ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlunun ürək ağrıları - Rəfail Tağızadə yazır

15693    |   2020-04-24 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Televiziya ekranında kor qoca əlini İçərişəhərin divarlarına sürtə-sürtə evini axtarır. Divarlarda barmaqların əmələ gətirdiyi oyuq cığırlar onu evinə aparır. Qoca xəstələnəndə, evdən bayıra çıxa bilməyəndə o oyuqlar get-gedə quruyan, büzüşən barmaqlar üçün darıxacaq. Daşlardakı barmaq izləri - çalalar divarın göz yaşları ilə dolacaq. Bizim cansız bildiyimiz daşlar daş qəlblərdən daha həssasdı.

Ağrılı çəkdiyim, dərdli çəkdiyim
Bu boyda Bakıda dərddi çəkdiyim.
Mənim azadlıqda şərti çəkdiyim
Cəzanın adını çəkənlər bilər.

– deyən Əbülfət Mədətoğlunu hər dəfə görəndə, onunla söhbətləşəndə, mənə elə gəlir ki, o, xəyallarında itkisinə sarı uçur. Dağı, təpəni qalxanda bir az tövşəyir. Amma Bakıdakı kimi yox. Ciyəri öyrəşdiyi doğma havanı həsrət süzgəcindən sevə-sevə keçirir. Güllər, çiçəklər üzünə gülür. Uşaqlıqda qalxdığı kimi qalxır dağlara. Kəndlərini məhəllə-məhəllə, həyət-həyət, ev-ev gəzir...

Vaxtsız qırış düşmüş üzünə çoxdan yadırğadığı təbəssüm qonur. Köhnələr indi tanıyır cavanlaşmış, üzünə qan gəlmiş, canına təzə ruh dolmuş bu adamı.

Qayıtmaq istəmir o yerlərdən. Kim qayıtmaq istər xoşbəxtliyindən?! Məcburi qayıdanda elə bil lent yarıda qırılır. Beləcə yarımçıq qalır hər şey. İndi yarımçıq qalmış kimi...
Əbülfət Mədətoğlu hər gün bir əlini ağrıyan ürəyinə əsa edib, o biri əlini həsrət yurdun sökük, uçuq evlərinin yarımçıq divarlarına sürtərək evlərinə gedir.
Yurduna gedə bilməyən kor kimidi. Görə-görə kor olmaq çox ağırdı. (Elə özüm də o gündəyəm.)
Mən Tuğda olmamışam. Əbülfətin ağrılarına həmdərd, həmsöhbət ola-ola, şeirlərini oxuya-oxuya o gözəl Tuğu dərə-dərə, bağ-bağ gəzmişəm. Görmüşəm. Sevmişəm.

Kəndimin adı dilimdə,
Danılmaz dadı dilimdə,
Məni izləyən ölümlə -
Dönəcəm Tuğa bilirəm.

Əbülfət bu ayrılıqda özünü qınayır. Özünü günahkar bilir.

Qaranlığa mayak ola bilmədim.
Qarabağa dayaq ola bilmədim,
Tuğ kəndinə bayraq ola bilmədim,
Mən özümü belə namərd bilməzdim.

Nə yaxşı ki, Əbülfət Mədətoğlunun şeirləri var. Özünü, vətəni yaşadan şeirləri.
Hər gün Əbülfət xəyalən dostları ilə Qarabağa – Tuğa gedir. Yol boyu o yerləri – qoyub gəldiklərini görməyənlərə tanış edir. İşdə, yolda, hər yerdə gördüklərinə o gözəlliyi tanıtdığı kimi. Həvəslə, yanğıyla. Xatirələrlə birlikdə.



Əbülfət bu əzab-sevinc dolu yolu qət etdikdən sonra, indi qaldığı evinə qayıdır. Ona təəccüblə baxan uşaqlarına, sonra divardan asılan güzgüdə özünə baxır.... Bir anın içində adam necə dəyişərmiş, deyib köks ötürür. Sonra da günlərini, illərin xatirələrini vərəqə köçürür.

Hər gün, hər saat, hər an
Əsirlikdə boğulan
Kəndimi xatırlayıb,
İçimdə doğranıram.

Əbülfətin şeirlərinin səsi həsrət torpağın sədasıdı.
Taleyinə şair ömrü yaşamaq düşən Əbülfət Mədətoğlu, həm də köçkün ömrü yaşamalı oldu. Ona görə də onun şeirlərində kədər, ağrı daha qabarıqdı.

Mən yaxşı bilirəm qaçqınlıq nədir,
Mən yaxşı bilirəm köç nə deməkdir...

Hər dəfə qış gələndə kimsəsiz qalan yurdu kimi üşüyən Əbülfətin ürəyi hər ağac çiçəkləyəndə həyətlərindəki heyva ağacının könülsüz açan çiçəyi kimi açılıb yumulur.
Sevincsiz, ağrı dolu ürəyi sözünə baxmır.
İnsanı daha tez qocaldan yaşının üstünə yaşamadığı illərin gəlməsidi. Onu sıxan, darıxdıran yazı-yayı olmayan, payızla qış dolu illərdi. Sonu bilinməyən ayrılıq adamı ürəksiz edir. Bütün mənalarda...
Neçə illərdi sevinməyən Əbülfət xəyallarla uşaqlıq, gənclik illərinin xatirələrinin qovşağında gülümsəyir. O da ani. Yoxluq onu rahat buraxmır. Ən sevincli anında belə, təbəssüm üzündən çəkilən kimi əvvəlki halına qayıdır.

Nə kəndim var, nə evim,
Hansı qapını döyüm?
Neçə günlük qonağam -
Nə bilim, necə deyim?!

Əbülfət Mədətoğlunun ruhu oxşayan, incə notlara köklənmiş təbiət, insan, sevgi şeirləri də vətən, yurd şeirləri qədər kövrəkdi. Ürəyə yatımlıdı. Yanğılıdı.
Bəlkə də mən bu yazını yazanda Əbülfət ya Tuğda tut dibində oturub, ya Şuşa dolanbaclarını, Laçının yoxuşlarını qalxır, ya da Ağdamın küçələrində addımlayır...

525.az


İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK