ANA SƏHİFƏ / YAZARLAR

Eynşteyn məsələsi - Mehman CAVADOĞLU yazır

87591    |   2020-05-23 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İş elə gətirdi ki, son dövrlər üç fərqli yerdə, bir-birindən tam fərqli yaşam tərzinə malik üç nəfərin dilindən eyni məzmunlu bir sitat eşitdim. Özünün sensasiya doğuran kəşf(lər)i ilə bir əsrdən çoxdur ki, dünyanı mat qoymuş və heç bir alimə qismət olmayan populyarlıq qazanmış Albert Eynşteynə istinadən deyilən, böyür-başına hərənin öz savadına və dünyagörüşünə uyğun bər-bəzək vurduğu həmin sitatın qısa mahiyyəti belədir: "Mən əvvəlcə materialist idim, ancaq elmin dərinliklərinə baş vurandan sonra dönüb idealist oldum”. Yəni, elmin ən uca zirvəsində tutduğu yeri düz bir əsrdir ki, heç kimlə bölüşməyən bu dahi insan guya əvvəl "hər şeydən bixəbər bir ateist”, oxuyub çox şeyi əxz eləyəndən sonrasa "dünyanın sirlərinə vaqif” bir dindar olubmuş.

Adamın özüsə avtobioqrafik qeydlərində bunun tam əksini deyir və yazır ki, mən təxminən 12 yaşına kimi qatı bir dindar idim, lakin həmin dövrdə oxuduğum bir çox elmi-kütləvi kittablardan sonra başa düşdüm ki, Bibliya rəvayətlərinin çoxu heç cür həqiqət ola bilməz. Bu hələ 12 yaşlı bir uşağın ilk mütaliələrdən sonra gəldiyi qənaət idi, zaman keçdikcə, yəni, bu uşaq böyüyüb "elmin dərinliklərinə baş vurduqca” dinlər haqqında daha sərt, ancaq sərt olduğu qədər də etik əndazəsini aşmayan ölçülü-biçili mövqe sərgiləməyə başlayacaq.

Doğrudur, Eynşteyn heç vaxt ateist olduğunu söyləməyib, ona bu yarlığı yapışdıranlara da onu dindar kimi qələmə verənlər kimi kəskin etirazını bildirərək dəfələrlə bəyan edib ki, dini kitablardakı "Allah” kəlməsi insan gücsüzlüyünün məhsuludur. Orda yazılanlar nə qədər alicənab görünsə də primitiv rəvayətlər toplusundan başqa bir şey olmadığı üçün onların ən kamil, ən həssas yozumu belə mənim din haqqında təsəvvürlərimi dəyişə bilməz.

O, dini görüşlərindən danışarkən özünü aqnostik adlandırıb, Spinozanın panteist təliminin tərəfdarı olduğunu, axirətə inanmadığını bildirib və ən cavan yaşlarından ömrünün sonuna kimi bu baxışlarını dəyişməyib.

Bəlkə də indiyə kimi heç bir alimin dinə münasibəti Eynşteynin dinə münasibəti qədər böyük maraq doğurmayıb. Onun dünyaya səs salan elmi kəşfləri adamlarda belə bir inam yaratmışdı ki, yəqin, kainatın hər sirrinin açarı bu kişinin meşin pencəyinin cibində, hər müşgülünün hazır cavabı qırışmış alnının içində yatır. Odur ki, din xadimlərindən, alim həmkarlarından tutmuş jurnalistlərə, sıravi vətəndaşlara kimi əli çatan, məktubu yetişən istənilən şəxs hər fürsətdə onun din və Allah barədə fikirlərini öyrənməyə çalışıb. Bəzilərinin məqsədi min illərdir bəşəriyyəti narahat edən bu həssas məsələyə konkret cavab almaq və dünya durduqca bitmək bilməyən əzəli-əbədi bir mübahisəyə böyük avtoritetin diliylə birdəfəlik son qoymaq idisə, əksəriyyət onun vasitəsilə öz həqiqətini təsdiq eləmək istəyirdi. Təhriflər də elə bu istəkdən qaynaqlanırdı.

Elm və bilik elə bir ciddi fenomendir ki, özüylə birlikdə insanın məsuliyyət hissini də artırır. Həqiqi alimlər sübutsuz danışmağı sevməzlər, boşboğazlıq savadın kasadçılığından doğar.

Hamı onu hər şeyi bilən bir adam hesab etsə də özü başqa fikirdəydi və deyirdi ki, bəşəriyyətin əldə etdiyi mövcud biliklərin səviyyəsi dünyanın bu ən qəliz sualına konkret cavab vermək üçün yetərli deyil. Özünü də buna görə aqnostik adlandırırdı. Yəni, hələlik, Onun nə varlığını, nə də yoxluğunu sübut eləmək mümkündür. Ancaq bəşəriyyətin çatdığı hazırkı elmi biliklərin səviyyəsi ən azı dini kitablarda yazılan nağılların təkzibinə kifayət etdiyi üçün yazının sonundakı çox yığcam xülasədən də görəcəyimiz kimi, o, yeri gəldikcə bu barədəki fikirlərini söyləməkdən də usanmırdı.

Bütün bunlara baxmayaraq Eynşteynin məşhurlaşdığı günlərdən indinin özünə kimi müxtəlif peşə sahiblərinin, ilk növbədəsə din xadimlərinin onun adından etdikləri spekulyasiyalar səngimək bilmir, bəzən hətta ən absurd səviyyəyə çatır. Məsələn, cəmi 5-6 il bundan əvvəl Məhəmməd Rza Məhdavi Kani adlı bir İran ayətullası bəyan edirdi ki, bəs, deməzsən, Eynşteyn müsəlman olub, özü də şiə müsəlmanı. Məhdavi Kaninin iddiasına görə, guya Eynşteyn ayətullah Burudcerdi ilə İran şahının tərcüməçiləri vasitəsilə məxfi şəkildə məktublaşırmış və həmin məxfi məktublarında yazırmış ki, islam dininin rəvayətləri və hədislərində olan müdriklik, dərin məzmun heç bir başqa dində yoxdur. Guya onun nisbilik nəzəriyyəsində olan müddəaları şiə üləmaları və rəhbərləri hələ neçə əsr bundan qabaq söyləyibmiş. Kani bu deyilənlərlə kifayətlənməyib daha da uzağa gedir və bildirir ki, Məhəmməd peyğəmbərin meracdan geri dönərkən onun qapısının hələ də yelləndiyini eşidən Eynşteyn deyibmiş ki, o, tanrıyla görüşə yollanarkən işıq sürətiylə hərəkət edibmiş.

Yeri gəlmişkən, şah üsuli-idarısiylə sıx bağlı olduğuna görə ən ali dini rütbə daşımasına rəğmən bügünkü İran teokratik rejimiylə ulduzu barışmayan həmin ayətullah Burudcerdinin hansı ağlın yiyəsi olduğu barədə dərin bilgilərə malik olmasaq da (hərçənd, Eynşteynlə bağlı söylədikləri fikirlərə istinadən adamın ağlının dəqiq ölçülərini müəyyənləşdirmək o qədər də çətin deyil), onun cavankən ali ruhani məqamına yüksəlmiş oğlu Hüseyn Borudcerdi bu gün dünyaca məşhur bir İran dissidentidir. O, dinin dövlətdən ayrı olması, qadın-kişi bərabərliyi, İsraillə normal münasibətlərin qurulmasının vacibliyi və s. bu kimi "küfr”lərinə görə təxminən 15 il bundan qabaq həbs olunaraq ölüm cəzasına məhkum edilib, ancaq sonradan beynəlxalq təzyiqlər altında həmin ölüm hökmü uzunmüddətli həbs cəzasıyla əvəzlənib.

Eynşteyni buddizmin flaqmanı sayan Budda övladlarının fantaziyaları da islamçılardan geri qalmır. Onlar buddizmin guya gələcəyin dini olması barədə Eynşteynə istinadən özlərinin quraşdırdqları formaca fərqli, mahiyyətcə Borudcerdinin kəlamlarından heç də geri qalmayan yalanları tirajlamaqdan əsla yorulmurlar. Məsələn, həmin sitatlardan birinə diqqət edək: "Gələcəyin dini kosmik dindir. O, Allahın şəxsiyyət olması haqqında təsəvvürləri dağıdacaq, ehkamlardan və teologiyadan imtina edəcək. O, təbiəti və ruhu əhatə edərək haqqında bütün şeylərin – təbiətin və ruhun dərk edilməsi həyəcanından doğan dini hisslərə əsaslanacaq. Bu təsvirə yalnız buddizm uyğun gəlir. Əgər müasir elmi tələbata cavab verən bir din varsa, o da buddizmdir”.

Bu böyük alimi özününkü sayanlardan biri də katolik kilsəsisidir. Hərçənd, buddistlərdən və islamçılardan fərqli olaraq katoliklərin bu iddiaya düşməsinin teoloji olmasa da müəyyən siyasi əsasları var, çünki Eynşteyn bu kilsənin heç olmasa bir dəfə bəşəriyyətin maraqları naminə nəsə bir iş gördüyünü, konkret olaraq, Hitler faşizminə qarşı barışmaz mövqe tutduğunu yüksək qiymətləndirib. Katolik kilsəsi də onun bu qiymətləndirməsindən xoşhal olduğunu heç xaxt gizlətməyib. İnsafən, vaxtilə Eynşteyn tipli alimləri diri-diri tonqallarda yandıran qosqocaman bir kilsəsinin öz qatı ideoloji düşməninin bir xoş kəlməsindən bu cür məmnun olması hələm-hələm dini cameələrdə rast gəlinməyən təqdirəlayiq hərəkət, ibrətamiz faktdır.

Burda qısa bir haşiyə çıxaraq qeyd edək ki, Eynşteynin adıyla spekulyasiya eləmək təkcə din xadimlərinin şakəri deyil, elə elmi dairələrin özündə də imkan düşdükcə onun şöhrəti altında ucuz şəxsi piara hesablanmış kifayət qədər iddialı açıqlamalara rast gəlmək mümkündür. Məsələn, "mən və yaxud filankəs Eynşteynin nisbilik nəzəriyyəsini alt-üst etdi” kimi məsuliyyətsiz açıqlamaları çoxlarınız eşitmisiniz. Özü də dəfələrlə. Yəqin ki, tək bizim yox, elmi potensialı təxminən bizim qədər olan başqa ölkələrin sakinlərinin də qulaqları bu sayaq lətifələr eşitməkdən yağır olub. Sadəcə, çox istedadsız quraşdırıldığına, gülməli yox, gülünc səsləndiyinə görə həmin lətifələr dünyanın indiki şəffaf informasiya məkanında belə ayaq tutub yeriyə bilmir, doğulduğu sürətlə də ölüb gedir.

Ümumiyyətlə, bu nisbilik nəzəriyyəsi xeyli qəliz məsələdir və peşəkar elmi dairələrin özündə belə onun əsl mahiyyətini nə qədər alimin başa düşdüyünü söyləmək çətindir. Əslində, Eynşteyni bütün alimlərin fövqünə qaldıran da, onun adı altında saysız spekulyasiyalara yol açan da bu kəşfin möhtəşəmliyindən daha çox onun ətrafında hökm sürən müəmmalardır. Həmin kəşfdən sonra dünyanın ən məşhur alimləri tərəfindən Eynşteynin düz on dəfə Nobel mükafatına təqdim edilməsinə baxmayaraq Nobel komitəsi bu mükafatı ona verməyə risk etmədi. Rəsmi olaraq "praktikada təsdiğini tapmayıb” arqumenti əsas gətirilsə də, əslində səbəb bambaşqaydı, səbəb kəşfin mahiyyətini düz-əməlli başa düşməməklə bağlıydı. Komitə axırda alimin hələ 25 yaşında kəşf etdiyi Fotoeffekt nəzəriyyəsinə görə ona Nobel mükafatı verməklə həm özünü sığortaladı, həm də tənələrdən yaxa qurtardı.

"Mən adamları mükafatlandıran və cəzalandıran Allaha inanmıram... Mən ruhun ölməzliyinə inanmıram... Sizin mənim dini inanclarım haqqında oxuduqlarınız yalandır. Davamlı olaraq təkrar olunan yalan... Mən heç vaxt Allaha bir varlıq kimi baxmamışam və bunu da heç vaxt gizlətməmişəm. Əgər məndə dindar adlandırıla biləsi bir şey varsa, bu heç şübhəsiz ki, kainatın elmin aşkarladığı şəkildə quruluşuna heyranlıqdan başqa bir şey deyil. Şəxsləşdirilmiş tanrıçılıq mənlik deyil və olduqca sadəlövh təsir bağışlayır”.

Bu sonuncu abzas isə onun dini baxışlarının qısa rüzümesidir. O bu fikirlərini bir az geniş, bir az qısa şəkildə dəfələrlə yazıb, söyləyib. Axı bundan aydın, bundan konkret necə demək mümkün idi ki, adamın ruhunu, əstəğfürullah, adını rahat buraxsınlar.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK