ANA SƏHİFƏ / YAZARLAR

Türkün yeni fəth ÇAĞı

225887    |   2013-05-29 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İzmirin yunan mütəfəkkirləri Homerin və Heredotun vətəni olduğunu, qədim mənbələrdə adının Smirna kimi çəkildiyini, 1422-ci ildə sultan IV Muradın hakimiyyəti dönəmində əbədi olaraq türk torpağı kimi Osmanlı dövlətinin tərkibinə qatıldığını yada salıram. Gözlərim önündə tarixin Osmanlı fəthləri də canlanır. Dünyanın dörd bir yanını əhatə edən bu imperiya nə etmişdi? İslamı, türkçülüyü yaymışdı, dünyaya türkün qüdrətini, əzmini isbatlamışdı. Yaşadığımız XXI əsrin realıqları bu qüdrətin yenidən bəyan edilməsini həyati vacib vəzifəyə çevirib və düşünürəm ki, həmin vəzifənin icrasını daha mükəmməl tərzdə reallaşdıran zəka sahibləri var. İzmir səfərimin yaratdığı təəssürat zənginliyini bölüşməyimdə başlıca məramım da o zəka sahiblərinin hansı böyük missiya yerinə yetirdiklərini vurğulamaq, gördükləri işlərin tarixlərə yadigar qalacaq mahiyyətinə az da olsa, aydınlıq gətirməkdir.


Osmanlı dönəmini təsadüfən xatırlamadım. Bizlərin nə qədər ali saydığımız dəyərlər sistemi formalaşdırmasına baxmayaraq, bütün imperiyalar kimi Osmanlı da süquta uğradı, tarix səhnəsindən silindi. Sonrakı proseslər də hamımıza yaxşı məlumdur. Qərb türk varlığını yox etmək avanturasına girişdi və nəhəng imperiyanın varisləri Anadoluya doğru sıxışdırıldılar. Yalnız ulu öndər Mustafa Kamal Atatürkün yeritdiyi siyasət əsrlərdən bəri formalaşmış dəyərlərin tamamilə məhvinə sipər çəkdi. Atatürk müstəqil Türkiyə dövlətini qurdu. Həmin dövlət çətinliklərə və məhrumiyyətlərə sinə gərərək hazırkı inkişaf səviyyəsinə çatdı. Türk dünyasının lideri statusunu qazandı.

Bəli, müasir Türkiyə türk dünyasının lideridir. Bir türk dövləti olaraq Azərbaycanın da qardaş ölkədən umacaqları çox, gözləntiləri böyükdür. Qlobal dünyanın ağır şərtləri altında siyasi proseslərin mərkəzində dayanan, doğrusuyla yanlışının nədən ibarət olduğunu müəyyənləşdirməyin xeyli çətinlik törətdiyi məmləkətdən müəyyən mənada möcüzə də gözləyirik. Zənnimcə, bu dövlət adına bir möcüzə artıq var. Yeri gəlmişkən, qədim İzmirə ilk səfərim o mözücənin növbəti təntənəsinə şahidlik məqsədi daşıyırdı. Söhbət Beynəlxalq Türkcə Tədris Dərnəyinin (TÜRKÇEDER) hər il düzənlədiyi və Azərbaycan nümayəndə heyətinin də yüksək səviyyədə təmsil olunduğu beynəlxalq dil və mədəniyyət festivalından - türkcə olimpiyatlar kimi tanıdığımız misilsiz təntənə yaşantısından gedir.

Olimpiyatların Türkiyədəki Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin, Azərbaycanda fəaliyyət göstərən «Çağ» Öyrətim Şirkətinin birgə təşkilatçılığı ilə gerçəkləşən ənənəvi Azərbaycan proqramına hər il ölkəmizdən xeyli sayda qonaq qatılır. Onların içərisində media mənsubları, mədəniyyət, müxtəlif sənət sahələrini təmsil edən şəxslər yer alır. 11-ci türkcə olimpiyatlar çoşğusu da təşrif buyuranların çoxluğu, həmçinin milli mədəniyyətimizi təmsil edənlərin rəngarəng və heyrətamiz çıxış proqramları baxımdan istisna deyildi. Mayın 25-də İzmirin Atatürk Açıq Hava Anfiteatrında əsl Azərbaycan bayramı yaşanırdı. Həm «Çağ» Öyrətim, həm də Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi bayramın ən yüksək səviyyədə həyata keçməsi üçün əllərindən gələni etmişdilər. Diqqətinizi bu təşkilatların istər Azərbaycan proqramı, istərsə də İzmir Sərgi Mərkəzində Azərbaycan tanıtım lövhəsinin nümayişi üçün sərf etdikləri əməyin əksini tapdığı statistik rəqəmlərə cəmləşdirmək istərdim. 50 min Azərbaycan bayrağının, 50 min üzərində Azərbaycan yazılmış hava şarının, eyni sayda ölkəmizi tanıtma broşürasının, 50 min qoz mürəbbəsinin, 20 min Azərbaycan paxlavasının, 20 min şəkərburanın hazırlanması və sair tədbirlər işə təkcə sistemli deyil, eyni zamanda böyük həssaslıqla yanaşıldığını söyləməyə əsas verir. 

Tanıtım lövhəsində ölkəmizin mədəni irsinə məxsus nümunələrdən İçəri şəhərin, Qız qalasının, Nizami Gəncəvi məqbərəsinin, Mömümə Xatun türbəsinin, Qoşa qala qapısının və digər sənət incilərimizin təbliği məqsədilə qurulmuş maketləri ayrıca vurğulamaq istərdim. Təsəvvür edin, bütün bunlar dünyanın 140 ölkəsindən gəlmiş nümayəndələrin özlərinin tarixi keçmişlərinə aid müxtəlif səhnələri tərənnüm etdirdikləri salonda nümayiş olunur. Azərbaycanın tanıtım lövhəsinə marağın daha çox olduğunu görmək isə qürur verir. Zənnimcə, Türkiyə türkcə olimpiyatlar kimi möhtəşəm tədbirə evsahibliyini gerçəkləşdirməklə, mövcud prosesin məziyyətlərinə qatlaşmaqla türk dili və mədəniyyətinin yayılması naminə nə qədər böyük iş görürsə, Azərbaycan həmin tədbirdə yüksək səviyyədə təmsil olunmaqla həm qardaş ölkənin təşəbbüsünə əməli dəstəyini göstərir, həm də ortaq türk mədəniyyətinin daşıyıcısı olaraq eyni zamanda özünün də ali dəyərlər sisteminə mənsubluğunu ortaya qoyur.


Türkcə olimpiyatlara dünyanın müxtəlif ölkələrindən təşrif buyuran iştirakçılar öz mədəniyyətlərini, adət-ənənələrini nümayiş etdirirlər. Əvvəldə haqqında söz açdığım gerçək möcüzə isə onların irqindən, dilindən, dini mənsubiyyətindən asılı olmayaraq türk dilində danışmaları, musiqi ifa etmələri, şer söyləmələridir. Adama elə gəlir, dünyada türk dilini bilməyən yoxdur. Bəli, görülən işin miqyasına nəzərən bəlli müddətdən sonra bu deyimin tam reallığa çevriləcəyini söyləmək mümkündür. Çünki olimpiyatların timsalında dünyanın özünü tamamən türkcə anlatması üçün olduqca etibarlı zəmin artıq formalaşıb. Mövcud formalaşma prosesində məcburiyyət, asılılıq yox, sevgi və səmimilik, bəşəri mərhəmət hissi var. Elə buna görə də tarixin Osmanlı fəthlərindən fərqli olaraq, hazırkı Türkiyənin reallaşdırdığı müasir bilik, düşüncə və mədəniyyət fəthi daha dayanıqlı əsaslara malikdir.

Türkiyənin yeni fəthi millətləri köləlikdən qurtarır, onlara öz varlığını, mahiyyətini, keçmişini və gələcəyini dərk etməni, mənəvi sağlamlığı, səlist məntiqi, geniş dünyagörüşünü aşılayır. Mövcud dəyərləndirmədə ən başlıca məqam dilin, yəni konkret olaraq türk dilinin Vətənə, torpağa, el-obaya bağlılığı izah edən missiya yerinə yetirməsidir. Doğma yurdu türklər kimi sevmək əzminin müasirliklə çulğalaşdığı, güclü təhsilə, elmə söykənən, bənzəri və təkrarı olmayan bu missiyanın Azərbaycandakı təbliğatçısı isə artıq 20 illik fəaliyyət dövrünə malik «Çağ» Öyrətim Şirkətidir.

Nəzərə alaq ki, planetimizin ən müxtəlif bölgələrində fərqli adlarla fəaliyyət göstərən ÇAĞlar var. Onların və türkçülük naminə yorulmaq bilmədən fəaliyyət göstərən digər qurumların birgə səyləri nəticəsində meydana çıxan türkcə olimpiyatlar başda Türkiyə olmaqla bütövlükdə türk dünyasının bəşəriyyətə barış, qardaşlıq və dostluq mesajını ən layiqli şəkildə bəyan etdikləri meydandır. Türk dövləti olaraq Azərbaycanın da bu meydanda olması böyük sevinc və fəxrdir.



YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK