat "istiqlal mübarizəsinə aparan romantizm" və sərt realizm ruhunda təzahür edirdi.

Hələ 1909-cu ildə qələmə aldığı "Laylay" şeirində A.Şaiq (1881-1959) gəvharədə (beşikdə) uyuyan cocuğa bu şəkildə müraciət edirdi:

Türk oğlusan, əcdadın ulu, şanlı, şərəfraz.

İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.

Yavrum, uyu şimdi, səhər ertə oyananda

Parlaq Günəş iştə səni alqışlayar onda.

Bundan bir il sonra insana və insanlığa böyük humanist gözü ilə baxan A.Şaiq

Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir Günəşin zərrəsiyiz!

- deyə insanları "danışdığı dil", "yaşadığı məkan", "inandığı İncil və ya Qurandan" asılı olmayaraq insanı birliyə çağırırdı.

Div ədəbiyyatşünas Y.Qarayevin "kökünə və bütövlüyünə boylanan yaddaş" adlandırdığı "türk qanlı", "islam imanlı" Əli bəy Hüseynzadə (1864-1940) isə 1911-ci ildə Türkiyədə yazdığı "Hadi-vətən" şeirində insanların insanlara necə zülm etdiklərini demək haqqı alınan dil, yazmaq haqqı alınan qələm ilə belə ifadə edirdi:

Ucundadır dilimin

Həqiqətin böyüyü.

Nə qoydular diyəyim,

Nə kəsdilər dilimi.

Bilirmisən, cühəla,

Nə etdilər Vatana?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

Ayıltmadı qələmim

Bu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

Bəşər övladının özünü və dünyanı xoşbəxt etmək əvəzinə bir az da bədbəxt etməsi Azərbaycan romantikləri və realistlərini düşündürməyə bilməzdi. Dünyanın özü və onun bir parçası olan Azərbaycan eyni bir zamanın içində olduğundan dünyanın başına gələn bəlalar Azərbaycanın da ürəyini qan edirdi.

Realist olduğu qədər romantik, romantik olduğu qədər də realist olan Məhəmməd Hadi (1879-1920) 1915-ci ildə İrəvanda qələmə aldığı "İnsanların tarixi faciəsi, yaxud "Əlvahi-intibah" əsərində "İntibah lövhələri" yaratmaq əvəzinə iblisanə tablolar çəkən insanın müasir silahlarla ova çıxan primatlara bənzədiyini göstərirdi:

Həyatın səsləri guşumda həp fəryad şəklində.

Bu insanlar ki, qardaşdır və lakin yad şəklində.

Bu torpaq qanlı ovraqdır, bəşər səyyad şəklində.

Ədavət daima vardır, məhəbbət ad şəklində.

Cahan başdan-başa meydani-mətəmzad şəklində.

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində

Müsibətlər, bəlalar, qüssələr abad şəklində.

Ürəklər qəm adilə hər zaman bərbad şəklində.

Bu matəmgahi kim görmüş sürürabad şəklində?

Azərbaycan Cümhuriyyətinin elanına gedən yol I Dünya Müharibəsinin gətirdiyi bəlalardan, 1918-ci ilin mart qırğınlarından keçirdi.

Rus fitvası ilə qana susayan ermənilər Azərbaycan türklərini yer üzündən silməkdə idilər. Bu soyqırım hadisələrində adı o qədər də hallanmayan Şəkidə də ermənilər at oynadırdılar. Vartaşendə (indiki Oğuzda), Şəkidə (Qayabaşı və digər kəndlərdə) yerləşdirilən ermənilər.

Müsavat Hökumətinin yaratdığı Milli Komitəni Nuxanı (indiki Şəkini) təhvil-təslim etməyə çağırmışdılar. Bu arada erməni qonşularının Şəkiyə gəlməsi xəbəri yayılmışdı. Bu erməni ordusunun qarşısına barışıq üçün göndərilən heyətin başında da ermənilərin nümayəndəsi dururdu. Heyətin müsəlman üzvlərini gedəcəkləri yerə çatmamışdan ermənilər qətl etmişdilər. Məhz belə bir məqamda genosiddən yaxa qurtarmaq naminə ilhaqçılığa meyl əmələ gəlmişdi. Əbdü Əfəndizadə (1872-1928) "Ya ölüm, ya Türkiyə" mənzuməsini yazmışdı:

Ey nəcib övladın ordusu, Şəki şirvanə gəl!

Tiflisü Baküvü şişə, Gəncəvü Səlyanə gəl!

Qafqazın hər guşəsində guş qıl, nalana gəl!

Hazırıq biz siz gələrkən can verək sultana, gəl!

Səbrimiz daha tükəndi, durma gəl, şahanə gəl!

Yurdumuz düşmən əlində olmamış virana, gəl!

Burada "Ya ölüm, ya Türkiyə", "Qafqaza dəvət" adlı mənzuməsindən gətirdiyimiz sitat Azərbaycan Cümhuriyyəti yaranandan sonra parlament üzvü seçilən əbdü (Abdulla bəy Rəşid bəy Əfəndiyevin qardaşı idi) Əfəndizadənin xalqına etinasızlığından deyil, 1918-ci ilin bir çox ziyalılarda yaratdığı çaşqınlıqdan irəli gəlmişdi. İlhaqçılıq əlamətləri o dövrün digər ədəbi nümayəndələrində olduğu kimi, o ərəfədə həm də Salman Mümtazın (1884-1941) yaradıcılığında özünü göstərirdi.

Salman Mümtazın 1918-ci ildə IX türk ordusunun bir hissəsinin Şəkiyə gəlişi münasibəti ilə yazdığı "Ənvəriyyə" və Nuru paşaya (1889-1949) həsr etdiyi "Öyün, millət" şeirləri də bu qəbildəndir.

"Ənvəriyyə"də "Yaşa, ey qaziyi-əzəm, ey möhtəşəm Ənvər! Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər" deyə Ənvər paşaya (1881-1922) müraciət edən salman Mümtaz "O gün millət ki, olub şövkətli sultanın, Hilalın haləsi qılsın əhatə türk övtanın. ... Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşə nəsib etmiş böyük Osmanlı ünvanın" şəklində Ənvər paşaya müraciət etmişdir. Bütün bunlarla bərabər zaman və tarix göstərdi ki, Azərbaycan özünü idarə etməyə qadirdir, üstəlik Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" olaraq həmişə birgədirlər.

Elə ki, Azərbaycan Cümhuriyyəti quruldu, onda var olan dövləti qorumaq üçün turançılıq meylləri də gücləndi. Onda A.Şaiq 1918-ci ildə "marş" şeirində yazırdı:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur.

Ünlə, zəfərlə, şanla tariximiz doludur.

Yürüyəlim irəli, haydı, millət əsgəri!

Keçmişimiz şan, zəgər, durmayalım biz geri.

Haydı yola çıxalım!

Haqsızlığı yıxalım!

Türk-müsəlman Şərqində qurulan ilk parlamentli respublika ədəbiyyata yeni mövzular, öyünməli və fəxr etməli nəsnələr gətirmişdi. Məhəmməd Hadi də "Cümhuriyyətin Azərbaycanda bərqərar olmasını.... bədii alqışlar və "əhrarlə təranələrlə" qarşılamışdı: "Azərbaycan hökuməti - növzadinə", "Şühədayi -hürriyyətimizin ərvahinə ithaf", "Zəfəri - nəhayiyə doğru", "Əsgərlərimizə - könüllülərimizə", "Məfkureyi- aliyəmiz" şeirləri ilə milli cəngavərlik ruhumuzu yenidən canlandırmışdı.

(ardı gələn sayımızda)


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.


İmza:
SON XƏBƏRLƏR
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK