hacklink Adalet.az | TÜRK MƏSƏLƏSİ Adalet.az | TÜRK MƏSƏLƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRK MƏSƏLƏSİ

33340    |   2007-10-27 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Antik filosoflar deyirlər ki, eyni çaya iki dəfə girmək olmaz. Yəni axır gedir, gedəni də tutmaq mümkün deyil. Oktyabr ayı bitir və bir də geri qayıtmayacaq. Ayrı illərin oktyabrları olacaq (o da kiminçünsə ola da bilər, olmaya da), amma bu ilin bu təzadlı, bu qanlı-qadalı ayı artıq qovuşur öz çayına.
   
   Kimsə düşünürsə ki, dünyada baş verənlərin ona dəxli yoxdu, oturub xımır-xımır öz çörəyini yeyəcək, böyük səhv edir. Biz də bu dünyanın bir zərrəsiyik, atılan toplar bizi də diksindirməlidir. Onsuz da balacayıq, bir az da xırdalanmaq qorxumuz var.
   
   Dünya çalxalanır. Dünyanın baş amiri bəyan eləyir ki, III Cahan savaşı başlana bilər. Təzə xəbər deyil, mən bilən Şərq ölkələrində bu müharibənin məşqləri artıq başlanıb. İraq və Əfqanıstan yerlə-yeksan olub, Pakistanda buna hazırlıq gedir, İranda hər kəs gözünü səmaya dikib Buşun "sülh göyərçinlərini" gözləyir. Türkiyədə isə... Hə, əsas məsələ budur, bütün oyunlar bu məmləkətin başında fırlanır...
   
   Cümhuriyyətinin qurulmasının 84-cü ildönümü ərəfəsində ölkədə elə bir durum yaranıb ki, gözlər görməsin. Bir tərəfdə şəhid cənazələri, bir tərəfdə siyasi qarşıdurma, bir tərəfdə mətbuata qoyulan qadağalar, lap böyük tərəfdə də (ən böyük strateji müttəfiq tərəfdə) çox böyük ürək ağrısı ilə (hər halda Buş belə deyir) erməni məsələsi gündəmdədir. Tarixə təkrar-təkrar qayıdanda belə qənaətə gəlirsən ki, elə bil bütün dünya müharibələri Türkiyəni parçalayıb zəiflətmək üçün aparılıb. Baxırsan ki, bütün savaşların ortasında bir türk məsələsi var. Yada salaq...
   
   Birinci dünya müharibəsinin başlanğıcında Osmanlı imperiyası artıq çökməkdə olan (amma hər halda nəhəng olan) bir səltənət idi. Almaniyanın müttəfiqi kimi savaşa girməsi ilk vaxtlar ümidverici olsa da sonralar Antantaya uduzan Almaniya kimi Osmanlını da çıxılmaz vəziyyətə saldı. İmperiya torpaqlarının itirilməsi bir yana, hətta paytaxtı işğal olunub ərazisində müxtəlif dövlətlərin yaranması da nəzərdə tutulmuşdu. Yunan, erməni və kürd. Yenidən tarixə baxanda Atatürkün dəmir iradəsini xatırlamaq gərəkəcək. Həmin dövrü öyrənib-bilənlər Sevr anlaşmasının, Qurtuluş savaşının, Lozann anlaşmasının nə olduğundan xəbərdardılar. Birinci dünya müharibəsində osmanlılar özlərinin apardıqları heç bir savaşda uduzmamışdılar, sadəcə müttəfiqin məğlubiyyəti onları da alçaldıcı şərtlərə imza atmağa məcbur eləmişdi. Təkrar-təkrar deyək ki, Atatürkün siyasi iradəsi və parlaq hərbi istedadı bu gün Türkiyə Cümhuriyyəti dediyimiz əraziləri qoruyub saxlaya bildi.
   
   30-cu illərin lap əvvəllərində artıq havadan barış qoxusu gəldiyi bir vaxtda ikinci böyük savaşın başlanğıcının işarələri görünməkdə idi. Atatürkün yaxın ətrafında nasist Almaniyasına rəğbət bəsləyib, dövlət siyasətini də bu yönə çəkməyə çalışanların sayı artırdı. Faşist yönətim sistemindən faydalanmağı məsləhət görənlərə isə Mustafa Kamal paşa "yalnız məndən sonra" demişdi. O, dünyada gedən prosesləri diqqətlə izləyirdi və Türkiyənin savaşa cəlb olunarsa nə faciələrlə üzləşəcəyini çox gözəl anlayırdı. 1935-ci ildə Mussolini Efiopiyanı işğal edəndə "bu əsgər geyimli təlxəyi öz xalqı dara çəkəcək" də söyləmişdi. Və qonaqlıqda italyan səfiri Atatürkə ərazi iddialarını bildirəndə, bir neçə dəqiqəlik qonaqları tərk edib, yenidən otağa daxil olanda (amma bu dəfə marşal uniformasında və bütün ordenlərini taxmış vəziyyətdə), səfir onun nə demək istədiyini çox gözəl anlamış və tez-tələsik ziyafətdən ayrılmışdı. Mussolininin siyasəti Atatürkü ciddi narahat edirdi. Və Millətlər Liqasının İtaliyaya uyğuladığı sanksiyalara Türkiyə də qoşulmuşdu.
   
   Birinci dünya müharibəsində olduğu kimi, 30-cu illərdə də Yaxın Şərqdə vəziyyət gərginləşirdi. Boğazlar, yəni Dardanel və Bosfor problemi isə Türkiyə üçün əməlli baş ağrısı idi. Lozann anlaşmasına görə, bu boğazlara nəzarət Qərb dövlətlərinin əlində idi. 1936-cı ilin aprelində Montre danışıqlarında Sovet İttifaqı ilə Qərb dövlətlərinin qarşıdurmasından istifadə edən Türkiyə Cümhuriyyəti boğazlara hakim duruma gəlir. Bu cəbhədəki savaşlardan da parlaq qələbə idi. Qarşıda isə Hatay məsələsi qalırdı. O vaxt Aleksandretta adlanan Hatay. Aleksandretta Suriyanın ərazisində, fransız mandatı altında idi. Havadan barış və qan iyi gəldiyi bir vaxtda fransızlarla danışıqlar aparan Atatürk qərarlı idi. "Orda (Hatayda) bağımsız türk dövləti olacaq". Ordu hissələrini ölkənin cənubuna yeritməyə başlayırlar. Bundan narahat olan Millətlər Liqası (oxu-ağa dövlətlər) güzəştə gedib Hatay sancağına daxili məsələlərdə müstəqillik təklif edir. Amma orda yaşayan türklər Suriya parlamentinə seçkilərdə iştirakdan imtina edir və hətta hakimiyyətlə qarşıdurmaya da gedirdilər. Fransızlar isə borclu qalmırdılar - Türkiyə Cümhuriyyəti milli ədavəti qızışdırmaqda və digər icmalara hücumlarda ittiham olunurdu. Belə gərgin bir zamanda çox nümayişkaranə bir şəkildə baş ştabda toplantı keçirir və Suriya sərhədlərində ordu hissələrinin gözə çarpacaq dərəcədə artması müşahidə olunur. 1938-ci ilin yayında Hatayda türklər və başqa millətlər arasında toqquşmalar olur. Fransızlar münaqişəni alovlandırır, Millətlər Liqası isə seyrçi mövqedədir. Ancaq həmin vaxt fransızların ağlı hər halda indikindən daha yaxşı işləyirmiş. Bir vilayəti itirməyi böyük bir dəstəyi itirməkdən üstün tuturlar. 1938-ci ilin iyulunda türk ordusu Hataya daxil olur. Seçkilər keçirilir, "müstəqil Hatay" dövləti yaradılır, bir il sonra isə Türkiyənin ərazi vahidi sayılmağa başlayır. Bu vaxt Atatürk artıq həyatda yox idi. Ölümündən sonra da onun siyasətindən bəhrələnirdilər. Hataya ordu yeridəndə onu ehtiyatlı davranmağa çalışan İsmət İnönü "Kölgəsindən qorxan dövlət yönətə bilməz" demişdi. Və "Nə olursa-olsun Türkiyəni ikinci dünya müharibəsinə girməkdən qoruyun" demişdi...
   
   
   
   ***
   
   
   
   Bu günlərdə Tehranda Xəzəryanı dövlət başçılarının zirvə toplantısı keçirildi. örünən tərəfləri qoyaq bir tərəfə, hər danışığın görünməyən, bilinməyən tərəfləri də olur. Durumun belə gərgindirsə və dünyanın bugünki sahibi dünya müharibəsiylə hədələyirsə başqa dövlətlərin narahatlığı təbiidir. Amma bu toplantı mənim yadıma başqa bir tarixi saldı. Vaxtilə bir kitab oxumuşdum - 1943-cü ildə Tehran konfransında Stalinin tərcüməçisi olmuş Valentin Beretkovun xatirələrini. Sovet dövründə çap olunduğu üçün, təbii burda gizli olan, üstüörtülü yazılan çox məqamlar var. Amma Türkiyə məsələsi, türk məsələsi açıq-aydın görünür: 28 noyabr - 1 dekabr arası gedən danışıqların önəmli payı nə yolla olur-olsun Türkiyənin müharibəyə cəlb edilməsi məsələsinə düşür. Böyük Britaniyanın baş naziri Uinston Çerçill:
   
   "Türkiyəni müharibəyə girməyə necə məcbur edəcəyik? Nə gözləyə bilərik? Bolqarıstana hücum edib, Almaniyaya müharibə elan edəcəkmi? Hərbi əməliyyatlarda iştirak etsinmi və ya Frakiya ərazisində qalsınmı? Rusların türk zülmündən qurtardığı bolqarlara münasibətdə Rusiya hansı mövqeni tutacaq? Müharibədən çıxmağa hazırlaşan rumınlarla nə edəcəyik?"
   
   Stalin: "Türkiyə müharibəyə girməyə razı olsa hansı tədbirlər nəzərdə tutulub?"
   
   Çerçill: "Türkiyənin qərb sahillərini tutmaq üçün iki-üç diviziya kifayət edər. Onda yük gəmiləri Türkiyə və Qara dənizə rahatlıqla gedə biləcək. İlkin olaraq 20 eskadriya və bir neçə hava hücumundan müdafiə polku da göndərə bilərik".
   
   Stalin: "Mənim fikrim belədir ki, Türkiyə müharibəyə girməyəcək".
   
   Çerçill: "Biz düşünürük ki, Sovetlər də bu işdə maraqlı tərəfdir ki, Türkiyəni məcbur edə bilək".
   
   ABŞ prezidenti Franklin Ruzvelt: "Əlbəttə, mən də bunun tərəfdarıyam, amma Türkiyə prezidentinin yerinə olsaydım bunun müqabilində çox böyük bir qiymətə razılaşardım".
   
   Bu həmin kitabdan bəzi xatırlatmalar. O dövrün hərbi mənzərəsində türk məsələsi çox əhəmiyyətli məsələdir. Türkiyənin müharibəyə cəlb olunması müttəfiqlərə böyük imkanlar aça bilərdi. Su yolları daşınan yüklərin qısa marşrutla gəlməsini təmin edər, ölkənin ərazisindəki avtobazalar almanların hərbi obyektlərinin və Rumıniyada almanlara lazımlı neft mənbələrinin bombalanmasına rahat şərait yarada bilərdi. Ancaq Türkiyə bunun müqabilində nə qazanacaqdı? İngiltərənin göndərəcəyi bir-iki polk.
   
   Uinston Çerçill: "İngilislər türklərə ordu vəd etmir. Onların özlərinin 50 diviziyası var. Türklər yaxşı döyüşçüdürlər, ancaq müasir silahları yoxdur. Hələ ki, biz heç bir təklifdə bulunmamışıq və həm də bilmirik ki, İnönü bunu qəbul edəcəkmi? Qahirədə görüşməliyik".
   
   Stalin ironiya ilə: "Bəlkə xəstələndi, gəlmədi?"
   
   Çerçill: "O gəlməsə, mən Adanaya gedəcəyəm. Bütün olar-olmazları anladacağam".
   
   Bu da tərcüməçinin xatirələrindəndi. Yəni anladınız. Hədə-qorxu. Raysın və GGQeyyytsin bugünki bəyanatları kimi. Əslində tarix məzmun və mahiyyət etibarıyla dəyişmir. Tarixin sükanı əldən-ələ keçir. İndi dünya səhnəsində nə Stalin, nə Çerçill, nə də Ruzvelt var. Ən önəmlisi Atatürk də yoxdu. Amma türk məsələsi var. ə


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO