ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bütün varlığıyla eşqdir Cığatel! - Ramiz Göyüşov yazır

36226    |   2020-04-21 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bir gecənin içində qısaqapanmadan çox əzab - əziyyət çəkdim, iztirablar keçirdim. Amma bunların müqabilində Allah-Tala var dövlətimi alıb mənə şeir yazmağı qismət etdi. Mənə dəhşətli dərəcədə təb gəldi. Bədahətən hər sözə şeir deyirdim”. "Eşqim Allaha bağlıdır, bu eşqi Allah verib mənə" deyən Cığatelin o gündən ümidi də, pənahı da, sığındığı da Böyük Yaradan oldu.Elə ilk şeirini də həmin günün ertəsi 1998- ci ildə yazmışdı:

Qaranlıq gecəyə sabah açılsa,

Xoş gündən kiməsə bir pay çıxınca,

Bulunmaz dərdlərə çarə tapılsa,

Məni də bir yada salasan Allah.

O, doğurdan da poeziyaya bir ilğım kimi gəldi və beləcə poeziya dəlisi oldu:

Deyirlər ki, doğru xəbər dəlidən,

Gedək bir az dəli olaq sevgilim.

Cığatelə görə şeir pıçıltıyla gəlir,göydən,"məlklərin qanadımda” və sinəsinə dolaraq muncuq kimi ağ varaqların üzərinə səpələnir. Bəli şeir Allahın mələklər vasitəsilə şairlərə göndərilən pıçıltılardır və şair də haqq adamıdır.Bu pıçıltılar haqqa tapınan insana deyilə bilər:

Şair haqqın kalamı, şair haqqın mirzəsi,

Kimsə eşidə bilməz şair eşidən səsi.

Mənim şeir yazmağım Allahın möcüzəsi,

Mələklər pıçıldayır, qulağıma söz deyir,

Mən şeir yazmıram ki, şeir məni yaz deyir.

Şeir həm də dünyaya övlad kimi gəlir və onun sevinci də övlad sevinci qədər şirin və əzizdir:

Ulduz da, ayda yatıb bir saatdı bir mənəm,

Sükutun harayında boğur məni bir kəmən,

Yuxunun əvəzində nə verəcək görəsən

Sabahı gözləyirəm!

Dünyaya gətirdiyim, nə qızdı, nə oğuldu

Balam kimi şirindi nə baldı, nə noğuldu.

Bu gecə ana oldum, yeni şeir doğuldu.

Sabahı gözləyirdim.

Xalq şairi Nəriman Həsənzadə Cığatelin poeziyası barədə söhbətlərinin birində deyirdi ki, Cığatel poeziyamızda hadisədir. Nəriman müəllimin fikri ilə razılaşmamaq mümkün deyil. Cığatel doğurdan da hadisədir. Onun poeziyası məcrasına sığmayan dağ çayına bənzəyir. Onun şeirlərində bir səs var, hayqırtı var, uzaqdan gələn səda , gurultu, coşqu var:

Deyəsən bir özgə yaranmışam mən,

Yerdə yer, səmada göy olasıydım.

İnsan Yaradanın şah əsəridir,

Mən də bu əsərə tay olasıydım.

Dağlar olasıydım, başı qar əmən,

Ya yaşıl bir orman,ya güllü çəmən.

Bu qədər dartılıb-gərilməklə mən,

Oxu hədəf üstə yay olasıydım.

Xalq şairi Hüseyn Arif bir vaxtlar Zəlimxan Yaqubun yaradıcılığı haqqında yazdığı məqalələrindən birində deyirdi. "Oxucuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır, xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilir”. Böyük şairin bu fikirlərini eyniylə Cığatelin poeziyası haqqında da demək olar.Cığatelin şeirləri və yaradıcılığı ilə Zəlimxan Yaqub yardıcılığı arasında bir, oxşarlıq var desəm bəlkə də səhv etmərəm.Hər ikisində bir coşqu, bir enerji,bir emossiya var:

Torpaqdan qaynama, göydən düşməyəm.

Tükənməz bulağam, sərin çeşməyəm,

Qınına çəkilmiş sakit şimşəyəm,

Dəli-dolu çaxmağım da var menim.

Bir varlığam dayanmışam, qaçıram,

Qanadım yox, səmalarda uçuram.

Mən şöləmi ilğımlanıb saçıram,

Duysan oda yaxmağım da var mənim.

Cığatel şeirlərini hansı janrda yazırsa yazsın, onun şeirlərində sözlər yerindədir, öz yerində oturub, sözlər bəndlərə rifm xatirinə zorla pərçim edilməyib. Əslində "o şeiri yazmır ki, şeir ona yaz deyir". Onun şeirləri istər ədəbiyyat adamları, istərsədə oxucular tərəfindən qəbul olunandı.



İndiki zamanda populyarlıq qazanmaq, xüsusilə şeirin qoşma janrında, hər oğulun işi deyil. Ancaq Cığatel populyarlıq qazanıb. Bunun səbəbi nədir?

Məncə səbəb Cığatel şeirinin elə Hüseyn Arif demiş, xalq ruhuna yaxınlığındadır. Onun şeirləri oxucunu, dinləyicini ovsunlaya bilir, köksünə yatır, onun ovqatını oxşayır, təkcə oxşamır həm də kökləyir.

Bixəbərsən a bəxtəvər halımdan,

Aləm məni mən də səni sevirəm.

Sən gülürsən ağlayıram sevdiyim,

Sən sevinci mən də qəmi sevirəm.

Və ya:

Oynayıram,görmürsən,elə oyna deyirsən,

Düşünmə hamı kimi,biləklə oynayıram.

İncimə dərdin alım,mənim havam ayrıdı,

Bəndə ilə işim yox,mələklə oynayıram.

Şeirlər rəvandır, asan qavranılır, qulağa yatımlıdır, yaddaşa tez yazılır. Professor Rüstəm Kamal demiş elə buna görə də onun şeirləri aşıqların, musiqiçilərin diqqətini özünə cəlb edir. Aşıq havaları Cığatelin şeirlərində,xüsusilə qadın aşıqlarımızın ifasında çox şirin səslənir. O,da maraqlıdır ki, Cığatelin şeirlərinə qadın bəstəkarlar,qadın müğənnilər və aşıqlar daha çox müraciət edir.Yəni şeirlər qadın ruhuna çox yaxındır:

Onsuz da bir ağlım yoxuydu mənim.

Olan ağlımı da saz aldı getdi.

Gələndə üzümə bir gülümsədi,

Gedəndə bir batman söz aldı getdi

Sədası göyləri salama gəldi,

Ruhuma kökləndi sirrimi bildi.

Gah öldürdü, gah diriltdi, gah güldü,

Ulu Yaradandan üz aldı getdi

Cığatelin qoşmaları saz üstə köklənib. Onun sözləri, şeirlərinin bəndləri, sətirləri sazın boyuna biçilib. Qoşmalarından, gəraylılarından saz havalarının səsi gəlir və elə şeirlərində də sazı vəsf etməkdən doymur.

Yarı yaşda bir gözələ vuruldum,

Durna kimi cığalanmış teli var,

Hansı dildə danışdırım bilmirəm,

Bu zalımın yetmiş iki dili var,

Xəyallarda düz gümana qarışdı,

Bir toxundum, din imana qarışdı.

Bir ah çəkdi toz dumana qarışdı,

Ürəyində Xan Kəmərin külü var.

Cığatel son dərəcə kövrək insandır. O, sevinəndə də, kədərlənəndə də, gözünün yaşı ovucundadır. Safdır, təmizdir, heç kəsin hətta onun qəlbinə deyənin belə qəlbinə dəyməyi xoşlamır və təbiidir ki, xarakteri onun şeirlərində öz əksini tapır.

Şair xəyalı dəniz, şair ruhu gəmidir.

Ümidi, arzuları şairin həmdəmidir.

Neçə yaşı olsa da, körpə uşaq kimidir,

Şair Allah elçisi, günahına batmayın,

Şair aldanan olur, şairi aldatmayın.

Kim görüb Haqq şairi özünü öyən olsun,

Cığatel qəlbə dəyməz, qəlbinə dəyən olsun,

Bilir ki, aldadırlar deyir sən deyən olsun,

Şair yatmış vulkandı, tərpədib oyatmayın,

Şair aldanan olur, şairi aldatmayın.

Məhəbbət mövzusunun Cığatel şeirində öz çaları, öz rəngi, öz səsi, öz ifadəsi var.Döğurdan da bütün varlığı ilə eşqdir Cığatel:

Başımın üstündə, bir Allahım var

Bir eşqim, bir sevgim, min bir ahım var,

Mənim də dünyada bir günahım var,

Bu günah salıbdır saçlarıma dən,

Sevmək günahdırsa, günahkaram mən.

Lakin bəzən elə olur ki, onun bax o bir eşqi, bir sevgisi, ona dönük olur, dönük çıxır. Belə olanda Cığatelin yalnız özünə gücü çatır. Özünü günahkar hesab edir.

Ah, mənim yumşaqlığım başıma bəla oldu,

Haqqı sevən bəndələr, eşqə mübtəla oldu,

Nə oldu Cığatelə, haqq oldu, əla oldu,

Sənə baxan gözümü zamanında oymadım,

Mən ki, duymaz deyildim, səni necə duymadım.

Cığatel müsahibələrinin birində deyir: "Yaradıcı insanlar, zamanına tərs gedən insanlardır". Əslində Cığatel tərsinə getmir, hər şeyi olduğu kimi deyir və yazır. Şairlər əslində zamanın ağırlığını çiyninə götürüb, mühitin eybəcərliklərini qələmə aldıqları üçün Cığatel onlara tərs deyir. İctimai mövzularda yazdığı şeirlər onun narahat dünyasından, narahat qəlbindən, cəmiyyətin eybəcərliklərinə biganə qalmamağından xəbər verir. Mən dediklərimin təsdiqi olaraq onun "Atalı-analı yetimlər də var" şeirindən iki bəndi misal gətirmək istedim:

İsti ocağında yurdsuz, yuvasız,

Ata əqidəsiz, ana amansız,

Neçə kor-peşiman, neçə günahsız,

Günahdan doğulan, neçə "günahkar",

Atalı-analı yetimlər də var....

Səni məhrum etməz kimsə sevgidən,

Amma,bu "yetimlər" düşər nəzərdən,

İçində bir dünya nifrət böyüdən,

Gərilmiş ruhunda qərib arzular,

Atalı-analı yetimlər də var...

Əslində Cığatelin yazdığı bu şeirdə bir nəfərin yox, onlarla günahsızın taleyi qələmə alınıb. Bu şeir əslində Cığatelin insanlığa, cəmiyyətə ünvanladığı həyəcan təbilidir.

Cığatelin sazında min bir səs var. Zili də var, bəmi də, kövrəyi də, şəni də.

Bu havalar insanı, oxucuları, istənilən ovqata kökləyə bilir. Onun ruhunda fəsillər özünə yurd tapıb, yuva qurub. Ruhu fəsillər kimidir. Hər rəngdə,hər ovqatda.

Ramiz Göyüşov

AYB-nin üzvü



İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK